Azərbaycanın mədəniyyət
naziri Gürcüstan
Dövlət Muzeyində olub
Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyulun 7-də Tbilisinin mərkəzindəki Gürcüstan Dövlət Muzeyində olub.
AZƏRTAC
xəbər verir ki, muzeyin baş direktoru David Lordkipanidze
muzeyin tarixi, burada saxlanılan eksponatlar barədə Azərbaycanın
mədəniyyət nazirinə ətraflı məlumat verib.
Bildirilib
ki, ilk dəfə 1853-ci ildə "Qafqaz muzeyi" kimi fəaliyyət
göstərən muzeydə çox sayda mədəni eksponat
saxlanılır.
1905-ci
ildə tikintisinə başlanılan müasir muzey kompleksinin
tikintisi xeyli müddət müxtəlif səbəblər
üzündən saxlanılıb. 1926-cı ildə tikintisi
başa çatan Gürcüstan Milli Muzeyinin nəzdində
14 muzey və kompleks fəaliyyət göstərir. Bu gün
akademik Simon Canaşiya adını daşıyan
Gürcüstan Dövlət Muzeyində Azərbaycan mədəniyyətini,
incəsənətini, qədim tarixini əks etdirən
eksponatlar da nümayiş etdirilir.
Nazir
Anar Kərimov muzeylə tanış olub, Azərbaycan və
Gürcüstan dövlət və milli muzeyləri arasında
əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin
vacibliyini qeyd edib.
Bildirib
ki, birgə əməkdaşlıq sayəsində qədim
Qafqaz xalqlarının mədəniyyətini, incəsənətini
dünyaya çatdırmaq olar.
Görüşlərdə
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və
digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan.-2021.- 8 iyul.- S.2.