Azərbaycan mətbuatının şəfəqləri

 

 

Azərbaycan milli mətbuat tarixinin  uzunömürlülüyünə, eləcə də zənginliyinə görə fərqlənməsi barədə klassiklərimizin bir-birindən dəyərli fikirləri, məqalələri, cild-cild kitabları var. Bu sahəyə həvəsli olan tədqiqatçı jurnalistlərimiz də az deyil.

 

Bu baxımdan filoloq Nazim AxundovunMolla Nəsrəddin”  jurnalının nəşri tarixi” kitabı, Zərdabişünas İzzət Rüstəmovun “Əkinçi” qəzeti haqqında elmi tədqiqat əsəri, Qulam Məmmədlinin, professorlar Şirməmməd Hüseynovun, Teymur Əhmədovun, eləcə də Əfqan Əsgərovun, Cəmil Əlibəyovun, Vəli Məmmədovun, Şövqi Novruzovun, Adil Hüseynovun araşdırmaları, Nəriman Zeynalovun və digər belə görkəmli mətbuat xadimlərinin təşəbbüsləri diqqəti cəlb etməyə bilməz.

 

Lakin 150 ilə yaxın zəngin, maraqlı tarixə malik milli mətbuatımızın tam, daha geniş, eləcə də yeni nəzəri baxımdan işıqlandırılması bu gün daha vacibdir. Ağır müstəmləkə, ziddiyyətli həyat, erməni düşmənçilyi, inqilabi çaxnaşmalar, milli oyanış və azadlıq uğrunda mübarizə, çətin iqtisadi durum şəraitində yaranan mətbuat və jurnalistikamızın tarixi, ideoloji baxımdan, obyektiv tərzdə tam genişliyi ilə tədqiqi öz aktuallığını saxlamaqdadır. Bu dövrdə 200-ə yaxın Azərbaycan və rus dillərində nəşr olunan müxtəlif əqidəli qəzetlər və jurnallar qısa ömür sürsələr də, təqiblərə məruz qalsalar da, mədəniyyət tariximizdə böyük rol oynayıblar. Çox təəssüf ki, bu yazıların müəlliflərinin adları mənbə göstərilmədən çap edilib.

 

Tarix elmləri doktoru, yazıçı-jurnalist, 70 ildən artıq bu sahənin peşəkarı kimi yorulmadan çalışan, Azərbaycan mətbuatındakı xidmətlərinə görə  dövlət başçısının fərmanı ilə “Tərəqqi” medalına, həmçinin, Beynəlxalq Dinlərarası Sülh Uğrunda Federasiyanın Sülhməramlı səfiri fəxri adına layiq görülən Sabir Gəncəli-Məmmədovun “Azərbaycan mətbuatının şəfəqləri” ensiklopedik toplusunun da işıq üzü görməsi təqdirəlayiqdir.

 

Nəfis tərtibatda, zəngin faktlar əsasında hazırlanan toplu Ulu Öndər Heydər Əliyevin  bu  fikri ilə açılır: “Mənim həyat amalım varlığım qədər sevdiyim Azərbaycan xalqına xidmət etməkdir”.

 

Müəllif  Ümummilli Liderin Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinin əvəzedilməzliyi ilə bağlı fikirlərinin də yer aldığı “Ön söz”də xüsusi vurğulayır: “Xalqın hörmətini, unudulmaz istəyini qazanmış Ulu Öndərimiz Heydər Əliyev çıxışlarında qeyd edirdi ki, keçmişini bilməyən xalq gələcəyini qura bilməz. Azərbaycanın dövlət başçıları arasında Heydər Əliyev qədər xalqımızın tarixi, mədəniyyəti, incəsənəti və ədəbiyyatı ilə maraqlanan, onun inkişafına çalışan olmamışdır...”

 

Bununla yanaşı, müəllif Azərbaycan Prezidenti İlham Əliyevin də milli mətbuatımıza, müstəqil, müasir, inkişafda olan KİV-ə dövlət dəstəyinin də mühüm əhəmiyyət daşıdığını diqqətə çəkir.

 

Uzun illərin tədqiqatı, bu sahədə çalışması nəticəsində müəllifin topladığı materiallar, sözün əsl mənasında, milli mətbuatımızın vərəqlənməmiş tarixinin bir parçasıdır. Elmi işini, eləcə də publisistik fəaliyyətini əsaslı faktlarla zəngin şəkildə daha geniş oxucu auditoriyasına təqdim etmək üçün Sabir Gəncəli-Məmmədov XIX əsrin ikinci yarısından iyirminci yüzilliyin sonunadək, daha dəqiq desək, 150 il ərzində Azərbaycan və rus dillərində nəşr edilən qəzet-jurnalları araşdırmaq üçün 1956-cı ildən başlayaraq bir sıra institut və muzeylərin, dövlət arxivlərinin, kitabxana fondlarında qorunan yadigarların saralmış vərəqlərini səhifələyib.

 

Məhz Sabir Gəncəli-Məmmədovun belə yorulmaz fəaliyyətinin nəticəsidir ki, respublikamızın görkəmli alimlərindən -  akademik Ziya Bünyadov, Firudin bəy Köçərli, Cəmil Quliyev, professor Məmməd Qazıyev, Abbas Zamanov və başqaları onun elmi və ədəbi-ictimai tədqiqatlarına yüksək qiymət veriblər. AMEA-nın müxbir üzvü  Mahmud İsmayılov yazır: “Sabir Gəncəli tarixşünaslıq elmində yenilik etmiş, mədəniyyət və mətbuat tariximizdə şərəfli rol oynamış, maarifpərvər ziyalı qadınlarımızı üzə çıxarmış, əsl kəşf etmişdir...”

 

Kitabın “Son söz” yerindən oxuyuruq: “Vətən məhəbbəti və qürur hissi ilə yazdığımız bu ensiklopedik toplu milli mətbuat tarixində son deyil. Xalqımız yaşadıqca gözəl, müqəddəs, yurdumuz durduqca xoşməramlı, daha sanballı, böyük işlər görəcək, ölkəmizin başını uca edən kitablar, ensiklopediyalar yazılacaqdır. Bu məramda Vətən sevgisilə fəaliyyət göstərəcək alimlərə, ədiblərə, mətbuat xadimlərinə cansağlığı, tükənməz həvəs, böyük uğurlar və sələflərini unutmamağı arzu edirik”.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 8 iyul.- S.6.