İtaliya çempionluğun bir
addımlığındadır
Yarımfinal
İtaliya - İspaniya - 1:1 (Penaltilər
seriyası - 4:2)
Qollar: Kyeza, 60 (1:0), Morata, 80 (1:1)
Baş
hakim: Feliks Brıx (Almaniya)
London, “Uembli” stadionu
Yarımfinalın ilk oyununda Londonda ardıcıl 13-cü qələbəsini
qazanan İtaliya ilə son 13 oyunda məğlubiyyət bilməyən
İspaniya qarşılaşdı.
Ümumiyyətlə, sonuncu matça kimi məğlubiyyətsiz
seriyasını 32 oyuna
çatdıran italyanlar
yollarına davam etməklə bu göstəricidə 35 oyunla
(2007-2009-cu illər) rekordçu
olan ispanları keçməyə çalışacaqdılar.
İtaliya komandası “Avro-2020”də keçirdiyi
5 oyunun hamısında
qələbə qazanmış,
yalnız Avstriya ilə 1/8 final qarşılaşmasında
çətinlik çəkmişdi. İspaniya isə
Slovakiya ilə matçda asanlıqla qalib gələrək digər qarşılaşmalarda
3 heç-heçə ilə
yoluna davam etmişdi. Məhz bu səbəbdən matçdan öncə italyanlar görüşün
favoriti hesab edilirdilər.
Amma hücum futboluna üstünlük verən hər iki komandada aşkar bombardirin olmaması da diqqət çəkirdi. Belə ki, yarımfinal mərhələsinə kimi 5 oyunda 12 dəfə rəqib qapısına yol tapan İspaniyanın heyətində 6 futbolçu fərqlənmiş, 3 dəfə avtoqol qeydə alınmışsa, İtaliyanın 11 qolu 6 futbolçu tərəfindən vurulmuş və 1 avtoqolu olmuşdu.
İspaniyanı hər oyunda topa sahibolmada üstünlük qazanan komanda kimi tanısaq da, İtaliya da son vaxtlar bu göstəricidə 50 faizdən çox nəticə göstərməsi ilə seçilirdi. Axırıncı 3 ildə italyanlar yalnız 2018-ci ildə Portuqaliyaya məğlub olduqları oyunda (0:1), həmçinin “Avro-2020”də İsveçrə ilə qarşılaşmada (3:0) cüzi üstünlüyü rəqibə vermişlər.
Rəqiblərin 2017-ci ildə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Madriddə keçirilən sonuncu qarşılaşmasında İspaniyanın 3:0 hesablı inamlı qələbə qazandığını da vurğulamaq yerinə düşərdi. Həmin oyunda çıxış edən ispaniyalı futbolçulardan yalnız David de Xea (“Avro-2020”də ehtiyatda olmuşdu), Jordi Alba, Sergio Busgets, Koke və Alvaro Morata, italyanlardan isə Leonardo Bonucci, Marco Verratti, Andrea Belotti, Lorenzo İnsiqne, Federiko Bernardeski və Çiro İmmobile heyətdə yer almışdılar.
Oxuculara maraqlı olması üçün diqqətə çatdırdığımız bu məlumatlardan sonra möhtəşəm yarımfinal matçının təhlilinə keçək. Beləliklə, görüşün almaniyalı baş hakimi Feliks Brıxın start fitindən sonra qarşılaşmada baş məşqçilərin taktiki savaşının şahidi olduq. Belə ki, ispanlar italyanların turnir boyu nümayiş etdirdiyi oyun planını onlara qarşı tətbiq etdilər. Meydançanın rəqibə aid hissəsində pressinq tətbiq edərək İtaliyanın oyun qurmasına, habelə itirilən hər topu tez bir zamanda geri alaraq Mançininin komandasına boş zona buraxmadılar.
Hələ qarşılaşmadan öncə İspaniya millisinin baş məşqçisi Luiz Enrike start 11-likdə bundan əvvəlki matçlarda forma geyən hücumçu Morataya şans vermədi. Bu, bir çoxları üçün sürpriz qərar kimi görsənsə də, əslində başadüşülən idi. Plan mərkəz xətti daha da gücləndirərək sürətli ötürmələrlə italyanların oyun qurmasına maneçilik törətmək idi. Xüsusilə Busgets, Koke və Pedri triosunun mükəmməl oyunu ilə ispaniyalı mütəxəssis istədiyinə nail oldu. Belə ki, ilk hissə başa çatarkən İspaniya futbolçularının topa sahib olma faizi 70 idi. Hər halda, bu statistik göstəriciyə əsasən deyə bilərik ki, baş məşqçinin seçimi ilə bağlı əlavə şərhə ehtiyac yoxdur.
Fasilədən sonra İspaniya komandası daha çox risk etməyə başladı. Müdafiəçiləri meydançanın mərkəzinə kimi çıxan komanda əks-hücumlarda yaxalanmağa başladılar. Sözsüz ki, burada fiziki yorğunluq da tədricən özünü göstərirdi. Oyun planını tətbiq etməkdə çətinlik çəkən italyanlar isə daha çox uzun hava ötürmələrinə üstünlük verirdilər. Nəticədə müdafiənin arxasına atılan hər top İspaniya kollektivinin qapısı qarşısında təhlükəli epizodlarla yadda qalırdı. Belə epizodlardan birində İmmobilenin itirdiyi top Kyezanın önünə düşdü. Sonuncu isə bu fürsəti boşa verməyərək matçda hesabı açdı.
Qoldan sonra İspaniyanın məşqçilər korpusu oyun planında dəyişikliklərə getdi. Morata, Moreno və Rodrinin oyuna daxil olması ilə ispanlar hücumda çoxalmağa başladılar. Qarşılaşma boyu müdafiənin mərkəzində ciddi səhvlərə yol verməyən İtaliya millisi 80-ci dəqiqədə ani ötürmə zamanı Moratanı unutdu. Nəticədə qapıçı ilə təkbətək qalan hücumçu vurduğu qolla hesabda tarazlığı bərpa etdi-1:1. Qalan dəqiqələrdə hər iki tərəfin səylərinə baxmayaraq, qol olmadı.
Görüşdə qalibi müəyyənləşdirmək üçün 30 dəqiqə əlavə vaxt təyin olundu. Komanda şəkilində hücumlara qoşulan hər iki tərəfdə fiziki yorğunluq özünü göstərməyə başladı və bu səbəbdən geri dönüşlərdə ciddi problem yaranırdı. Beləliklə, əlavə vaxtda da qol olmadı və qalibi müəyyənləşdirmək üçün penalti zərbələri yerinə yetirildi. Penaltilərdə 4:2 hesabı ilə qələbə qazanan İtaliya millisi finala yüksəldi. Bununla da, “Skuadra adzurra” məğlubiyyətsizlik seriyasını 33 matça çatdıraraq İspaniya ilə Braziliyanın bölüşdüyü 35 matçlıq dünya rekorduna daha bir addım yaxınlaşdı.
Elçin CƏFƏROV
Azərbaycan.-2021.- 8 iyul.- S.1;7.