Yeni iqtisadi rayonlar ölkəmizin gələcək inkişafı üçün yeni imkanlar açır

 

Prezident İlham Əliyevin imzaladığı fərmanla həm də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu növbəti dəfə təsdiqləndi

 

 

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev cari il iyulun 7-də “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Bu, dövlət başçısının uzaqgörən iqtisadisiyasi strategiyasının daha bir təzahürü, respublikada həyata keçirilən sosial-iqtisadi islahatların davamına yönəldilən bir addımdır.

 

Artıq 18 ilə yaxındır icra edilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları nəticəsində ölkəmizin hər bir şəhər, rayon, kənd və qəsəbəsi yaxşı mənada tanınmaz olmuş, regionların iqtisadi gücü artmış, biznesinvestisiya mühiti yaxşılaşmışdır. Çoxsaylı və çoxşaxəli infrastruktur layihələri gerçəkləşdirilmişdir. Nəticədə insanların rifah halı yüksəlmişdir. Bir sözlə, ardıcıl və məqsədyönlü islahatlar ölkənin iqtisadi və hərbi-müdafiə qüdrətini artırmış, 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı qələbə qazanılmasına təkan vermişdir.

 

Fərmanda da qeyd edildiyi kimi, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qarşıda həmin ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılması məqsədi dayanır. Odur ki, əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılması gündəmə gəlir.

 

Beləliklə, ölkədə 1991-ci ildən tətbiq olunan bölgü dəyişdirilir. Xatırladaq ki, indiyədək 10 iqtisadi rayon - Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Lənkəran, Naxçıvan - müəyyənləşdirilmişdi. Yeni bölgüyə əsasən, 14 iqtisadi rayon yaradılır. Bu bölgüdə Bakı iqtisadi rayonunu Bakı şəhəri təşkil edəcək. Naxçıvan iqtisadi rayonuna Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları daxil olacaq.

 

Abşeron-Xızı iqtisadi rayonunu Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları, Dağlıq Şirvan iqtisadi rayonunu Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları, Gəncə-Daşkəsən iqtisadi rayonunu Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, GöygölSamux rayonları əhatə edəcək.

 

Qarabağ iqtisadi rayonunu Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları, Qazax-Tovuz iqtisadi rayonunu Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları, Quba-Xaçmaz iqtisadi rayonunu Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları, Lənkəran-Astara iqtisadi rayonunu Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları təşkil edəcək.

 

Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları Mərkəzi Aran iqtisadi rayonunda, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları Mil-Muğan iqtisadi rayonunda birləşəcək. Şəki-Zaqatala iqtisadi rayonu Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları, Şərqi Zəngəzur iqtisadi rayonu Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları, Şirvan-Salyan iqtisadi rayonu isə Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, NeftçalaSalyan rayonlarından ibarət olacaq.

 

Prezidentin fərmanında vurğulanır ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir. Eləcə də Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

 

 Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə-Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktorunun müavini Ramil Hüseyn iqtisadi rayonların sayının 14-ə çatdırıldığını şərh edərək bildirib ki, Azərbaycan iqtisadiyyatı üç dəfədən çox böyüyüb, iqtisadiyyatın regionalsektoral strukturu dəyişib, habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar yaradıb. O, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasının həm də tarixi ədalətin bərpası olduğunu vurğulayıb. Gəncə-Qazax və Aran iqtisadi rayonlarının tərkibinə yenidən baxılmasının da günün tələbi olduğunu diqqətə çatdırıb.

 

İqtisadi rayonların ölkə miqyasında təsərrüfatın ixtisaslaşma istiqamətlərinə görə fərqlənən ərazilər olduğunu qeyd edən R.Hüseyn deyib: “Yeni reallıq iqtisadi rayonlaşdırmaya yeni yanaşmanı əsaslandırır. Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü xüsusən Qarabağın bərpası və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasına töhfə verəcək, ölkədə iqtisadi idarəetmədə çevikliyin təmin olunmasına, institusional islahatlar aparılmasına xidmət edəcək. Xüsusən də iqtisadi rayonlar üzrə planlaşdırma işinin səmərəliliyini artıracaq. Regionların sosial-iqtisadi inkişaf proqramı, eyni zamanda Qarabağın inkişaf strategiyası da iqtisadi rayonların yeni bölgüsünə uyğunlaşdırılacaq”.

 

Əksər regionların iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etdiyindən yeni bölgü bu sahənin inkişafı üçünyeni perspektivlər açır. Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə yeni bölgünün iki baxımdan önəmli olduğu barədə fikir yürüdür: “Birinci budur ki, azad olunmuş ərazilərin iqtisadi region kimi yenidən qruplaşdırılması baş verir. Bu, azad olunmuş ərazilərimizdə sosial-iqtisadi inkişafın planlaşdırılmasında ciddi üstünlüklər yaradacaq. İqtisadi regionlar üzrə yeni bölgüdə Aran iqtisadi rayonunun bir neçə rayona ayrılması ikinci mühüm məsələdir. Bu rayonda çoxşaxəli fəaliyyət sahələri olan çoxlu sayda rayonlar birləşdirilmişdi. İndi bölgü kənd təsərrüfatı istehsalının ixtisaslaşmasına uyğun aparılıb. Bunu Gəncə-Qazax iqtisadi rayonu üzrə aparılan dəyişikliklə bağlı da demək olar”.

 

 

Flora SADIQLI

Azərbaycan.-2021.- 9 iyul.- S.1;4.