Aİ Komissarı: Azərbaycan
bölgədə pandemiyadan minimum zərərlə çıxan ölkədir
Bu, mənim Azərbaycana ilk səfərimdir və səfər çərçivəsində münasibətlərimizə yeni təkan verdik. Səfər çərçivəsində keçirdiyim görüşlərdə müzakirə etdiyimiz Azərbaycan hökuməti ilə İqtisadi və İnvestisiya Planı postpandemiya dövründə regiona dəstək göstərmək baxımından çox faydalı olacaq. Bu plan ortaq fəaliyyətin nəticəsidir. Region ölkələrinin sosial və iqtisadi cəhətdən daha güclü olması üçün bu plan reallaşdırılacaq və biz bu planla regionda iqtisadi, sosial inkişafa təkan verə biləcəyik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycana səfərini başa vuran Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə Komissarı Oliver Varhelyi keçirdiyi mətbuat konfransında bildirib.
O deyib: “Azərbaycan bölgədə pandemiyadan minimum zərərlə çıxan ölkədir. Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş və güclü ölkədir. Ona görə də biz əsas diqqəti iqtisadi və sosial sahələrə yönəltmişik. Bununla yanaşı, digər sahələrdə də əməkdaşlığı möhkəmləndirmək niyyətindəyik”.
Ələt Beynəlxalq Dəniz Ticarət Limanında olduğunu bildirən Oliver Varhelyi deyib ki, bu liman Şərq-Qərb nəqliyyat marşrutu üçün mühüm əhəmiyyətə malikdir. Bu limanın yaşıl iqtisadiyyata keçməsi, elektronlaşdırılması ilə bağlı təkliflər vermişik. Azərbaycan enerji sahəsində Avropa İttifaqı üçün önəmli tərəfdaşdır.
Səfər çərçivəsində keçirdiyi görüşlərdə Qarabağ münaqişəsini də
müzakirə etdiklərini və Aİ-nin
uzunmüddətli və dayanıqlı sülhün
əldə olunması üçün dəstək
verəcəyini bildirən Aİ-nin
komissarı deyib: “Aİ münaqişədən
sonra regionda daha uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasına dəstək
verəcək. Artıq tərəflər saxlanılanların
azad olunması və mina
xəritələrini təqdim etməklə bu
istiqamətdə addım atıb. Avropa
İttifaqı olaraq bu
mübadiləni alqışlayırıq.
Gürcüstanın bu prosesdə rolu təqdirəlayiqdir. Aİ dayanıqlı
sülhün əldə olunması üçün istənilən dəstəyi
göstərməyə hazırdır. Avropa
İttıfaqı, həmçinin maliyyə dəstəyi
göstərməyə hazırdır və bu,
hər iki tərəf üçün
faydalı olar”.
Azərbaycan.-2021.- 9 iyul.- S.2.