Azərbaycanın himayəsi ilə
İstanbulda XXIV Avrasiya
İqtisadi Zirvəsi keçirilir
Azərbaycanın dəstəyi və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən İstanbulda XXIV Avrasiya İqtisadi Zirvəsi keçirilir. “Bəşəriyyət daha yaxşısına layiqdir” devizi ilə keçirilən XXIV Avrasiya İqtisadi Zirvəsi yeni növ koronavirus (COVID-19) pandemiyasından sonra dünyanın yeni düzənini müzakirə etməyi qarşısına məqsəd qoyub.
AZƏRTAC xəbər verir ki, COVID-19 pandemiyası riskinə görə, iştirakçıların bir hissəsinin onlayn qatıldığı toplantıda siyasi və dövlət xadimləri, nazirlər, beynəlxalq təşkilat rəhbərləri, sabiq dövlət və hökumət başçıları iştirak edirlər.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün, vətənlərimizin bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Türkiyənin Dövlət Himni səsləndirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin toplantıya ünvanlandığı məktubu energetika naziri Pərviz Şahbazov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubunu isə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım oxuyub.
Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver ənənəvi Avrasiya İqtisadi Zirvəsinin qarşıya qoyduğu vəzifələr, o cümlədən toplantının məram və məqsədlərindən danışıb. O diqqətə çatdırıb ki, böhranlardan çıxış yolu, ölkələrin inkişafı, insanların rifahının və xalqların dostluğunun təmin olunmasından asılıdır. Bunun üçün insan cəmiyyəti layiq olduğu həyata doğru irəliləməlidir.
Daha sonra Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, İstanbul valisi Ali Yerlikaya, İstanbulun Avcılar Rayon Bələdiyyəsinin sədri Turan Hançerli, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Comanescu, QDİƏT Parlament Məclisinin Baş katibi, akademik Asəf Hacıyev, Türkiyə İxracatçılar Məclisinin rəhbəri İsmail Gülle, Professor İoanna Kuçuradi, İstanbul Hazır Geyim və Geyim İxracatçıları Birliyinin (İHKİB) sədr müavini Urfi Akbalık, o cümlədən xarici qonaqların çıxışlarında toplantının işini uğurlar arzulayıb, müzakirə olunacaq mövzuların aktuallığını və əhəmiyyətini yüksək dəyərləndiriblər.
Rəsmi açılışdan sonra İstanbul Hazır Geyim və Geyim İxracatçıları Birliyinin təqdimatı olub.
Toplantıda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver və Özbəkistanın Strateji İnkişaf Mərkəzinin icraçı direktoru Eldar Tulyakov iki qurum arasında əməkdaşlığa dair niyyət protokolu imzalayıblar.
Bugünkü ikinci panel
isə Avropa-Qafqaz-Asiya və Şimal-Cənub
nəqliyyat dəhlizinin strateji coğrafi əhəmiyyəti əsasında Prezident İlham Əliyev
tərəfindən iyulun 1-də təməli
qoyulan Ələt Azad
İqtisadi Zonasına (AİZ) həsr olunub. Ələt Azad İqtisadi Zonasını XXIV Avrasiya
İqtisadi Zirvəsində AİZ-in səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov təmsil edir.
Azərbaycan.-2021.- 9 iyul.- S.5.