Özün getdin, sözün
qaldı dünyada...
18 fevral 2021-ci ildə Prezident İlham Əliyev aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.
Aşıq Ələsgər Azərbaycan aşıq poeziyasının zirvəsində dayanan sənətkardır. O, 1821-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndində doğulmuşdur. Şeiriyyətə marağı atasının ara-sıra yazdığı qoşma, bayatıdan yaranmışdır. Maddi çətinlik ucbatından Kərbəlayi Qurbanın evində nökərçilik etmiş və onun qardaşı qızı Səhnəbanıya vurulmuşdur. İlk şeirlərini də elə uğursuz məhəbbətinə həsr etmişdir.
Aşıq Ələsgər ustad sənətkar Aşıq Alıdan dərs almışdır. Onun zəngin bədii irsindən bədahətən söylədiyi qoşma, gəraylı, ustadnamə, müxəmməs, dildönməz, dodaqdəyməz təcnis və s. janrlarda yazmış olduğu şeirlər bizə qalmışdır. 72 saz havasından “Göyçəgülü” aşıq havası məhz Aşıq Ələsgərin bəstəsidir.
Dədə Qorquddan qalan saz sənəti UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə xarici ölkələrdə Azərbaycanın qədim, milli sənəti kimi tanınmışdır.
Şeirlərində əsas yeri məhəbbətin tərənnümü, gözəllərin tərifi, təbiət təsviri, əxlaqi-tərbiyəvi fikirlərin təbliği və ictimai eyiblərin tənqidi tutur.
Məhəbbət mövzusunda yazdığı şeirlər bilavasitə aşığın sevgi yolunda çəkdiyi əzab, əziyyətlərdən xəbər verir.
El gözəllərinin tərifinə həsr olunmuş “Güllü”, “Telli”, “Güləndam”, “Bəyistan”, “Müşkünaz”, “Düşdü” şeirləri Azərbaycan qızlarının mənəvi, əxlaqi keyfiyyətlərini əks etdirir.
Səni gördüm əl götürdüm dünyadan,
Qara gözlü, qələm qaşlı Güləndam,
Alma yanağına, bal dodağına,
Baxan kimi ağlım çaşdı Güləndam.
Aşıq Ələsgər bütün varlığı ilə vətəninə, xalqına bağlı olmuşdur və göyçəli olması ilə fəxr etmişdir:
Adım Ələsgərdir, Göyçə - mahalım,
Dolanım başına, mən dərdin alım,
Hüsnün şöləsinə xəstə xəyalım
Pərvanədi şəmistanlar dolanır.
Göyçədə yetişən görkəmli aşıqların böyük bir qismi Aşıq Ələsgərin qayğısı sayəsində bu sənətin sirlərinə yiyələnmişlər.
Ustad sənətkar gec ailə həyatı qurmuş, 3 oğlu, 6 qız övladı dünyaya gəlmişdir. Aşığın sənətini davam etdirən yalnız oğlu Aşıq Talıb olmuşdur.
Aşıq Ələsgər yazı-pozu bilməmişdir. Şeirlərini əksər hallarda bədahətən söyləmişdir. Hətta onun şəkli də yoxdur. Bir sıra qaynaqların məlumatına görə, onun şəkli Dəli Alının toyu zamanı yaylaqda, bir də 1916-cı ildə Tiflisdə çəkilmişdir.
Onun ömür-gün yoldaşı Anaxanım 1922-ci ildə, özü isə 1926-cı ildə dünyasını dəyişmişdir.
Təbiətə həsr olunmuş şeirlərində aşığın vətənpərvərliyi, “Yaylaq (iki)” “Dağlar (iki)” şeirlərində öz əksini tapmışdır. Birinci “Dağlar” şeirində nikbin əhvali-ruhiyyə var və burada hər fəslin gözəlliyindən bəhs olunur. İkinci “Dağlar” qoşmasında isə XIX əsrdə erməni daşnaklarının doğma yurdumuzu viran qoymasından danışılır, təəssüflənir və dağların aldığı qəmli mənzərəni təsvir edir:
Hanı mən gördüyüm qurğu-büsatlar?!
Dərdiməndlər görsə, tez bağrı çatlar.
Mələşmir sürülər, kişnəmir atlar,
Niyə pərişandı halların, dağlar?
Aşıq öz təcrübəsinə əsaslanaraq nəsihətlərində insanları düzlüyə, ədalətə, birliyə səsləyir:
Yad oğlu var yağlı aşa mehmandı,
Baxarsan ki, dar günündə usandı.
Düşən günü düşmanınla
düşmandı,
Yüz il keçsə
qohum səndən yad olmaz.
İctimai motivli şeirlərində
aşıq dövründəki
zülm və haqsızlığa, özbaşınalığa
etirazını bildirmişdir.
Pristav naçalnik gələndə
kəndə,
Obanı, oymağı vururlar bəndə.
Xərc
üstə çoxları
düşüb kəməndə,
Qamçıda belinin qatı çıxıbdı.
Şairin el qəhrəmanı Dəli
Alıya həsr etdiyi şeirlərdə onun nəcib xüsusiyyətləri sadalanır. Eyni zamanda
milli adət-ənənələrimiz
və Göyçə
mahalının qonağa
hörmətindən də
danışılır.
El aşığı bir müstəzad təcnisində bir ilimizin neçə gündən və neçə saatdan ibarət olduğunu da ədəbiyyatımıza gətirmişdir:
Şəhr aydır, bayram onun gülüdür,
İki ay bir-birinin
müttəsilidi.
Üç yüz altmış altı gün-bir ilidi.
Səkkiz
min yeddi yüz səksən dörd saat-
Gəl verim isnat.
Rəvayətə görə, keçmişdə
aşıqlar dodaqlarının
arasına iynə qoyarmışlar ki, kim dodağını
bir-birinə yaxınlaşdırsa,
ona iynə batardı. Dodaqdəyməz
təcnislər də
belə yaranmışdır:
El yeridi, yalqız qaldın səhrada,
Çək əstərin, çal çatığın, çata-çat.
Hərcayılar səni saldı
irağa,
Həsrət əlin yar əlinə
çata-çat.
Ümummilli Lider Heydər Əliyev saza, sənətə qiymət
verərək zamanında
Aşıq Ələsgərin
150 və 175 illik yubileylərinin keçirilməsi
haqqında qərar qəbul etmişdir. Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın
təşəbbüsü ilə Aşıqlar Birliyinə Aşıq Ələsgərin adı
verilmiş, Muğam Mərkəzinin qarşısında
ustad sənətkarın
büstü qoyulmuşdur.
Onun yaxınlarından olan Hüseyn Həsənov şəxsi evinin dörd otağında Aşıq Ələsgər
muzeyi yaratmışdır.
Mərhum
xalq şairimiz Səməd Vurğun deyirdi: “Mən hansı mövzuya əl atıramsa, onun Aşıq Ələsgər tərəfindən
işlədildiyinin şahidi
oluram”. Aşıq Ələsgər hərtərəfli dünyagörüşə
malik şəxsiyyət
olmuşdur.
Nazilə ƏLİYEVA,
Bakı şəhəri 177 nömrəli
tam orta məktəbin ədəbiyyat müəllimi
Azərbaycan.-2021.- 9 iyul.- S.6.