Sənətin zirvəsində əbədiləşən aktyor

 

 

Aktyor Hamlet Xanızadənin haqqında hansı ziyalının, incəsənət adamının, adi teatr həvəskarının yanında söhbət saldımsa, “nə gözəl aktyor idi...” deyə ilkin olaraqTopal Teymur” obrazını xatırladılar. “Topal Teymurun qəddar görkəmi hələ də tamaşaçıların yaddaşından silinməyib. Hamlet Xanızadənin Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”nda oynadığı Molla Abbas, Nəriman Həsənzadənin “Atabəylər”indəki Nizami, Nazim Hikmətin “Şöhrət və unudulan adam”ında Doktor da bu cür unudulması mümkün olmayan rollardandır.

 

Uzun müddət məsul vəzifələrdə dövlət qulluğunda çalışmış, Bakı şəhəri, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyevin dedikləri: “Mən Bakıya ali təhsil almağa gəldiyim ilk gündən xalamgildə - tanınmış müğənni, Xalq artisti Gülxar Həsənovanın ailəsində yaşamışam. Bu evə aktyor və müğənnilər, xüsusən də bu sahəyə marağı olan gənclər çox gəlirdilər. Hamlet Xanızadə ilə xalam oğlu Hamlet Qurbanovun sənət dostluğuna, xoş münasibətlərinə bu evdən bələdəm. Xalama, adaşı Hamletə görə mənə də dost münasibəti göstərirdi. Dramada rol aldığı bütün tamaşaların dəfələrlə ailəliklə dəvətçisi olmuşuq. Gülxar xanım hər tamaşadan sonra qürur hissi ilə “o, sənətini sevən, rolları yüksək səviyyədə canlandırmağı bacaran gəncdir” deyirdi.

 

Teatrkino sənətinin qüdrətli aktyorlarından olan Əməkdar artist, dövlət mükafatı laureatı Hamlet Xanızadə yaradıcılığı boyu can verdiyi obrazlara həmişəyaşarlıq qazandırıb. O, güclü yaradıcı qabiliyyətə, zəngin daxili aləmə və istedada malik olduğundan müxtəlif xarakterli rolları yaratmaqda çətinlik çəkməyib. Hansı rolu oynamasından asılı olmayaraq, təqdim etdiyi obrazların daxili aləminə məharətlə nüfuz etməyi, onları təbii və səmimi canlandırmağı bacarmışdır.

 

Haqqında istənilən qədər dəyərli sözlər və xatirələr danışılması mümkün olan Hamlet Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz açıb. Ağlı kəsəndən aktyorluğa böyük həvəs göstərib. Uşaqlıq illərindən maraqla baxdığı filmlər gənc Hamletin bu istəyinə əlavə güc verib. Bu arzu ilə o, 1961-ci ildə istəyində olduğu ali məktəbin tələbəsi olmuşdur. O günləri xoş duyğularla xatırlayan tanınmış rejissoraktyor Elxan Qasımovun dediklərindən: “1961-ci ildə Hamletlə bir yerdə imtahan vermişəm. Fəvvarələr meydanında “Nərgiz” kafesi ilə üzbəüz (indiMcDonalds” yerləşir) Mirzağa Əliyev adına Teatr İnstitutunun (indi Mədəniyyət və İncəsənət Universiteti) binası var idi. İmtahan vermək üçün orada növbəyə durmuşduq. Növbəmiz çatanda Hamlet əlimdən tutub, binanın dəhlizə açılan pəncərəsindən içəri saldı. Arxamca özü də pəncərədən girdi, getdik imtahan verməyə. Adil İsgəndərovun kursunda təhsil almışıq. Ömrünün son anına kimi onunla dostluq etmişəm. O vaxtElxan Qasımov tanınırdı, nə də Hamlet Xanızadə. Amma Hamlet Xanızadə o vaxt Adil İsgəndərovun kinostudiyanın (“Azərbaycanfilm” kinostudiyası) nəzdində təşkil etdiyi aktyorluq kursuna gedirdi. Aktyorluğakinoya çox böyük həvəsi var idi.

 

Teatr İnstitutunda təhsil alan Hamlet Xanızadə 1961-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başlayıb. Bu möhtəşəm səhnədə ilk günlərdən korifey sənətkarlardan öyrənə-öyrənə sayılıb-seçilən aktyorlardan olub. O illərdən bəri onun rollarının sırasına nəzər salanda heyrətlənməyə bilmirsən. Son dərəcə fərqli və ziddiyyətli surətləri bir aktyor öz ruhundan, varlığından keçirərək necə ustalıqla yarada bilmişdi: Həsən Səbbah (“Xəyyam”), İblis (“İblis”), Qacar (“Vaqif”), Antonino (“Fırtına”) və başqaları. Diqqət yetirsək görərik ki, Hamlet Xanızadə bir çox müəlliflərin əsərlərində özünü peşəkar aktyor kimi təsdiq etmişdir. İlk növbədə sənətkarlıq qüdrətini ürəyindən xəbər verən, çox sevdiyi Hüseyn Cavid, Mirzə Cəlil, Şekspir, Nazim Hikmət, Səməd Vurğun, İlyas Əfəndiyev, Nəriman Həsənzadə, Anar, Yusif Səmədoğlu və digər bu kimi müəlliflərin əsərlərində təsdiqləyib. Hamlet Xanızadə Mehdi Məmmədov, Hökümə Qurbanova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı kimi müqtədir sənət korifeyləri ilə bir yerdə çalışıb. Tanrının bağışladığı istedad və qabiliyyət öz yerində, Milli Dram Teatrı sözün həqiqi mənasında  Hamlet Xanızadə üçün bir məktəb olmuşdu. O, ustadlardan öyrənərək həm də öz məktəbini yaradırdı.

 

Unudulmaz aktyorun yaradıcılığında teatr aktyorluğu ilə yanaşı, kino sahəsindəki xidmətləri də dəyərli və diqqətçəkəndir. Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Şəhərin yay günləri”, “Qızıl uçurum”, “Babək”, “Bir cənub şəhərində”, “İnsan məskən salır”, “İstintaq davam edir”, “Qatarda”, “Qatır Məmməd”, “Qəm pəncərəsi”, “Qərib cinlər diyarında”, “Möcüzələr adası”, “Nizami”, “Topal Teymur”, “Yaramaz”, “Yol əhvalatı”... və nəhayət, “Qətl günü” filmlərində yaratdığı müxtəlif xarakterli obrazlarda yenə də Hamlet Xanızadənin özünəməxsus orijinal yozumu hiss olunmaqdadır. O, bu obrazları elə bir şəkildə təqdim edib ki, ikinci bir ifaçı haqqında düşünmək ağla gəlmir.

 

Qətl günüfilmindəki Sədi Əfəndi onun son rolu olmuşdu. Həyat yoldaşı Nailə xanımın sözlərindən: “Çəkilişlər zamanı, bəlkə gündə neçə yol ölüb-dirilirdi. Filmdəki dövrlə bağlı ədəbiyyatı oxuduqca öz-özünə deyirdi: “Gör biz necə böyük bir millətin övladlarıyıq”. Təəssüf ki, bizim milli taleyimizin əks-sədası olan bu filmə Hamletsiz baxdıq”.

 

Həyatın amansızlığı imkan vermədi ki, Hamlet Xanızadə yaratdığı obrazın tamaşaçılar tərəfindən necə maraqla qarşılandığının şahidi olsun.

 

İstər teatrda, istər kinoda hansı rolda çəkilməsindən asılı olmayaraq aktyor oynadığı rolun məsuliyyətini gözəl dərk edirdi. Olduqca səmimi, işgüzar insan idi, rejissorlarla çox asan dil tapırdı. Onu tanıyanlar deyirdilər ki, Hamlet heç vaxt insanların qəlbinə toxunmaz. Rolları isə nədənsə əksinə, qəddar, zalım, qaniçən insanlar olurdu.

 

Hamlet Xanızadə güclü yaradıcı potensiala malik aktyor idi. Onun zəngin daxili aləmi müxtəlif xarakterli rolları yaratmağa imkan verirdi. Əməkdar artist idi. Xalq onu sevirdi. Mükafatı isə dövlət təltifləri xalqın ürəyində qazandığı məhəbbət idi. Bu məhəbbət bu gün var, sabah da olacaq. Cəmi 49 il ömür sürmüş Hamlet Xanızadə 80-ə yaxın filmdə unudulmayan, bir-birinə bənzəməyən, maraqlı obrazlar yaradıb. Onun qəhrəmanlarının əksəriyyəti tarixin, özü isə sənətin zirvəsində əbədiləşib!

 

 

 

Rəhman SALMANLI

Azərbaycan.-2021.- 9 iyul.- S.6.