Azadlıq fədaisi

 

 

“Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısnı yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin maarif naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Gəldin cümhuriyyətimizin maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan da göndərdim sənə. Bu gün isə baş nazirsən. Dövlət başçısısan, yəni ölkəmizin padşahı olmuşsan. Yenə bağının qamışını mən alım?”

 

Bu məktub Bakıya Gəncədən göndərilib. Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri olan oğluna - Nəsib bəy Yusifbəyliyə atası Yusif bəy yazıb...

 

Bu nəslin nümayəndələrinin Gəncəyə XVII-XVIII əsrlərdə Cənubi Azərbaycandan gəldiyi barədə tədqiqatçılarda ehtimallar irəli sürülüb. O da məlumdur ki, XVIII əsrdə Gəncədə torpaq sahələrinə sahib olan Nəsib bəy və Usub bəy sözükeçərli, hörmətli şəxslərdən sayılıblar. Usub bəy Gəncə xanı Cavad xanın vəziri olub. Yusifbəylilər Tovuzun Yuxarı Öysüzlü kəndində malikanə, torpaq sahələri, Gəncə və Hacıkənddə mülklərin sahibiydilər.

 

XIX əsrin sonu - XX əsrin əvvəllərində bu nəslin nümayəndələri Gəncə şəhərində yaşayıb. Nəsib bəyin yaşadığı ev Gəncənin Səfərabad məhəlləsindəydi.

 

O, bu şəhərdə 1881-ci il iyulun 5-də dünyaya gəlib. Gəncə gimnaziyasında oxuyub. Təhsilini davam etdirmək üçün 1902-ci ildə Odessa şəhərinə gedib, İmperator Novorosiyski Universitetinin Hüquq fakültəsinə daxil olub. Həmyerliləri olan tələbələrlə birlikdə Azərbaycan Yerlilər Cəmiyyətinin yaradılmasında iştirak edib. İctimai-siyasi düşüncədə oyanışın gənclik coşqusuna qarışdığı zamanlar idi. Çar hökumətini bu canlanma içərisində tələbələrin inqilabi hərəkatı təşvişə salmışdı.  İmperator Novorosiyski Universitetinibu səbəbdən müvəqqəti bağlayıblar. Nəsib bəy 1907-ci ildə Krımın Bağçasaray şəhərinə yollanıb. Və bu şəhərə elə bağlanıb ki, sonralar hara getsə də, harda yaşasa da, Baxçasaraydan həmişəlik qopub ayrıla bilməyib...

 

Gənc Nəsib bəy böyük türkçü, görkəmli siyasiictimai xadim İsmayıl bəy Qaspıralının redaktoru olduğu “Tərcüman” qəzeti ilə əməkdaşlıq edib. Bağçasarayda Azərbaycan dramaturqlarının əsərlərini səhnələşdirib, özü də əsas rollarda çıxış edib.

 

Nəsib bəyin sevdiyi xanım da baxçasaraylı olub. İsmayıl bəy Qaspıralının böyük qızı Şəfiqə xanımla onu Nəriman Nərimanov tanış edib. Nəsib bəylə Şəfiqə xanım bir-birini sevib, ailə qurublar.

 

Nəsib bəy siyasi düşüncələrinə və fəallığına görə çar hökumətinin təqibindən qurtula bilməyib. 1908-ci ildə İstanbula köçməli olub. Publisistik fəaliyyətini orada davam etdirib. Türk dərnəyi adlı cəmiyyətin qurucularından olub. Ancaq Türkiyədən də onu sultan istibdadı uzaqlaşdırıb. Nəsib bəy Yusifbəyli 1909-cu ildə yurduna dönüb, Gəncə şəhər bələdiyyəsində fəaliyyət göstərməklə bərabər, müəllim işləyib.

 

Həmin il Nəsib bəy həyatının ən qüssəli ayrılıqlarından birini yaşayıb. Nə sevgi, nə də iki övlad ailəsini xilas edə bilməyib. 1909-cu ildə o, Şəfiqə xanımdan ayrılıb. Sonralar başqa bir qadınla evlənib. Ancaq bu ayrılıq ucbatından İsmayıl bəylə münasibətləri pozulmayıb. Aralarındakı hörmət, ehtiram 1914-cü ilə, İsmayıl bəy Qaspıralının vəfatınadək davam edib.

 

Elə Şəfiqə xanımla da bir-birlərini unutmayıblar. Qızları Zöhrə xanımı və oğlanları Niyazini Nəsib bəy ata sevgisindən və qayğısından heç zaman məhrum etməyib.

 

Dövrün qabaqcıl ziyalılarından olan Nəsib bəy maarifçilik işləri ilə məşğul olub. 1911-ci ildə “Molla Nəsrəddin” jurnalına və qəzetlərə məqalələr göndərib. Müsəlman Xeyriyyə Cəmiyyəti, Müsəlmanların Maariflənməsi Cəmiyyəti, Aktyorlar Cəmiyyətinin fəaliyyətlərində yaxından iştirak edib. Məhəmməd Əmin Rəsulzadə ilə tanış olub. İctimai-siyasi fəallığı yüksək olub.

 

1917-ci ildə Rusiyada fevral burjua inqilabı baş verib. Həmin ilin martında Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyası yaradılıb. Partiya Rusiyanın tərkibində Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə aparıb. Həmin ilin aprelində Nəsib bəy Bakıda, Qafqaz müsəlmanlarının qurultayındakı çıxışında bu tələbi səsləndirib. 1917-ci ilin mayında isə Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayında iştirak edib.

 

İyulda Türk Ədəmi-Mərkəziyyət Partiyası Müsəlman Demokratik Müsavat Partiyası ilə birləşib, Müsavat Partiyası adlandırılıb. Məhəmməd Əmin Rəsulzadə bu partiyanın mərkəzi komitəsinin sədri seçilib. Gəncədə partiyanın rəhbəri Nəsib bəy Yusifbəyli olub. O, Müsavat Partiyasının 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda, “İsmailiyyə” binasında keçirilən ilk qurultayında fəal iştirak edib. Qurultaydan sonra “Azərbaycana muxtariyyət” şüarı ilə hərəkat başlanıb. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra isə partiya nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyi tələbini irəli sürüb.

 

1918-ci ildə Zaqafqaziya Seyminə seçilən Nəsib bəy Yusifbəyli Azərbaycanı təmsil edən 44 nümayəndədən biri olub. Həmin il aprelin 22-də yaranan Zaqafqaziya Demokratik Federativ Respublikasında xalq maarif naziri vəzifəsi ona həvalə edilib.

 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunub. Milli Şuranın üzvü Fətəli bəy Xoyskinin baş nazir olduğu birinci kabinədə Nəsib bəy  Yusifbəyli xalq maliyyə və xalq maarifi naziri vəzifəsində çalışıb.

 

Fətəli bəy Xoyskinin başçılıq etdiyi ikinci hökumət kabinəsində Nəsib bəy Yusifbəyli xalq maarifi naziri vəzifəsini icra edib. Xoyskinin təşkil etdiyi üçüncü kabinədə isə o, maarifdini etiqad naziri təyin olunub.

 

Dördüncü hökumət kabinəsinin təşkili Nəsib bəy Yusifbəyliyə həvalə olunub. O, 1919-cu il martın 14-də yeni yaratdığı kabinənin üzvlərini parlamentə təqdim edib. Nəsib bəy Yusifbəyli təşkil etdiyi hökumətdə Nazirlər Şurasının sədri və daxili işlər naziri vəzifələrini yerinə yetirib. O, özünün ikinci, Cümhuriyyətin isə beşinci hökumət kabinəsini 1919-ci il dekabrın 22-də təşkil edib. Hökumətə rəhbərlik vəzifəsi Nəsib bəy Yusifbəyli tərəfindən 1920-ci il aprelin 1-dək icra olunub.

 

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılıb. Nağı bəy Şeyxzamanlı “Azərbaycan İstiqlal mücadiləsinin xatirələri” kitabında o məşum günləri belə təsvir edib: “Milli matəmimiz olan 27 aprel 1920-ci ildə ələ keçən Azərbaycan ziyalıları ruslar tərəfindən məhv edilirdilər. Çekanın azğın cəlladları Bakıda xüsusilə müsavatçıları məhv etməyə çalışırlar. Gizli olaraq Nəsib bəylə görüşməyə getmişdim. Bu, mənim onunla son görüşüm oldu. O, bir neçə yoldaşla birlikdə bir evdə saxlanırdı. Çox kədərli idim. Çünki düşmən milli varlığımıza zəhərli bir xəncər saplamışdı”.

 

1920-ci ildə bolşevik Rusiyası tərəfindən Azərbaycan zəbt olunduqdan sonra Cümhuriyyət qurucuları vətənindən didərgin düşüblər. Yeni hökumətin təqiblərindən qurtulmaq üçün Nəsib bəy Yusifbəyli də Bakını tərk edib. Ancaq 1920-ci il mayın 31-də yolda, Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilib. Nağı bəy Şeyxzamanlı xatirələr kitabında yazıb: Bu mənhus günün nəticəsində Azərbaycan istiqlal hərəkatının verdiyi ən mühüm qurbanlardan biri Yusifbəyli Nəsib bəydir. İstilanın baş verdiyi günlərdə müstəfi olsa da, Baş nazir vəzifəsində olan Nəsib bəy Bakının Qızıl ordu tərəfindən işğal olunması səbəbindən gizlədilərək xaricə getməsi üçün yaxın dostu Yusif bəy İbrahimli ilə bərabər Gürcüstana keçmək məqsədi ilə yola çıxmışdı. Onlar Siqnax qəzasında təfsilatı hələlik bizlərə məchul olan faciəli bir qəzaya uğrayaraq qurban getmişdilər”.

 

Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri, maarifçi, publisist, ictimai-siyasi və dövlət xadimi Nəsib bəy Yusifbəylinin xalqına, millətinə, dövlətinə sədaqət, fədakarlıq və təəssübkeşliklə keçən otuz doqquz illik həyatı boyu gördüyü böyük işlər yalnız tarix kitablarının səhifələrində qalmayıb. Nakam ömürlü milli mücahid xalqının müstəqillik arzularında, düşüncələrində yaşayır.

 

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 9 iyul.- S.6.