Qlobal istiləşmə: təbiətin şıltaqlığı, yoxsa insan amili?

 

 

İndiyədək skeptiklər hesab edirlər ki, iqlimin istiləşməsi təbii prosesdir. Belə ki, Yer tarixində həm soyuq, həm də ilıq dövrlər olubkarbon qazının emissiyasının bu prosesdə rolu yoxdur. Bəs elm bu barədə nə deyir?

 

Yer planeti öz tarixinin 4,5 milyard ilində həm istiləşmə, həm də soyuqlaşma dövrlərini yaşayıb. Bu, faktdır. Temperatur bir çox minilliklər ərzində dəyişmişdir. Proses Yerin Günəş ətrafında fırlandığı orbitin dəyişməsi ilə bağlıdır. Planetimiz Günəşdən aralananda soyuq olur, yaxınlaşanda isə istiləşmə başlayır. Lakin XX əsrin sonlarında alimlər müəyyənləşdirmişlər ki, 1980-ci illərdən başlayaraq istiləşmə əvvəlki dövrlərdən daha sürətlə baş verir.

 

1998-ci ildə ABŞ-dakı MassaçusetsArizona universitetlərinin dendroxronologiya laboratoriyasının alimləri son 1000 il ərzində Yerdə orta illik temperaturu göstərən tədqiqat dərc etmişlər. Onlar termometrlərin mövcud olmadığı, yəni 500 ilbundan çox əvvəl təbii informasiya daşıyıcılarına (buzlaqlar, ağaclardakı illik halqalars.) əsaslanaraq temperaturu müəyyənləşdirmişlər. Məlum olmuşdur ki, bir çox yüzilliklər ərzində normadan kənara çıxmalar cüzi olmuş, XX əsrdə isə qəflətən temperaturda kəskin sıçrayış baş vermişdir.

 

2013-cü ildə “Science” jurnalında Yerdə temperaturun 11 min il bundan əvvəlki dövrdə dəyişməsi təhlil edilmişdir. Qənaət eyni olmuşdur: ötən əsrdə planetimiz əvvəlki buz dövrü bitməsindən sonrakı hər bir zamandakından daha tez istiləşmişdir. Eyni zamanda alimlərin fikrincə, son 2 min il ərzində Yer elə bir orbitdədir ki, onun təbii soyuması baş verir. Lakin tədqiqatda bildirilir ki, bu təbii soyuqlaşma hazırda parnik qazlarının emissiyasından əmələ gələn istiləşməyə görə hiss olunmur.

 

Parnik effekti Yer üzündə həyatı mümkün edən təbii prosesdir. Atmosferdəki müəyyən qazlar Yerdən gələn istini udur və qismən onu geri qaytarır. Təxmini  olaraq bu proses istixanalarda da baş verir. Təbii parnik qazlarına karbon qazı (CO2), metanazot oksidi daxildir. Minilliklər boyunca təbiət bu qazların atmosferdəki miqdarını optimal şəkildə tənzimləyirdi. Lakin insanlar enerji almaq üçün mədən yanacağından istifadə etməyə başladıqdan sonra karbon qazının emissiyası xeyli artmışdır. Bunun, habelə insanların digər fəaliyyəti nəticəsində atmosferdə təbii balans pozulmuşdur. Yer daha sürətlə istiləşməyə başlamışdır.

 

BMT-nin Ümumdünya Meteoroloji Təşkilatının hesabatına əsasən, ötən il orta illik temperatur sənayeləşmədən əvvəlki dövrlə (1850-1900-cü illər), yəni mədən xammalı enerji daşıyıcıları qismində kütləvi şəkildə istifadə olunmadığı vaxtla müqayisədə 1,2 dərəcə yüksək olmuşdur. Hesabat müəllifləri bildirirlər ki, insan fəaliyyəti nəticəsində parnik qazları emissiyasının artması iqlim dəyişikliyinin ən vacib səbəblərindən biridir. Bu ilin may ayında CO2-nin Yer atmosferindəki orta konsentrasiyası 415 ppm təşkil etmişdir. Sonuncu dəfə karbon qazının Yer atmosferində bu cür yüksək konsentrasiyası müasir insanın olmadığı vaxtda, dünya okeanı isə hazırkından 30 metr yüksəkdə olduğu zamanda, yəni bir neçə milyon il əvvəl olmuşdur.

 

NASA-nın Robert Qoddard adına Kosmik Tədqiqatlar İnstitutunda iqlimlə məşğul olan Bencamin KukAlman dalğasıradiostansiyasına müsahibəsində deyir ki, ötən əsrin sonlarında alimlər qlobal istiləşməyə izah axtarmağa başlayanda parnik qazları, Günəş enerjisi, okeanlardakı sirkulyasiya, vulkan aktivliyi kimi müxtəlif amilləri öyrəndilər. ancaq mədən enerji daşıyıcılarının yandırılması nəticəsində parnik qazlarının emissiyasının artımı Yerdə istiləşməyə uyğun gəlirdi. Kukun dediyinə görə, elmi birlik hazırda iqlim dəyişikliyinin insan fəaliyyətinin nəticəsində baş verdiyinə tam əmindir.

 

İqlim dəyişikliyi problemlərinə həsr olunmuş 11602 elmi məqalənin analizi göstərmişdir ki, bütün alimlər qlobal istiləşmənin antropogen təbiəti ilə razıdırlar. Bu təhlili tanınmış amerikalı geoloq iqlim dəyişməsi barədə 11 kitabın müəllifi Ceyms Lourens Pauell aparmışdır.

 

İqlim dəyişməsi üzrə hökumətlərarası ekspertlər qrupu da əmindir ki, qlobal istiləşmə insan fəaliyyətinin nəticəsidir.

 

 

 

Rizvan CƏFƏROV

Azərbaycan.-2021.- 9 iyul.- S.4.