“YARAT” Gəncədə “Dumanlar başımda dastana döndü” adlı sərgi açıb

 

 

“YARAT” Müasir İncəsənət Məkanı Gəncədə Məhsəti Gəncəvi Mərkəzində yerli rəssamların və fotoqrafların əsərlərindən ibarət “Dumanlar başımda dastana döndü” adlı qrup sərgisini təqdim edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyi və Məhsəti Gəncəvi Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilən sərgidə Ağababa Bağırov, Elnur Babayev, İlqar Cəfərov, Şahvələd Eyvazov, Erkin Ələkbərli, Rəşad Ələkbərov, Xalid Əsgərov, Miranib Həsənoğlu, Əli Qafarov, Cavid Qurbanov, Oleq Litvin, Əli Rza və Nurəhməd Vəliyev kimi rəssam və fotoqrafların instalyasiya, fotoqrafiya və rəqəmsal sənət əsərləri nümayiş olunub.

Ekspozisiyaya “YARAT” Müasir İncəsənət Məkanı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər və fotomateriallar daxil edilib.

“YARAT” Müasir İncəsənət Məkanının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Hökümə Kərimova jurnalistlərə müsahibəsində bildirib ki, sərgi müharibə təfərrüatlarının və siyasi münaqişələrin travmatik yaddaşını gündəmə gətirir: “Səyyar sərgi əsasında yerli mütəxəssislər tərəfindən təhsil proqramlarının həyata keçirilməsi də nəzərdə tutulub. Proqram çərçivəsində iştirakçılar müasir incəsənət sahəsində rəqəmsal dünyavirtual reallıq mövzularını araşdırıb, incəsənətdə müxtəlif ünsiyyət kanalları mövzusuna dair seminarlarda iştirak edəcəklər”.

Qeyd edək ki, sərgi sentyabrın 25-dək davam edəcək.

 

Azərbaycan.-2021.- 9 iyul.- S.5.