Vaksinin insan həyatında rolu
danılmazdır
Sağlamlığın əsası
uşaq yaşlarından peyvəndləmə
ilə qoyulmalıdır
Son iki ilə yaxındır ki, insan sağlamlığının qorunması bəşəriyyəti ciddi düşündürən əsas məsələlərdəndir. Çinin Uhan vilayətində “peyda olan” koronavirusun dünyanı çənginə alması bunu bir qədər də aktuallaşdırıb.
COVID-19 pandemiyası ilə mübarizədə daha çox diqqət ayrılan məsələ də vaksinasiyadır. Koronavirusun daha geniş yayılmasının qarşısının alınması, eləcə də təsirinin azaldılması istiqamətində aparılan mübarizədə vaksinasiyanın, yəni peyvəndlənmənin mühüm önəm daşıması artıq şübhə yaratmır.
Peyvəndlənmə bizə hələ uşaq yaşlarından məlumdur. Lakin biz heç də peyvəndlərin nədən hazırlanmasının fərqinə varmamışıq. Peyvəndlərin sağlamlığımızdakı əhəmiyyətini olduğu kimi dərk etməmişik. Bütün bunlar yalnız həkimlərə məlum olub.
Bu gün də sağlam həyatımız vaksindən, peyvəndləmədən asılıdr. Ona görə də vaksin haqqında bəzi məlumatları həkimlə birlikdə nəzərdən keçirmək qərarına gəldik.
Bakı şəhəri 22 nömrəli uşaq poliklinikasında ailə həkimi kimi fəaliyyət göstərən, ixtisasca pediatr olan Aygün Cəfərliyə müraciət etdik. Həkim öncə vaksinin hazırlanmasına aydınlıq gətirdi: “Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Vaksin həmçinin gen mühəndisliyi ilə də alına bilir. Çünki immun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı antiteller (humoral immunitet) yaradır. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadi cəhətdən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu prosses aktiv immunizasiya adlanır. Belə spesifik əks cisimlərin hazır şəkildə heyvanlardan və ya donor insanlardan alınıb orqanizmə yeridilməsi passiv immunizasiyadır...”
Həkimin fikri
maraqlıdır: qədim dövrlərdən müşahidə
olunub ki, ağır yoluxucu xəstəlikləri bir
dəfə keçirən, daha ona tutulmur və yaxud yüngül keçirir. Ona görə
də pandemiya və epidemiyalar
zamanı belə şəxslərdən müəyyən qruplar yaradılırdı və onlar xəstələrə qulluq
edirdilər: “Vaksin terminini
elmə ilk dəfə ingilis
həkimi Edvard Cennerin
şərəfinə Lui Paster
gətirib. O, ilk dəfə insanları “təbii
çiçək”dən qorumaq məqsədilə
onları inəyin “təbii çiçək” virusu ilə immunizə etmiş
və bunun 100 faiz effektliyini təsdiqləmişdir. Edvard Cennerin
davamçısı Lui Paster
diri mikrobların təbii antigenliyini
zəiflədərək, onlardan vaksin hazırlayıb. Bu məqsədlə
o, yüksək temperaturdan
istifadə edib və buradan da “pasterizasiya” termini əmələ gəlib.
Vaksinasiyanın əsas məqsədi orqanizmdə erkən dövrdə güclü immunitet yaratmaqdır. Vaksinasiyaya əsas
yoluxucu xəstəliklərin
yayılma təhlükəsinin
artması, eləcə
də əhali arasında epidemiyaların
baş verməsi hesab edilir. Kütləvi profılaktika tədbirləri
aparılarkən vaksinasiyaya
əks göstərişlər,
həmçinin insanın
ümumi vəziyyəti
nəzərə alınmalıdır”.
Vaksinasiyalara qarşı nəzərdə
tutulan əks göstəricilərə bunlar
aiddir: kəskin yoluxucu və somatik, parenximatoz orqanların (qaraciyər, böyrək) çatışmazlıqları,
kəskin ürək-damar,
mərkəzi sinir sistemi orqanları, bədxassəli xəstəliklər,
ağır immun çatışmazlıqları, allergik reaksiyalar və s.
Vaksin tətbiq olunduqdan sonra əgər orqanizmin temperaturu qısamüddətli qalxarsa,
yerli əlamətlər
(hiperemiya, inyeksiya nahiyəsində şişkinlik)
qəbul olunmuş norma həddində
isə peyvəndin təyini əks göstərici hesab edilməməlidir.
Hazırda Amerikada 5 yaşa
çatmış uşaqların
98 faizdən çoxu
planlaşdırılmış immunizasiyaya
məruz qalırlar. Bunsuz uşaqlar məktəbə
qəbul edilmirlər. Göyöskürək
vaksininin tərkibindən
hüceyrə komponentinin
çıxarılması onun xoşagəlməz
təsirlərini aşağı
salır. Bir çox inkişaf etmiş ölkələrdə
əlavə olaraq hepatit B-yə qarşı xüsusi vaksinasiya aparılır.
Aygün
xanım qeyd edir ki, erkən
aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox
ciddi və ölümcül xəstəliklərdən
qoruyur. Əgər uşağınız bu xəstəliklərə
yoluxmursa, deməli, adını bilmədiyiniz
peyvəndlər köməyə
gəlib. Lakin uşağın immunitet sistemi aşağıdırsa,
görünməyən xəstəliklər
onu təkrarən yaxalaya bilər: “Peyvəndlər aşağı
temperaturda qızdırma,
infeksiya yerində qızartı və şişkinlik kimi təsirlər
yarada bilir. Bəzi peyvəndlər müvəqqəti olaraq başağrısı, başgicəllənmə, halsızlıq
və iştahasızlıq
meydana gətirir. Nadir
hallarda rast gəlinən belə kənar təsirlər əndişəyə
səbəb olsa da, peyvəndlər uşaqları ölümcül
xəstəliklərə yaxalanmaqdan qoruyur. Unutmayaq ki, allergiyaya meyilli uşağa peyvənd olmaz.
Uşaqlar kiçik yaşlarında
təhlükəli xəstəliklərə
daha çox məruz qaldıqlarından
və onları bunlardan qorumaq üçün peyvənd
erkən aparılmalıdır. Peyvəndsiz keçinmək
yaxşı fikir deyil. Çünki belə halda uşaq ciddi xəstəliklər qarşısında müdafiəsiz
qalır. Tibbi səbəblər üzündən,
eləcə də peyvəndə qarşı
allergiyası olan uşaqların
dəhşətli xəstəliklərdən
qorunması ətrafındakı
insanların immunitet sisteminin möhkəm olmasından asılıdır”.
Təəssüf ki, koronavirus pandemiyası ilə bağlı fikirlər hələ də cəmiyyətdə, hətta dünyada birmənalı deyil. Həkimlər qaldı bir tərəfdə, insanlar sosial şəbəkələr üzərindən yayılan dezinformasiyalara o qədər aludə oldular ki, sanki hamı bu gözəgörünməz bəlanın mövcudluğuna şübhə ilə, yaxud ondan xilas yollarını stimullaşdıran, kömək edəcək vasitə və üsullardan istifadə məqsədi daşıyan qayda-qanunlara dırnaqarası yanaşdılar. Əslində, vəziyyət heç də o insanları çaşdıran məlumatlarda olduğu kimi deyildi. Məsələ bundan ibarətdir ki, söhbət insan sağlamlığından gedir, demək, ilk növbədə, tibbi profilaktikanı unutmamalıyıq.
Xeyli vaxtdır sahə həkimi kimi çalışan Aygün Cəfərlinin məktəblilərlə bağlı layihələri də az olmayıb. Bir həkim kimi müşahidə etdiklərinə əsaslanaraq deyir ki, insanların tibbi maarifləndirməyə ciddi ehtiyacları var: “...Ailə həkimi kimi bunun dönə-dönə şahidi olmuşam. İnsanlar adicə müəyyən profilaktika, gigiyena qaydalarına əməl etmənin məqsədini və vacibliyini bilmirlər. Ona görə də sağlamlığın əsas şərtlərini bilmək, dəyərləndirmək lazımdır. Bunu ona görə deyirəm ki, insanlar müəyyən xəstəliklərin nədən yaranmasından və onun profilaktikasından xəbərdar olsunlar. Bundan ötrü tez həkimə müraciət etməsinlər. Özləri profilaktik qaydada tədbir görməyi bacarsınlar. Bu zaman həkimlərimizin də yükü azalmış olar. Bu, birinci məsələdir ki, məktəblərdə uşaqlarla işləyəndə həkim təbliğatı nədən başlamalıdır. Bundan başqa, sahə həkimləri həm də peyvəndləmə işini həyata keçirirlər”.
Həkimin də xüsusi vurğuladığı kimi, bu gün yaşından asılı olmayaraq, hər kəsi maraqlandıran peyvənd məsələsidir. Söhbət, əlbəttə, yalnız koronavirus pandemiyasına qarşı aparılan peyvəndləmədən getmir. Bugünkü vaksinasiyaya qədər bir çox peyvəndlər edilib. Bu, əslində, ilk növbədə, uşaqlara aiddir. Körpə dünyaya gəldikdən sonra ata-ana yaxşı bilir ki, bəzi yoluxucu xəstəliklərdən uzaq olması üçün onlar mütləq peyvəndlənirlər. Hər birimiz müxtəlif peyvəndlər almışıq.
Elə peyvəndlər var ki, dövlət tərəfindən ölkə vətəndaşlarının (söhbət azyaşlılardan gedir) sağlamlığının qorunması, müxtəlif infeksion xəstəliklərə qarşı edilməsi məcburidir. Bu peyvəndlər dövlət müəssisələrində pulsuz edilir. Lakin elə peyvəndlər də var ki, onlar özəl sektorda fəaliyyət göstərən klinikalarda ödənişli əsaslarla edilir. Acınacaqlı hallardan biri də odur ki, bəzən, bəlkə də çox hallarda elə vətəndaşlarımız olur ki, yeni doğulmuş körpələri vurulacaq peyvəndlərdən uzaq saxlamağa çalışırlar. Bu, çox təhlükəli bir haldır. Onlar bilməyərəkdən öz övladlarının təbii sağlamlığının sanki qarşısına xəstəliklər çıxarırlar: “Körpə doğulduğu 12 saat ərzində ona Hep B (Hepatit B xəstəliyinə qarşı peyvənd), daha sonra 4-7-ci gün ərzində vərəm əleyhinə peyvənd (BCG) edilir. Bununla iş bitmir. Poliomielit əleyhinə olan peyvənd (OPV) damcı isə körpənin ağzına damızdırılır. Bunlar ilk 10 gün müddətində olan peyvəndlərdir. Hepatit B-yə qarşı damcı doğum evində, sonrakı həftə ərzində, digər peyvəndlərlə birlikdə poliklinikada edilir. Digər peyvəndlər uşağa 2-3-4-6 aylığında, 12 ayında (1 yaş), 18 ayında və 6 yaşında sorğu-sualsız vurulmalıdır.
İki aylığında körpələrə vurulan (HİB) “göyöskürək”, “difteriya”, “tetanus”, “hepatit B” və “B tipli hemafil infeksiyasına qarşı” olan (bunların da 5-lik penta və 6-lıq hexa formatları var) peyvəndlərdir. Bunlar eyni zamanda 2,3 və 4 aylıqda, ayda bir dəfə olmaqla edilir. Həmin aylarda körpəyə poliomielitə qarşı peyvənd (damcı OPV) də verilir. 2-4-6-cı aylarda pnevmakokk (PK) infeksiyasına qarşı da peyvənd var. 6 aylıqda uşağa poliomielit vaksini (İPV) iynə şəklində vurulur. Bir yaşlı uşağa isə qızılca, parotit, məxmərəyə (QPM və ya MMR adlanır) qarşı peyvənd vurulur və vitamin-A damcı verilir. 18 aylığında (1.6 yaşında) “göyöskürək”, “difteriya” və “tetanus”a qarşı peyvəndin (GDT)1-ci revaksinasiyası, poliomielit (OPV) damcının revaksinasiyası və vitamin-A damcı mütləqdir. 6 yaşında uşağa edilən peyvəndlər 1 yaşında edilən QPM-in təkrar revaksinasiyasıdır. Eyni zamanda 6 yaşında difteriya və tetanusa qarşı peyvənd olunur, ancaq 6 yaşında GDT deyil, DT forması şəkilində (tərkibində göyöskürək olmadan). Bunlar dövlət proqramı əsasında həyata keçirilir. Lakin özəl tibb müəssisələrində də qrip və digər xəstəliklər əleyhinə peyvəndlər edilir.
Hazırda ölkəmizdə qrip əleyhinə peyvənd var: 5-18 yaş arasında (daha tez-tez xəstələnən, risk qrupuna daxil olan uşaqlar üçün). İstənilən halda vətəndaşlarımız qeydiyyatda olduqları poliklinikalara gələrək həmin peyvəndləri uşaqlarına vurdura bilərlər”.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2021.- 10 iyul.- S.1;7.