Cahit Bağçı: Azərbaycan Vətən müharibəsindəki Zəfərini azad olunmuş ərazilərdə quruculuq işləri ilə davam etdirir

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qarabağa, işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlər təşkil edilir. Bütün dünya Azərbaycanın Zəfərindən sonra Qarabağda gedən bərpa-quruculuq işlərini öz gözləri ilə görməlidir. Azərbaycan Vətən müharibəsindəki Zəfərini işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri ilə davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iyulun 9-da diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri çərçivəsində "Füzuli" yarımstansiyası ilə tanışlıq zamanı deyib.

Türkiyənin səfiri qeyd edib: “Bu, mənim Qarabağa dördüncü səfərimdir. Füzuli” yarımstansiyası çox qısa müddətə inşa edilərək təhvil verilib. Füzuli Beynəlxalq Hava Limanında isə bir il tamam olmamış, yəni, sentyabr ayında sınaq uçuşları keçiriləcək. Buna nə qədər sevinsək, yenə də azdır”.

Cahit Bağçı doğulduğu Çorum şəhərinin Füzuli ilə qardaşlaşmış şəhər olmasından qürur duyduğunu bildirib.

Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışan diplomat bunu iki qardaş ölkə arasında müttəfiqlik sənədi kimi dəyərləndirib. O deyib: “Naxçıvan üçün Qars müqaviləsi necə əhəmiyyət daşıyırsa, Şuşa Bəyannaməsi də Qarabağ üçün bir o qədər əhəmiyyətlidir. Bu sənəd Türkiyənin hər zaman Azərbaycanın yanında olmasının və olacağının təsdiqidir.

 

Azərbaycan.-2021.- 10 iyul.- S.3.