İsrail-Azərbaycan Ticarət
və Sənaye Palatası üzvlərinə ölkəmizdə
sosial sahədə aparılan islahatlar barədə məlumat verilib
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası üzvlərinin görüşü olub.
Görüşdə
palatanın prezidenti Aleks Kaplun Azərbaycanda əmək, məşğulluq,
sosial müdafiə sahələrində aparılan
genişmiqyaslı sosial islahatlarla bağlı İsrail-Azərbaycan
Ticarət və Sənaye Palatası üzvlərinin məlumatlandırılması,
bu mövzuda səmərəli fikir mübadilələrinin
aparılması baxımından belə bir
görüşün əhəmiyyətini diqqətə
çatdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, S.Babayev Azərbaycanla İsrail arasında dost münasibətlərinə, yüksək siyasi etimada əsaslanan əməkdaşlıq əlaqələrinin daim genişlənməkdə olduğunu vurğulayıb. O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər barədə danışarkən torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı İsrailin dost mövqeyindən çıxış edərək ölkəmizə göstərdiyi siyasi və humanitar dəstəyi vurğulayıb və buna görə minnətdarlığını bildirib. O, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində İsrail şirkətlərinin uğurlu fəaliyyətini diqqətə çatdırıb. İsrail şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpasında da iştiraka maraq göstərmələrinin məmnunluq doğurduğunu ifadə edib.
Azərbaycanla İsrail arasında dostluq və yüksək siyasi etimadın formalaşmasında ölkəmizdə yaşayan yəhudi icmasının xüsusi rolunu qeyd edən nazir Azərbaycanda sahibkarlığın inkişafına göstərilən ardıcıl və sistemli dövlət dəstəyini diqqətə çatdırıb. S.Babayev pandemiya dövründə ölkəmizdə məşğulluğa və sosial rifaha dəstək tədbirləri, iş yerlərinin, əməkhaqlarının qorunması, məşğulluq imkanlarının artırılması işləri, ildən-ilə genişlənən sosial müdafiə və aktiv məşğulluq proqramları barədə məlumat verib. O, şəhid ailəsi üzvləri və qazilərin məşğulluğuna dəstək məqsədilə artıq bir aydır ki, davam edən “Məşğulluq marafonu”nu qeyd edərək marafona qoşulan işəgötürənlərin sayının artmaqda olduğunu bildirib.
Nazir qeyri-formal məşğulluğun qarşısının alınması tədbirlərindən, formal məşğulluğa keçidi stimullaşdırmaq üçün tətbiq olunan təsirli mexanizmlərdən bəhs edib. Əmək müqavilələrinin sayında artım dinamikasını, sahibkarlarla sosial dialoqun inkişaf etdirildiyini diqqətə çatdırıb, DOST konsepsiyası, sosial sahədə proaktiv xidmətlər barədə məlumat verib.
S.Babayev, həmçinin İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası üzvlərinin suallarını cavablandırıb.
Görüşdə İsrail-Azərbaycan
Ticarət və Sənaye Palatası ilə Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlığı
çərçivəsində şəhid
övladlarının və qazilərin məşğulluq
imkanlarının artırılması məqsədilə
onların informasiya texnologiyaları
üzrə peşə hazırlığı
kurslarının təşkili və tərəfdaş
şirkətlərdə işlə təmin olunması layihəsinin
təqdimatı olub.
Azərbaycan.-2021.- 10 iyul.- S.4.