Vətəni xaricdə ləyaqətlə təmsil etmək şərəfi

 

Azərbaycan gəncliyinin inkişafı göz önündədir. Bu inkişafı rəngarəng edən ən mühüm amillərdən biri də təhsildir. Əgər bir dövlətin gəncliyi təhsilə önəm vermirsə, o cəmiyyət inkişafdan məhrum olur. Dövlət başçısının müdrik siyasətinin nəticəsidir ki, Azərbaycan bu təhlükədən uzaqdır. Təsadüfi deyil ki, Azərbaycanda xarici ölkələrdə təhsil almaq üçün yüksək səviyyədə şərait yaradılıb. Bu isə gənc yaşlarından dərin biliklərə, dünyagörüşünə malik kadrların yetişməsi deməkdir. Belə gələcək perspektivli kadrların daha çox toplaşdığı ölkələrdən biri isə Rusiyadır.

Haqqında yazmaq istədiyim də Rusiyanın şimali-şərqində yerləşən Murmansk vilayətində orta və ali təhsilini başa vurub ölkəmizi layiqincə təmsil edən gənc  zabit -leytenant Xəzər Firudin oğlu Mirzəyevdir. 1998-ci ildə  Murmansk şəhərində dünyaya göz açıb. 2016-cı ildə həmin şəhərdə 4 nömrəli akademik liseyi əla giymətlərlə bitirib və yüksək balla Sankt-Peterburqdakı Hərbi Akademiyaya qəbul olunub. Akademiyanı fərqlənmə diplomu və “Qızıl medal”la bitirib. Hərbi xidmətə Rusiyanın Xabarovsk vilayətində hərbi hissə komandirinin müavini kimi başlayıb. Başqa ölkədə doğulub böyüməsinə baxmayaraq, Xəzərin kicik yaşlarından damarlarından axan qan onu doğma vətəni Azərbaycanın təbliğatını gücləndirmək, ölkəmiz haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq naminə apardığı işlər təqdirəlayiqdir.

44 günlük Vətən müharibəsi zamanı zəfər uğrunda haqq savaşında iştirak edəcəyi günü səbirsizliklə gözləyən Xəzər Ali Baş Komandan  İlham Əliyevin hər cıxışını - qələbə sevincini böyük coşqu ilə qarşılayır və bundan qürur duyurdu.

Gənc zabit bu gün daha çox populyar olan Yunan-Roma güləşi üzrə cempiondur. Daha bir qürurverici məqam da odur ki, həmvətənmiz universiteti “Qızıl medal” və fərqlənmə diplomu ilə bitirdiyi ücün bir qrup gənc zabitin içərisində Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilirdi. Təəssüf ki, məlum pandemiya ilə əlaqədar Rusiyanın paytaxtında  bu qaydalar sərtləşdiyinə görə həmin görüş müvəqqəti olaraq təxirə düşmüşdü. Həyat hekayəsi doğma Vətənindən başlayan zabitimizin uğurlu addımlarının səsi uzaqlardan eşidilməkdədir.

Bu gün gənclərimiz artıq dünyanın müxtəlif dövlətlərində təhsil almaqda, xalqımızı və ölkəmizi layiqincə təmsil etməkdədirlər. Harada yaşamağından asılı olmayaraq, doğma vətənini, dilini, milli dəyər və adətlərini unutmayan gənc soydaşlarımız layiqli övlad olmaq nümunəsini göstərməkdədirlər.

Xarici ölkələrdə müxtəlif sahələr üzrə təhsil alan gənclərimizin sonda Vətənə dönüşü ölkəmiz üçün böyük kadr potensialı deməkdir. Öz vətəndaşlıq missiyasını yerinə yetirmək amalı ilə yaşayan Xəzər Mirzəyevə böyük uğurlar diləyirik.

 

 

Aygül BAĞIROVA,

Bakı şəhəri, YAP Gənclər Birliyinin fəalı

Azərbaycan.-2021.- 10 iyul.- S.5.