Quruyub, ay ana, gözümün yaşı

 

Gözləri önündə şəhid olan anasının qisasını alan qazimiz

 

 

 

Qarabağı ana qucağında tərk edən körpələr böyüyərək 28 ildən sonra torpaqlarımızı düşməndən azad etdilər”. Bu ifadəni tez-tez eşidirik. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin əksər iştirakçıları ötən əsrin 90-cı illərində doğulan uşaqlar idi.  Belə uşaqlardan biri hazırda Gəncə şəhərindəki 2 nömrəli poliklinikada uşaq  həkimi işləyən Vüsal  Allahverdi oğlu Kazımovdur.

 

O, 1990-cı ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. Üç yaşı olanda doğma yurdu Kəlbəcər düşmən işğalına məruz qalıb. Ailənin ağsaqqalı, 93 yaşlı Ələsgər baba oğlu Allahverdiyə uşaqları da götürüb kəndi tərk etməyi məsləhət gördü. Allahverdi isə atası Ələsgər kişinin, qardaşı Sönməz Ələkbərin ailə üzvlərinin birlikdə yola çıxmalarını təkid edirdi. Axşamdan belə qərara gəlmişdilər ki, Allahverdi öz uşaqlarını götürüb qonşularla birlikdə getsin.  Ələkbər isə, hələlik, atası uşaqları ilə gözləsin. Vəziyyət gərginləşərsə, onlar da Murovdağ yolu ilə Gəncəyə gələrlər.

 

1993-cü il aprelin 2-də Allahverdi həyat yoldaşı Naibə üç yaşlı oğulları Vüsalla onun səkkiz aylıq bacısı Fərqanəni qucaqlarına alaraq, piyada çətin ağır bir səfərə çıxırlar. Allahverdinin əmisi oğlu Məhəmməd Tağıyev başqaları onlarla yol yoldaşları idilər. Başlıbeldən Kəlbəcərə gedən dağ yolunda qarlı Ağcaqız yaylağından piyada getmək yolçuları əldən salırdı.

 

Kəlbəcər şəhərini keçib Tərtər çayının kənarı ilə üzü Murovdağa tərəf addım-addım irəlisələr də, qarşıda onları nələr gözlədiyini bilmirdilər. Nadirxanlı kəndinə çatanda qabaqlarına üzü Kəlbəcərə tərəf gedən bir tank çıxır. Aralarında 20 metr  məsafə olanda tank dayanır. Onun üstündə hərbi geyimli bir neçə nəfər görünür.  35 km-dən çox yolu piyada gəlib əldən düşmüş dəstə dayanır. Adamların hamısından yaşlı olan Məhəmməd “Deyəsən, ermənilərdir”, - deyir.

 

Bu zaman tankın üstündəki hərbçilərdən biri azərbaycanca “Qorxmayın, gəlin!” - deyir. Onun danışığından dərhal başa düşürlər ki, bunlar ermənilərdir. Məhəmməd ətrafa göz gəzdirib yalnız sol tərəfə sıldırımlı dağlara qaçmaqla can qurtarmağın mümkün olduğunu düşünür. Pıçıltı ilə dəstədəkilərə deyir: “Hərəniz uşaqlarınızın birini götürüb sol tərəfə qaçın. O təpəni aşa bilsək, canımızı qurtara bilərik”.

 

Dəstədə uşaq çox idi. Hərə bir uşaq götürüb soldakı sıldırım qayalara  dırmaşmağa başladı. Tankın üstündəki hərbçi “Qayıdın, qayıdın!” - deyə bir neçə dəfə bağırsa da, ona qulaq asan olmur. Bu zaman ermənilər avtomatla atəş açmağa başlayırlar. Kolluq əraziyə çataçatda arxadan atılan güllələrdən biri Allahverdinin həyat yoldaşı, iki uşaq anası Naibə Kazımovaya dəyir və o, ağır yaralanır.  Amma  dəstə təpəni aşmağı bacarır. Yara isti olduğundan, Naibə  də təpəni özü aşır. Ancaq daha yeriyə bilmir. Ona görə də üzünü Allahverdiyə tutub deyir: “Mən gedə bilməyəcəyəm. Uşaqları da götür qaç. Ermənilər buraya çıxa bilməzlər. Uşaqları o tayda görünən kənddə qoyub qayıdarsan”. Başqa çarə yox idi. Naibəni bir kolun dibində uzadıb yola düşürlər. Murovdağın ətəyindəki Yanşaq kəndinə çatanda Allahverdi  uşaqları əmisi oğlu Məhəmmədə tapşırıb,  geri qayıdır. Yolda bizim hərbçilər onun qabağını kəsir, “getmək olmaz, ermənilər Kəlbəcəri işğal ediblər” - deyirlər.

 

Allahverdi kişi nə qədər yalvarsa da, onu bizimkilər irəli getməyə   qoymurlar. Beləliklə də Allahverdinin qardaşı Ələkbər, atası Ələsgər kişi, ailə üzvləri, altmış nəfər Başlıbel kənd sakini mühasirədə qalır, həyat yoldaşı Naibə Alzaman qızı Kazımova isə şəhid olur...

 

Vüsal böyüyəndə yolda başlarına gələn faciədən ətraflı xəbərdar olur. Anasının ermənilər tərəfindən öldürüldüyünü bilir. Bundan sonra qəlbində işğalçılara qarşı nifrət hissi daha da böyüyür.

 

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda hərbi komissarlığa ilk müraciət edənlərdən biriVüsal olur. “Sən uşaq həkimi işləyirsən, burada daha çox xeyir verə bilərsən”, - deyib onu cəbhəyə göndərmək istəmirdilər. Bu səbəbdən də Vüsal Müdafiə Nazirliyinə müraciət edir. Bir gün sonra isə ön cəbhəyə yola düşür...

 

Laçın rayonunda xidmət edərkən qələbə sorağını eşidəndə bütün əsgərlərimiz kimi, Vüsalın da sevincinin hədd-hüdudu olmur. Torpaqlarımızın düşmən tapdağı altındakı otuz illik əsirliyinə son qoyulmuş, şəhidlərimizin, o cümlədən Kəlbəcər rayonunun Şahkərəm kəndində doğulmuş, qonşu Başlıbelə gəlin köçmüş, böyük bir elin xətir-hörmətini qazanmış anası  Naibə Kazımovanın da qisası alınır.

 

Onun qəlbində özünə iyirmi yeddi il yeddi ayda ağır yük kimi yer eləyən bir  dərd artıq götürülmüşdü. Öz-özünə “Şükür Allaha! Arzum ürəyimdə qalmadı, anamın qisasını aldım”, - deyir.

 

Vüsal Kazımov döyüşlərdə fəal iştirak etdiyi üçün Azərbaycan Prezidentinin sərəncamına əsasən, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

 

Vüsal artıq ordudan tərxis olunmuş, Gəncədəki sevimli peşəsini davam etdirməklə, doğma Kəlbəcərə dönəcəyi günü səbirsizliklə gözləyir.

 

 

 

Oqtay SALAHLI,

Kəlbəcərdə çıxan “Yenilik” qəzetinin əməkdaşı

Azərbaycan.-2021.- 10 iyul.- S.5.