Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır

 

 

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər yüksəksəviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni dilə, dinə, mədəniyyətə və bir çox qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib. Xalqın gələcəyinə xidmət edən Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır.

Türkiyə və Azərbaycan öz tarixinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər. Təsadüfi deyil ki, Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirmişdir. Ulu Öndər Heydər Əliyev isə “Bir millət, iki dövlət Azərbaycan-Türkiyə” kəlamını hər iki ölkənin gələcək nəsillərinə əbədi olaraq bir mesaj vermişdir.

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda dövlətimizin başçısı İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında davam etməkdədir.

2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qardaşlığın rəmzi olan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. İmzalanmış bu bəyannamə tarixə əsaslanır və möhkəm təməllərə malikdir. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb.

XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik bəyannaməsinin imzalanması bu cür yanaşmanın və qardaşlığın əbədiləşməsinin təcəssümüdür. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi - ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, həmçinin enerji təhlükəsizliyi, “Cənub qaz dəhlizi”nin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi qeyd olunur.

Torpaqlarımızın azadlığı uğrunda 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən Vətən müharibəsində Türkiyə dövləti Azərbaycana birmənalı və açıq dəstək olduğunu nümayiş etdirdi. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Beynəlxalq səviyyədə nə qədər təzyiqlər olsa da, Türkiyə qardaşlıq mövqeyindən geri çəkilmədi.

Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq, qarşılıqlı hərbi yardım məsələləri də öz əksini tapıb. Bu onu göstərir ki, Türkiyə və Azərbaycan bundan sonra da hər zaman bir yerdə olacaq, necə ki, bu günə qədər iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir.

Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr də öz əksini tapıb. Zəngəzur dəhlizinin önəmi burada ciddi şəkildə ortaya qoyulub. Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizinə çıxışı təmin ediləcək. Bununla yanaşı, dəhliz Türkiyə ilə əlaqələri də gücləndirəcək. Beləliklə, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfəri zamanı bildirib ki, “Şuşada Türkiyənin Baş Konsulluğu” açılacaq. Qəbul olunmuş bu qərar iki ölkə arasında münasibətləri dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində oynayacağı böyük roldan da xəbər verir.

Hazırda işğaldan azad olunmuş ərazilərin bərpası sürətlə həyata keçirilir. Vətən müharibəsində olduğu kimi, bu ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Çox keçməyəcək işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq. Həmin ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.

 

 

Rufina NAMAZOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Azərbaycan.-2021.- 10 iyul.- S.5.