“Qarabağ ömrümün bir
parçasıdır...”
Belə bir deyim var: bütün qara rənglər, əslində, qırmızıya doğru gedən yoldur və qarşıdakı qırmızıya qaradan keçirsənsə, o qırmızı sənə olduğundan daha cazibəli görünür... Qaradan keçib qırmızıya çıxdığımız günlərdə “Qarabağ söhbətləri”ndə həmsöhbətimiz Zəngilanda doğulub, Şuşada böyümüş professor Qulu Məhərrəmlidir...
Qulu müəllim Qarabağlı, Qarabağsız günlərini xatırlayır...
Şuşa mənim üçün işıqlı xatirələr deməkdir
- Şuşa hər kəs üçün bir cür doğmadır, mənə isə ikiqat yaxındır. Uşaqlıq və yeniyetməlik illərim burada keçib. Orta təhsilimi bu şəhərdəki 3 nömrəli internat-məktəbdə almışam. Dünyanı dərk etməyimdə, az-çox bilik və dünyagörüşü qazanmağımda Şuşa önəmli rol oynayıb.
Zəngilanda doğulmuşam, Şuşada oxumuşam, bu mənada, böyük çıxmasın, Qarabağ ömrümün bir parçasıdır. 6 yaşım olanda atam rəhmətə gedib. Əmim böyük qardaşımla məni aparıb Şuşada 3 saylı internat məktəbinə qoymuşdu. Bütün təminatımız orda dövlət hesabına idi, orda da qalırdıq. Yaxşı müəllimlərimiz vardı.
Sabir Zeynalov bizə ədəbiyyatdan dərs deyib. Fazil müəllim kimyadan. Elə müəllimlər idilər ki, Şuşada hamı onları tanıyırdı. Parlaq müəllimlərimiz vardı, yaxşı tərbiyə edirdilər bizi. Ağdama, Xankəndiyə fənn olimpiadalarına gedərdik. Xankəndidə həm riyaziyyat olimpiadasında iştirak etmişəm, həm də qaçış yarışlarında birinci yerə çıxmışam.
O bölgənin hamısı mənə doğmadır. Yuxarı siniflərdə tətillərdə Zəngilana qayıdanda yolumuz Ağdamdan keçirdi. Ağdamdan Füzuliyə gedirdik, ordan Zəngilan - Gəncə avtobusu ilə Zəngilana. Maraqlı dövr idi. Burada güləşə də gedirdim. Güləş müəllimimiz Bəhmən müəllim respublika çempionu idi.
Orta məktəbi orda başa vurub gəlib Bakıda universitetə daxil oldum. Orta məktəbdə oxuyanda, tələbəlik illərində də “Şuşa” qəzetində yazılarım çap olunurdu. İlk qəzetçilik təcrübəmi “Şuşa” qəzetində keçmişəm. Qəzetin İsrafil Əbilov kimi peşəkar baş redaktoru vardı. Təcrübədə olduğumuz müddətdə qəzeti bizə həvalə etdi. Ağdamdan Çingiz Aslanovla birlikdə qəzeti hazırlayıb çapa verdik.
Sonralar iki dəfə Şuşada olmuşam. Bir 80-ci illərin ortalarında,
bir də sonuncu dəfə
1990-cı ilin iyununda siyasi icmalçılar Murtuz Ələsgərov, Seyfəddin Qəndilov və bir qrup
jurnalistlə birlikdə.
Şuşalı xatirələr danışdıqca
bitməz. O vaxtlar ermənilərlə
aramızda elə bir xüsusi düşmənçilik yox
idi, hər halda, biz hiss etmirdik. Ancaq “Ararat”la “Neftçi”
oynayanda dava düşürdü. Erməni ocaqçı
vardı internatda, deyirdi ki, “Neftçi”
bütün oyunlarını
“Ararat”la oynadığı
kimi prinsipial oynasa, çempion olar. Ermənilər, əsasən, evlərin
tikintisində bənna,
suvaqçı işləyərdilər.
İnternatda gecə növbəsində
işləyənlərə “gecə nənəsi” deyərdik. Onlardan biri erməni
idi. Səs edən uşaqları
yaman döyürdü.
Sonradan ağlımız kəsdi
ki, bu bizi
düşmən kimi döyürmüş, nifrətlə.
Şuşanın işğalında özümü
də günahkar bilirdim
- Şuşada istirahət
evləri tərəfdə
bir neçə yanmış bina qalırdı. Deyirdilər erməni-müsəlman davasında ermənilər
yandırıb. Təmir etməmişdilər
onları.
Bir
də quyular vardı. Bizim internatın dövrəsində
də vardı. Deyirdilər adamlar bu quyularda
gizlənərmiş.
1992-ci ildə çətin
günlər idi. Şuşa ətrafında
müxtəlif söhbətlər
gəzirdi. Kimi deyirdi
işğal ediblər,
kimi deyirdi yox, bizdədir. Azərbaycan televiziyasında gecə xəbərlərində Müdafiə
Nazirliyindən gələn
xəbəri oxudum.
Məlumatda deyilirdi ki, şəhərə girən
erməniləri Azərbaycan
Ordusu çıxarıb
və hazırda şəhərə əsgərlərimiz
nəzarət edir. Sən demə, yalan imiş. Oxudum, efirdən sonra
xoş əhvalla evə piyada getdim. Səhər eşitdik ki, Şuşa işğal
edilib. Çox sarsıldım. Şuşanı necə itirmək olardı?!. Bu məsələ
ürəyimdə qalmışdı.
Şuşanın işğalında özümü də günahkar bilirdim. Şuşa mənim üçün
uşaqlıq yaddaşıdır,
əlavə rəngi var mənə görə.
Bu dəfə gedəndə
gördüm yoxdur 3 nömrəli internat məktəb, dağıdıblar. Şəhərə
girəndə özümü
çox rahat hiss etdim. Hətta bələdçi kimi avtobusa yolu
göstərirdim. Şagird yoldaşlarımın
evlərini gördüm,
dərhal zəng etdim ki, eviniz
yerindədir, darvazanıza
toxundum. Çox maraqlı
və qürurverici idi.
Azərbaycan mədəniyyəti Cıdır düzündə
Şuşaya imtahan verdi
- “Xarıbülbül” festivalı yalnız mədəniyyət hadisəsi
deyildi. Bu tədbirin
siyasi, ictimai, hərbi, həm də tarixi əhəmiyyəti vardı.
Mahiyyətcə mədəniyyət tədbiridir. Kökündə Azərbaycanda yaşayan kiçik xalqların öz mədəniyyətlərini
nümayişi dayanır.
Baxırsan ki, Azərbaycan
milli-etnik tərkib baxımından nə qədər zənginmiş.
Ləzgi,
avar, talış, rus, ukraynalı, gürcü, yəhudi, udi - hamısı çıxış etdi.
“Bayatı-şiraz”la bütün
yaddaş oyandı. Cıdır düzü
özü də elə bil, o səs üçün darıxmışdı. İki gün
Şuşada Azərbaycan
musiqisinin möhtəşəm
performansı oldu.
Orda yaşanan duyğuları heç kim tam ifadə
edə bilməz. Üzeyir bəyin musiqiləri - “Koroğlu” uvertürası
bütün tarixi yaşadır özündə.
Bülbülün səsi,
Vasif Adıgözəlovun
“Qarabağ şikəstəsi”
oratoriyası, Xanın ifası - hamısı möcüzədir. Azərbaycan
mədəniyyəti Cıdır
düzündə Şuşaya
imtahan verdi.
Uzun ayrılıqdan sonra hesabat verdi. Dedi bu mədəniyyət ölməyib, solmayıb,
hələ inkişaf
da edib və
burdadır.
Qalib xalqın övladı kimi hiss etmək qədər də Cıdır düzündəki
o tədbirdən qürurlandım.
Bu qələbəni qazanan
və bu mədəniyyəti yaratmış
xalqa məxsus olduğunu düşünmək
çox gözəl
hiss idi. Qısa müddətdə elə möhtəşəm
tədbir keçirmək
də təqdirəlayiqdir.
Şuşa qeyri-adi havasına, gözəl təbiətinə
və coğrafi şəraitinə görə
potensial turizm məkanıdır. Hazırda bu istiqamətdə
də ciddi işlər gedir. Şəhərdə tarixi dəyəri
olan 300-dən çox
obyekt müəyyənləşdirilib.
Onların təmir edilib
turist marşrutlarına
salınması əsas
vəzifələr sırasındadır.
Şuşada “Xarıbülbül” hotelinin yenidənqurmadan sonra istifadəyə verilməsi turizm sahəsində ciddi bir addım oldu.
Gövhər ağanın övlad
vəsiyyəti
- Şuşanı gəzərkən
beynimdə Gövhər
ağanın vəsiyyəti
təkrarlanırdı. Fikrimdən çıxmırdı,
nədənsə. Onun da ruhu indi şaddır.
Hələ 1901-ci ildə Şuşadan
“Kaspi” qəzetinə göndərilmiş bir məktubda yazılır ki, Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhər ağa
1883-cü ildə Şuşada
iki məscid və onların nəzdində mədrəsə
yaradıb. O, vəfatından
əvvəl vəsiyyət
edib ki, Qarabağdakı mülklərindən
gələn gəlirlər
məscid və mədrəsənin ehtiyaclarına
xərclənsin. Qəzet
1888-ci ildə vəfat
etmiş Gövhər
ağanın vəsiyyətindən
bu sətirləri də dərc etmişdi: “Bu müvəqqəti
dünyadan haqq dünyasına, əbədi
dünyaya köçməyimin
yaxınlaşdığını hiss edirəm. Övladım olmadığı üçün sizə qoyub getdiyim məscid və mədrəsədən daha
qiymətli heç nəyim qalmır. Sizə - məndən sonra hakim olacaq şəxslərə,
cəmiyyətə təsir
edə biləcək adamlara, nüfuzlu insanlara, bütün müsəlmanlara vəsiyyət
edirəm ki, bu məscid və mədrəsəni yadların işğalından
qoruyasınız”.
Bu gün təkcə intizar çəkən Gövhər ağanın
deyil, onun adına olan məscidin memarı, Qarabağda bir çox tikililərin, o cümlədən Ağdamda
bərbad hala salınmış məscidin
müəllifi olan Kərbəlayi Səfixan Qarabağinin də, orada nəqqaşlıq etmiş Mir Mövsüm Nəvvabın da ruhu şaddır. Şuşa azad edildikdən bu yana məscid
qısa müddətdə
istifadəyə yararlı
hala salınıb və orada ilk dəfə Ramazan namazı qılınıb.
Amma bunlar insan ruhunu
şad edəcək işlərin heç də hamısı deyil. Çox böyük işlərə start verilib
və hələ qarşıda görülməli
olan işlər çoxdur.
Şuşaya getməmiş Zəngilana
gedə bilməzdim.
Qəribə bir
hiss var ki, Şuşada nə isə məktəb olsun və mən
o məktəbdə dərs
deyim. Şuşa televiziyası açılsa,
televiziyada da işləyə bilərəm.
Hələ ki, radio açılır
Şuşada. Bütün
bunlarla belə, mən canlı ünsiyyətə can atıram. Makarenkonu vaxtında çox
dərin oxumuşam, məktəb uşaqları
ilə yaxşı dil tapıram.
Şuşanın yuxarı məhəlləsində
Qazançı kilsəsinin
yanında yeni məscidin bünövrəsi
qoyuldu. Layihəsini Azərbaycan və
İtaliya memarları
hazırlayıblar. Çox maraqlı
tikili olacaq. Bundan sonra Şuşanın
bütün mədəniyyət
tədbirlərinin də
içindən qəhrəmanlıq
tariximiz keçəcək. Hərb tarixinə düşəcək bir
taktika ilə azad olunub Şuşa.
Bundan sonrakı Şuşa o şərəfli tarixlə
yaşayacaq...
Ötən ilin sonunadək cümləmizin əvvəli,
sonu Qarabağ həsrəti olardı. Onunla başlayıb,
onunla bitirərdik müsahibələri, söhbətləri.
Bu gün acı,
ağrılı tarixlə
başlayıb zəfər
tarixi ilə bitiririk müsahibələri. “Gün o gün olsun ki, Şuşada, Ağdamda, Cəbrayılda görüşək”
- arzularımız çin
oldu. Azərbaycanın
zəfəri ədalətin
bərpası oldu...
Ramilə QURBANLI
Azərbaycan.-2021.-
10 iyul.- S.6.