İqtisadi
rayonların yeni bölgüsü
yeni reallıqların nəticəsidir
Azərbaycan ötən ilin payızında 44 günlük Vətən müharibəsində erməni separatçıları üzərində tarixi qələbə qazanaraq işğal altında olan torpaqlarımızı düşməndən azad etdikdən sonra regionda, o cümlədən ölkəmizdə yeni hərbi, siyasi və iqtisadi reallıqlar yarandı və xüsusən sosial-iqtisadi sahədə həlli vacib məsələlər gündəmə gəldi. İlk növbədə işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üçün tədbirlər görmək lazım idi və bu səbəbdən Prezident İlham Əliyev bir sıra mühüm qərarlar qəbul etdi.
Dövlət başçısının 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanını da həmin qərarların davamı kimi qəbul etmək olar. Fərmanda deyilir: “Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir”.
İqtisadi rayonların yeni bölgüsü iqtisadi amillərlə yanaşı, siyasi əhəmiyyət də daşıyır. Belə ki, hələ də Ermənistan və onun xaricdəki havadarları “Dağlıq Qarabağın statusu”ndan danışır və bu məsələni gündəlikdə saxlamağa çalışırlar. Prezidentin imzaladığı fərman bu düşüncədə olanlara “Azərbaycanın ərazisi bütövdür və onun etnik bölgüsü yoxdur” cavabıdır. Elə bu üzdən də fərman imzalanan kimi Ermənistandakı siyasi qüvvələr təlaş keçirməyə başlayıblar. Açıq şəkildə deyirlər ki, həmin sənədin imzalanması “status” məsələsinin müzakirəsinə son qoyur.
Ermənistanda siyasi çaxnaşmaya səbəb olan ən başlıca məsələ fərmandakı “Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir” sözləridir. Bu bənddən aydın görünür ki, tarixi Zəngəzur mahalı Azərbaycana məxsus olub və həmin tarixi ədalətsizliyin bərpası zəruridir. Çünki ölkəmiz üçün bu həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıyan bir məsələdir.
Hazırda Azərbaycanda həyata keçirilən siyasətin başlıca məqsədi postmüharibə dövründə ölkə iqtisadiyyatını daha da inkişaf etdirməkdir. Bunun üçün isə işğaldan azad edilmiş ərazilərin potensialından istifadə olunmalıdır.
Biz bu torpaqlardan məqsədəuyğun şəkildə istifadə etməklə məcburi köçkünləri doğma yurdlarına qaytarıb qarşı tərəfi və onun havadarlarını həm də siyasi fakt qarşısında qoymalıyıq. İqtisadi rayonların yeni bölgüsü haqqında imzalanan fərman məhz bu məqsədlərə çatmaq üçün yaşıl işıq yandırır.
İqtisadiyyat naziri Mikayıl Cabbarov da iqtisadi rayonların yeni bölgüsünün təsdiqlənməsinin Azərbaycan torpaqlarının tarixi adlarının bərpası baxımından xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, iqtisadi ixtisaslaşmanın, səmərəli investisiya siyasətinin həyata keçirilməsi baxımından zəruri olduğunu bildirib. Nazir bu fərmanın əhəmiyyətini qeyd edərək deyib: “Bu yanaşma Vətən müharibəsində böyük Zəfərdən sonra formalaşmış yeni reallıqları ehtiva edir və işğaldan azad edilmiş ərazilərimizin dirçəlişi və tərəqqisi üçün mühüm təkandır. İqtisadi zonaların ahəngdar və hərtərəfli inkişafı ölkəmizin iqtisadiyyatına və xalqımızın rifahına öz töhfələrini verəcək”.
Milli Məclisin deputatı Vüqar Bayramov isə deyir ki, iqtisadi rayonlar sırasına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının adlarının daxil edilməsi həm strateji, həm iqtisadi, həm də tarixi baxımdan kifayət qədər vacib qərar, əhəmiyyətli bir addımdır: “Əvvəlki təsnifatda Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonları vardı, amma yeni təsnifatda Qarabağ bölgəsində yerləşən rayonlar Qarabağ iqtisadi rayonunda yer alacaq. Şərqi Zəngəzur isə həmin bölgənin iqtisadi potensialından istifadə edilməsi və genişləndirilməsi baxımından vacibdir. Qarabağ iqtisadi rayonunun həm sənaye, həm turizm, həm də aqrar sektorda böyük potensialı var, Şərqi Zəngəzur da kifayət qədər böyük potensiala malik rayondur. İşğaldan azad edilmiş ərazilərin bərpa və yenidən qurulması həyata keçirilir. Yeni bölgü işğaldan azad olunmuş ərazilərimizin, bütövlükdə Qarabağın bərpa və yenidənqurma prosesinin daha sürətli, eyni zamanda iqtisadi inkişafın formalaşmasına daha sistemli, dövlət proqramları çərçivəsində yanaşmanın həyata keçirilməsinə imkan verəcək”.
Deputat qeyd edir ki, yeni təsnifat Qarabağın, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialından daha geniş istifadə edilməsinə zəmin yaradacaq. Xüsusən nəzərə alınmalıdır ki, Şərqi Zəngəzur Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan Muxtar Respublikası və qardaş Türkiyəyə çıxış imkanı əldə edəcək. Bu da Şərqi Zəngəzur iqtisadi rayonunun həm də strateji, coğrafi baxımdan əhəmiyyətini göstərən amillərdən biridir. Odur ki, yeni təsnifat Azərbaycanda iqtisadi inkişafın sistemliyi və dayanıqlığını təmin etmək baxımından vacib olmaqla yanaşı, həm də işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialından daha yaxından və geniş şəkildə istifadəyə imkan verəcək. Bu da təbii ki, həmin ərazilərimizdə iqtisadi inkişafa daha qısa zamanda nail olunmasına stimul yaradacaq.
Rüstəm KAMAL,
Azərbaycan.-2021.- 11 iyul.- S.1;5.