Ulu Öndərin adına layiq

 

Gəncədəki Heydər Əliyev park-kompleksi dünyanın ən böyük istirahət məkanlarından sayılır

 

 

 

Gəncədəki Heydər Əliyev park-kompleksi dünyanın böyük parklarındandır. Əlbəttə, bu, nəinki gəncəliləri, eləcə də bütün Azərbaycan xalqını sevindirir. Geniş bir ərazidə belə möhtəşəm parkın salınması şəhər sakinlərinin öz ana yurduna olan məhəbbətinin əlamətidir. Vaxtilə burada əkilmiş minlərlə pöhrən ağaclar böyüyərək qol-budaq atmış, parkda yaşıllığı daha da artırmışdır.

 

Sevginin də qədəri, qəribəlikləri, möcüzəsi olur. Amma mümkünsüzheçyoxdur. Bəzən ramedilməz, inadkar sevgi elə böyük, elə coşqulu həddə çatır ki, bunu Tanrı qisməti adlandırmaqdan başqa çarə qalmır. Heç zaman əmr, sifariş, zor qəbul etməyən sevginin xariqələr yaratdığına aid tarixdə yüzlərlə, minlərlə misallar göstərmək olar. Lakin ya uzaq tarixə, ya da rəvayətlərə müraciət etməyə ehtiyac yoxdur. Gəncədə milyonların sevdiyi Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə olan böyük sevgininsübuta, nə də əlavə şərhə ehtiyacı var.

 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevlə söhbətimizdə son bir neçə ildə parkda görülən işlərlə bağlı fikir mübadiləsi apardıq.

 

S.Tomuyev dedi ki, son illər şəhərdə yaşıllığın artırılmasına ciddi diqqət yetirilir: “Xüsusilə bu istiqamətdə Heydər Əliyev park-kompleksində çoxlu görülüb. Məsələn, keçən il Ulu Öndərin doğum günündə xarici ölkələrdən gətirdiyimiz gül və çiçəklərdən əldə etdiyimiz toxumları istixanalarda yetişdirərək bu yaz parkxiyabanlarda əkdik. Gözəl və yaraşıqlı olan bu çiçəklərə baxdıqca gözoxşayır. Yaxşı olardı ki, siz Ulu Öndərin adını daşıyan park-kompleksə gedib hər şeyi öz gözlərinizlə görəsiniz”.

 

Belə də etdik. Əvvəla onu deyək ki, bura istər qış mövsümündə, istərsə də yayın qızmar vaxtlarında gəncəlilərin istirahət üçün ən çox üz tutduqları məkandır. Biz parka daxil olanda yenə də həmin mənzərə ilə qarşılaşdıq. Uşaqdan tutmuş böyüyədək çox sayda insanlar öz istirahətlərini burada keçirirdilər. Onu da qeyd edək ki, parkın əvvəlki görkəmini də görmüşdüm. Yaşıllığı solmuşdu, ərazisində elə bir pərakəndəlik vardı ki, insana qüssə gətirirdi. Parkın xiyabanları intizamsız sürücülərin yarış meydanına çevrilmişdi.

 

Lakin ölkəmizdə intibaha doğru inamlı sıçrayış buranın da simasını dəyişdi. Dərə-təpə nəhəng ekskovatorların gücü ilə hamarlanıb qaydaya salınandan sonra reallaşdırılacaq layihə ictimaiyyətə elan olundu. Deyilənləri xəyal adlandıranlar, ona inanmayanlar da vardı. Çat-çat olmuş torpağın gülüstana çevriləcəyinə inanmaq, doğrudan da, çətin idi. Lakin qısa zamanda Ulu Öndər Heydər Əliyevə olan böyük sevgi bu məkanı cənnətə çevirdi. Özü də nağıllarda olduğu kimi, yüyürək bir tərzdə. Artıq insanları buraya dəvət etmək lazım gəlmirdi. Qocası da, cavanı da, fəhləsi də, ziyalısı da böyük sevgi ilə bu məkana gəlib bacardığı bir işin qulpundan yapışmağa, nə isə etməyə can atırdı.

 

Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il yanvarın 21-də təməlini qoyduğu Heydər Əliyev Mərkəzinin 2014-cü il yanvarın 21-də qırmızı lentini kəsərkən mərkəzlə tanışlıqdan sonra Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdi:Biz bu möhtəşəm Heydər Əliyev Mərkəzinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizibütün gəncəliləri ürəkdən təbrik edirəm”.

 

İndi park-kompleksdə diqqəti ən çox çəkən nəhəng Heydər Əliyev Mərkəzidir. Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən, həmçinin keyfiyyətli və müasir materiallardan istifadə olunub. Binanın fasadında böyük peşəkarlıqla işlənən milli memarlıq elementləri diqqəti cəlb edir. Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Üçmərtəbəli mərkəzdə şüşədən müasir günbəz quraşdırılıb. Günbəzdə Azərbaycanın xəritəsi əks olunub. Burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi Ulu Öndərin keçdiyi zəngin həyat yolu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Muzeydə Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.

 

Heydər Əliyev Mərkəzində yerləşən və Ulu Öndərin keçdiyi zəngin həyat yolunu, çoxşaxəli fəaliyyətini dolğun əks etdirən muzey hər zaman qələbəlik olur. Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Azərbaycan Respublikasının Prezidenti kimi həyata keçirdiyi böyük işlər, Azərbaycanın rifahı, gözəl gələcəyi naminə apardığı düşünülmüş siyasət, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallara muzeydə geniş yer verilib. Burada Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş etdirilir.

 

Muzeydə Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının bariz nümunələrinə də geniş yer ayrılıb. Ekspozisiyada informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da peşəkarlıqla istifadə olunması diqqəti cəlb edir.

 

1980-ci ilin 16 dekabrında Ulu Öndər Heydər Əliyevin parkda əkdiyi çinar ağacının qarşı tərəfində çinar əkən İlham Əliyevin parkın yaşıllıq dünyasına bir fidan imzası ilə verdiyi xeyir-duanın nəticəsidir ki, park-kompleksin zəngin bitki örtüyü dillərdə dastandır. Burada dünyanın ən nadir ağaclarına, gülünə, çiçəyinə rast gəlmək olar.

 

Uzunluğu 2 kilometrdən çox, ərazisi 450 hektar olan nəhəng park-kompleks hər zaman cəlbedicidir. Payızda da, qışda da bahar ömrü yaşayan parkın ərazisindəki məşhur çinar alleyası möhtəşəmliyin, gözəlliyin nümunəsidir. Burada həmin ağacların ən nadir növləri yetişib. Saya bildiyimiz 20 növ çinarın mövcudluğu bəlkə də çoxlarına məlum deyil. Heydər Əliyev Mərkəzinə gedən fəvvarəli pillələrin sağında və solunda 2 çinar ağacı var. Ötəri baxanda hər ikisi çinardır. Lakin sol tərəfdəki az qala həmişəyaşıl çinardır. Bu ağac digərləri kimi payızda yarpaqlarını tökmür. Soluxsa da, onu qoruyub saxlayır.

 

Ekzotik bitkilər Gəncənin o qədər də mülayim keçməyən qışına “alışmış” kimidir. Mahir bağbanların diqqəti, səriştəsi, zəhmətsevərliyi onları belə baxımlı, belə gözəl edə bilib. Parkın direktoru İlyas Məmmədovla görüşüb söhbət edirik. Gecə-gündüz parkın qorunub saxlanmasına, yaşıllığın artırılmasına can yandıran, yeri düşəndə özüyer belləyən, gül əkən İlyas Məmmədov deyir ki, ərazidə həm ekzotik, həm yabanı, həm də meyvə ağacları var. Eldar şamı, Kreml şamı, kedra, maqnoliya, palıd, yabanı şabalıd, yabanı xurma ağacları, feyxoa, nar, alma, armud, gilas yetişir. Şam ağacının qozalarını sevən dələlər ağacdan ağaca hoppanaraq həm balacaları, həm də böyükləri əyləndirir. Yeri gəlmişkən, İDEA təşkilatının layihəsi ilə burada quraşdırılan quş yuvaları həm gözəlliyə, həm də uçan canlılara bir qayğının nümunəsidir. Bu orijinal, gözəl quş yuvaları tək quşlar üçün deyil, həm də insanlara, xüsusilə uşaqlara qayğını, rəhmi, ən humanist hissləri təlqin edir. Yer üzündə nə varsa insana xidmət edir, lakin insana da onlardan öz mərhəmətini əsirgəməyin deyir.

 

Gül-çiçək bolluğu içərisində balaca qızılgüllər diqqəti daha çox cəlb edir. Əvvəla ilin bu fəslində şuxluğu ilə, digər tərəfdən balaca uşaqlar kimi dəcəldirlər, sözə baxmazdırlar sanki. Parkın hər yerində qarşına çıxan rəngarəng xrizantemalar, qızılgül kolları, şux beqoniyalar, tər bənövşələr gözəlliyi ilə səni ayaq saxlamağa vadar edir.

 

Parkın girişindən başlayan və mərkəzə qədər uzanan məsafədəki 17 fəvvarənin və 32 bəzəkli guşə - skverin hamısı biri-birindən gözəldir. Sanki mahir bir rəssamın fırçasından çıxıb. Ondan sonra isə qeyri-adi görkəmli zeytun ağaclarının və onu əhatəyə alan gül-çiçək dünyası başlayır.

 

Valehedici gözəlliyə malik işıq fanarları da ecazkardır. Burada uca mərmər dirəkli işıq fanarları da var, ekzotik görkəmliləri də. Ağacları işıqlandıran kiçik şamdanlar, yaraşıqlı dirəklər, şarlar, fontanlara yaraşıq verən və

 

7 rəngli libası ilə bərq vuran bu işıqlar çox cəlbedicidir. Axşamlar amfiteatrın 22 tumbasının üzərində şölələnən alova bənzər işıqlar isə milli-mənəvi dəyərlərimizin bir parçası kimi müasir görkəmə qədimi bir naxış vurur. Fanarların ətrafındakı çiçəklər insanın ruhunu elə oxşayır ki, gözlərini çəkə bilmirsən.

 

Parkın girişindən “Zəfər tağı”nadək olan 500 metrlik məsafədəki tağbəndlər gündüzlər gözəlliyi, axşamlar isə bərq vuran işıqları ilə möhtəşəmdir.

 

Böyük küplərin içinə sığmayan çiçəklər sanki gözəllik nümayişinə çıxıblarmış kimi günəşin altında bərq vururlar. Gözəl, yaraşıqlı formada olan oturacaqların sırasında mərmərdən, qeyri-adi formada hazırlanmışları da vardır və onları boş tapmaq çətindir. Park həmişə insanla dolu olur. Velosiped sürmək istəyirsənsə, 7 kilometrlik rahat yol sərəncamındadır. Yürüş etmək istəyirsənsə, yamyaşıl şam ağacları olan xiyaban sənə bələdçilik edəcək. Xəyalından quş kimi parkı yüksəklikdən seyr etmək keçirsə, arzun ürəyində qalmaz. 1100 kvadratmetr ərazidə inşa edilən “Zəfər tağı”nın hündürlüyü 40 metrdir. 7 mərtəbədən, 6 açıq eyvandan ibarətdir. Ətrafı seyr etmək üçün burada 35 metr hündürlüyündə meydança da var. “Zəfər tağı”nın həmin meydançasından ətrafı doyunca seyr edə bilərsən.

 

Park-kompleksdə “Gənclər evi” də fəaliyyət göstərir. İnşasına 2013-cü ildən başlanılan “Gənclər evi” zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Tikili 975 kvadratmetr ərazidə inşa olunub. Binada ümumilikdə müxtəlif təyinatlı 50 otaq var. Tikilinin zirzəmisində bilyard, fitnes, rəqs zalları mövcuddur. “Gənclər evinin 1-ci mərtəbəsində elektron kitabxana, kitab saxlama otağı, toplantı zalı, akt zalı, qarderob, informasiya güşəsi, gənc intellektuallar klubu, konverseyşın klubu, toxuculuqtikiş dərnəyi, xidməti otaqlar fəaliyyət göstərir. Binanın 2-ci mərtəbəsində isə rəsm studiyası, ekologiya dərnəyi, vətənpərvərlik klubu, texnika və ixtiraçılar klubu, sərgi zalı, karyera mərkəzi, peşəyönümlü mərkəz və xidməti otaqlar yerləşir.

 

7 hektardan artıq sahəni əhatə edən və açıq havada inşa edilən “GəncLand” iki il ərzində ərsəyə gəlib. “GəncLand” istirahət və əyləncə mərkəzində uşaqlar üçün amfiteatr da inşa olunub. Həftənin müxtəlif günlərində burada tamaşalar nümayiş olunur. Bundan başqa, istirahət mərkəzi ərazisində

 

20 ədəd müxtəlif attraksion quraşdırılıb. Qərb bölgəsində ilk dəfə olaraq hündürlüyü 50 metr olan dairəvi karusel, eləcə də Amerika attraksionu da əylənmək istəyənlərin və adrenalin həvəskarlarının istifadəsinə verilib.

 

“GəncLand” nağıllar dünyasının qəhrəmanları ilə də uşaqların maraq dünyasına daxil ola bilib. 60 ədəd heyvan fiquru, matador, çoban, kovboy və digər heykəllər sanki balacaları nağıllar dünyasına səyahətə çıxarır. Kiçik nağıl şəhərciyində 15 maşını olan avtodrom, oyun meydançası da fəaliyyət göstərir.

 

3 min 500 tamaşaçı tutan amfiteatrın tayı-bərabəri yoxdur - desəm, yanılmaram. Gözəl səhnəsi, çıxış edənlər üçün səhnə arxasında hər cür şəraiti olan bu amfiteatr daşların gözəlliyini, harmoniyanı nümayiş etdirməklə həm zövq oxşayır, həm də həmişə çal-çağırlıdır. Amfiteatrda dünyanın ən məşhur ifaçıları da çıxış edib, ilk kövrək addımlarını atanlar da.

 

Bu ərazini vaxtilə babalarımız Quru Qobu adlandırırdılar. Belə bir çölü-biabanda süni şəlalə, göl yaradılacağını deyəndə də hər kəsin ürəyindən: “necə?” - kəlməsi keçirdi. Dörd bir tərəfi kol-kosdan ibarət olan, ağacı, otu göyərməyən bir yerdə süni göl yaratmaq olarmı?! Çox çəkmədi ki, elə bir gözəllik yarandı ki, tamaşasından göz doymadı. Uzunluğu 354 metr, eni 170 metr, dərinliyi isə 3 metr olan göldə kiçik qayıqlarla gəzintiyə çıxmaq mümkündür. Su çiçəyi olan “nəhəng lotosun fəvvarəsi gecələr rəngdən-rəngə düşərək sehirli bir aləm yaradır. Bəzəkli, rəngbərəng balıqlar isə gölə tamaşaya gələn uşaqların maraq dünyasını zənginləşdirir, onları əyləndirir.

 

Deyirlər dünyada ərazisi böyük olan parklar çox azdır, olanlarının da əksəriyyəti meşə parklardı, yəni təbiətin yaratdığıdır. Gəncədəki Heydər Əliyev park-kompleksi isə bütünlüklə insan əli, insan zəkası ilə başa gəlib. Hər qarışı qiymətləndirilib, dəyərləndirilib, ölçülüb-biçilib. Sevən ürəklər, işlək əllər, incə zövq bu yerləri, sözün həqiqi mənasında, cənnətə çevirib.

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2021.- 11 iyul.- S.1;4.