Gənclərin inkişafına
dövlət dəstəyi davamlıdır
Bu dəstəyin
mühüm hissəsini sosial
təminat təşkil edir
Gənclərin potensial imkanlarının üzə çıxarılmasında və səmərəli istifadəsində dövlət dəstəyi başlıca əhəmiyyətə malikdir. Hərtərəfli inkişaf üçün xüsusilə onların sosial rifahının yüksəldilməsi möhkəm zəmin yaradır. Ona görə də dövlət başçısının, hökumət qurumlarının bu məsələyə diqqəti getdikcə artır.
Prezident İlham Əliyevin uşaqlar və gənclərlə bağlı imzaladığı fərman və sərəncamlar özündə onların yetişdirilməsinin uğurlu ideya və stategiyasını əks etdirir. Dövlətin uşaq və gənclərə aid həyata keçirdiyi siyasəti aydın görmək üçün son 3-4 ilə nəzər yetirmək kifayətdir.
Gənclərə dövlət dəstəyinin proqramını təşkil edən, 2011-ci ildə yaradılan Azərbaycan Respublikasının Gənclər Fondu 2018-ci il martın 7-də gənclərin maraqlarını təmin etmək və uğurlu siyasəti formalaşdırıb həyata keçirmək məqsədilə Prezidentin fərmanına əsasən yenidən təsis edilmişdir. Fondun qarşısında duran əsas vəzifə gənclərin sağlamlığı, sosial müdafiəsi, məşğulluğu, təhsili və digər istiqamətlərdə genişmiqyaslı tədbirlərin gerçəkləşməsidir. Fond gənclər tərəfindən hazırlanan fərdi layihələrin qrant şəklində maliyyələşməsi üçün müsabiqələr təşkil edir. Müsabiqədə Azərbaycan Respublikasının 18-29 yaş kateqoriyasına daxil olan gənc vətandaşları iştirak edə bilərlər. Layihələr üçün ayrılan qrantın məbləği 5 min manata qədərdir. Bundan əlavə, istedadlı, yaradıcı gənclərin beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsi, xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil xərcləri (təhsil haqqı, yaşayış, sığorta, viza və nəqliyyat xərcləri), eləcə də beynəlxalq təşkilatların təcrübə proqramlarında müsabiqə nəticəsində qalib gələnlərin ən çox 3 ay müddətində iştirakı fond tərəfindən qarşılana bilər. Bununla belə, hər il Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna pul vəsaiti ayrılır.
Ardı 6-cı səh.
Əvvəli 1-ci səh.
Azərbaycan həmişə gənc istedadları ilə seçilib, indi də belədir. Dövlətimiz onların fərqləndirilməsinə və stimullaşdırılmasına dəstək verməyi zəruri sayır. Məsələn, 2018-ci il fevralın 22-dən adları gənc istedadların “Qızıl kitabı”na yazılmış gənclərin aylıq təqaüdünün məbləği artırılaraq 400 manat müəyyən edilmişdir.
Aztəminatlı çoxuşaqlı ailələr də dövlətin nəzarət və diqqətindən yayınmamışdır. Prezidentin 23 fevral 2018-ci il tarixli sərəncamı ilə 5-dən çox uşağı olan qadınlara verilən müavinətin məbləği 10 faiz artırılmışdır. Eyni tarixdə uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinət də 10 faiz yüksəldilmişdir.
2018-ci ildə Prezident
İlham Əliyev tərəfindən “Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncamlar da imzalanmışdır.
Məlumdur ki, inkişafın ilkin pilləsində təhsil dayanır. Gənclərin şəxsiyyət kimi formalaşdırılmasında və uğurlu kadr kimi yetişdirilməsində təhsilin vacibliyi danılmazdır. Bu baxımdan 2019-cu il fevralın 14-də dövlət başçısının ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına qayğının artırılması və təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları üçün əlavə imkanların yaradılması məqsədilə imzaladığı sərəncam mühüm əhəmiyyət daşıyır. Bu sərəncamla təqaüd yerlərinin sayı, eləcə də məvaciblərin miqdarı artırılmışdır.
Təhsilin əngəl tanımadığı və hər kəsin təhsil almaq haqqının olduğu əsas götürülərək I və II dərəcə əlilliyi olan şəxslərin, bundan əlavə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsilə əlçatanlığını təmin etmək və onların təhsil almaq imkanlarını genişləndirmək üçün 2019-2020-ci tədris ilindən etibarən bütün xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi 2019-cu il mayın 3-də imzalanan sərəncamda göstərilmişdir.
Gənclərlə bağlı həyata keçirilən tədbirlər sırasında “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da önəmli yer tutur. Strategiyanın əsasını gənclərin intellektual, fiziki və mənəvi inkişafı, gənc nəslin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakı, minlərlə gənc tərəfindən beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizin uğurla təmsil olunması təşkil edir. Bu strategiyaya əsasən, 2015-2025-ci illər ərzində gənclərin mövcud potensialını müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirmək, bu potensialdan Azərbaycanın mənafelərinin qorunması və yüksəldilməsi üçün istifadə etmək, gələcəyə uğurlu vətəndaşlıq mövqeyi formalaşdırmaq və s. kimi ideyalar həyata keçiriləcək. 2025-ci ilin sonunda gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, məzunların ixtisaslarına uyğun işlə təmin edilməsinin asanlaşdırılması, vətənə sevgi və vətənpərvərlik ruhunun yüksəldilməsi, yalnız elmə deyil, eləcə də mədəniyyət, incəsənət, memarlıq və s. kimi sahələrə gənclərin yönləndirilməsi və bu yaradıcılıq sahələrinin onların potensialı hesabına daha da inkişaf etdirilməsi əsas gözləntilər sırasındadır. Bununla yanaşı, 2020-ci il aprelin 1-də strategiyaya dəyişiklik edilməsi haqqında Prezident tərəfindən sərəncam imzalanmışdır.
Xatırladaq ki, orta ixtisaslı təhsildən sonra ali məktəbə qəbul olunan tələbələr imtahanda topladıqları ballarla fərqlənirlər və yüksək bal toplayan tələbələr Prezident təqaüdü ilə təltif olunurlar. Hər il olduğu kimi, ötən il də universitetlərə ən yüksək balla daxil olan 102 tələbə dövlət başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür.
Uşaqların erkən yaşlarından etibarən fikizi və əqli inkişafı, onların sağlam böyümələri üçün lazımi tibbi xidmətlərin təşkili, milli-mənəvi ruhda tərbiyə olunmaları, ələlxüsus uşaq hüquqlarının pozulmamasına ciddi nəzarət diqqət mərkəzində saxlanılan digər önəmli məsələlərdəndir. Bununla bağlı Prezident 2020-ci il iyunun 2-də “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Bu strategiyanın 2020-2025-ci illər üzrə fəaliyyət planı təsdiq edilmişdir.
Dövlətimizin layiqli vətəndaş yetişdirilməsi üçün həyata keçirdiyi çoxsaylı tədbirlər bu şərəfli yolda əsl məşəl rolunu oynayır.
Aydan XƏLİLOVA
Azərbaycan.-2021.- 11 iyul.- S.1;6.