Azərbaycandakı diplomatik korpusun və beynəlxalq
təşkilatların nümayəndələrinin Şuşaya səfəri başa
çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdəki diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin Şuşaya təşkil olunan səfəri iyulun 10-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, səfər iştirakçılarının Şuşada son dayanacağı Cıdır düzü olub. Onlar Cıdır düzündən açılan gözəl mənzərəni seyr ediblər. Burada qonaqlar üçün çay dəsgahı təşkil olunub.
Səfərdə Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, səfər çərçivəsində diplomatlar və beynəlxalq təşkilatların təmsilçiləri iyulun 9-da Füzulidə beynəlxalq hava limanının tikinti işlərinin gedişi və “Füzuli” yarımstansiyası ilə tanış olublar.
Sonra Şuşaya gedən qonaqlar Saatlı, Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərində, tarixi Şuşa Bəyannaməsinin imzalandığı ərazidə və qədim Mərdinli məhəlləsində olub, şəhərin mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri ziyarət edib, Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Mehmandarovların malikanə kompleksinə, Qazançı kilsəsinə baxış keçiriblər.
Səfər
iştirakçıları işğaldan
azad edilmiş ərazilərimizdə
ermənilər tərəfindən törədilən
dağıntıları, vandalizm
aktlarını öz gözləri ilə
görüb, Azərbaycan dövləti tərəfindən
aparılan abadlıq-quruculuq və təmir-bərpa işləri
barədə ətraflı məlumatlandırılıb.
Azərbaycan.-2021.- 11 iyul.- S.2.