Çaxmaq
daşından pilotsuz uçuş
aparatlarına qədər...
Hərb
Tarixi Muzeyi xalqımızın hərbi salnaməsinin parlaq
daşıyıcısıdır
Midiya hökmdarı Kiaksarın zəfərinin şərəfinə hazırlanmış “Zəfər tağı”, Azərbaycanın düşmənə qan udduran güclü hərbi texnika və silahları, erməni əsgərlərinin döyüş meydanında atıb qaçdığı sursatlar, Azərbaycan əsgərinə əl qaldıran erməni silahlılarının başsız qalmış kaskası, həlak olmuş hərbçilərimizin erməni gülləsindən deşilmiş əməkhaqqı kartları, şəhidimizin oxuyub başa çatdıra bilmədiyi, ömrü kimi yarımçıq qalmış “Cinayət və cəza” kitabı...
Ancaq gördüklərimiz yalnız bunlar deyil. Qarlı, şaxtalı fevral gecəsində erməni vəhşiliyindən qorunmaq üçün yalın ayaqlarla, güllə yağışı altında dağlara qaçan silahsız xocalılar düşmən tərəfindən tarixdə görünməyən soyqırımına məruz qalırlar. Müharibənin onu atasız qoyacağından, şəhid atasına görə şəklinin bir qədər sonra muzey eksponatı olacağından xəbərsiz olan balaca qız isə vitrindən ziyarətçilərin üzünə xoşbəxtcəsinə gülümsəyir...
Tarixin bizə öyrətdikləri
Bütün bunlar qədim, keşməkeşli tarixə malik xalqımızın torpaqları, azadlığı və dövlətçiliyi uğrunda apardığı mübarizəni nümayiş etdirən Azərbaycan Hərb Tarixi Muzeyinin eksponatlarıdır. Buradakı hər bir eksponat Azərbaycan xalqının apardığı mücadiləni, onun düşmənlə savaşını, qazandığı qələbəsini, ağrısını-acısını göstərir. Onların hər biri bizə tarixin bir səhifəsini açır. Nələr görürük bu tarixdə? Xalqımızın şərəfli keçmişini, qədim olduğu qədər də cəsurluğunu, mətanətini, qəhrəmanlığını, dövlətçiliyi qorumaq üçün keçdiyi mətin yolları...
Bu tarix bizə öyrədir ki, hələ müharibələrin dünyada ölümə səbəb olmadığı, hərb sahəsinin meydana belə gəlmədiyi bir dövrdə ilk əmək alətlərindən istifadə edən qədim insanlar bizim əcdadlarımız olublar. Amma onların hazırladığı ilk nizələr, oxlar düşmənə tuşlanmırdı, heyvanların ovlanması üçün istifadə edilərdi.
Tarix dəyişdikcə insanların iddiaları da dəyişdi, torpaq uğrunda savaşlar yeni silahların yaranmasına səbəb oldu, hərb sahəsi getdikcə inkişaf etməyə başladı. Öz hərbi gücləri ilə düşmənlərinə meydan oxuyan Kiaksar, Atropat, Uzun Həsən, Şah İsmayıl Səfəvi kimi qüdrətli sərkərdələrimiz tarixi Azərbaycan torpaqlarında güclü dövlətlər yaratdılar. Bu torpağa göz dikən yadelliləri boynubükük qoydular, qanları-canları hesabına yurdu bizə əmanət etdilər.
Hərb Tarixi Muzeyi tariximizin zəfərlə, qanlı-qadalı faciələrlə dolu olan bu anlarını ziyarətçilərə təqdim edir.
Qədimlikdən müasirliyə
29 il əvvəl 295-ci motoatıcı diviziyanın “Döyüş şöhrəti” muzeyinin bazasında yaradılmış Azərbaycan Hərb Tarixi Muzeyi Bakının Yasamal rayonundakı “Qızıl Şərq” hərbi şəhərciyində yerləşir. Muzey əməkdaşlarının dediyinə görə, pandemiyadan əvvəl buranı ziyarət edənlərin sayı çox imiş. Buranı əsasən məktəblilər, tələbələr, veteranlar ziyarət edirlər. Giriş üçün məhdudiyyət yoxdur. İstənilən şəxs muzeyi pulsuz ziyarət edə bilər.
Hazırda muzeydə 12 mindən çox eksponat var. Muzeyin daxili ekspozisiyasının yaradılmasına AMEA-nın Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Tarixi Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Bakı Dövlət Universiteti, Mərkəzi Dövlət Arxivi və s. yardım edib. Ekspozisiyada qədim dövrdən müasir dövrədək hərb tariximizin inkişaf mərhələləri geniş təhlil olunaraq xronoloji ardıcıllıqla təqdim olunur. Azərbaycanın hərb tarixi dövrlər üzrə ekspozisiya və vitrinlərdə əks etdirilir. Muzeyin açıq səma altındakı ekspozisiyasında isə müxtəlif döyüş texnikaları, aviasiya vasitələri və s. nümayiş olunur.
Muzeyin “Qədim, erkən, orta əsrlər dövrü” zalı Azərbaycanın ən qədim tarixini özündə əks etdirir. Zalda Manna, Midiya, Səlcuqlu, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövrünə aid nümunələr - toppuz, yay, ox, sadax, arbolet, qalxan və sair təqdim edilir. Zalda həm arxeoloji qazıntılar nəticəsində aşkarlanmış, həm də muzey əməkdaşları tərəfindən uyğunlaşdırılmış nümunələr - nizə ucları, ox ucları, öküzlər vasitəsilə hərəkət edən döyüş qülləsi, orijinal döyüşçü boyunbağıları, qolbağı, təbərzinlər, döyüş topları da nümayiş olunur.
Muzeyin ən qədim eksponatı olan daş dövrünə aid caxmaq daşları da bu zaldadır. Zalın ən möhtəşəm eksponatı onun yuxarı hissəsində yerləşdirilmiş Assursiya üzərində qələbə çalmış Midiya hökmdarı Kiaksarın zəfərinin şərəfinə hazırlanmış “Zəfər tağı” maketi və Atropatena dövlətinin banisi qüdrətli Atropatın heykəlidir. Orijinalı İraqda saxlanılan “Zəfər tağı” bu muzey üçün xüsusi olaraq hazırlanıb.
Rusiyada 1775-ci ildə istehsal edilmiş döyüş topları isə Azərbaycandakı hərbi hissələrin anbarlarından tapılaraq muzeyə gətirilib. Bu toplar Azərbaycanın ən qədim odlu silahlarından sayılır.
Muzeyin digər zallarında Azərbaycan Xalq Cumhuriyyəti dövrünə aid nümunələr, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotolar, sənədlər və Ulu Öndərə məxsus əşyalar, ordu quruculuğu ilə bağlı görülən işlər, Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyimlər, generalların şəxsi, hərbçilərin ümumi geyim formaları, Azərbaycan hərbçilərinin sovet ordusunda xidməti zamanı qazandıqları nailiyyətlər, İkinci Dünya müharibəsi dövründə cəbhə bölgəsində istifadə olunan hərbi sursatlar nümayiş olunur.
Muzeydə maraq doğuran nümunələrdən biri də Xocalı faciəsi ilə bağlı olan maketdir. Kəlbəcər, Ağdam, Ağdərə uğrunda gedən döyüşlərlə bağlı hazırlanmış maket də ziyarətçilərdə maraq doğurur.
Eksponatların bir çoxu cəbhə bölgəsindən toplanılıb
44 günlük Vətən müharibəsi ilə əlaqədar muzeyin yeni yaradılmış “Gücümüz birlikdədir” sərgi zalında isə ermənilərdən qənimət kimi götürülən, Azərbaycan Ordusunun zərbəsinə məruz qalan silahlar, qumbaraatanlar, kustar üsulla hazırlanmış dronlar, Ermənistan ordusunun döyüş əməliyyatları üçün istifadə etdiyi xəritələr nümayiş olunur. Bu eksponatların bir çoxunu muzey əməkdaşları cəbhə bölgəsinə gedərək oradan toplayıblar. Ermənilərdən götürülmüş qənimətlər hazırda muzeyin diqqət çəkən eksponatlarından sayılır.
Sərgi salonunda nümayiş etdirilən Aprel döyüşlərində həlak olan cəsur şəhid hərbçilərin şəxsi əşyaları isə onlardan bizə qalan son yadigarlardır. Bu əşyaların çoxu düşmən güllərinə tuş gələn zaman hərbçilərinmizin üzərində olub. Şəhidlərin əşyalarını muzeyə onların yaxınları təqdim ediblər.
Bütövlükdə muzeydə min illər, yüz illər əvvəllərdən istifadə edilən silahlar, eyni zamanda bu gün Azərbaycan Ordusunda yer alan müasir silahların maketləri və həqiqi vahidləri sərgilənir.
Hazırda muzeyin ikinci mərtəbəsində 44 günlük müharibəyə həsr olunmuş “Zəfər” zalının yaradılması üçün işlər aparılır, eksponatlar toplanılır. Muzey bu zaldakı eksponatlar vasitəsilə 44 günlük müharibənin qələbəsini bütün dolğunluğu ilə ziyarətçilərə çatdırmağı qarşısına məqsəd qoyub.
44 günlük müharibə nəinki Azərbaycan vətəndaşlarına, bütün dünyaya ölkəmizin hərbi qüdrətini göstərdi. Bu muzeydə nümayiş olunanlar isə bizim hərb meydanlarında öz sözünü demiş igidlərimizin qüdrətinin, çoxəsrlik hərb tariximizin yalnız bir hissəsidir.
İndi Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Dövlətimiz bundan sonra da yüksələcək, hərbi qüdrətini artıracaq, özünün milli maraqlarını qətiyyətlə təmin edəcək. Hərb Tarixi Muzeyi isə öz eksponatları ilə xalqımızın həm keçmişini, həm də müasir Azərbaycan dövlətinin uğurlarını gələcək nəsillərə çatdırmaq missiyasını layiqincə yerinə yetirəcək.
İlhamə
İSABALAYEVA,
Azərbaycan.-2021.- 11 iyul.- S.4.