Xeyriyyəçilik fəaliyyəti
Osmanlı dövləti tərəfindən
mükafatlandırılmış azərbaycanlı milyonçu
Dəbdəbəni sevməyən, artıq xərcdən, israfçılıqdan uzaq duran, məddahlığı səmimilikdən ustalıqla ayıra bilən, tərifə uymayan Ağa Musa Nağıyevin adı, izləri hələ də bu qədim şəhərdə qalır. O, milyonlarının böyük bir hissəsini Bakıda əzəmətli imarətlər, xəstəxana və məktəb binaları tikməyə sərf edib. Bəzən hər qəpiyinin hesabını aparsa da, digər milyonçulardan geri qalmayaraq təhsil sahəsinə iri məbləğli ianələr verib. Böyük xeyriyyəçi Ağa Musa Nağıyev hər il müxtəlif ali məktəblərdə oxuyan təqaüdçü tələbələrin təhsilinə pul ayırıb.
Xalqının inkişafı üçün əlindən gələn köməyi göstərmiş Ağa Musa Nağıyev kimi şəxsiyyətlər bolşeviklər Azərbaycanda hakimiyyətə gəldikdən sonra düşmən elan olundular. Uzun illər bu münasibət dəyişmədi. Sovet hakimiyyəti dövründə onlar istismarçı sinif kimi qələmə verildi, adlarını, xeyirxah əməllərini unutdurmağa çalışdılar. Bunu bacarmayanda yanlış təsəvvür formalaşdırmağa, onları mənfəətlərini güdən, məqsədləri naminə hökumətdən islahatlar tələb edən fəhlə-kəndli təbəqəsinin düşməni kimi tanıtmağa cəhd göstərdilər.
XX əsrin sonuncu onilliyində Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tarixi ədalət bərpa olundu. Milli burjuaziyamızın görkəmli nümayəndələrinin həyat və fəaliyyətinin öyrənilməsinə maraq yüksəldi, obyektiv elmi tədqiqatlar aparmaq üçün əlverişli şərait yarandı. Belə görkəmli tarixi şəxsiyyətlərdən biri də milyonçu mesenat, neft sənayesi və təhsilin inkişafında böyük xidmətlər göstərmiş Ağa Musa Nağıyev oldu.
Ağa Musa Nağıyevin nəvəsi, yazıçı-publisist Dilarə Nağıyeva bildirir ki, neft sənayesinin böyük şəxsiyyətlərindən sayılan Ağa Musa Nağıyev sahib olduğu 413 milyon qızıl pulu (arxiv ¹475 - Fərəc Nağıyevin fondu) və tikdirdiyi 98 bina ilə Bakı milyonçuları arasında birinci yerə gəlib çatmışdı. O, xalqın maariflənməsində, sosial-siyasi cəhətdən təkmilləşməsində hər zaman öndə addımlayanlardan biri olmuşdur.
Milyonçunun tikdirdiyi binalar bu gün də Bakının zahiri görünüşünü bəzəyən tarixi memarlıq abidələri olmaqla yanaşı, ölkənin bir çox tarixi hadisələrinə şahidlik edib. Bu binalar uzun illərdir ictimai-siyasi, mədəni-maarif və səhiyyə sahələrində istifadə olunan əhəmiyyətli məkanlardır.
Nəvəsi babasının inşa etdirdiyi ilk xeyriyyə cəmiyyəti - “İsmailiyyə” binası daxil olmaqla yüzə yaxın binanı, Bakıda su kəmərinin çəkilməsinə ayırdığı külli miqdarda pul yardımını, yarımçıq qalmış “Yetimlər Evi”nin tikintisinin başa çatdırılmasına iri məbləğdə ianə verdiyini, insan sağlamlığına diqqət yönəldərək dörd xəstəxana tikdirdiyini və bir çox başqa bu yönlü xidmətlərini xatırlatdı.
Ağa Musa Nağıyevin xeyriyyəçilik fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb, qonşu dövlətlərə və xalqlara da bəzi maddi yardımlar göstərib. Onun xeyriyyəçiliyi yüksək qiymətləndirilib, yüksək ordenlərlə mükafatlandırılıb. Dilarə Nağıyeva milyonçunun aldığı mükafatları vurğulayıb: “1912-1913-cü illərdə Osmanlı dövlətinin 4 kiçik Balkan ölkəsi ilə apardığı müharibədə Azərbaycandan göndərilən yardımların yığılmasına Ağa Musa Nağıyevin rəhəbrlik etdiyi “Cəmiyyəti-Xeyriyyə” təşkilatının “Osmanlı Qızlay Cəmiyyəti”nə doqquz dəfə göstərdiyi yardımın ümumi məbləği 884.683 quruş təşkil etmişdir. Osmanlı arxiv sənədlərinə əsasən, Rus-Osmanlı müharibəsi dövründə Ərzurumun dağıdılmış məscidlərindən birində tapılan müqəddəs “Qurani-Kərim” kitabını məhz Ağa Musa Nağıyev satın alaraq, qoruyub saxlamış və daha sonra sultan V Mehmet Rəşada hədiyyə etmişdir”.
Dilarə Nağıyeva diqqətə çatdırıb ki, Türkiyənin sultanı A.M.Nağıyevin bu xidmətlərini yüksək qiymətləndirərək onu Osmanlı imperiyasının “Məcidiyyə” və “Osmaniyyə” ordenləri ilə təltif edib. Daha sonra deyir: “Bu nadir tapıntını mənə təqdim edən tarix üzrə fəlsəfə doktoru Bilal Dədəyev haqqımda belə yazır: “Müstəqillik dövründə Ağa Musa Nağıyevin sahibkarlıq və xeyriyyəçilik fəaliyyətini Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədləri əsasında daha dərindən araşdıraraq ortaya bir neçə qiymətli əsər çıxaran milyonçunun nəvəsi Dilarə Nağıyevadır. Dilarə xanımla söhbətimizdə onlarda nəinki nişanın olduğu, ümumiyyətlə, bu haqda heç bir məlumat olmadığı ortaya çıxdı”. Kitablarımda qeyd etdiyim kimi, A.M.Nağıyev bu və digər fəaliyyətinə görə III dərəcəli “Müqəddəs Stanislav” ordeni (1909), çar II Nikolayın “Zolotaya Şeynaya Medal na Andreyevskoy Lente” nişanı (1910) ilə təltif olunmuşdu. 28 ildir ki, Ağa Musa Nağıyevin həyatı, sahibkarlıq fəaliyyəti və xeyriyyəçiliyi ətrafında apardığım tədqiqatlar zamanı onun sinəsindəki medallardan sual verənlərə bunları izah edir, o biri nişanlardan bixəbər olduğumu deyirdim. İndi Bilal müəllimin tapıntısına əsaslanaraq izah edirəm: A.M.Nağıyevin ayaqüstü fotosunda Andreyev lentli boğazdan asılan qızıl medalın altında III dərəcəli Məcidi nişanı, sinəsinin sağ tərəfində üstdə xaç şəklində olan III dərəcəli Müqəddəs Stanislav ordeni, onun altında “ay-ulduz” taxmalı yeddi guşəli daha bir orden vardır”.
Dilarə Nağıyeva qeyd edir ki, Ağa Musa Nağıyevin Osmanlı dövlət ordenlərinə layiq görülməsi Azərbaycan-Türkiyə əlaqələri tarixində şanlı səhifələrdən biri kimi qalacaq və bu istiqamətdə aparılacaq başqa yeni tədqiqat işlərinin ortaya çıxarılmasına şərait yaradacaq.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2021.- 11 iyul.- S.6.