Neftçalada şəhidin doğum günü qeyd olunub

 

 

Neftçala Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılovun 37-ci doğum günü qeyd olunmuşdur. Tədbirdə RİH-in, hüquq mühafizə orqanlarının, idarə-təşkilatların rəhbərləri,  şəhidin döyüş yoldaşları, ailə üzvləri, qazilər və digər qonaqlar iştirak etmişlər.

Anım tədbirini giriş sözü ilə açan RİH-in başçısı M.Seyidov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam və inkişaf etdirən ölkə başçısı İlham Əliyevin ardıcıl və yorulmaz mübarizəsi, xalqımızın birliyi, ordumuzun şücaəti sayəsində 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımız 44 günlük müharibə ilə azad olundu: “Cəsur gənclərimizin Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Dünya siyasi arenasında, mediada və cəbhədə məkrli düşməni diz çökdürən Prezident İlham Əliyev düşmənlə döyüşdə qəhrəmanlıq göstərən əsgərlərimizə, şəhid ailələrinə, qazilərimizə xüsusi qayğıkeşliklə yanaşır.  Qazilərimizin müalicəsi dövlət tərəfindən yüksək səviyyədə həyata keçirilir. Şəhidlərimizin xatirəsi isə həm xalqımız, həm də dövlətimiz tərəfindən əziz tutulur, onların ailələrinin problem və ehtiyacları diqqət mərkəzində saxlanılır”.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, şəhid Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Sumqayıt İcra hakimiyyətinin nümayəndəsi çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin, o cümlədən şəhid Camal İsmayılovun şücaətlərindən danışmışlar. Bildirmişlər ki, Füzuli uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan C. İsmayılov “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi Qəhrəmanı” medalları ilə təltif edilmişdir. Şəhidin atası Vidadi İsmayılov, anası Filarə İsmayılova oğullarının Vətənə sədaqətindən, torpaqlarımızın azad edilməsi uğrundakı mücadiləyə necə ürəklə yollanmasından, onun qısa, lakin şərəfli ömür yolundan danışmış, şəhidlərin xatirəsinin əziz tutulması, şəhid ailələrinə göstərilən diqqət və qayğıkeşliyə görə Prezident İlham Əliyevə minnətdar olduqlarını bildirmişlər.

Prezidentin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsində, döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunələrinə, həmçinin hərbi qulluq vəzifələrini yerinə yetirərkən igidlik nümayiş etdirdiklərinə görə Azərbaycan Silahlı Qüvvələrinin bir qrup qulluqçusuna “Vətən müharibəsi Qəhrəmanı” adı verilmişdir. Həmin adlar arasında şəhid C.İsmayılovun da adı vardır. Tədbirdə qəhrəman şəhidin medalı onun oğluna təqdim olunmuşdur.

 

Seyran CAVADOV,

Azərbaycan.-2021.- 11 iyul.- S.8.