Heydər Əliyevin başladığı və İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə

 

2006-cı  il  iyulun 13-də  tam sistem kimi istifadəyə verilən  BTC  digər qlobal layihələrə də yol açdı

 

 

 

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin tam sistem kimi istifadəyə verilməsindən 15 il keçir. Ötən dövr ərzində bu möhtəşəm kəmər ahəngdar şəkildə fəaliyyət göstərərək  Azərbaycan neftini dünya bazarlarına çatdırıb.

 

Hazırda BTC  əsasən Xəzərin  Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan nefti və “Şahdəniz”dən hasil olunan kondensatı daşıyır. Bundan əlavə, kəmər  vasitəsilə digər xam neftkondensat həcmləri, o cümlədən müəyyən miqdarda  Türkmənistan, Rusiya və Qazaxıstan nefti də nəql olunur.

 

Əslində, BTC-yə Bakı yaxınlığındakı  Səngəçal terminalından ilk  neft   2005-ci ilin  mayında vurulub. Neft Türkiyənin Ceyhan limanına bir il sonra - 2006-cı ilin mayında  çatıb.  BTC-nin  gətirdiyi neftlə yüklənmiş ilk tanker  dünya bazarına  iyun  ayında   yola salınıb.  Kəmərin  tam sistem kimi işə düşməsi münasibətilə  təntənəli  mərasim isə Ceyhan şəhərində  iyulun 13-də keçirilib. Tədbirdə  Azərbaycanın, Türkiyənin Gürcüstanın dövlət başçıları, səhmdar şirkətlərin rəhbərləri, hörmətli qonaqlar iştirak ediblər. Prezident İlham Əliyev BTC-nin istifadəyə verilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək deyib: “Bu kəmərin fəaliyyətə başlaması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılır, yeni imkanlar açılır. Azərbaycan iqtisadi cəhətdən çox zəngin ölkəyə çevriləcəkdir. Ölkədə bütün sosial problemlər öz həllini tapacaqdır. Azərbaycan çox önəmli neft ixrac edən ölkəyə çevrilir. Əminəm ki, neftdən əldə olunan gəlirlərdən istifadə edilməklə Azərbaycanda bütün sosial məsələlər qısa müddət ərzində öz həllini tapacaq Azərbaycan dünya iqtisadiyyatına daha inamla inteqrasiya edəcəkdir”.

 

Əvvəlcə gündə 1 milyon barel neft ötürmək gücündə layihələndirilən kəmərin nəqletmə qabiliyyəti sonralar 20 faiz artırılıb. Hazırda  BTC  hər gün 1,2 milyon barel neft  ötürmək  gücünə malikdir.

 

BTC Ko.-nun səhmdarları  bp (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz), “Ekvinor” (8,71faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), İTOÇU (3,4 faiz), İNPEKS (2,5 faiz), “EksonMobil” (2,5 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.

 

Operator olan bp-nin məlumatına görə, istismara veriləndən 2021-ci ilin birinci rübünün sonunadək bu boru kəməri ilə ümumilikdə təqribən 482 milyon ton (3,62 milyard barel) xam neft nəql edilib. Bu neft  Ceyhanda 4729 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

 

Cari ilin ilk üç  ayı  ərzində isə  Ceyhan terminalından 70 tanker yüklənib və yola salınıb. Bu gəmilərə  6,7 milyon tondan artıq (təqribən 51 milyon barel) xam neftkondensat yüklənib.

 

Beləliklə, BTC ona bəslənən ümidləri layiqincə doğruldur. Həm də illər keçdikcə bu kəmərin əhəmiyyəti  artır. Onun uğurlu fəaliyyəti Azərbaycanın yeni neft strategiyasının təntənəsi və həmin strategiyanın daha qlobal layihələrlə zənginləşməsinin təsdiqidir.

 

2018-ci il mayın 29-da “Cənub qaz dəhlizi”nin açılış mərasimindəki nitqində Prezident İlham Əliyev demişdir: “2002-ci ildə artıq biz “Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildibu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir”.

 

Xatırladaq ki, BTC nəhəng kəmərdir.  Bu  boru  xətti Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisində 1768 kilometr məsafə qət edir.  Kəmərin yerüstü obyektlər sisteminə 2 terminal, 8 nasos stansiyası, 101 siyirtmə məntəqəsi daxildir. BTC-nin baş nasos stansiyası Səngəçal terminalında yerləşir. Azərbaycandakı ikinci nasos stansiyası Yevlax rayonundadır. Kəmərin Gürcüstanda da iki stansiyası var. Qalan dörd stansiya Türkiyə ərazisindədir.

 

Regionda enerji ixracının başlıca arteriyası hesab olunan bu boru kəməri zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayır. Qapalı Xəzər hövzəsi və bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqəni də məhz BTC yaradıb.

 

BTC artıq 15 ildir təkcə Azərbaycana deyil, bütün regiona xeyir-bərəkət gətirir. Kəmər BosforDardanel boğazlarından yan keçməklə həmçinin ekoloji riskləri azaldır. Başlıca şərtlərdən biri də kəmərin təhlükəsizliyidir. Boruları etibarlı şəkildə örtüklənmiş və  bütün marşrutu boyu torpaq altında basdırılmış bu kəmər, necə deyərlər, səssiz-səmirsiz, ətraf mühitə ziyan vurmadaninsanlara narahatlıq gətirmədən işini davam etdirir.

 

 

 

Flora SADIQLI,

Azərbaycan.-2021.- 13 iyul.- S.1-2.