Səyyar xidmət - vaxta qənaət, hər kəsə diqqət
Cənub bölgəsinə səfərə
çıxan “ASAN qatar” iyul-avqust
aylarında Lənkəran və Astarada vətəndaşların
xidmətində olacaq
...Lənkərandayıq. Hava isti olsa da, buradakı dəmir yolu stansiyasına xeyli insan toplaşıb. Hər kəsin üzündə bir təbəssüm var. Bir qədər sonra stansiyada dayanmış qatarın qapıları açılır və minik başlanır. Növbəlilik prinsipi qorunmaqla insanlar vaqonlara daxil olurlar.
Bu, regionlararası dəmir yolu nəqliyyat vasitəsi yox, milli brendimiz olan “ASAN xidmət”in səyyar qatarıdır. Bu qatarda vətəndaşlara rahat xidmət göstərilir. Biz də qatara daxil olub proseslə yaxından maraqlanırıq.
Bu il səyyar “ASAN xidmət”ə 103 minə yaxın müraciət daxil olub
Öncə onu deyək ki, Prezident İlham Əliyevin yaratdığı yeni Azərbaycan brendi qısa müddətdə xalqın böyük etimad və rəğbətini qazanıb. Dövlət başçısının həyata keçirdiyi islahatların real təzahürü olan “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqlarla təchiz olunmuş səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb.
2016-cı ilin dekabr ayının 28-də İlham Əliyevin açılışını etdiyi səyyar qatar 2017-ci il fevralın 1-dən fəaliyyətə başlayıb.
Xatırladaq ki, səyyar xidmət göstərmək məqsədilə ilk olaraq avtobuslar ayrılıb. 2013-cü ilin iyun ayından etibarən iki istiqamət (cənub və şimal-qərb) üzrə hərəkətə keçib. 2013-cü ildə 2 avtobusla fəaliyyətə başlayan xidmət daha sonra Prezidentin tapşırığına əsasən genişləndirilib və avtobusların sayı 10-a çatdırılıb.
Ümumilikdə səyyar xidmətə (avtobus, qatar, kiçik səyyar qruplar, sifarişli əsaslarla həyata keçirilən xidmət və sosial aksiyalar) indiyədək 2 milyon 400 minə yaxın müraciət qeydə alınıb.
Gözləmə və xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla, 3 vaqon vətəndaş məmnunluğunu təmin edir
“ASAN qatar”dayıq. Sanki “ASAN xidmət” mərkəzlərinin kiçildilmiş formasıdır. Qatar gözləmə zalı, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla, 3 vaqondan ibarətdir. Səyyar qatar ölkəmizdə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətlərindən və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşların xidmətindədir.
Belə ki, “ASAN qatar” növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanır və fəaliyyətə başlayır.
Bu qatarda - tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti xidməti həyata keçirilir.
Lənkərana 20-ci səfər, innovativ üsullarla təqdim olunan xidmətlər
“ASAN qatar”da ümumilikdə 21 nəfər əməkdaş vətəndaşlara xidmət göstərir. Vaqona daxil olan şəxs məlumat mərkəzinə yaxınlaşıb müraciət edir və könüllülər tərəfindən əməkdaşlara istiqamətləndirilirlər.
İlk olaraq qatarın kandarında vətəndaş axınının idarə olunması ilə məşğul olan könüllülərlə söhbətləşirik. Nurlan Cəfərzadə və Rüqəyya Nəsirli gülərüzlə qatara daxil olan insanları qarşılayırlar. İlk olaraq tibbi maskadan istifadənin zəruri olduğunu bildirir və hər kəsə istiqamət verirlər.
Sonra məlumat mərkəzinə yaxınlaşırıq. Vətəndaşların müraciətinə 2 əməkdaş baxır. Burada çalışan Namiq Mahmudov deyir ki, iyul ayının 1-dən vətəndaşlara xidmət göstərirlər. Sakinlər daha çox şəxsiyyət vəsiqəsinin, ümumvətəndaşlıq pasportunun, sürücülük vəsiqəsinin dəyişdirilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məsələləri ilə bağlı müraciətlər edirlər.
Müraciətlər baxıldıqdan sonra aidiyyəti üzrə növbə götürülür və vətəndaşlar gözləmə zalında əyləşirlər. Növbə çatdıqda könüllülər vətəndaşı digər vaqonda xidmət göstərən masalara qədər müşayiət edirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyir ki, Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmininə və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Elnur Niftəliyevin sözlərinə görə, 2017-ci ildə fəaliyyətə başlayan səyyar qatar artıq 20-ci dəfədir ki, Lənkəran rayonuna səfər edir. Ümumilikdə bugünədək Lənkəranda səyyar xidmət 19 dəfə gerçəkləşib. 16 dəfə Səyyar “ASAN xidmət” avtobusları vasitəsilə 76 minə yaxın, 3 dəfə isə “ASAN qatar” vasitəsilə 14 minə yaxın müraciətə baxılıb.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
2013-cü ildən həyata keçirilən səyyar “ASAN xidmət” vasitəsilə ümumilikdə 2 milyon 400 minə yaxın, 2021-ci il ərzində isə 103 minə yaxın vətəndaş müraciətinə baxılıb.
İstənilən sənədi asanlıqla almaq imkanı var
Xidmətə ən çox müraciət edilən məsələlər ümumvətəndaşlıq pasportu, şəxsiyyət vəsiqəsinin alınması, notariat sənədləri və sürücülük vəsiqəsinin dəyişdirilməsi xidmətləri ilə bağlıdır.
Burada rastlaşdığımız rayon sakini, 64 yaşlı Səfail Nurullaoğlu ümumvətəndaşlıq pasportunun vaxtı keçdiyi üçün xidmətə müraciət edib. Ağsaqqal deyir ki, ayın əvvəlində “ASAN qatar”ın Lənkəranda olması barədə məlumat alıb. Amma ilk günlər gəlmək mümkün olmayıb: “Rayon yeridir, hər kəsin işi-gücü olur. Mən də imkanlaşdırıb bu gün gəldim. Çox rahat iş qurulub. Sənədlərimi təqdim etdim, dövlət rüsumunu ödədim və 10 günə gəlib pasportumu götürəcəm. Əla xidmətdir. Sağ olsun dövlətimiz, Prezidentimiz ki, vətəndaşlar üçün belə rahat, əlçatan xidmət yaradıb”.
Xatirə Babayeva isə mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məsələləri xidmətinə müraciət edib. O, yaşadıqları mənzili öz adına keçirmək üçün sənədlərini təqdim edib: “Cəmi 40 dəqiqə çəkdi. Sənədlərimi təqdim etdim və ailə üzvlərimiz də razılıqlarını bildirmək üçün imza atdılar, vəssalam. Belə gözəl xidmət heç bir yerdə yoxdur”.
Nurcan Nəqizadə yeni şəxsiyyət vəsiqəsi almaq üçün gəlib. Gənc deyir ki, əvvəllər hansısa sənədi almaq üçün Masallı “ASAN xidmət”ə müraciət edirdilər. İndi isə səyyar xidmət vasitəsilə istənilən sənədi ala bilirlər. Bu da hər kəsi məmnun edir. Çünki həm vaxta qənaət edilir, həm də artıq xərc çıxmır.
Diqqətimizi çəkən bir
məqam isə “ASAN qatar”a
təşrif buyuran körpə
uşaqlı ailə olur. Tahirovlar
ailəsinin üzvləri yenicə doğulmuş
bir aylıq Jasmin üçün şəxsiyyət vəsiqəsi
almağa gəliblər. Atası Şadiman Tahirov deyir ki, doğum
haqqında şəhadətnaməni alıblar, indi isə şəxsiyyət vəsiqəsi üçün müraciət edirlər: “Həm sürücülük vəsiqəmi
dəyişmək, həm də qızıma yeni
şəxsiyyət vəsiqəsi almaq üçün gəlmişik. Çox əla xidmət göstərilir.
Əvvəllər uşaqlarımızın doğum
haqqında şəhadətnamələrini almaq
üçün saatlarla
gözləməli olurduq. İndi hər şey
asanlaşıb. Rahat şəkildə nə
istəyirsənsə, hansı sənədi düzəltmək
fikirin varsa, gəlib
asanlıqla həll edirsən. Bizə çox
hörmətlə yanaşırlar. Körpə uşaqla gələnlərə növbədənkənar
xidmət göstərilir. Qan analizini də burda verdik. Qatarda hər
cür xidmət yaradılıb. Dövlətimizə, Prezidentimiz İlham Əliyevə təşəkkür
edirik ki, rayonlarda yaşayan əhalinin işinin asanlaşması üçün
mütəmadi olaraq qərarlar verir, yeni xidmətlər yaradır. “ASAN qatar” da onlardan
biridir. Hamıya eyni münasibət,
eyni diqqət göstərilir, ayrı-seçkilik
edilmir”.
Qatardan bayıra
çıxıb vətəndaşların
təəssüratlarını öyrənmək istəyirik. Hava isti olduğu üçün bayırda
çox adam
yoxdur. Ancaq növbəsi hələ çatmadığı üçün
söhbət edən iki ağsaqqalın dialoquna qulaq müsafirliyi edirik:
- Əvvəllər bəyəm
belə şeylər var idi? Vallah yox
idi. İdarə-müəssisələrin qapılarında qalırdıq. Hərdən
dava-dalaş düşürdü,
rüşvət alan kim, verən kim idi...
- Düz deyirsən, indi zaman dəyişib.
Çox
şeylər düzəlib.
Hardan bilərdik ki, bir gün
Lənkərana qatar gələcək,
içində də möcüzə... Gəl
qatara min, dərdini söylə, istədiyin sənədi al, pulunu banka ödə,
çıx get. Gör, Prezident
nələr yaradır.
Vallah istəyir ki, camaat narazı olmasın, kimisə incitməsinlər.
Səyyar
qatar- 16 rayona 48 səfər
Beləliklə, iyulun 1-dən Lənkərana
gələn “ASAN qatar”
bu ayın 30-dək, yəni otuz gün müddətində
vətəndaşların xidmətində
olacaq. “ASAN qatar”ın
növbəti dayanacağı
isə Astara rayonu olacaq.
Elnur Niftəliyevin sözlərinə
görə, avqustun
3-dən 28-dək respublikamızın cənub bölgəsində
olacaq səyyar qatar 25 gün
müddətində vətəndaşlara
xidmət göstərəcək.
Bu il Astara
rayonundan xidmətə
başlayan səyyar qatarın son duracağı
Füzuli rayonu olacaq. Ümumilikdə bu il “ASAN qatar”
ölkənin 5 rayonunda
əhaliyə operativlik,
şəffaflıq, nəzakətlilik
və rahatlıq prinsipləri əsasında
məsuliyyətlə xidmət
edəcək.
Qeyd edək ki, səyyar
qatar bu
günədək ümumilikdə
16 rayona 48 dəfə
səfər edib.
Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmətləri, xüsusən də “ASAN qatar”da yaradılan şərait bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin vətəndaşlara daim diqqət və qayğı göstərilməsi ilə bağlı tapşırığı, habelə bir sıra tövsiyələri effektiv üsullarla yerinə yetirilir. Milli brendimiz olan “ASAN xidmət” fəaliyyətini getdikcə daha da şaxələndirir. Elnur Niftəliyevlə söhbətimiz əsnasında bəlli oldu ki, artıq Lənkəranda da yeni “ASAN xidmət” mərkəzi inşa olunmaqdadır. Tezliklə cənub bölgəsində Masallıdan sonra Lənkəranda belə mərkəz açılacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan .- 2021.- 13 iyul.- S.1;5.