Müharibə qurtarsa
da, fəsadları qalır
Şəhid ailələri və
qazilərə göstərilən sosial-psixoloji
və reabilitasiya xidmətləri davam edir
Hər bir ölkənin özünəməxsus inkişaf konsepsiyası olur. Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra bazar iqtisadiyyatı modelini seçmiş və iqtisadi sahədə böyük uğurlar qazanmışdır. Təsadüfi deyil ki, bu gün beynəlxalq təşkilatlar Azərbaycanı dinamik inkişaf edən ölkə kimi yüksək dəyərləndirir. Həmin təşkilatların hesabatlarında açıqlanan rəqəmlərdən də bunu aydın görmək mümkündür.
Bu uğurun bir səbəbi də odur ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin başlıca məqsədi sosial məsələlərin uğurlu həllidir. Hər il dövlət büdcəsi təsdiqlənərkən biz bunun şahidi oluruq. Belə ki, büdcədən ən çox vəsait sosial sahələrə yönəldilir, eyni zamanda Prezidentin Ehtiyat Fondundan bu sahəyə xeyli vəsait ayrılır. Məhz bu vəsaitlər hesabına koronavirus pandemiyası dövründə işləməyən vətəndaşlara maddi yardım verilmiş, işi dayandırmağa məcbur olan sahibkarlara maliyyə dəstəyi göstərilmişdir. Yəni dövlət vətəndaşını taleyin ümidinə buraxmamış, ona hər vasitə ilə dayaq durmuşdur.
Vətən müharibəsindən sonra da dövlətin sosial yükü xeyli artmışdır. Çünki bütün savaşlar kimi, bu müharibə də insan itkisi və döyüşçülərimizin sağlamlığının itirilməsinə səbəb olmuşdu. Bundan əlavə, Ermənistanın bütün humanitar qaydaları pozaraq dinc yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində mülki əhali arasında da onlarla insan həyatını itirmiş və yaralanmışdır. Bu cür yaraları sağaltmaq isə külli miqdarda vəsait tələb edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən məlumata görə, postmüharibə dövründə nazirlik tərəfindən sosial dəstək tədbirləri çərçivəsində 929 müharibə əlilinə 6200-dək reabilitasiya vasitəsi verilib. Həmçinin Vətən müharibəsində yaralanaraq aşağı ətrafları amputasiya olunmuş qazilərimizdən 82 hərbçi yüksək texnologiyalı protezlə təmin olunub. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlər aparılır. Məlumatda daha sonra bildirilir ki, bu ilin mart ayından sərbəst hərəkət etmək sarıdan problemi olan əlillərin mühərrikli təkərli oturacaqla təminatına başlanıb. Belə şəxslərə 500-ə yaxın mühərrikli təkərli oturacaq verilib ki, onların da bir hissəsi müharibə iştirakçısıdır.
Bundan əlavə, nazirliyin reabilitasiya müəssisələrində 1300-dək qazi və şəhid ailəsi üzvü sosial-psixoloji və reabilitasiya xidmətləri ilə əhatə olunub. Onlar klinik və sosial psixoloqlar tərəfindən əyani və online, qrup və fərdi şəkildə psixoloji seanslara cəlb ediliblər.
Dövlət Məşğulluq Agentliyi tərəfindən isə şəhid ailəsi üzvləri və qazilər də daxil olmaqla daha 1524 şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib. Onların 320 nəfəri şəhid ailəsi üzvü, 300 nəfəri Vətən müharibəsi qazisidir. Ümumiyyətlə, proqrama cəlb olunan şəxslərin ilk növbədə özünüməşğulluqlarının təşkili üçün şəraitləri qiymətləndirilir. Yalnız bundan sonra təlimi uğurla başa vuran şəxslər kənd təsərrüfatı və istehsal-xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurmaq üçün qısa müddətdə lazımi avadanlıqlarla təmin olunurlar.
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı üçün başlanan “Məşğulluq marafonu”na son bir həftədə daha 30 işəgötürən qoşularaq 300-ə yaxın vakansiya təqdim edib. Bununla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başlanan marafona qoşulan işəgötürənlərin sayı 200-ə, onlar tərəfindən e-sistemə daxil edilən vakansiyaların sayı 900-ə çatıb.
Bakı və ölkəmizin bölgələri üzrə fəaliyyət göstərən həmin işəgötürənlərin 110-u xidmət, 60-ı emal, 17-si kənd təsərrüfatı, qalanları tikinti sahələri üzrədir. Təqdim edilən vakansiyalar üzrə şəhid ailələrinin üzvlərinə, müharibədə yaralanmış qazilərimizə iş yerləri ilə təmin olunmaları üçün göndəriş verilir.
Sağlamlıq imkanları məhdud uşaqlar da unudulmur, onlar üçün sosial xidmət müəssisələrinə mediatur təşkil olunur. Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı (Şağan qəsəbəsi) və 2 saylı (Saray qəsəbəsi) sosial xidmət müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrdə 5-18 yaşlarında 278 uşağa\ reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində hər iki müəssisədə uşaqların normal yaşayışı və müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə uyğun şərait yaradılıb.
Müəssisələrə qəbul edilmiş uşaqlar yaş, cins, xəstəlik diaqnozlarına uyğun qruplaşdırılır. Fərdi xüsusiyyətləri nəzərə alınaraq sosial xidmətin təşkil edilməsi üçün hər bir uşağın kompleks qiymətləndirilməsi aparılaraq fərdi iş planı tərtib olunur. Müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun uşaqlara xidmət və qayğı göstərilir, onların abilitasiyası və reabilitasiyası həyata keçirilir. Aktiv terapiya, oyun terapiyası, ünsiyyət terapiyası, rəqs terapiyası, mətbəx terapiyası, market terapiyası, “İnkişaf mərkəzi” və “kukla teatrı” otaqları uşaqların vaxtlarının səmərəli keçirilməsinə, həmçinin müxtəlif intellektual oyunlar, müxtəlif nağılların səhnələşdirilməsi uşaqların zehni inkişafına kömək edir.
Uşaqların doğma ailə mühitinə dönüşünə xidmət edən de-institusionalizasiya tədbirləri də davam etdirilir. Ötən il bu müəssisələrdən 22, bu ilin 6 ayı ərzində isə 8 uşaq öz ailələrinə qayıdıb.
Rüstəm
KAMAL,
Azərbaycan.-2021.- 14 iyul.- S.1;7.