Elektrik enerjisi istehsalında bərpa
olunan enerji mənbələrindən istifadə haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun
olaraq, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını,
habelə bərpa olunan enerji mənbələrindən elektrik
enerjisi istehsalının təşviq edilməsi
üçün dəstək mexanizmlərini müəyyən
edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
1-ci fəsil
Ümumi
müddəalar
Maddə 1. Əsas anlayışlar
1.1. Bu
Qanunda istifadə edilən əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.1.1. bərpa olunan enerji mənbələri - ətraf
mühitdə daim mövcud olan, yaxud mütəmadi yaranan
enerji mənbələri (hidroenerji, külək enerjisi,
günəş enerjisi, geotermal enerji, biokütlə enerjisi, dəniz
və okeanlarda dalğa enerjisi, qabarma və çəkilmə
enerjisi, su axınlarının enerjisi və s.);
1.1.2. elektrik enerjisi istehsalında bərpa olunan enerji
mənbələrindən istifadə sahəsi - bərpa olunan
enerji mənbələrindən elektrik enerjisinin istehsalı,
saxlanması, ötürülməsi, təchizatı və
istehlakını əhatə edən fəaliyyət sahəsi;
1.1.3. hərrac - bərpa olunan enerji mənbələri
ərazisində müəyyən edilmiş güc üzrə
elektrik enerjisi istehsal edəcək istehsalçının
seçilməsi və elektrik enerjisinin satınalma müqaviləsində
tətbiq ediləcək zəmanətli tarifin müəyyən
edilməsi üçün auksion və ya müsabiqə
formasında keçirilən prosedur;
1.1.4. elektrik stansiyası - bərpa olunan enerji mənbələrindən
elektrik enerjisinin istehsalı üçün lazım olan
qarşılıqlı əlaqəli avadanlıq və onlara
aid tikililərin kompleksi;
1.1.5. istehsalçı - elektrik stansiyasında
elektrik enerjisi istehsalını həyata keçirən şəxs;
1.1.6. bərpa olunan enerji mənbələrinin ərazisi
- bərpa olunan enerji mənbələri potensialına malik
olan və elektrik enerjisinin istehsalı üçün
uyğun olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş
torpaq sahəsi (su obyekti);
1.1.7. elektrik şəbəkəsi - elektrik enerjisinin
ötürülməsi və təchizatı
üçün nəzərdə tutulmuş elektrik
qurğularının məcmusu;
1.1.8. istehlakçı - alqı-satqı müqaviləsi
əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri
vasitəsilə istifadə edən hüquqi və ya fiziki
şəxs;
1.1.9. elektrik şəbəkəsinə qoşulma
müqaviləsi - istehsalçı ilə
ötürücü elektrik şəbəkəsi üzrə
dövlət elektroenergetika müəssisəsi, elektrik təchizatı
şəbəkəsi üzrə enerji təchizatı müəssisəsi
arasında bağlanılan, elektrik stansiyasının elektrik
şəbəkəsinə qoşulmasının təmin
edilməsi və buna dair xidmətin göstərilməsi
haqqında müqavilə;
1.1.10. zəmanətli alıcı - elektrik enerjisinin zəmanətli
tariflərlə satın alınmasını, həmçinin
onun elektrik enerjisinin topdansatış bazarında
satışını təmin edən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum);
1.1.11. zəmanətli tarif - elektrik şəbəkəsinə
verilən elektrik enerjisinin hər kilovat-saatı
üçün dəstək mexanizmi çərçivəsində
bərpa olunan enerji mənbələrinin əraziləri
üzrə hərrac və ya birbaşa cəlbetmə yolu ilə
müəyyənləşdirilmiş istehsalçılara
münasibətdə müəyyən edilən tarif;
1.1.12. aktiv istehlakçı - elektrik enerjisini istehlak
etməklə yanaşı, bərpa olunan enerji mənbələri
hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi güc həddinədək
elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxs;
1.1.13. elektrik enerjisinin satınalma müqaviləsi - bərpa
olunan enerji mənbələri ərazilərində istehsal
edilmiş elektrik enerjisinin alqı-satqısına dair
istehsalçı ilə zəmanətli alıcı
arasında bağlanılan müqavilə;
1.1.14. fəaliyyət
planı - bərpa olunan enerji mənbələrinin təbiətdə
mövcud potensialı, müasir texnologiyaları, elektrik şəbəkəsinin
inkişafı, elektrik enerjisinin istehlakı proqnozları və
elektrik enerjisi istehlakçılarının maarifləndirilməsi
istiqamətində aparılmış tədqiqatlara əsaslanan
ümumdövlət, yerli vədigər tədbirləri,elektrik
enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadəyə dair hədəfləri müəyyən edən
və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən sənəd;
1.1.15. balanslaşdırma - dövlət
elektroenergetika müəssisəsi tərəfindən keyfiyyət
göstəricilərinə uyğun elektrik enerjisinin
istehsalı, idxalı, ixracı və istehlakı arasında
davamlı balansı təmin edən hərəkət və
proseslər;
1.1.16. balanslaşdırma məsuliyyəti - elektrik
enerjisinin topdansatış bazarı subyektlərinin elektrik
enerjisi istehsalının, istehlakının və alqı-satqısının
qəbul edilmiş qrafiklərə uyğun olaraq
balanslaşdırılmasına dair öhdəlikləri, həmçinin
onların dövlət elektroenergetika müəssisəsi
qarşısında qeyri-balansın tənzimlənməsindən
irəli gələn maliyyə öhdəlikləri üzrə
məsuliyyəti.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan
Respublikasının normativ hüquqi aktları ilə müəyyən
olunmuş mənaları ifadə edir.
Maddə 2. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadə haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
2.1.
Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən, bu Qanundan və
energetika sahəsini tənzimləyən digər normativ
hüquqi aktlardan ibarətdir.
2.2.
Ələt azad iqtisadi zonasında bərpa olunan enerji mənbələrindən
istifadə sahəsində münasibətlər “Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Maddə 3. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadə sahəsində dövlət tənzimlənməsinin
prinsipləri
3.0.
Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadə sahəsində dövlət tənzimlənməsi
aşağıdakı prinsiplərə əsaslanır:
3.0.1. dəstək mexanizmlərinin tətbiqi;
3.0.2. dəstək mexanizmlərindən bərabər
istifadə imkanı və şəffaflığın təmin
edilməsi;
3.0.3. istehsalçılar üçün elektrik
şəbəkəsindən bərabər istifadə
imkanlarının yaradılması;
3.0.4. bərpa olunan enerji mənbələrindən
elektrik enerjisi istehsalındabeynəlxalq standartların tətbiqi;
3.0.5. bərpa olunan enerji mənbələri
potensialından səmərəli istifadənin təmin edilməsi.
Maddə 4. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadə sahəsində dövlətin vəzifələri
4.0.
Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadə sahəsində dövlətin vəzifələri
aşağıdakılardır:
4.0.1. elektrik enerjisi istehsalında bərpa olunan enerji
mənbələrindən istifadə sahəsində dövlət
siyasətini formalaşdırmaq və həyata keçirmək;
4.0.2. elektrik enerjisi istehsalında bərpa olunan enerji
mənbələrindən istifadə sahəsində fəaliyyət
planlarını qəbul etmək;
4.0.3. elektrik enerjisi istehsalında bərpa olunan enerji
mənbələrindən istifadə sahəsində normativ
hüquqi aktları qəbul etmək;
4.0.4. elektrik enerjisi istehsalında bərpa olunan enerji
mənbələrindən istifadə sahəsinə yerli və
xarici investisiyaların cəlb edilməsi məqsədilə əlverişli
investisiya mühitinin yaradılmasını təmin etmək;
4.0.5. bərpa olunan enerji mənbələrinin ərazilərini
müəyyənləşdirmək;
4.0.6. elektrik enerjisi istehsalında bərpa olunan enerji
mənbələrindən istifadə sahəsində dəstək
mexanizmlərini tətbiq etmək;
4.0.7. peşəkar mütəxəssislərin
hazırlanması, kadr potensialının gücləndirilməsi
və tədris proqramlarının tərtibi ilə
bağlı tədbirlər həyata keçirmək.
2-ci fəsil
Elektrik
enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadəyə dəstək
Maddə 5. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadə sahəsində dəstək mexanizmləri
5.0.
Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadə sahəsində bu Qanunun məqsədləri
üçün aşağıdakı dəstək mexanizmləri
tətbiq olunur:
5.0.1. bərpa olunan enerji mənbələrinin ərazisində
elektrik enerjisi istehsalının zəmanətli tariflər və
digər vasitələrin tətbiqi ilə dəstəklənməsi;
5.0.2. aktiv istehlakçının dəstəklənməsi;
5.0.3. elmi tədqiqatların dəstəklənməsi;
5.0.4. Azərbaycan Respublikasının Vergi Məcəlləsində
və “Gömrük tarifi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulan mexanizmlər.
Maddə 6. Bərpa olunan enerji mənbələrinin əraziləri
6.1. Bərpa
olunan enerji mənbələrinin potensialından səmərəli
istifadə edilməsinin təşkili məqsədilə bu
Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş bərpa
olunan enerji mənbələri üzrə informasiya sisteminin tərkib
hissəsi olan Azərbaycan Respublikasının bərpa olunan
enerji mənbələrinin potensialı atlası (bundan sonra -
atlas) yaradılır.
6.2.
Atlasda ilkin qiymətləndirmə əsasında bərpa
olunan enerji mənbələri potensialından istifadə edilə
biləcək torpaq sahələri (su obyektləri), onların
hər birinin bərpa olunan enerji mənbəyi kimi
potensialı, sərhədlərinin hüdudları və digər
xüsusiyyətləri barədə aktual məlumatlar əks
olunur. Atlasın formalaşdırılması və
aktuallığının təmin olunması
üçün tələb olunan dövlət torpaq, su,
meşə və sair kadastrlarının, habelə digər
dövlət informasiya ehtiyatlarının məlumatları atlası
aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) əvəzsiz olaraq təqdim edilir.
6.3.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) atlasa barəsində məlumatlar daxil
edilmiş torpaq sahələrinin (su obyektlərinin) bərpa
olunan enerji mənbələrinin ərazisi kimi müəyyən
olunması məqsədilə əsaslandırılmış
təkliflərini müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) təqdim edə bilər.
6.4. Bu
Qanunun 6.3-cü maddəsində göstərilən təklif
aşağıdakıları əhatə etməlidir:
6.4.1. torpaq sahəsi (su obyekti) barədə atlasa
daxil edilmiş məlumatların məcmusu;
6.4.2. torpaq sahəsinin (su obyektinin) yerləşdiyi
yer, ölçüləri və sərhədlərini
göstərən yerquruluşu xəritəsi;
6.4.3. torpaq sahəsi (su obyekti) üzərində bərpa
olunan enerji potensialına dair aparılmış qiymətləndirmənin
nəticələri;
6.4.4. su obyektinin Azərbaycan Respublikasının Su Məcəlləsinə
əsasən hidroenergetika ehtiyacları üçün istifadəsi
imkanlarının qiymətləndirilməsinin nəticələri;
6.4.5. torpaq sahəsində (su obyektində) tikiləcək
elektrik stansiyasının elektrik şəbəkəsinə
qoşulmasının mümkünlüyünün dövlət
elektroenergetika müəssisəsi və enerji təchizatı
müəssisəsinin iştirakı ilə
aparılmış qiymətləndirilməsinin nəticələri;
6.4.6.
torpaq sahəsinin (su obyektinin) mülkiyyət növü və
kateqoriyaları barədə məlumat, həmin ərazidə
yaşayan şəxslərin ilkin hesablanmış sayı,
torpaq sahəsi (su obyekti), o cümlədən həmin torpaq
sahəsində yerləşən tikinti obyektləri üzərində
mülkiyyət, istifadə və ya icarə hüquqları
olan şəxslərin sayı, habelə torpaq sahəsinin (su
obyektinin) elektrik enerjisi istehsalı məqsədləri
üçün istifadəsi nəticəsində onların məruz
qalacaqları itki və məhrumiyyətlərin növü və
xüsusiyyətləri barədə məlumatlar;
6.4.7. torpaq sahəsi (su obyekti) üzərində
mülkiyyət, istifadə və ya icarə hüquqları
olan şəxslərin həmin torpaq sahəsinin (su obyektinin)
bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən
edilməsinə, torpaq sahəsindən (su obyektindən) elektrik
enerjisi istehsalı məqsədləri üçün istifadə
edilməsinə, torpaq sahəsi (su obyekti) üzərində
olan hüquqlarının ötürülməsi şərtlərinə
dair ilkin razılığı.
6.5.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) bu Qanunun 6.3-cü və 6.4-cü maddələrinə
uyğun olaraq təqdim edilmiş təklifin və ya onun
ayrı-ayrı aspektlərinin qiymətləndirilməsi məqsədi
ilə həmin təklifi dövlət orqan və
qurumlarına, müvafiq bələdiyyələrə göndərə
bilər.
6.6.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) bu Qanunun 6.3-cü və 6.4-cü maddələrinə
uyğun olaraq təqdim edilmiş təklifi və bununla
bağlı sənədləri, habelə məqsədəuyğun
hesab etdiyi digər sənədləri araşdırdıqdan
sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın(qurumun) təklifini tam və
ya qismən nəzərə almaqla, torpaq sahəsinin (su
obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi
kimi müəyyən edilməsi barədə qərar qəbul
edə bilər. Həmin qərara torpaq sahəsinin
(su obyektinin) yerləşdiyi yeri, ölçülərini və
sərhədlərini göstərən yerquruluşu xəritəsi
əlavə olunur.
6.7. Torpaq
sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin
ərazisi kimi müəyyən edilməsi barədə qərarda
torpaq sahəsinin (su obyektinin) elektrik enerjisinin istehsalı məqsədilə
Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinə uyğun olaraq elektrik
stansiyasının tikintisinə icazə alınması
üçün 2 ildən artıq olmayan müddət müəyyən
olunur. Müəyyən edilmiş müddət
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) əsaslandırılmış
müraciəti əsasında müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
1 ildən çox olmamaqla uzadıla bilər.
Maddə 7. Torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin
ərazisi kimi müəyyən edilməsi barədə qərarın
hüquqi qüvvəsi
7.1. Torpaq
sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin
ərazisi kimi müəyyən edilməsi barədə qərarın
qəbul edildiyi tarixdən:
7.1.1. həmin torpaq sahəsi (su obyekti) bərpa olunan
enerji mənbələrinin ərazisi kimi tanınır;
7.1.2. müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) bu Qanunun 8-ci maddəsinə
uyğun olaraq bərpa olunan enerji mənbələrinin ərazisində
elektrik enerjisi istehsalı üçün
istehsalçının seçilməsi ilə bağlı tədbirlər
görür;
7.1.3. müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) bu Qanunun 6.7-ci maddəsində
müəyyən edilmiş müddət nəzərə
alınmaqla, torpaq sahəsi (su obyekti) üzərində
hüquqların ötürülməsi ilə bağlı
müvafiq tədbirlər görür.
7.2.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) torpaq sahəsinin (su obyektinin) bərpa olunan
enerji mənbələrinin ərazisi kimi müəyyən
edilməsi barədə qərarın və həmin qərarın
hüquqi qüvvəsinə dair arayışın surətini
bu Qanunun 6.4.7-ci maddəsində nəzərdə tutulan şəxslərin
diqqətinə çatdırmaq vəzifəsi
daşıyır.
7.3. Torpaq
sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin
ərazisi kimi müəyyən edilməsi barədə qərarın
qəbul edildiyi tarixdən bu Qanunun 6.7-ci maddəsində
müəyyən edilmiş müddətədək elektrik
stansiyası istisna olmaqla, digər tikinti obyektlərinin
tikintisinə icazə, habelə dövlət və bələdiyyə
mülkiyyətində olan torpaq sahəsində (su obyektində)
tikinti obyektinin inşasına razılıq verilə bilməz.
7.4. Bərpa
olunan enerji mənbələrinin ərazisi kimi müəyyən
edilən torpaq sahəsində (su obyektində) elektrik
stansiyasının tikintisinə və
quraşdırılmasına Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsinə
uyğun olaraq icazə verildiyi andan həmin torpaq sahəsinin
kateqoriyası və torpaq sahəsindən yol verilən istifadə
növü dəyişdirilmiş hesab edilir.
7.5.Torpaq
sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin
ərazisi kimi müəyyən edilməsi barədə qərar
qüvvəsini itirdikdə və ya bu Qanunun 6.7-ci maddəsində
nəzərdə tutulmuş müddət sona çatanadək
bərpa olunan enerji mənbələri ərazisində elektrik
stansiyasının tikintisinə və
quraşdırılmasına icazə alınmadıqda, hər
hansı hərəkət zərurəti olmadan torpaq sahəsi
(su obyekti), o cümlədən torpaq sahəsində yerləşən
tikinti obyektləri üzərində mülkiyyət, istifadə
və ya icarə hüquqları olan şəxslərin həmin
daşınmaz əmlakla bağlı hüquqları bərpa
olunmuş hesab edilir.
Maddə 8. Bərpa olunan enerji mənbələrinin ərazisində
elektrik enerjisi istehsalı üçün
istehsalçının seçilməsi
8.1. Bərpa
olunan enerji mənbələrinin ərazisində elektrik
enerjisi istehsalçısının seçilməsi hərrac
və ya birbaşa cəlbetmə yolu ilə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən həyata keçirilir.
8.2. Hərrac
auksion formasında keçirildiyi halda bərpa olunan enerji mənbələri
ərazisində istehsal olunacaq elektrik enerjisinin zəmanətli
alıcı tərəfindən satınalınması
üçün ən aşağı qiymət təklifi
vermiş şəxs hərracın qalibi hesab olunur.
8.3. Bərpa
olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi
istehsalçısının birbaşa cəlbetmə yolu ilə
seçilməsi müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun)
razılığı ilə aşağıdakı hallarda həyata
keçirilir:
8.3.1. dövlətin maraqları və strateji əhəmiyyət
baxımından zəruri olan pilot və digər layihələr
həyata keçirildikdə;
8.3.2. bərpa olunan enerji mənbələrinin ərazisində
elektrik enerjisi istehsalçısının seçilməsi
üçün keçirilən hərrac baş
tutmadıqda.
8.4. Hərrac
və ya birbaşa cəlbetmə yolu ilə seçilmiş
istehsalçı ilə aşağıdakı müqavilələr
bağlanılır:
8.4.1. müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) arasında investisiya
müqaviləsi;
8.4.2. zəmanətli alıcı arasında elektrik
enerjisinin satınalma müqaviləsi;
8.4.3. elektrik stansiyasının qoşulacağı
şəbəkədən asılı olaraq dövlət
elektroenergetika müəssisəsi və ya enerji təchizatı
müəssisəsi arasında elektrik şəbəkəsinə
qoşulma müqaviləsi.
8.5. Bərpa
olunan enerji mənbələrinin ərazisində elektrik
enerjisi istehsalı üçün seçilmiş
istehsalçılar tərəfindən bu ərazilər
üzrə təsdiq edilmiş güc həddində
quraşdırılan elektrik stansiyasının elektrik şəbəkəsinə
qoşulmasına və istehsal ediləcək elektrik enerjisinin
satınalma müqaviləsi ilə müəyyən
edilmiş müddət ərzində zəmanətli
alıcı tərəfindən satın alınmasına təminat
verilir.
8.6. Bərpa
olunan enerji mənbələrinin ərazisində elektrik
enerjisi istehsalçısının seçilməsi
qaydası, habelə bu Qanunun 8.4-cü maddəsinə əsasən
bağlanılan müqavilələrin xüsusiyyətləri
və şərtləri müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyənləşdirilir.
8.7. Hərrac
və ya birbaşa cəlbetmə yolu ilə seçildikdən
sonra istehsalçı bu Qanunun 6-cı maddəsinə əsasən
bərpa olunan enerji mənbələrinin ərazisinin əhatə
etdiyi torpaq sahəsi (su obyekti) üzərində
hüquqların əldə edilməsi ilə bağlı
müqavilə (müqavilələr) bağlayır. Torpaq sahəsinin
icarəyə götürüldüyü müddət və
su obyektindən istifadə müddətibu Qanunun 8.5-ci maddəsində
nəzərdə tutulmuş müddətdən az olmamaqla tərəflər arasında
razılaşdırılır.
8.8. Hərracvə
ya birbaşa cəlbetmə yolu ilə seçilmiş
istehsalçıya bərpa olunan enerji mənbələrinin ərazisində
tikintiyə və elektrik enerjisi istehsalına icazənin verilməsi
Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinə və “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq tənzimlənir.
Maddə 9. Bərpa olunan enerji mənbələrindən istehsal
edilən elektrik enerjisinin qiymətləri (tarifləri)
9.1. Bərpa
olunan enerji mənbələrindən istehsal olunan elektrik
enerjisinin qiymətləri (tarifləri) elektrik şəbəkəsinə
ötürülən elektrik enerjisinin hər kilovatt-saatı
üçün hesablanır. Ölçmələrə,
ölçü cihazlarına dair tələblər
“Ölçmələrin vəhdətinin təmin edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu, elektrik
şəbəkəsinə ötürülən elektrik
enerjisinə görə hesablaşma, ödənilmə şərtləri
və ödəniş müddəti tərəflər
arasında bağlanılmış müqavilələrlə
müəyyənləşdirilir.
9.2. Bu Qanunun 9.3-cü maddəsi ilə müəyyən
edilən tariflər istisna olmaqla, bərpa olunan enerji mənbələrindən
istehsal olunan elektrik enerjisi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilən topdansatış qiymətləri
(tarifləri) ilə satılır.
9.3. Zəmanətli
tariflər bərpa olunan enerji mənbələrinin ərazisində
elektrik enerjisi istehsalçısının seçilməsi
üçün keçirilən hərrac vasitəsilə,
istehsalçı birbaşa cəlbetmə yolu ilə
seçildikdə isə istehsalçı iləmüvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) arasında əldə edilmiş razılıq əsasında
müəyyən edilir.
9.4. Zəmanətli
tariflər bu Qanunun 8.5-ci maddəsinə uyğun olaraq
satınalma müqaviləsində müəyyən edilən
müddət ərzində tətbiq edilir.
Maddə 10. Aktiv istehlakçının dəstəklənməsi
mexanizmi
10.1.
İstehlakçılar elektrik enerjisi istehlakını tam və
ya qismən təmin etmək üçün elektrik
stansiyalarını quraşdıra və bu stansiyalar vasitəsilə
istehsal edilmiş elektrik enerjisinin istehlakından artıq hissəsini
daha sonra əvəzləşdirmək məqsədilə
elektrik təchizatı şəbəkəsinə ötürə,
habelə istehlak istehsaldan çox olduğu təqdirdə
şəbəkədən elektrik enerjisi qəbul edə bilərlər.
10.2.Əvəzləşdirmə
üçün müəyyənləşdirilmiş hesabat
dövrü başa çatdıqdan sonra yaranmış
qalıq elektrik enerjisinin dəyəri aşağıdakı
şəkildə hesablanır:
10.2.1. şəbəkədən alınmış
elektrik enerjisi şəbəkəyə
ötürülmüş elektrik enerjisindən çox
olduqda aktiv istehlakçı qalıq elektrik enerjisinin dəyərini
özünün aid olduğu istehlakçı qrupuna uyğun
pərakəndə satış tarifi ilə elektrik enerjisinin təchizatçısına
ödəyir;
10.2.2. şəbəkədən alınmış
elektrik enerjisi şəbəkəyə
ötürülmüş elektrik enerjisindən az olduqda
elektrik enerjisinin təchizatçısı qalıq elektrik
enerjisinin dəyərini mövcud topdansatış tarifi ilə
istehlakçıya ödəyir.
10.3. Aktiv
istehlakçının dəstəklənməsi mexanizmindən
istifadə edən istehlakçılar öz vəsaitləri
hesabına elektrik şəbəkəsinə
ötürülən və şəbəkədən
alınan elektrik enerjisinin hesablanmasına imkan verən
sayğac quraşdırmalı və elektrik şəbəkəsinə
qoşulmalıdırlar.
10.4. Aktiv
istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi
qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 11. Elmi tədqiqatların dəstəklənməsi
11.1.
Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadə sahəsində elmi tədqiqatların dəstəklənməsi
yeni texnologiyaların, avadanlığın və
materialların yaradılması, habelə tətbiqi üzrə
innovasiya layihələri çərçivəsində həyata
keçirilir.
11.2.
Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadə sahəsində elmi tədqiqatların bu Qanun əsasında
dəstəklənməsi aşağıdakı istiqamətlər
üzrə həyata keçirilən elmi fəaliyyətlərə
tətbiq edilir:
11.2.1. elmi nailiyyətlərin və yeniliklərin tətbiqi;
11.2.2. yeni materiallar, texnika və texnologiyaların
yaradılması və tətbiqi;
11.2.3. proqram və layihələrin
hazırlanması;
11.2.4. araşdırma və təkmilləşdirmə
fəaliyyəti.
3-cü fəsil
Elektrik
enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadə sahəsində texniki və təşkilati tələblər
və məlumatlandırma
Maddə 12. Elektrik stansiyalarının layihələndirilməsi,
tikintisi və quraşdırılması
Elektrik stansiyalarının layihələndirilməsi,
tikintisi və quraşdırılması Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə,
şəhərsalma və tikintiyə dair digər normativ
hüquqi aktlara, o cümlədən texniki normativ hüquqi
aktlara uyğun olaraq həyata keçirilir.
Maddə 13. Bərpa olunan enerji mənbələrindən elektrik
enerjisinin istehsalı üçün torpaq sahəsi (su
obyekti) üzərində hüquqların əldə edilməsi
Bərpa
olunan enerji mənbələrinin əraziləri kimi müəyyən
edilmiş torpaq sahələri (su obyektləri) istisna olmaqla, bərpa
olunan enerji mənbələrindən istifadə məqsədilə
elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi
(su obyekti) üzərində hüquqlar Azərbaycan
Respublikasının Torpaq Məcəlləsi, Azərbaycan
Respublikasının Su Məcəlləsi və Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
tələblərinə uyğun olaraq əldə edilir.
Maddə 14. Elektrik enerjisinin istehsalına icazə
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş güc həddindən yuxarı gücdə bərpa
olunan enerji mənbələrindən elektrik enerjisi
istehsalına “Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikasının Qanununun tələblərinə uyğun
olaraq icazə alınır.
Maddə 15. Bərpa olunan enerji mənbələri üzrə
informasiya sistemi
15.1. Bərpa
olunan enerji mənbələri potensialından səmərəli
istifadə, fəaliyyət planının icrası, məlumatlandırma
işinin təşkili məqsədilə bərpa olunan enerji
mənbələri üzrə informasiya sistemi
yaradılır.
15.2. Bərpa
olunan enerji mənbələri üzrə informasiya sistemində
bərpa olunan enerji mənbələri ilə bağlı digər
məlumatlarla yanaşı, bərpa olunan enerji mənbələrindən
elektrik enerjisi istehsal edən hər bir stansiya və onların
cəmi üzrə aşağıdakı rüblük və
illik məlumatlar yerləşdirilir:
15.2.1. stansiyanın layihədə nəzərdə
tutulmuş gücü;
15.2.2. hesabat dövründə stansiyada istehsal olunan
elektrik enerjisinin həcmi;
15.2.3. hesabat dövründə stansiyanın
istehsalı nəticəsində ölkə üzrə qənaət
olunmuş təbii qazın həcmi;
15.2.4. qənaət olunmuş yanacağa görə
karbon qazı kvotasının satışından əldə
edilən gəlirin həcmi.
Maddə 16. Bərpa olunan enerji mənbələrindən istehsal
edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat
16.1.
Elektrik enerjisi təchizatçılarının
istehlakçılara satılan elektrik enerjisinin mənbəyinin
sənədləşdirilməsi, elektrik enerjisi bazarında
alqı-satqı zamanı bərpa olunan enerji mənbələrindən
istehsal edilən elektrik enerjisi mənbəyinin müəyyənləşdirilməsi
və izlənilməsi, istehsalçıların bu Qanun
çərçivəsində müəyyən edilmiş dəstək
mexanizmlərindən istifadə etməsi məqsədilə
istehlakçı və ya istehsalçının müraciəti
əsasında müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpa
olunan enerji mənbələrindən istehsal edilmiş elektrik
enerjisinin mənbəyinə dair sertifikat verilir.
16.2. Bərpa
olunan enerji mənbələrindən istehsal edilmiş elektrik
enerjisinin mənbəyinə dair sertifikatın verilməsi
qaydası və forması müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
Maddə 17. Elektrik şəbəkələrinə qoşulma və
ondan istifadə
17.1. Bərpa
olunan enerji mənbələrindən istehsal edilən elektrik
enerjisinin ötürülməsi və paylanması
ayrı-seçkiliyə yol verilmədən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilmiş tariflərə
əsasən təmin edilir.
17.2. Bərpa
olunan enerji mənbələrindən elektrik enerjisi
istehsalçıları elektrik enerjisinin ötürülməsi
və paylanması üçün üstünlüyə
malikdir.
17.3.
İstehsalçılar ilə dövlət elektroenergetika
müəssisəsi və ya enerji təchizatı müəssisəsi
arasında elektrik stansiyalarının elektrik şəbəkəsinə
qoşulması müqaviləsi bağlanılır.
17.4.
Elektrik şəbəkəsinin inkişafı
planlaşdırılarkən elektrik stansiyalarının şəbəkəyə
vaxtında qoşulmasını və tam istismarını təmin
etmək üçün fəaliyyət planı nəzərə
alınır.
4-cü fəsil
Elektrik
enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadə sahəsində hüquq və vəzifələr
Maddə 18. İstehsalçıların hüquq və vəzifələri
18.1.
İstehsalçılar aşağıdakı hüquqlara
malikdirlər:
18.1.1. bu Qanunla müəyyən edilmiş hallarda dəstək
mexanizmlərindən istifadə etmək;
18.1.2. istehsal edilmiş elektrik enerjisini satmaq;
18.1.3. elektrik şəbəkəsinə qoşulmaq və
istehsal etdiyi elektrik enerjisinin qoşulduğu şəbəkə
vasitəsilə ötürülməsini tələb etmək;
18.1.4. bu Qanunla müəyyən edilmiş digər
hüquqlar.
18.2.
İstehsalçıların aşağıdakı vəzifələri
vardır:
18.2.1. elektrik enerjisi istehsalında bərpa olunan enerji
mənbələrindən istifadə sahəsində mütərəqqi
texnologiyadan istifadə etmək;
18.2.2. elektrik şəbəkəsinə qoşulma xərclərini
ödəmək;
18.2.3. bu Qanunla müəyyən edilmiş digər vəzifələr.
18.3.
İstehsalçılar (gücü 10 MVt-dan çox olan su
elektrik stansiyaları istisna olmaqla) balanslaşdırma məsuliyyətindən
azaddırlar.
18.4.
İstehsalçılar yalnız öz razılıqları
ilə balanslaşdırmaya cəlb oluna bilərlər və
bundan irəli gələrək balanslaşdırma məsuliyyətini
daşıyırlar.
Maddə 19. Dövlət elektroenergetika müəssisəsi və
enerji təchizatı müəssisəsinin hüquq və vəzifələri
19.1.
Dövlət elektroenergetika müəssisəsi və enerji təchizatı
müəssisəsinin aşağıdakı hüquqları
vardır:
19.1.1. texniki normativ hüquqi aktlara və elektrik şəbəkəsinə
qoşulma müqaviləsinə uyğun olaraq elektrik
stansiyalarının qoşulması və elektrik enerjisinin
ölçülməsi sxemlərini təftiş etmək;
19.1.2. qoşulmaya dair texniki tələblərin pozulduğu, elektrik enerjisi sistemində fövqəladə hallar baş verdiyi və ya fövqəladə halların başvermə təhlükəsi yarandığı hallarda elektrik stansiyalarını ayırmaq və ya elektrik enerjisinin istehsalının məhdudlaşdırılmasını tələb etmək;
19.1.3. elektrik şəbəkəsinə qoşulma müqaviləsinə uyğun olaraq, istehsalçıdan istehsal həcmlərinə dair proqnozlar almaq;
19.1.4. bu Qanunla müəyyən edilmiş digər hüquqlar.
19.2. Dövlət elektroenergetika müəssisəsi və enerji təchizatı müəssisəsinin aşağıdakı vəzifələri vardır:
19.2.1. elektrik stansiyalarını şəbəkədə ən yaxın və ən əlverişli nöqtəyə qoşmaq;
19.2.2. bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisini şəbəkəsi vasitəsilə ötürmək və paylamaq;
19.2.3. elektrik stansiyalarının qoşulması məqsədilə şəbəkəni müasirləşdirməkvə genişləndirmək üçün tədbirlər görmək;
19.2.4. bu Qanunla müəyyən edilmiş digər vəzifələr.
5-ci fəsil
Yekun
müddəa
Maddə 20. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan
Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət
məcəllələrində nəzərdə tutulmuş
hallarda məsuliyyət daşıyırlar.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 31 may 2021-ci
il
Azərbaycan.-2021.-
14 iyul.- S.4.