“YAŞAT”
yaralılarımızı yaşadacaq
Daha səkkiz
qazimiz bu fondun xətti ilə
müalicə üçün Türkiyəyə
göndərildi
44 günlük Vətən müharibəsini zəfərlə başa vuran qazilərimizin normal həyata qaytarılması üçüm dövlət və xalqımız tərəfindən təqdir edilən dəstək göstərilir.
Bu mənada “Yaşat” Fondunun fəaliyyəti birmənalı şəkildə ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. İndiyə kimi xeyli qazimiz Fondun xətti ilə müalicəyə cəlb olunub.
Ağır yaralanan daha səkkiz qazimiz (Hüseynov Tural Araz oğlu, Bağırov Yaşar Yavər oğlu, Məmmədov Məhəmməd Asif oğlu, Məmmədzadə Adəm Gülhəsən oğlu, Nağıyev Şıxseyid Vahid oğlu, Novruzov Rəşad Lətif oğlu, Məhərrəmov Əkbər Səyyaf oğlu və Qurbani Ruslan Qulam oğlu) “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib.
Qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. Onların müalicəsi tam yekunlaşana qədər nəzarətdə saxlanacaq. Həkim rəyi əsasında ağır yaralı olanların müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 120 qazimiz Türkiyəyə göndərilib. Onlardan 50-nin sağlamlıq proseduru artıq uğurla yekunlaşıb və geri qayıdıblar.
Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün
nəzərdə tutulan dərman vasitələri
də Fond tərəfindən təmin edilib.
Azərbaycan.-2021.- 14 iyul.- S.7.