Musa Məmmədovun
bu gün də yeri görünür
Musa müəllimlə tanışlığımın tarixçəsi cəmi 11 il olsa da, mənə elə gəlirdi ki, onu lap çoxdan tanıyıram və sanki bu ləyaqətli insanla uzun illər dostluq etmişəm, birlikdə çalışmışam. Bunun sadə bir səbəbi var. Musa müəllim tələbəlik-gənclik dövründən üzü bəri həyatının bütün mərhələlərini, keçdiyi həyat yolunu, elmi, pedaqoji, dövlət orqanlarındakı xidməti fəaliyyəti ilə bağlı ən mühüm məqamları mənə danışar və mən də çox böyük həvəslə onun söhbətlərini dinləyərdim. Ona görə də mənə elə gəlirdi ki, Musa müəllimi elə onun gənclik illərindən tanıyıram.
Həyat və tale elə gətirdi ki, mən 2008-ci ildən aqrar siyasət məsələləri ilə məşğul olmağa başladım. Musa müəllimlə tanışlığımız da həmin ilə təsadüf etdi. O, Nazirlər Kabinetində Baş nazirin aqrar məsələlər üzrə müşaviri idi. Aqrar sahənin ağsaqqalı hesab etdiyimiz Musa müəllimin həmin dövrdən etibarən həm mənəvi, həm də sahənin mükəmməl bilicisi kimi peşəkar dəstəyini gördüm. Rəsmi və xidməti əməkdaşlığımız az sonra səmimi münasibətə çevrildi. Gündə 2-3 dəfə danışırdıq, sual doğuran məsələləri onunla məsləhətləşirdim. Kənd təsərrüfatının özəlliklərini, aqrar bilikləri Musa müəllimdən öyrəndiyim üçün onu həm də bu sahədə böyük müəllimim hesab edirdim.
Musa Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə aqrar sahə ilə bağlı dövlət qurumlarında mühüm və məsul vəzifələr tutub. O, həmişə
70-80-ci illərdə Azərbaycanda aqrar-sənaye kompleksinin inkişafı sahəsində Heydər Əliyevin tarixi xidmətlərindən, həmin dövrdə kənd təsərrüfatında əldə edilmiş uğurlu nəticələrdən həvəslə və qürurla söhbət açırdı.
O, aqrar sahənin mövcud vəziyyətinə və inkişaf perspektivlərinə çox geniş rakursdan baxır, təhlil edir və doğru nəticələrə gəlirdi. Həm təcrübəli dövlət məmuru, həm də kənd təsərrüfatının ən xırda incəliklərini və sirlərini bilən aqronom alim kimi Musa müəllimin məsələlərə özünəməxsus münasibəti vardı. O, kənd təsərrüfatının inkişafında aqrar elmin əhəmiyyətini, rolunu yüksək dəyərləndirirdi və bunu sübut edirdi.
Musa müəllim olduqca ədalətli, dürüst, vicdanlı, səmimi və ləyaqətli bir insan idi. Bu cəhətlər alim və müəllim, məmur və dövlət xadimi, ağsaqqal və dəyərli bir insan, etibarlı dost və nümunəvi ailə başçısı kimi xarakterini və təbiətini səciyyələndirməklə ona kamil şəxsiyyət keyfiyyəti qazandırmışdır. Elə bu səbəbdən istənilən gənc mütəxəssis və ya məmur Musa müəllimdən dəyərli keyfiyyətlər əxz edirdi. Ondakı alicənablıq, kübarlıq, əməksevərlik, prinsipiallıq, səbir və təmkin, təvazökarlıq yaşından asılı olmayaraq hər kəs üçün nümunə idi.
Bizim birlikdə bir neçə dəfə kənd təsərrüfatı məsələləri ilə bağlı rayonlara səfərlərimiz olub. O, hər bir rayonun aqrar sahədə xüsusiyyətlərini, problemlərini, potensialını, ixtisaslaşma məsələlərini çox mükəmməl bilirdi. Hər bir rayonun 70-80-ci illərdə müxtəlif kənd təsərrüfatı məhsulları üzrə hansı istehsal, əkin sahəsi, məhsuldarlıq göstəricilərinə bələd idi. Elə bu üzdən ölkədə aqrar sahə üzrə fəallığın artdığı bir vaxtda rayon rəhbərləri pambıqçılıq, tütünçülük, taxılçılıq və s. bu kimi məsələlərlə bağlı Musa müəllimə müraciət edir, onunla məsləhətləşirdilər.
Musa müəllim aqrar sahənin mükəmməl bilicisi olmaqla yanaşı, onda sahə ilə bağlı çox güclü təəssübkeşlik hissi də vardı. Rayonlara səfərlərimiz vaxtı o yolboyu sahələrdə gedən becərmə işlərini diqqətlə izləyir, aqrotexniki qaydaları gözləməyən fermerlərə, sahibkarlara iradlarını bildirir, tövsiyə və məsləhətlərini verir, eyni zamanda şumu, səpini, suvarmanı, gübrələnməni vaxtında aparmayan rayonların rəhbərlərini ərkyana tənbeh edirdi.
Torpaqdan səmərəli istifadə, kəndin inkişafı, regionlarda məşğulluq, fermerlərin istehsal etdikləri məhsulların satış problemləri, bitkiçiliyin bəzi sahələrində aşağı məhsuldarlıq, bir çox hallarda əkinçilik mədəniyyətinə əməl edilməməsi, emal sənayesinin mövcud durumu, ölkəmizin taxıl məhsulları ilə etibarlı təminatı, ərzaq təhlükəsizliyi və s. bu kimi məsələlər Musa müəllimi həmişə düşündürür və qayğılandırırdı.
Musa müəllim ömrünün son on ili ərzində Prezident İlham Əliyevin aqrar sahədə müəyyən etdiyi dövlət siyasətinin müxtəlif istiqamətlərinin hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak etmişdir. 2016-cı ildən başlayaraq dövlət başçısının ümumi rəhbərliyi ilə ölkəmizdə kənd təsərrüfatının mövcud potensialının hərəkətə gətirilməsi və bu sahədə imkanların səfərbər edilməsi istiqamətində genişmiqyaslı tədbirlərə start verəndə Musa müəllimin dəyərli məsləhət və tövsiyələri köməyə gəlirdi. Kənd təsərrüfatının müxtəlif məsələləri ilə bağlı qərarlar, dövlət proqramları hazırlanarkən, müvafiq qurumların rəhbərlərinin iştirakı ilə müzakirələr aparılarkən Musa müəllim də dəvət edilir, onun məsləhət və tövsiyələri dinlənilirdi. Təsadüfi deyil ki, Musa Məmmədov aqrar sahədəki çoxillik fəaliyyətinə və xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. O, dövlət başçısının aqrar sahədə qarşıya qoyduğu vəzifələrin vacibliyini, strateji əhəmiyyətini həssaslıqla hiss edir, çox yüksək qiymətləndirir və onların icrası üçün fədakarlıqla çalışırdı, özü də qətiyyətli mövqe və prinsipiallıqla. Çünki Musa müəllimin sahəyə rəhbərlik etmiş dövlət məmuru kimi həm çoxillik təcrübəsi, həm də aqronom alim kimi məsələlərə elmi yanaşması vardı. O, yaxşı bilirdi ki, kənd təsərrüfatının hər bir məsələsi aqrar elmi yanaşma tələb edir və burada subyektivliyə və özfəaliyyətə yol verilə bilməz.
İlk baxışdan elə təsəvvür yarana bilər ki, Musa müəllim qayğısız, yalnız uğur və nailiyyətlərlə, karyera yüksəlişləri ilə yadda qalan bir həyat yolu keçib. Əslində isə o, həyatın ən çətin və ağır sınaqları ilə üz-üzə gəlmişdi. Amma nə qədər çətin olsa da, mətinliyini və dəyanətini itirməmiş, sınmamış, ən ağır dərdə belə sinə gərə bilmişdi.
Bu gün də aqrar məsələlərlə bağlı müzakirələrdə həmkarlarımız tez-tez Musa müəllimin fikirlərinə, tövsiyələrinə istinad edirlər. Danmırıq - aqrar sahədə dövlət siyasətininin istər hazırlanması, istərsə də həyata keçirilməsi prosesində Musa müəllimin yeri çox görünür.
Azər
ƏMİRASLANOV,
Azərbaycan Respublikası Nazirlər
Kabineti İqtisadiyyat şöbəsinin müdiri
Azərbaycan.-2021.- 15 iyul.- S.10.