Yaylağa çıxırıq...

 

Bir qərinəlik həsrətin sonunda Kəlbəcər dağları ilk sakinlərinə qucaq açmağın bəxtəvərliyini yaşayır

 

 

 

Nə xoşbəxtsiniz, arılar?!.

 

Neçə ildir intizarında olduğumuz o sevincli anlara ilk qovuşan siz oldunuz...

 

Xəyallarımızın şah taxtı, təbiətin möcüzəsi Kəlbəcərin ilk mehmanı siz oldunuz...

 

Binələri çadır-çadır dağlarına, sərin, ilıq yaylaqlarına, yaşıl çəmənlərinə ilk azadə qanad açan siz oldunuz...

 

Sevinclə uçaraq güldən-gülə qondunuz, Kəlbəcərin cənnət ətirli çiçəklərini bağrınıza basıb qoxusunu könlünüzə, qəlbinizə hopdurdunuz, ürəyinizdəki qəm-qüssə, özləm, həsrət, intizara bir andaca son qoydunuz...

 

Kaş, yerinizə olaydım...

 

Bəli, bəli, qibtə edirəm sizə, arılar...

 

Köhnə, vərəqləri saralmış, qalın cildli bir kitab var evimizdə...

 

Kəlbəcərdən, Sınıqkilsədən (indi Hacıkənd) köçkün düşən zaman lazımi sənədlərimizi onun içinə qoyub gətirmişdik. Sonradan həmin kitabı vərəqləyəndə bizi kövrəldən bir xəzinə ilə rastlaşmışdıq...

 

Kəlbəcər çəmənlərindən dərilən üç gül çıxmışdı qarşımıza: nərgiz, bənövşə, maralgülü...

 

Demək olar ki, bu illər ərzində Kəlbəcərin, onun yaylaqlarının ətrini, çoxdan təravətini də, qoxusunu da, rəngini də itirən bu üç solğun çiçəkdən almağa çalışardıq...

 

Gözlərimizi yumar, xəyalən o ulu dağlara, o zümrüd meşələrə, o büllur bulaqlara, o ucsuz-bucaqsız çəmənlərə səyahət edər, yenə yaylağa çıxardıq...

 

***

 

Qəfildən, günün günorta çağı yaylaqda Günəş yoxa çıxar və səmada toqquşan nəhəng buludların qəzəb qılıncları parlayaraq dağların zirvəsinə, şiş qayalara hücuma keçərdi. İldırımın nəriltisi bir andaca coşub-daşan dağ çaylarının şaqqıltısına qoşulub dərələrdə, yarğanlarda dəhşətli əks-səda verərdi...

 

Göydəki qovğadan can qurtararaq Yer üzünə can atan iri yağış damlaları qatarlanmış alaçıqların çadırlarını döyəcləməyə, dirəklərin üstü ilə yaşıl çəmənlərin köksünə süzülməyə başlayardı. Yaş torpağın cənnət qoxusu isə gülxətminin, qantəpərin rayihəsinə qarışaraq burum-burum dərə-təpələrə, yaylaqlara yayılardı...

 

Və cəmi bir neçə dəqiqədən sonra sanki göylərin hirs-hikkəsi soyuyar, qaş-qabağı açılar və Günəşin üzünə tutduğu rübəndi açaraq yerlərə şölə saçmasına icazə verərdi...

 

Yay yağışından canına sərinlik, təravət hopan yaylaqlarda yenidən həyat qaynamağa başlayardı. Bir andaca bəyaz papaqlı göbələklər yaşıl çəmənləri bürüyərdi... Çiçəklər, güllər, otlar inci kimi üzərlərində sıralanan damlalarla Günəşin şəfəqləri altında bərq vurar, al-əlvan kəpənəklərsə onların başına dolanardı. Quşların şən avazı aləmi başına götürər, uzaqda, sıldırım qayaların baş-başa çatdığı yerdə isə “Fatma nənə al-əlvan hənasını qurubintizarlaarzular körpüsünün altından keçməyə gələnləri gözləməyə başlayardı...

 

O zaman alaçıqlara sığınaraq yağışın bitməsini səbirsizliklə gözləyən uşaqların arasında mən də olardım. Və biz sevinclə özümüzü çölə ataraq quzuları da qabağımıza qatıb dağların döşünə qaçardıq. Yay yağışından sonra çayların daşaraq az qala dağların zirvəsinə qədər qalxan köpüklü selinə tamaşa etməyə tələsərdik...

 

Kəlbəcər elinin ən gözəl dövrü, yaylaqlarda yaşam ərəfəsi olardı...

 

Biz bunadağa köçmək” deyərdik...

 

***

 

Təbiətən sərt, çətin relyefə malik Kəlbəcərin ən mərhəmətli, yumşaq, həlim dövrü yay fəsli olurdu desək, yəqin ki, yanılmarıq. Çünki ilin digər fəsillərində leysan yağışları, şaxtası, qarı, sazağı ilə insanları sınağa çəkən Kəlbəcər sanki bütün məharətini, cah-cəlalını yay fəsli üçün qoruyub saxlayardı...

 

Və yaylaqları gül-çiçəyi, durna gözlü bulaqları çağlayan şəlalələri, başı qarlı zirvələri ilə kəlbəcərlilərin pişvazına elə hazırlaşardı ki, bir andaca şaxta da, iliklərinə qədər işləyən sazaq da canlarından çıxar, əzəmətli dağlardan əsən ilıq mehlə sovrulub gedərdi...

 

Kəlbəcərdə hər kəndin birya bir neçə yaylağı vardı. Məktəblər bağlanıb yay tətili gələndə Sınıqkilsənin sakinləri də Qoç daş yaylağına çıxardı. Həm özləri dincələr, həm də qış ehtiyatı tutardılar. Yaylağa çox şey aparılmazdı, ancaq zəruri əşyalar qovğarılıb yük maşınına yığılardı.

 

Biz uşaqlarsa maşına minməyi xoşlamaz, elə pay-piyada mal-qara, qoyun-quzu, çoban itlərinin hay-küylü köçünə qoşulub üzü dağlara qalxardıq. Kəndimizin ortasından iri bir çay keçərdi və evlər hər iki tərəfdə dağların döşündə sıralanmışdı. Başdan-başa meşəlik idi, amma biz yaylağa qalxdıqca meşəlik azalar, ağaclar yavaş-yavaş öz yerini az qala elə ağac hündürlüyünə qalxmış otlara verərdi. Bu cür hündür otları birtəhər yara-yara irəliləyərdik.

 

Yaylağa çatanda görərdik ki, artıq alaçıqlar qurulmağa başlanıb. Kişilər əvvəlcə alaçığın dirəklərini basdırar, sonra tavan hissəsini çubuqlarla hörər, ən sonda çadırı çəkərdilər...

 

Onlar bu işləri görən ərəfədə isə qadınlar ocaq qalayar, qazan asardılar. Uzaqdan baxanda bütün çadırların ətrafından uzanaraq buludlara qovuşan tüstü burumları görünərdi...

 

Uşaqlar ucsuz-bucaqsız çəmənlərə yollanar, ətri adamı bihuş edən gül-çiçəkdən çələng hörər, kəpənəklərlə rəqs edər, çöl arılarının arxasınca düşüb sıldırım qayalara dırmaşar, onların Kəlbəcərin min bir çiçəyindən çəkib hazırladıqları şəffaf baldan ləzzətlə dadardı...

 

Daha sonra qəzəbli arıların əlindən qurtulmaq üçün qaçaraq yenidən çəmənlərə üz tutardı...

 

Axşamlar yumşaq otun üzərinə uzanıb göy üzünə baxmaq isə təsvirəgəlməz bir macəra olardı. Yaylaqlar çox hündürlükdə yerləşdiyi üçün adamda elə bir hiss yaranardı ki, sanki yerlə-göyün qovuşduğu yerdəsən və əl uzatsan o ulduzlara, aya toxuna bilərsən...

 

***

 

Səhər ala-qaranlıqda lap uzaqlardan, haradansa çoban tütəyinin yanıqlı səsi dağ-daşda əks-səda verərdi. Səbəbini bilmirəm, amma bu səsi eşitmək hər zaman məndə qüssəli hisslər oyadardı...

 

Heç zaman o tütəyi çalan şəxsi görməz, kimliyini bilməzdik... Sanki bu, təbiətin öz səsi, öz sehrli musiqisi idi qulaqlarımızda səslənərdi...

 

Elə bu ecazkar çağırışdan sonra arxaclardan buraxılan mal-qara otlağa yollanar, yenicə doğulan quzular, buzovlar onların arxasınca yanıqlı-yanıqlı mələşərdilər. Axşamüstü naxır, qoyun sürüsü örüşdən qayıdanda isə ana və balaların qovuşması əsnasında bütün yaylağı elə bir səs-küy bürüyərdi ki, qulaq tutulardı...

 

Analar süd vedrələrini götürüb arxaca yollanar, uşaqlarsa qoyunların başından bir-bir tutub saxlayardılar ki, onlar südü rahatlıqla sağa bilsinlər. Az keçməmiş qıjıltı ilə vedrəyə axan köpüklü südün ləzzətli ətri ətrafı bürüyərdi.

 

Daha sonra ocaqlar çatılar, sağılan südlər bişirilərdi. Kimisi süddən qatıq çalar, kimisi pendir tutar, kimisi də çiyə çəkərdi...

 

Bir də görərdin ki, dərələrdən sürünə-sürünə gələn duman alaçıqların ətrafını bürüdü, göz-gözü görmədi. Yadımdadır, belə olanda uşaqlar bir-birimizə qoşulub dumanda azan buzovları axtarmağa gedərdik.

 

Bir dəfə avqust ayında qar yağması isə yaylaqla bağlı yaddan çıxmaz xatirələrimdəndir...

 

Sanki qış qayıtmışdı, birdən-birə hava buz kəsmiş, lopa-lopa qar yağmış, hər tərəf ucsuz-bucaqsız bəyaza bürünmüşdü. O zaman çırtaçırtla yanan sobaların ətrafına yığışaraq təbiətin bu şıltaqlığına heyrətlə tamaşa etmişdik...

 

***

 

Kəlbəcər yaylaqlarının mehmanları da çox olardı...

 

Bulaqların başı qonaq-qara ilə dolub-daşar, saz-söz məclisləri düzənlənərdi. Sacda xamıralı bişirilər, qırxbuğum kətəsi salınar, nehrələr çalxanar, buz kimi ayran ürəklərə sərinlik gətirərdi...

 

Samovarlar pıqqapıq qaynayar, kəklikotulu çay dəmlənər, əmlik quzulardan kabab çəkilər, yarpızlı dovğanın ətri aləmi bürüyərdi...

 

 Bəli, bütün bunlar illər əvvəl baş verərdi...

 

Amma şükür Tanrıya ki, düz

 

28 ildən sonra Kəlbəcər yaylaqları yenidən əziz qonaqlarını eyni təntənə ilə qarşılayır...

 

Yenə də çəmənlərini xalı kimi sərib, soyuğu ilik sızladan bulaqları şövqlə çağlayır, gülləri-çiçəkləri min bir rayihə saçır.

 

Artıq qoyunçuluq və arıçılıq təsərrüfatları işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülüb...

 

O günuzaqda deyil ki, tezliklə bütün Kəlbəcər eli öz doğma yurduna qayıdacaq, od-ocağını qalayacaq, toy-büsatını quracaq, təbiətin ahənginə qoşulub yayda yaylaqlarına, payızda binələrinə köçəcək...

 

Bəli, Kəlbəcər xoşbəxtdir...

 

Yaylaqları sevinir, çünki illərdir həsrətlə yolunu gözlədiyi doğma eli, doğma sakinləri, əziz qonaqları qoynuna qayıdır...

 

 

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2021.- 15 iyul.- S.11.