Aqrar sahədə
istehsalın və emal sənayesinin
inkişafına dair bir
sıra tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Ötən dövrdə Azərbaycanda
kənd təsərrüfatı
sürətlə inkişaf
edərək, qeyri-neft
iqtisadiyyatının mühüm
sahələrindən birinə
çevrilmişdir. Aqrar sektorda
həyata keçirilən
islahatlar və yeni çağırışlara
uyğun strateji hədəflərin müəyyənləşdirilməsi
kənd təsərrüfatının
davamlı inkişafına
əhəmiyyətli təsir
göstərmişdir. Bu çərçivədə
elektronlaşmanın tətbiqi,
dövlət xidmətlərinin
optimallaşdırılması, eləcə də səmərəli idarəetmə
sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini
şərtləndirmiş və
emal sənayesinin güclənməsi üçün
əlverişli imkanlar
yaratmışdır.
Ölkədə aqrar emal sənayesinin
dayanıqlı inkişafı
qeyri-neft sektorunun ixrac potensialının möhkəmləndirilməsi və
ərzaq təhlükəsizliyinin
təmin olunması baxımından vacibdir. Bunu nəzərə
alaraq, kənd təsərrüfatının yüksəlişinə
dəstək mexanizmi məqsədyönlü şəkildə
davamlı olaraq təkmilləşdirilməlidir.
Rəqabətədavamlı kənd təsərrüfatı
məhsullarının emalı
sənayesinin genişləndirilməsi
və istehsalın dəyər zəncirinin həlqələri üzrə
artırılması məqsədilə
istehsalçıların müvafiq
resurslara, o cümlədən
əlverişli maliyyə
resurslarına asan çıxışının təmin edilməsi, bazar infrastrukturunun və aqrar biznes
mühitinin daha da yaxşılaşdırılması
istiqamətində işlərin
sürətləndirilməsi tələb olunur.
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, kənd təsərrüfatı
sahəsində istehsalın
və emalın davamlı artımının
təmin edilməsi məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. aşağıdakı sahələrdə normativ
hüquqi bazanın təkmilləşdirilməsinə dair layihələri hazırlayıb beş ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin:
1.1.1. torpaqların kateqoriyalara aid edilməsi,
onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının
dəyişdirilməsi;
1.1.2. torpaqların idarə edilməsi, mühafizəsi, qanunsuz istifadəsinin qarşısının
alınması, habelə
münbitliyinin qorunması,
bərpası və artırılması;
1.1.3. aqrar emal
məhsulları istehsalçıla
rı tərəfindən
kənd təsərrüfatı
təyinatlı torpaqlarda
yaşayış, suvarma
infrastrukturu və emal üçün müvəqqəti tikililərin
inşası;
1.1.4. aqroparkların fəaliyyətinin tənzimlənməsi;
1.2. aşağıdakı məsələlərlə bağlı
təkliflərini üç
ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin:
1.2.1. kənd təsərrüfatı
təyinatlı torpaqların
səmərəli istifadəsi
məqsədilə həmin
torpaq sahələrinin
icarəyə və istifadəyə verilməsi
mexanizminin təkmilləşdirilməsi,
torpaqların konsolidasiyası
təcrübəsinin tətbiqi;
1.2.2. ixrac məqsədli
aqrar istehsal mallarına gömrük və vergi güzəştlərinin
tətbiqi;
1.2.3. aqrotexniki xidmət
göstərilməsi və
mülkiyyət hüququnun
saxlanılması şərtilə
kənd təsərrüfatı
texnikasının lizinqə
(icarəyə) verilməsinin
əlavə dəyər
vergisindən azad edilməsi, habelə yerli kənd təsərrüfatı məhsullarının
topdansatışı zamanı
tətbiq edilən əlavə dəyər vergisinin ticarət əlavəsinə görə
hesablanması;
1.2.4. idxal mallarını
yerli istehsal (emal) malları ilə əvəz edəcək məhsulların
dairəsinin müəyyənləşdirilməsi,
maya dəyərini təşkil edən xərclərin optimallaşdırılması
və istehsal edilən yerli məhsulların qiymətinin
azaldılması üçün
aqrar emal müəssisələrinə vergi
təşviqlərinin verilməsi;
1.2.5. aqrar istehsal
sahəsində fəaliyyət
göstərən müəssisələrin,
habelə aqroparkların
investisiya təşviqi
mexanizmindən yararlanma
imkanlarının genişləndirilməsi;
1.2.6. aqrar istehsal
və emalla məşğul olan mikro, kiçik və orta sahibkarlıq
subyektlərinə dövlət
dəstəyi verilməsi,
o cümlədən kredit-zəmanət
üzrə yeni maliyyələşdirmə alətlərinin
tətbiqi;
1.3. kənd təsərrüfatı məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsinə dair tədbirlər görsün və nəticəsi barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi beş ay müddətində:
2.1. torpaq islahatı zamanı vətəndaşlara verilmiş pay torpaqlarına dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə torpaq islahatı həyata keçirilməmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan müvəqqəti istifadə mexanizminin formalaşdırılması ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
3.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə beş ay müddətində aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammala tələbatını, istehsalçıların istehsal etdiyi kənd təsərrüfatı məhsullarına dair məlumatları əks etdirən və elektron ticarət imkanlarına malik olan portalın yaradılması ilə bağlı “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 iyul 2021-ci il
Azərbaycan.-2021.- 16 iyul.- S.3.