Şəhidin xatirəsi doğum günündə yad
edildi
Samux rayonunun Çobanabdallı kəndində doğulub boya-başa çatmış və Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş Məmmədli Həsən Qəhrəman oğlunun ad günü münasibətilə inşa edilmiş ehsan bulağının açılışı olmuşdur.
Samux Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsi əməkdaşlarının, şəhidin yaxınlarının, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi açılış mərasimində çıxış edənlər Həsən Məmmədlinin keçdiyi şərəfli döyüş yolundan danışmışlar. Şəhidin vaxtilə təhsil aldığı məktəbin şagirdləri vətənpərvərlikdən bəhs edən şeirlər səsləndirdikdən sonra şəhidin adına tikilmiş ehsan bulağının açılışı olmuşdur. Sonra tədbir iştirakçıları şəhidin uyuduğu məzarını ziyarət etmiş, üstünə tər qərənfillər düzmüşlər.
Qeyd edək ki, Məmmədli Həsən Qəhrəman oğlu ölümündən sonra Prezidentin sərəncamları ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Sabir ƏLİYEV,
Azərbaycan.-2021.- 16 iyul.- S.6.