Şuşadan dünyaya barışıq və sülh mesajı verildi
İlham Əliyev
fərqli inanclara sahib
olan azərbaycanlıları da Qarabağdakı müqəddəs dini ocaqlarda dua etmək xoşbəxtliyinə qovuşdurdu
2250 məscid, 16 kilsə, 7 sinaqoq...
Bütün bu dini ocaqlar dünya xəritəsinə baxanda kiçik nöqtə kimi görünən Azərbaycanda cəmləşib...
Tolerantlıq və dözümlülük ənənələri zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yaşadığı qədim məkandır. Bu da Tanrının lütfü olmalıdır ki, bütün dinlərə aid qədim ibadət yerlərinin təməlləri məhz bu müqəddəs yurdda qoyulub. Bunu ölkəmizdə mövcud olan və müxtəlif inanclara məxsus tarixi, dini abidələr də sübut edir. Hər zaman bu unikal məkanda məscidlərdən ucalan azan sədası ilə yanaşı, kilsə zənglərinin səsi həmahənglik təşkil edib. Müxtəlif sivilizasiyaların qovuşma ünvanı olan ölkəmizdə əsrlərdir ki, ayrı-ayrı millətlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bayramlarını da, toylarını da, yaslarını da birgə qeyd edib, bərabər sevinib, bərabər kədərləniblər...
Elə doğma vətənləri Azərbaycan uğrunda da birgə mübarizə aparıblar...
1992-ci ildə Şuşanın müdafiəsi uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan yəhudiəsilli Albert Aqarunovun məzarının başı üzərində əli Quranlı bir molla ilə əli Tövratlı bir ravvinin eyni anda onun ruhuna dualar etmələri isə hələ də yaddaşlardan silinməyib və tolerantlığın ən unikal təsviri kimi hafizələrə həkk olunub...
44 günlük Vətən müharibəsində də millətindən, dinindən, dilindən asılı olmayaraq bütün azərbaycanlıların birləşərək Qarabağın müdafiəsinə qalxması, bütöv Vətən uğrunda gözlərini belə qırpmadan canlarını qurban verməyə hazır olması bir daha yurdumuzda var olan birgəliyi təntənəli şəkildə dünyanın gözü önünə sərdi...
Bəşəri dəyərlərə Azərbaycan töhfəsi
Azərbaycanda dövlət-din münasibətlərinin banisi Ümummilli Lider Heydər Əliyevdir. Ümummilli Liderin ölkəmizdə həyata keçirdiyi uğurlu siyasətin əsasında dövlət-din münasibətləri mühüm yer tutub və daim inkişaf etdirilib.
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də ötən illər ərzində ölkəmizdə dini konfessiyaların, din-dövlət münasibətlərinin daha da inkişaf etdirilməsinə öz layiqli töhfəsini verib. Dünyada nümunəvi tolerantlıq məkanına çevrilən Azərbaycanda multikultural dəyərlərin daha da inkişaf etdirilməsi, habelə etnik-dini müxtəlifliyin qorunması, onlara hərtərəfli dəstək göstərilməsi, hər cür şərait yaradılması dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Dövlət-din münasibətləri davamlı olaraq təkmilləşdirilir, tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliği cəmiyyətin mənəvi zənginləşməsinə, qarşılıqlı anlaşma münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın multikulturalizm, tolerantlıq kimi bəşəri dəyərlərə münasibəti beynəlxalq səviyyəli təşəbbüslərdə də özünü göstərir.
Heydər Əliyev Fondu tərəfindən Romada Müqəddəs Marçellinio və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpası Azərbaycanın multikultural ənənələrinin daha bir parlaq təcəssümüdür.
Erməni iştahı kəsildi
Bu cür tolerantlıq ənənəsi və multikultural mühitə dünyanın çox az yerində rast gəlmək mümkündür. Mənfur qonşularımız ermənilərin isə bu kimi insani dəyərlərdən çox-çox uzaq olması real faktdır və bunu barbar xislətli işğalçıların Qarabağda törətdikləri vandal əməllər də sübut edir.
Statistik faktlara əsasən, işğaldan azad olunan ərazilərimizdə tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgah olub. Həmin 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i mənfur ermənilər tərəfindən tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb.
Eyni zamanda Qafqaza gəlmə xalq olduqlarını ört-basdır etmək üçün özlərinə qondarma tarix quraşdırmaq istəyən ermənilər işğal altında saxladıqları Azərbaycan torpaqlarındakı Qafqaz Albaniyasına məxsus abidələrə saxta izlər vuraraq onlara qarşı iddia qaldırmağa cəhd edirlər.
Lakin Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad edilməsi ilə əlaqədar xalqa müraciətində də vurğuladığı kimi, Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir: “Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik”.
Bu da qeyd olunası xoş məqamdır ki, indi Qafqaz Albaniyasının dini varisləri Alban-udi xristian icmasının nümayəndələri Kəlbəcərə səfər edərək Xudavəng monastr kompleksində rahat şəkildə dualarını edə bilirlər...
Qarabağdakı müqəddəs dini ocaqlarda dua etmək xoşbəxtliyi...
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Şuşaya səfəri isə bir daha dünyaya barışıq və sülh mesajı verdi.
İyulun 10-da baş tutan Şuşa səfərində Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban-udi dini icmasının rəhbəri Robert Mobili, Rus Pravoslav kilsəsinin nümayəndələri və Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvləri iştirak ediblər. Onlar Şuşada dini ocaqları ziyarət edib, haqqın nahaqqa qalib gəldiyi bu qədim qaladan bütün bəşəriyyətə dostluq və əmin-amanlıq diləklərini göndəriblər.
Səfər iştirakçıları mayın 12-də Qalib Sərkərdə İlham Əliyev tərəfindən təməli qoyulan və tezliklə dini ocaq və modern memarlıq nümunəsi kimi şəhərin ümumi arxitekturasında baş tacı kimi parlayacaq yeni məscidlə tanış oldular.
Din xadimləri Rus Pravoslav Kilsəsinə də baş çəkib, orada dualar ediblər. Qazançı kilsəsində aparılan təmir-bərpa işləri ilə tanış olan səfər iştirakçılarına məlumat verildi ki, işğal dövründə ermənilər bütün abidələr kimi, bu kilsəni də saxtalaşdırmağa cəhd ediblər. Hazırda kilsə tarixi mənşəyinə uyğun bərpa olunur.
Səfər zamanı Saatlı və Aşağı Gövhər ağa məscidlərini ziyarət edən nümayəndə heyətinə işğal illərində bu dini ocaqların məruz qaldığı dağıntılar, həmçinin hazırda orada aparılan bərpa işləri barədə məlumat verilib.
Yuxarıda Qafqaz Albaniyasının dini varisləri ilə bağlı çəkdiyimiz misaldan da göründüyü kimi, İlham Əliyev fərqli inanclara sahib olan azərbaycanlıları da Qarabağdakı müqəddəs dini ocaqlarda dua etmək xoşbəxtliyinə qovuşdurub.
Bəli, tarixən Şuşada məscidlərlə bərabər kilsələr də fəaliyyət göstərib və bu gün də Şuşa Azərbaycandakı tolerantlığın kiçik bir modeli, multikultural mühitin inikasına çevrilib.
Mənfur ermənilər 30 ildə dini ocaqlarımızı dağıtsalar da, qəlbimizdəki imanı, humanizmi, bəşəri duyğuları söküb ata bilmədilər. Bu gün yenə məscidlərimiz, kilsələrimiz, sinaqoqlarımız insanlarımızın mənəvi saflıq ünvanı kimi birlikdə fəaliyyət göstərirlər.
Necə ki yanvar ayında Şuşaya qələbə yolu ilə səfər edən Ali Baş Komandan İlham Əliyev çıxışı zamanı söyləmişdi: “Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq. Heç kimdə şübhə olmasın. Artıq bunu müstəqillik tarixi də göstərib, müstəqillikdən əvvəlki tarix də göstərib. Bütün dinlərin abidələri bizdə qorunur - kilsələr, sinaqoqlar, o cümlədən erməni kilsəsi Bakının mərkəzində dövlət tərəfindən qorunur, təmir edilib”.
Əhalisinin böyük əksəriyyətinin islam dininə mənsub olmasına baxmayaraq, Azərbaycanda digər dinlərə münasibətdə heç bir ayrı-seçkiliyə yol verilimir, insanların multikulturalizm şəraitində yaşamasına yüksək şərait yaradılır.
Bütün bunlar isə onun göstəricisidir ki, fərqli inanclara, ayrı-ayrı dəyərlərə anlayışla yanaşmaq, onlara ehtiram göstərmək, dözümlü olmaq, birlik, bərabərlik içində yaşamaq Azərbaycan xalqının əsrlərdir genində kodlaşan milli xüsusiyyətidir.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2021.- 16 iyul.- S.1;5.