Müdafiə naziri Əfqanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

 

 

İyulun 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Amanullah Ceyhun ilə görüşüb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görəcəyi işlərdə ona uğurlar arzulayıb.

 

Nazir Azərbaycan ilə Əfqanıstan arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin rolunu xüsusi vurğulayaraq, hərbi sahədə də ikitərəfli əlaqələrin uğurla davam etdiyini bildirib.

 

Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında iştirakını diqqətə çatdıran general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Əfqanıstana nəqliyyat və logistik dəstəklə yanaşı, ölkəmizin, eyni zamanda, NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə yardımı ilə də töhfə verdiyini qeyd edib.

 

Azərbaycanın ərazi bütövlüyü məsələsində Əfqanıstanın hər zaman açıq mövqe nümayiş etdirdiyini deyən müdafiə naziri ölkəmizin ədalətli mübarizəsini dəstəklədiyinə görə qardaş Əfqanıstan xalqına təşəkkürünü bildirib.

 

Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən A.Ceyhun Azərbaycan-Əfqanıstan əlaqələrinin, xüsusilə də hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

 

Vətən müharibəsində qazanılan qələbə münasibətilə xalqımızı təbrik edən diplomat şəhid hərbi qulluqçularamülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

 

Ölkələrimizin hər zaman müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəklədiklərini diqqətə çatdıran səfir A.Ceyhun Əfqanıstanda həyata keçirilən sülhməramlı missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

 

Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycanın və Əfqanıstanın Müdafiə nazirlikləri arasında imzalanan sazişə əsasən, əfqanıstanlı hərbi qulluqçuların Azərbaycan Müdafiə Nazirliyinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində təhsil almalarının əhəmiyyətini vurğulayıb.

 

Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın, xüsusilə hərbi təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.-2021.- 16 iyul.- S.3.