Azərbaycan Daşkənddə
keçirilən beynəlxalq konfransda təmsil
olunub
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Daşkənddə “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində məqsəd Mərkəzi və Cənubi Asiya ölkələri və xalqlarının maraqları naminə bu regionlar arasında tarixi dostluq, etimad və mehriban qonşuluq əlaqələrini möhkəmləndirməkdən ibarətdir.
Konfransda Özbəkistan və Əfqanıstan prezidentləri, Pakistanın Baş naziri, Mərkəzi və Cənubi Asiyanın, digər dövlətlərin xarici işlər nazirləri, nüfuzlu beynəlxalq və regional təşkilatların, maliyyə institutlarının, aparıcı elmi-tədqiqat və analitik mərkəzlərin rəhbərləri, ümumiyyətlə, dünyanın 40-dan çox ölkəsindən 250 nümayəndə iştirak edib.
Azərbaycanı konfransda Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Konfransı açan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Böyük İpək yolunun qovuşuğunda yerləşən Mərkəzi və Cənubi Asiyanın uzun əsrlər boyu xalqlar və sivilizasiyalar arasında münasibətlərin qurulmasına şərait yaratdığını bildirib. Bu iki regionun sıx qarşılıqlı fəaliyyəti nəticəsində yeni biliklər və fəlsəfi ideyalar yayılıb, təbabətdə, astronomiyada, coğrafiyada, riyaziyyatda, memarlıq və diplomatiyada uğurlar əldə olunub, mədəni və mənəvi dəyərlər inkişaf edib. Mərkəzi və Cənubi Asiya etibarlı ticarət marşrutları ilə bir-birinə bağlı olub, Yaxın Şərq, Avropa və Çin üçün körpü rolunu oynayıb.
Ş.Mirziyoyev bu bölgənin bir parçası olan Əfqanıstanda sülhün və sabitliyin təmin edilməsi istiqamətində görülməli təxirəsalınmaz tədbirlərdən də danışıb.
Sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Pakistanın Baş naziri İmran Xan, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel və digər qonaqlar mövzu ilə bağlı fikirlərini və təkliflərini səsləndiriblər.
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev çıxışında bildirib ki, Mərkəzi və Cənubi Asiya regionu Avropa və Asiya qitələrinin təmas xəttində böyük potensiala malik əsas birləşdirici həlqədir. Biz bir daha əmin olduq ki, kononavirus infeksiyasının sürətlə yayılması ilə bağlı olan qlobal və regional çağırışlar fonunda əməkdaşlığımız və qarşılıqlı fəaliyyətimiz yüksək səviyyədədir.
Ş.Mustafayev deyib: “Azərbaycan dəyəri milyardlarla dollarla ölçülən investisiyalar cəlb etməklə çox qısa müddətdə bütün nəqliyyat infrastrukturunu modernləşdirib. Beynəlxalq nəqliyyat və enerji dəhlizlərinin işə düşməsi üçün bir çox layihə həyata keçirilib. Xəzər dənizindəki müasir beynəlxalq Ələt limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ceyhan layihəsi, Cənub Qaz Dəhlizi və digərləri buna bariz nümunədir. Ələt limanında Azad İqtisadi Zona yaradılır. Bu məkan yaxın gələcəkdə beynəlxalq daşımalarda və regionun logistika sahəsində aparıcı rol oynayacaq”.
Azərbaycanın tərəfdaşları ilə birgə Şərq-Qərb nəqliyyat dəhlizini inkişaf etdirdiyini bildirən Ş.Mustafayev qeyd edib ki, bu dəhliz Çin, Mərkəzi Asiya və Avropa dövlətləri arasında tranzit daşımalara, Gürcüstan və Türkiyə limanlarına çıxış imkanı yaradır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi də mühüm layihələrdən biridir. Layihə üzrə tərəfdaşlarımız olan İran və Rusiya ilə birgə Hindistan və Cənubi Asiyanın digər ölkələrinə Çabahar limanı vasitəsilə MDB və Şərqi Avropa bazarlarına çıxmaq imkanı verən bu yolu inkişaf etdiririk.
Baş nazirin müavini deyib ki, yükdaşımaları artırmaq üçün Özbəkistan, Qırğızıstan, Türkmənistan və Gürcüstan ilə birgə beynəlxalq multimodal dəhliz yaradılır. 2018-ci ildə isə Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkmənistan və Türkiyə arasında Lapis-Lazuli marşrutu üzrə tranzit və nəqliyyat haqqında saziş imzalanıb.
Ş.Mustafayev vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması, 44 günlük müharibənin Azərbaycanın Qələbəsi ilə bitməsi, işğal edilmiş ərazilərin azad olunmasından sonra Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaranıb, bu da qarşıda yeni imkanlar açır. “Biz hazırda Zəngəzur nəqliyyat dəhlizi üzərində işləyirik. Şərq-Qərb dəhlizinin bir hissəsi olan Zəngəzur dəhlizi region dövlətləri üçün böyük imkanlar və yeni perspektivlər yaradacaq”, - deyə Baş nazirin müavini qeyd edib.
Konfransda Əfqanıstan böhranının tənzimlənməsi yolları, Mərkəzi və Cənubi Asiyada ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə bu
regionların dövlətləri arasında ticarət, investisiya, nəqliyyat, energetika,
innovasiya, turizm, təhsil,
səhiyyə, elm sahələrində və
sabitliyin təmin edilməsi istiqamətində
əməkdaşlıq barədə fikir
mübadiləsi də aparılıb.
Azərbaycan.-2021.- 17 iyul.- S.2.