Tarixinin ən
qüdrətli Azərbaycanı
Azərbaycan dövləti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin parlaq uğurları sayəsində tarixin inkişaf istiqamətini dəyişir. Bu istiqaməti bütün bəşəriyyət üçün faydalı olan, tərəqqiyə, insanların rifahına xidmət edən yeni bir məcraya yönəldir. Tutduğumuz yol isə yalnız sülhdən keçir. Azərbaycan on illər boyu danışıqlar aparanda da, 44 günlük müharibə ilə neçə illərin problemlərini həll edəndə də nə istədiyini yaxşı bilirdi.
Bu müharibə bizə torpaqlarımızı düşməndən təmizləmək, dondurulmuş münaqişənin buzunu əritmək, yeni reallıqlar yaratmaq, haqq-ədaləti bərpa etmək, məcburi köçkünlərimizin əzəli torpaqlarına qayıdışına nail olmaq üçün lazım idi.
Müharibə başa çatan kimi Azərbaycan azad ərazilərini yenidən qurur, abadlaşdırır. Regiondan dünyaya yeni qapılar açır. İşğaldan azad edilmiş rayonlarımızda yollar çəkilir. Bu torpaqların dünyaya, sivilizasiyaya açıq olması üçün hava limanları tikilir. Dünya iqtisadiyyatı üçün yeni imkanlar yaradır. Hər kəsi, bütün qonşu ölkələri bu imkanlardan birgə faydalanmağa çağırır. Hamını sülhü qorumaqdan ötrü çalışmağa, yeni inkişaf imkanları yaratmağa, tərəqqiyə mane olan əngəlləri ortadan götürməyə dəvət edir. Prezident İlham Əliyevin irəli sürdüyü hər təklifin, verdiyi hər bəyanatın, fərmanın, sərəncamın arxasında real icra mexanizmləri, aydın, dəqiq gözləntilər durur. Azərbaycan bütün addımları ilə, həyata keçirdiyi tədbirlərlə, qazandığı uğurlarla firavan gələcəyin mənzərəsini yaradır.
Prezident İlham Əliyevin 7 iyul 2021-ci ildə imzaladığı tarixi bir fərman cəmiyyətdə böyük maraqla qarşılandı və son günlərin əsas müzakirə mövzularından oldu. Fərman ölkəmizdə iqtisadi rayonların yeni bölgüsü haqqındadır. Vətən müharibəsindəki parlaq qələbəmiz nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda bərpa proseslərinin getdiyi, gələcək inkişafın təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı layihələrin reallaşdırıldığı indiki günlərimizdə belə bir fərman müstəsna əhəmiyyət daşıyır.
Yeni bölgü qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə olunmasına şərait yaradacaq. Bu ərazilərin bərabər inkişafını təmin edəcək. Bütün işlərin vahid proqram əsasında aparılmasına imkan verəcək.
Fərmanın daha bir tarixi məqamı isə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasıdır. Belə ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmuşdur. Bununla da ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqlara malik Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsi zərurət idi.
Bundan başqa, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla, özünəməxsus zəngin tarixi-mədəni irsə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun yaradılması da vacib idi.
Həmçinin fərmanda Gəncə-Qazax və Aran iqtisadi rayonlarının tərkibinə yenidən baxılıb. Bu, həmin bölgələr üzrə də planlaşdırma işinin səmərəliliyinin artırılmasına, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasına kömək göstərəcək. Ümumilikdə Azərbaycan Respublikasındakı iqtisadi rayonların sayı 14-ə çatdırılıb.
Bu addım düşməndən təmizlənmiş ərazilərimizin tez bir zamanda dirçəlişinə və əhalinin qayıdışı prosesinin sürətlənməsinə xidmət edəcəkdir. Ən önəmlisi isə “Dağlıq Qarabağ”, “Aran Qarabağ” və başqa bu cür terminlərin artıq tarixə qovuşduğu bir daha öz təsdiqini tapdı. Bu fərmanla Azərbaycan Şərqi Zəngəzur torpaqlarını da işğaldan azad etdiyini bütün dünyaya göstərdi. Tarixən xalqımıza məxsus olmuş Qərbi Zəngəzur torpaqlarına isə Azərbaycan dövləti qlobal iqtisadi layihələri ilə daxil olur.
Zəngəzur dəhlizi tez bir zamanda fəaliyyətə başlayacaq və Azərbaycan Naxçıvanla quru əlaqələrini bərpa edərək qlobal kommunikasiyalar üçün bütün dünyaya yeni imkanlar yaradacaq.
Kompleks yanaşma
Ümumən, Azərbaycan Prezidentinin bütün qərarları kimi, bu addımında da kompleks yanaşma, digər fərman və sərəncamlarla həmahənglik görünür. Fərmandan bir gün əvvəl, 6 iyul 2021-ci il tarixində də dövlət başçısı bir neçə mühüm sərəncam imzalamışdı. Bunlardan biri “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”dır.
Belə ki, sərəncama əsasən, Ermənistanın hərbi təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 30 milyon manat vəsait ayrılır.
Hərbi təcavüz nəticəsində mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması məsələləri də diqqətdən kənarda qalmır. Eyni tarixli daha bir sərəncamla Prezidentin Ehtiyat Fondundan İqtisadiyyat nazirliyinə bu məqsədlə 5 400 000 manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur.
Digər sərəncam isə eyni səbəbdən mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsi barədədir. Bununla əlaqədar olaraq Prezidentin Ehtiyat Fondundan Maliyyə nazirliyinə 5 200 000 manat məbləğində vəsait ayrılır.
Dövlətimiz Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ölkəmizin kənd təsərrüfatına dəymiş ziyanı da aradan qaldırmaq əzmindədir. Dövlət rəhbərimizin müvafiq sərəncamında bu məqsədlə Kənd Təsərrüfatı nazirliyinə 1 400 000 manat məbləğində vəsaitin ayrılması təsbit edilib.
Bütün bunlar bir tərəfdən, Azərbaycan dövlətinin daim öz vətəndaşının yanında olmasını, istənilən probleminin həllinə köməyini, dəstək əlini ondan əsirgəməməsini göstərir, eyni zamanda ölkəmizin iqtisadi gücünə dəlalət edir. Bu addımlar həm də onu nümayiş etdirir ki, heç bir məsələ dövlət rəhbərliyinin nəzər-diqqətindən kənarda deyil. Bütün işlər planlaşdırılmış şəkildə, öz vaxtında, vədəsində sistemli qaydada həyata keçirilir və prosesə ciddi nəzarət təmin olunur. Ölkəmiz yenilənir. Bu yenilik ruhu hər yerdə, hər an özünü hiss etdirir və insanlarımızın arzuları ilə üst-üstə düşür. Bu yeniliklərlə Azərbaycan özünü növbəti inkişaf mərhələlərinə hazırlayır.
Mina xəritələrinin alınması işləri sürətləndirir
Azərbaycan dövləti hərbi təcavüz nəticəsində ölkə iqtisadiyyatına, ayrı-ayrı vətəndaşlarımıza dəymiş ziyanın aradan qaldırılmasını düşməndən azad edilmiş torpaqlarımızın minalardan təmizlənməsinə və bu ərazilərdə tikinti-quruculuq tədbirlərinin həyata keçirilməsinə, həmçinin bu ərazilərin gələcək strateji inkişafına paralel olaraq aparır.
Prezident İlham Əliyevin diplomatik uğurları sayəsində Ağdam, Füzuli və Zəngilan rayonlarının mina xəritələrinin düşməndən təhvil alınması da bu baxımdan son dərəcə əhəmiyyətlidir. Bununla, ilk növbədə, insan itkilərinin qarşısı alınır. Torpaqların qarış-qarış minalardan təmizlənməsinə sərf olunan vaxta qənaət edilir. İnvestorların bu ərazilərə cəlb olunmasına şərait yaranır. Azərbaycan minaların təmizlənməsinə sərf olunacaq yüksək xərclərə də qənaət etmiş olur. Ən əsası isə ermənilərin illər ərzində xarabazara çevirdikləri şəhər, kənd və qəsəbələrimizdə tikinti-quruculuq işlərinin sürətlə aparılması, əhalinin doğma yurdlarna qayıtması, bu torpaqlarda yenidən həyatın canlanması üçün imkanlar yaranır.
Ağdam, Füzuli və Zəngilanın mina xəritələrinin əldə edilməsi bu bölgələrdə iqtisadi quruculuq və məskunlaşma prosesinə təkan verəcək. Mina xəritələrini əldə etməklə Azərbaycan həm də Qarabağda nəqliyyat-logistika layihələrini də daha sürətlə reallaşdırmaq imkanı qazanır.
Qarabağ regionun inkişaf mərkəzinə çevriləcək
44 günlük Vətən savaşını parlaq qələbə ilə başa vuraraq torpaqlarımızı ildırım sürəti ilə işğaldan azad etmiş Azərbaycan dövləti tikinti-quruculuq işlərinin miqyası ilə göstərir ki, eyni sürətlə ərazilərimizi də dirçəltmək gücündədir. Düşməndən təmizlənmiş yurd yerlərimizə abad yollar çəkilir. Lazımi infrastruktur qurulur. Kənd təsərrüfatı potensialından istifadə üçün müvafiq addımlar atılır. Vandal ermənilərin ekologiyaya vurduqları ziyanların aradan qaldırılması məqsədilə başlanğıc işlər görülür. Yaxın illərdə bu bölgəni Azərbaycanın və ümumən, regionun əsas inkişaf mərkəzlərindən birinə çevirməkdən ötrü ardıcıl tədbirlər həyata keçirilir.
Məlum olduğu kimi, qələbədən sonrakı ilk günlərdə Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının təməlini qoyub. Ermənilər Füzuli boyda şəhərdə hər yeri yandırıb dağıtmışdılar. Dağıntı o səviyyədə idi ki, hərbçilərimiz ərazini düşməndən azad edəndə dövlət bayrağımızı ucaltmağa salamat bir tikili tapa bilməmışdılər. Bu gün isə Füzulidə beynəlxalq hava limanı inşa edilir və bu əhəmiyyətli infrastruktur obyektinin qısa zamanda istifadəyə verilməsi nəzərdə tutulur. Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan olunmasından, dövlət rəhbərimizin iştirakı ilə bu qədim şəhərimizdə “Xarıbülbül” festivalının keçirilməsindən, ardınca Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla “Şuşa Bəyannaməsi”nin imzalanmasından sonra belə bir hava limanının əhəmiyyəti daha aydın görünür.
Şuşada mütəmadi olaraq beynəlxalq səviyyədə tədbirlərin təşkili nəzərdə tutulur. Təbii ki, bunun üçün Füzulu Beynəlxalq Hava limanı qonaqların gəlişini daha asan və təhlükəsiz formada təmin edəcək. İşğaldan azad edilmiş torpaqlarımızın xarici platformalarda təbliği, investisiyanın cəlbi, tədricən tikinti bumunun yaşandığı azad bölgələrimizə yük daşmalarının həyata keçirilməsi üçün belə infrastruktur obyektləri çox önəmlidir. Füzuli Beynəlxalq Hava Limanı gələcək perspektivdə Azərbaycan və Türkiyə arasında yük daşımalarının daha rahat həyata keçirilməsinə imkan verəcək. Belə ki, yüklər Füzuli Beynəlxalq Hava Limanına daha rahat şəkildə daşına və Naxçıvan dəhlizindən qardaş ölkəyə aparıla, eləcə də əks-marşrutla daşımalar həyata keçirilə bilər.
Azərbaycan bununla özünün tranzit potensialını gücləndirir. Beynəlxalq daşımanın daha səmərəli olması üçün
alternativ yollar yaradır. Eyni zamanda bölgədə
sülhün, sabitlik və inkişafın təmin olunmasından ötrü hər kəsin faydalana biləcəyi imkanlar formalaşdırır.
Misilsiz bir şəhər
Mədəniyyət paytaxtımız olan Şuşada bərpa-yenidənqurma
işləri intensiv şəkildə davam etdirilməkdədir. Şuşaya “Zəfər” yolu
çəkilir. Şəhərin bir sıra tarixi
binaları, yaşayış
məntəqələri, abidələri
restavrasiya olunur.
İnfrastruktur sistemi yenilənir.
Yeni məktəb, məscid də daxil olmaqla
bir neçə obyektin təməli qoyulub və inşaat işləri həyata keçirilir.
Qısa müddətdən sonra böyük turizm axını olacaq. Şuşada
interaktiv məlumatverici
lövhələrin quraşdırılması,
turizm xidmətləri
ilə bağlı mobil tətbiqlərin, tarixi abidələr, keçmiş münaqişənin
izləri haqqında məlumat verən robot-bələdçilərin, intellektual
nəqliyyat sisteminin,
“yaşıl enerji” istehsalının tətbiqi
nəzərdə tutulur.
Bütün bunlar ölkəmizə
turist axınını
daha da sürətləndirəcək.
Mayın 28-də Respublika Günündə
Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonundan olan ziyalıların iştirakı ilə şəhərin bərpasının
təməlini qoydu. Ağdamın Baş planı media vasitəsilə ölkə
ictimaiyyətinə də
təqdim olundu. Tikinti prosesi sürətlə davam etdirilir. Qısa müddətdə burada müasir şəhərsalmanın
ən son nailiyyətlərini
özündə birləşdirən
misilsiz bir şəhər salınacaq.
Müasir Ağdam - Ağdam şəhərinin
özünü, rayona
daxil olan kəndləri əhatə
edəcək. Şəhər iki dəfə böyüdüləcək, 2450 hektar sahə şəhərətrafı yaşıllıq
zonasını, bağları
əhatə edəcək.
Şəhərin əhalisinin 100 min nəfər olması nəzərdə tutulur.
Bu da Ağdama
Qarabağın ən
böyük, Azərbaycanın
isə 6-cı böyük
şəhəri statusunu
qazandıracaq. İlkin
olaraq şəhərdə
1750 fərdi ev
və 23 min mənzilli
binalar olacaq. Şəhər ərazisinin 23 faizi
meşə və park
sahələrindən (yaşıllıq
sahəsi) ibarət olacaq. Ağdamda bir meşə
parkı da (125 hektar) salınacaq.
Məşğulluq sabitliyini təmin etmək üçün şəhərin yaxınlığında
sənaye zonası (sənaye parkları) salınacaq. Burada estetik komponent
də unudulmayıb.
Şəhərdə süni gölün
yaradılması nəzərdə
tutulur. Həmçinin şəhərdən 2 kanal keçəcək.
Kanallar üzərində körpülər
olacaq. Şəhər - tarixi mərkəz,
inzibati ərazi, yaşayış ərazisi,
yaşıl zona və sənaye, əkinçilik zonaları
olmaqla bölgələrə
bölünəcək. Tarixi mərkəzdə İmarət
saray kompleksi, Qarabağ xanlarının
məqbərəsi, Şahbulaq
qalası və yeni bir məscid
olacaq.
Şəhər mərkəzi Qarabağ şəhərlərinin ənənəvi
memarlığı üslubunda
inşa ediləcək. İnzibati mərkəz
futbol stadionundan (30 min
nəfərlik), inzibati
binalardan, teatrdan, konsert salonundan və Qarabağ Universitetindən ibarət
olacaq. Həmçinin şəhərdə Qələbə muzeyi və açıq hava konsert salonunun
olduğu park da salınacaq.
Hər fərdi
evə kənd təsərrüfatı ehtiyacları
üçün 4-5 hektarlıq
torpaq sahəsi ayrılacaq. Suqovuşan və Xaçınçay
su anbarları və artezian mənbələri su təchizatı üçün
istifadə ediləcək.
Ağdam insanlar üçün komfortlu şəhər olacaq. Ona görə də
şəhərdə böyük
piyada və velosiped yolları şəbəkəsi qurulacaq.
Şəhərin nəqliyyat sistemi
dairəvi olacaq.
Magistral yollardan başqa, tramvay xətti də nəzərdə tutulub. Azərbaycanda ilk dəfə olaraq
burada “ağıllı
şəhər” sistemi
tətbiq ediləcək.
“Ağıllı” şəhər və kənd konsepti
Zəngilan rayonunun Ağalı kəndində də dövlət rəhbərimizin iştirakı ilə ilk “ağıllı kənd” layihəsinin təməli qoyulub və inşaat işləri davam etdirilməkdədir. Kənddə layihənin icrası, əsasən, 5 komponent üzrə həyata keçirilir. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. Burada inşa edilən 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.
Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki, azad olunmuş ərazilərimiz “yaşıl enerji” zonasına çevriləcək. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmaq Azərbaycanın 2030-cu ilədək nəzərdə tutduğu Milli Prioritetlərdə də öz əksini tapıb. Azad torpaqlarımızda tikinti-quruculuq tədbirləri də buna uyğun həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərdə yüksək texnologiyaların və “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının tətbiqi Azərbaycana dünyada misli görünməmiş dəyişikliklər həyata keçirmək imkanı verir. İşğalçıların 30 il ərzində xaraba qoyduqları əraziləri ayağa qaldırmaqla Azərbaycan bölgədə sülhün və iqtisadi inkişafın davamlı olmasına çalışan dövlət mövqeyini bütün dünyaya nümayiş etdirir. “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrini tətbiq etməklə Azərbaycan təhlükəsizlik, vaxt və rahatlıq, sağlamlıq, ətraf mühitin keyfiyyəti, sosial əlaqə və vətəndaş iştirakı, iş yerləri və yaşayış xərci kimi müxtəlif həyat keyfiyyəti standartları formalaşdırır.
Belə texnologiyalar vətəndaşların sağlamlığını və rifahını yaxşılaşdırmaqla yanaşı, iqtisadi inkişafın yeni yollarını təqdim edir. Bərpa olunan ərazilərdə müasir texnologiyaların tətbiqi regionun dirçəliş prosesini sürətləndirir, texnologiyalar sahəsinə maraq göstərən investorlar üçün xüsusi maraq kəsb edir, investisiyaların axınını sürətləndirir. Eyni zamanda Qarabağda innovasiya mərkəzləri və texnoparkların yaradılmasının fundamental əsaslarını formalaşdırır. Bu, Azərbaycanın dünyanın aparıcı ölkələrinin şirkətlərinin də bu ərazilərdəki bərpa-yenidənqurma işlərində iştirakında marağını nümayiş etdirir. Həmin ölkələrin və onlara aid şirkətlərin qarşılıqlı maraqları ilə bölgədə yaxın gələcək üçün çox əhəmiyyətli inkişaf imkanları formalaşır.
“Ağıllı şəhər” texnologiyaları böyük turizm potensialına malik Qarabağ regionunda bu sektoru inkişaf etdirmək üçün geniş şərait yaradacaq. XXI əsrin innovativ müharibəsini apararaq torpaqlarımızı düşmən tapdağından azad edən Azərbaycan dövləti indi də yeni minilliyin texnologiyaları ilə şəhər və kəndlərimizi yenidən qurur. Bütün bunlar təkcə iqtisadi imkanlar hesabına başa gələn layihələr deyil. Bundan ötrü zəruri infrastruktur təminatı, peşəkar kadr potensialı, geniş xarici əlaqələr və s. tələb olunur. Azərbaycanın tikinti-quruculuq işlərini belə sürətlə həyata keçirməsi onu göstərir ki, ölkəmiz iqtisadi nailiyyətlərlə yanaşı, bütün bunlara da vaxtında nail ola bilir.
Bu, tarixin ən qüdrətli Azərbaycanının imkanlarıdır.
İradə ƏLİYEVA,
Azərbaycan.-2021.- 17 iyul.- S.1;3.