Abşeron yarımadasının dayazsulu hissəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanacaq

 

İkinci quyunun isə  qazma işləri üçün ətraf mühitə  təsirin qiymətləndirilməsi sənədinin layihəsi hazırlanıb

 

 

 

Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasının dayazsulu hissəsi üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir.

 

Quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi 2020-ci ilin avqust ayında ictimaiyyətə açıqlanıb. ƏMSSTQ-nin müzakirəsindən sonra sənəd  hökumət tərəfindən təsdiqlənib və bununla da quyunun 2021-ci ildə qazılması üçün müvafiq icazələr alınıb. Bu barədə  bp  Azərbaycan  şirkəti   məlumat  verib.

 

Xatırladaq ki, sözügedən  müqavilə ərazisi daxilində kəşfiyyat qazma işləri üçün üç perspektiv sahə müəyyən edilib və onların hərəsində bir quyunun qazılması planlaşdırılıb.

 

Birinci quyu qurudan təxminən 15 kilometr məsafədə, suyun təxminən 22 metr dərinliyində, Şimal-Şərq perspektiv sahəsində qazılacaq. Potensial karbohidrogen ehtiyatı isə dəniz dibindən təqribən 2500 metr aşağıda yerləşir.

 

Bu  günlərdə isə bp Abşeron yarımadası ətrafında dayazsulu sahənin  kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi elan edib ki, müqavilə üzrə proqramı çərçivəsində ikinci kəşfiyyat quyusunun qazma fəaliyyətləri üçün  ƏMSSTQ  sənədinin layihəsi podratçı tərəflər adından hazırlanıb və dərc edilib.

 

Sənəddə kəşfiyyat-qazma fəaliyyətlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir edilir. ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərinin müəyyənləşdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir. Üçüncü quyu sahəsində aparılacaq kəşfiyyat-qazma işləri ayrıca olaraq bu ƏMSSTQ-yə əlavə ediləcək sənəddə əhatə olunacaq.

 

İkinci  kəşfiyyat quyusu qurudan təxminən 1,5 kilometr məsafədə, suyun təxminən 7 metr dərinliyində (potensial karbohidrogen ehtiyatı dəniz dibindən təqribən 4000 metr aşağıda) yerləşən Qərb perspektiv sahəsində qazılacaq.

 

Xəzərin ölkəmizə məxsus sektorunda hələ bir sıra potensial perspektiv strukturlar var ki, onlardan biri  məhz Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşir. 2014-cü il dekabrın 22-də SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və bp arasında bu strukturda birgə geoloji-kəşfiyyat işlərinin aparılması və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Bundan  bir neçə ay sonra saziş Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir. Sənədə əsasən, müqavilədə  bp-nin və SOCAR-ın hərəsinin 50 faizlik iştirak payı var.  Bu sənəd 30 illik müddəti əhatə edir .

 

Müqavilə sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Həmin ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layın (kollektorun) dərinliyi 3000-5000 metr təşkil edir.

 

HPBS Milli Məclis tərəfindən ratifikasiya olunduqdan dərhal sonra müqavilə sahəsində üçölçülü seysmik tədqiqat proqramının həyata keçirilməsi üçün hazırlıq işlərinə başlanmışdır. 2015-ci ilin dekabr ayında ikiölçülü seysmik tədqiqat proqramı təhlükəsiz şəkildə sona çatdırılmışdır.

 

Üçölçülü seysmik tədqiqat proqramı üzrə ƏMSSTQ  sənədinin ictimai müzakirələri aparılmışdır. Üçölçülü seysmik tədqiqat proqramı 2016-cı il mayın 31-də başlanmış və dekabrın 27-də müvəffəqiyyətlə yekunlaşmışdır. Bu tədqiqat 1300 kvadratkilometr ərazidən üçölçülü məlumatın əldə olunmasını əhatə etmişdir. Tədqiqat proqramı  bp-nin qabaqcıl, patentləşdirilmiş Müstəqil Sinxron Mənbələr (Independent Simultaneous Source with Nodes-ISSNtm) texnologiyası vasitəsilə həyata keçirilmişdir.

 

2016-cı ildə ərazidən əldə edilmiş üçölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin dördüncü rübündə sona çatmışdır. SOCAR-la perspektivlik haqqında bildiriş imzalanmaqla bp-nin Abşeron yarımadasının dayazsulu hissəsində üç perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edilmişdir. Eləcə də quyuların qazılacağı yerlər müəyyənləşdirilmişdir.

 

bp şirkəti bu ərazidə dünyanın digər yerlərində dayazsulu hissələrdə geoloji-kəşfiyyat işlərinin aparılması və onların işlənməsi zamanı qazandığı geniş təcrübə və səriştədən, eləcə də sənayedə mövcud olan ən qabaqcıl texnologiyalardan istifadə etmək imkanına malikdir.

 

SOCAR-ın  məlumatına görə, strukturda  Qazaxıstanın  “Sətti” özüqalxan üzən qazma qurğusu  işləyəcək. Bu  qurğu 2019-cu ilin əvvəlində “Kaspian Drilinq Kompani Limited” MMC-yə (KDK) etibarlı idarəetməyə verilib. Bakıda, KDK-da qurğunun təkmilləşdirilməsi  artıq  sona çatıb. Bu günlərdə Qazaxıstandan  işgüzar səfərə gələn   nümayəndə   heyəti də  “Sətti”nin  təkmilləşdirilməsi ilə bağlı işlərlə tanış olub.  

 

Mütəxəssislər hesab edirlər ki, sözügedən sahənin işlənməsi ilə SOCAR və bp arasında əməkdaşlığın yeni mərhələsi başlanmışdır. Bu mərhələ yeni ehtiyat mənbələri aramaqla Azərbaycanda neftqaz hasilatının uzunmüddətli gələcəyini təmin etmək üçün birgə işləməyə imkan yaradacaq. Bu da ölkəmizdə neft hasilatının daha onillərlə davam etməsinə töhfə verəcək.

 

 

 

Flora SADIQLI,

Azərbaycan.-2021.- 17 iyul.- S.1;6.