Elmi inkişafın şərəfli yolu

 

AMEA-nın vitse-prezidenti, akademik, Milli Məclisin deputatı İsa Həbibbəylinin elmi redaktoru olduğu  “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” adlı kitab işıq üzü görüb.

Nəşrin təqdimat mərasimində çıxış edən AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, kitabda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyinin hər iki tarixi dövründə Elmlər Akademiyasının mühüm inkişaf mərhələləri araşdırılıb. Kitabda Prezident İlham Əliyevin Azərbaycan elminin dünya miqyasında öz layiqli yerini tutmasi ücün həyata keçirdiyi genişmiqyaslı islahatlar, inkişaf strategiyası, elm ictimaiyyətinə diqqət və qayğısından bəhs olunub. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin AMEA ilə bağlı fikirlərinə, çıxışlarına geniş yer verilib. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyası prezidentlərinin həyat və elmi fəaliyyəti, institutları haqqında da geniş məlumat yer alıb.

Təqdimat mərasimində çıxış edən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru , professor Məmməd Əliyev, Bakı Dövlət Universitetinin professoru İzzət Rüstəmov,  Bakı Dövlət Universitetinin dosenti Fazil Vahidov bu tarixi toplu haqqında müsbət fikirlərini bildiriblər. Vurğulanıb ki, böyük zəhmət bahasına ərsəyə gələn kitabın Azərbaycan elm tarixinin digər ölkələrdə tanınması üçün xarici dillərə tərcüməsi mütləqdir.  Kitabın müəllifi Günel Məlikli bildirib ki, kitabda Azərbaycanda elmin təşəkkül tarixi, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyəti, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitunun açılması, SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin yaradılması, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının təşkil edilməsi və Azərbaycan Elmlər Akademiyasının ümumrespublika elm mərkəzinə çevrilməsi, repressiya illərində Azərbaycan ziyalıları, 1941-1945-ci illər müharibəsi dövründə alimlərimizin əvəzolunmaz xidmətləri elmi cəhətdən əsaslandırılmış şəkildə oxucuya təqdim olunur.

 

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2021.- 17 iyul.- S.6.