Xeyirxahlıq nümunəsi
Qurban
bayramı dünya müsəlmanlarının
mənəvi-ruhi birliyinin təcəssümüdür
Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığından doğan mübarək Qurban bayramı bu il Azərbaycanda bir başqa coşqu, bir başqa təmtəraqla qeyd olunur.
Neçə illər idi ki, bu müqəddəs gündə dualar edir, növbəti bayramı əzəli dədə-baba yurdumuz Qarabağda qeyd etmək üçün Tanrıya qurbanlar kəsirdik.
Bəlkə də elə bu saf, ülvi, Vətən özləmli müqəddəs duaların çin olmasının nəticəsidir ki, digər əziz bayramlarımız kimi Qurban bayramını da illərdir həsrətini çəkdiyimiz Qarabağın azadlığının yaratdığı qürurverici şadyanalıqla qeyd edirik.
Bu İlahi xoşbəxtliyi el-obamıza müzəffər Ali Baş Komandan İlham Əliyev, yenilməz sərkərdənin rəhbərliyi altında rəşadətli Ordumuzun qəhrəmanları, canlarını, qanlarını bu torpağa qurban edən şəhidlər ərməğan edib.
Düz 30 illik həsrətdən sonra Qarabağda bayram-bayrama qarışıb. Müqəddəs məscidlərimizdən qalxan ruhi saflığın təcəssümü azan sədaları, milyonlarla sinədən pərvazlanan ülvi dualar pillə-pillə Tanrı dərgahına ucalır...
Qurban kəsmək ayini bəşəriyyətin həyatında yeni bir səhifə açıb
İnsanları halallığa, paklığa, birgəliyə, ədalətə səsləyən Qurban bayramı dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməlisaleh insanların Tanrı sevgisini təcəssüm etdirir.
Qurban kəsmək
mərasiminin tarixi qədimdir. Tarix boyu dünya
xalqları bu ayini müxtəlif cür icra edib.
Hətta
insanları qurban kəsmək, odda yandırmaq, suya atmaq kimi dəhşətli
adətlər də mövcud olub. Səmavi dinlər olan iudaizm, xristianlıq və islamda müxtəlif formalarda olsa da qurbankəsmə
ayini icra olunur. Lakin islamda bərqərar
olan qurban kəsmə ayini bəşəriyyətin həyatında
yeni bir səhifə açıb
və Yer üzünün ən ali varlığı
insana qarşı həyata keçirilən
qəddarlığı, vəhşiliyi
sonlandırıb.
Qurban bayramı
İbrahim peyğəmbərin
həyatında baş
verən bir əhvalatla əlaqədardır. Həmin əhvalat
Qurani-şərifdə əksini
tapıb. Müqəddəs kitabımıza görə,
İbrahim əleyhissəlam
yuxusunda görür ki, Allah ondan oğlu İsmayılı
qurban kəsməyi buyurur. İbrahim peyğəmbər gördüyü yuxudan çox kədərlənir,
əhvalı pozulur.
Bir ata kimi - özü
də qoca vaxtında Yaradanın bəxş etdiyi övlad payını itirmək istəmir.
İbrahim peyğəmbər həmin yuxunu təkrar-təkrar görür
və axırda dərk edir ki, sevimli oğlunu
qurban kəsmək Allahın əmridir, Xaliqin buyuruğu isə yerinə yetirilməlidir. İbrahim peyğəmbər
sevimli oğlunu qurban kəsmək istəyəndə isə
nə qədər cəhd etsə də, Allahın hökmü ilə bıçaq kəsmir.
Elə bu məqamda səmadan səs gəlir: “Ey İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu)
təsdiq etdin (Sənə yuxuda nə əmr olunmuşdursa, onu yerinə yetirdin. Allah sənə lütf
edərək oğlunun
yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı
iş görənləri
belə mükafatlandırırıq”
(Quran, Saffat, 104-105).
Uca Yaradan İsmayılı qurban kəsməyi əmr etməklə, peyğəmbərlik
üçün bəyənib
seçdiyi bəndəsini
- İbrahim əleyhissəlamı
sınağa çəkirdi
və onun bu sınaqdan mətanətlə çıxdığını
görüb İsmayılın
əvəzinə qurban
kəsmək üçün
qoç göndərir. İbrahim
peyğəmbər qoçu
qurban kəsib Allaha şükür edir...
Qurban bayramının
əsasında duran bu hadisənin böyük mənası
var. Bir tərəfdən,
Allah-təala İbrahim
peyğəmbərin səmimiliyini,
Tanrıya sədaqətini
və qəlbən bağlılığını, Onun buyuruqlarına əməl etməyə hazır olduğunu sübut etdi. Digər tərəfdən
isə Allah-təala İbrahim peyğəmbər
vasitəsilə öz
bəndələrinə bildirdi
ki, yalançı dinlərdə olduğu kimi, insanların qurban kəsilməsini istəmir. Allah qurban kəsmək üçün göydən
qoç göndərməklə
yalançı etiqadların
puçluğunu, yaratdığı
ən mükəmməl
məxluqun - insanın
hər şeydən uca olduğunu nəzərə çarpdırdı.
Allaha xoş gələn əməllərdən biri
Müqəddəs kitabımızda deyilir:
“Biz qurbanlıq dəvələri
də Allahın nişanələrindən (Onun
haqq dininin əlamətlərindən) etdik.
Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə
olduqları) halda kəsərkən üstlərində
Allahın adını
çəkin (bismillah
deyin). Onlar böyrü üstə
düşən (canları
çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından)
əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə
də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə (nemətimizə) şükür
edəsiniz! Onların nə əti,
nə də qanı, əlbəttə,
Allaha çatmaz.
Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən
etdiyiniz ibadətdir).
Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi)
üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Məhəmməd!)
Ehsan edənlərə (cənnətlə)
müjdə ver!”
(Həcc, 36-37) Başqa sözlə,
müsəlman qurban kəsərək Tanrıya
yaxınlığını, ona sədaqətini bir daha sübut
edir.
Müsəlman qurban kəsməklə Yaradana sədaqətini nümayiş etdirir. Elə “qurban”
sözünün hərfi
mənası da (“yaxınlıq”, yəni, Allaha yaxınlıq) buna dəlalət edir.
Qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilən əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar - bu böyük savabdır.
İmkanlıların qurban kəsməməsi məqbul olmadığı kimi, imkansızların da ailəsinin güzəranına ziyan vurmaqla, yaxud borc-xərclə qurban kəsməsi məqbul deyil.
Qurban qoyun və keçidən, dəvə və inəkdən kəsilməlidir. Çöl heyvanlarından, eləcə də quşlardan qurban kəsilməz. Qurbanlıq heyvan sağlam, qüsursuz və cavan olmalıdır. Xəstə, arıq, çolaq, gözü kor, buynuzu sınmış, dişləri tökülmüş, qulağı, quyruğu kəsilmiş heyvandan qurbanlıq olmaz. Qurban əti, adətən, üç yerə bölünür: bir hissəni qurban kəsən özünə saxlayır, bir hissəsini qohum-əqrəbaya və dost-tanışa verir, bir hissəsini də ehtiyacı olanlara paylayır. Müsəlman istəsə, qurban ətinin hamısını kasıblara paylaya bilər. Həm də imkan daxilində bir yox, bir neçə qurban kəsib ehtiyacı olanlara paylamaq savabı artırar.
Xeyirxahlığın təzahürü
İmkanlı müsəlmanın qurban kəsib imkansızların ehtiyaclarını qismən də olsa, ödəməsi xeyirxahlığın təzahürüdür. Allaha xoş gələn bu əməl Qurban bayramında özünü daha qabarıq şəkildə büruzə verir. Qurban ətinin paylanması insanların bir-birinə kömək göstərmələrinin, əl tutmalarnın vacibliyinə dəlalət edir.
Dinimizin təlqin etdiyi ədalət prinsipi də Qurban bayramında özünü göstərir. Qurban ətinin paylanması maddi sərvətlərin ədalətli bölüşdürülməsi mənasını verir.
Müsəlman dünyasında əsl təntənəyə çevrilən, insanlara birlik, həmrəylik, şəfqət, xeyirxahlıq duyğuları aşılayan Qurban bayramında insanlar bir-birlərini həcc, fədakarlıq, təvazökarlıq və bağlılıq günü kimi təbrik edir, aztəminatlı ailələrə yardım göstərirlər.
Uca Allah Qurban bayramının mahiyyətinə işarət edərək buyurur: “Onların nə əti, nə də qanı Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə, Onu uca tutasınız deyə, bu (heyvanları) sizə beləcə ram etdi. (Sən isə) yaxşılıq edənləri müjdələ!” - Həcc surəsi 37-ci ayə.
Şükürlər olsun ki, Ulu Tanrı kəsdiyimiz qurbanları, duaları qəbul edib və arzularımızı çin edərək bu il bizə Qurban bayramını müqəddəs yurdumuz Qarabağda qeyd etmək kimi xoşbəxt tale nəsib edib.
Uca Allah kəsəcəyimiz qurbanları qəbul etsin!
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2021.- 18 iyul.- S.1:7.