Həsən bəy Zərdabinin maarifçilik və xeyriyyəçilik fəaliyyəti

 

 

 

Görkəmli mütəfəkkir, maarifçi alim, publisist və təbiətşünas Həsən bəy Zərdabi xalqın mədəni tərəqqiyə qovuşması yolunda böyük əmək sərf etmiş, əsl fədakarlıq  göstərmişdir. O, maarif və mədəniyyət çırağının işığı ilə cəhalət və nadanlıq zülmətini  yararaq, elmin nurlu sabahına aparan yolu gənclərə göstərib deyirdi: “ Ey elm təhsil  edən cavanlarımız, doğrudur, bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Qoy  şüarələr sizi həcv etsin, mollalar lənət oxusun, əvamşünas daşa bassın. Siz millət üçün  əziyyət çəkirsiniz”. Təəssüf ki, həmin dövrdə təhsil alanlarımız çox az idi.

 

Bu məsələyə  toxunaraq H.B.Zərdabi yazırdı: “İndi görək bizim məktəbxanələrdə oxuyanlar kimdir?  Bizim quberniyada bircə Badkubə Gimnaziyası var ki, onda 500 oxuyan, o cümlədən  250 rus, 150 erməni və 100 müsəlmandır. Biz müsəlmanlar elmdən vəba  naxoşluğundan qaçan kimi qaçırıq. Ey müsəlmanların millət təəssübü çəkən kəsləri, bir  açın gözünüzü, dünyayə tamaşa edin” (“Əkinçi” qəzeti, 1875, N-8). Xalqın yoxsul və  yetim uşaqlarının təhsili məsələsi Həsən bəy Zərdabini hər zaman düşündürürdü. Xeyirxahlıq əməlləri ilə yaşayan böyük alim-pedaqoq xalqına təmənnasız  xidməti özünə ən ali məqsəd seçmişdi. O, bu nəcib əməlləri hələ erkən tərbiyə alıb  böyüdüyü ailədə görüb, hiss etmişdi. Atası Səlim bəy, babası Rəhim bəy şeiri-sənəti  sevən, sənət adamlarını himayə edən açıq fikirli şəxslər idi. Onun ilk müəllimi atası  olmuşdu. Səlim bəy oğluna rusların Qafqaza gəlməsindən, İran şahı Nadirin Muğanda şahlığı qəbul etməsindən, babalarının şücaətindən söhbət edərmiş. Bir dəfə Səlim bəy  general Paskeviçlə görüşərkən dəstə ilə məktəbə gedən erməni uşaqlarını ona  göstərərək demişdi: “Səninlə o zaman hesablaşacağıq ki, bizim uşaqlar da həmin  şagirdlərin sırasında olsunlar”.

 

Vətənpərvər kimi yetişən H.B.Zərdabinin mənsub olduğu  millətin taleyi ilə bağlı eşitdiyi söhbətlər onun zehnini hələ uşaqkən məşğul etməyə  başlayır. O, erkən anlamışdı ki, Azərbaycanın təbiətcə zənginliyi onun tənəzzülünə bais  olmuşdur. Şərq-Qərb cahangirləri bu zəngin ölkəni, onun sərvətlərini qəsb edərək, yerli  əhalini soymuşlar.

 

H.B.Zərdabi təbiətcə millətçi deyil, millətsevər olduğundan xalqına qarşı olan belə  haqsızlıqlara qarşı ömür boyu böyük mübarizə aparmışdır. Milli düşüncənin  yüksəlməsində çıxış yolunu yalnız təhsildə, elmdə görən böyük vətənpərvər bunları  dərindən dərk edərək xalqı maarifə, mədəni tərəqqiyə çağırır, bütün gerilik hallarını  tənqid edirdi. O, elmi-publisist ideyalarında və sosial-siyasi baxışlarında xalqın  maariflənməsinə böyük əhəmiyyət verirdi. Zərdabi bu sahədə çarizmin millətçi-müstəmləkəçilik siyasətinin mənfur formada həyata keçirildiyini bəyan edirdi. Xalq  mücahidi olan alim yolu önündə maneələri aradan qaldırmağın, Vətən oğullarını “xabi-qəflətdən” oyatmağın, mübarizəyə başlamağın vaxtının çoxdan çatdığını dönə-dönə  bildirirdi...

 

Həsən bəy Zərdabi həmin zamanlarda min bir əziyyətlə nəşr etdirdiyi,  Rusiya müsəlmanlarının yeganə mətbu orqanı olan “Əkinçi” qəzetini (1875-1877)  tezliklə qabaqcıl ziyalıların tribunasına çevirdi.

 

Həsən bəy Zərdabinin xeyriyyə cəmiyyəti yaratmaq təşəbbüsü də məhz bu amaldan irəli gəlirdi. Belə nəcib, şərəfli və çətin işə Bakı Realni Məktəbində müəllim olarkən başlamışdı. Bu məqsədlə 1871-ci ilin yayında Qafqazın məşhur şəhərlərinə səfər etməyi müəyyənləşdirmişdi. Əvvəlcə cəmiyyəti-xeyriyyənin nizamnaməsini tərtib edərək, təsdiq üçün Qafqaz canişini idarəsinə göndərmiş və sonra cəmiyyətə üzvlük haqları yığmaq üçün “qaytanlı dəftəri notaryusa möhürlədib” tələbəsi Nəcəf bəy Vəzirovla birlikdə səfərə çıxmışdı. Qeyd edək ki, onun dəst-xəti ilə yazılmış nizamnamə 46 maddədən ibarət olmaqla sənəddə xeyriyyə cəmiyyətinin vəzifələri geniş şərh olunmuşdu.

 

Millətinin elmi tərəqqisi naminə hər bir çətinliyə dözən, həyat amalını yerinə  yetirmək üçün fədakarlıq nümunəsi olan bu bənzərsiz şəxsiyyətin müəyyənləşdirdiyi  marşrut Bakıdan başlayıb, Şamaxı, Gəncə, Tiflis, İrəvan, Naxçıvan, Şuşa, Bakı,  Dərbənd, Quba şəhərlərini əhatə etməklə, yenə də Bakıya qayıdırdı. H.B.Zərdabi  1871-ci il iyunun 15-dən avqustun 31-dək bu ağır, çətin səfərdə olmuşdu. O, yol  qeydlərini sonralar Senkinin redaktorluğu ilə çıxan “Bakinski listok” qəzetində dərc  etdirmişdi. Onların ilk səfəri Şamaxıya olur. O, şamaxılıların cəmiyyətə  köməyini minnətdarlıqla qeyd edir: “Bir neçə gün Cavad xanın və Kərim bəy  Şirvanskinin iştirakı ilə 3700 manat abunə topladıq. 8 nəfər xeyriyyə cəmiyyətinə fəxri  üzv olmağını bildirdi və birinci ildə 300 manat, sonrakı illərdə hər il 100 manat  verməyi öhdəyə götürdülər”. H.B.Zərdabi buradan Yelizavetpola (Gəncə) gəlir. Yerli  əhalinin xeyriyyə işinə hüsn-rəğbətini öyrənmək istədiyini, istidən yaylaqlara köçən  şəhərlilərdən heç kəsi tapmadığını təəssüflə qeyd edir. Və iyulun 1-də Tiflisə daxil olur.  Cəmiyyətin nizamnaməsinin təsdiq olunduğunu öyrənir və onun surətini alıb, yoluna  davam edir. Tiflislilərin xeyir işə gərəyincə əl tutmadıqlarından danışır: “Tiflis öz  milyonları, generalları olan şəhərdir. İki həftə ərzində burada 150 manat yığa bildim”.  İrəvan səfərində təbiətşünas alimi dağlar, meşələr, soyuq bulaqlar cəlb etsə də, onu  “ölkənin tərifli güşəsi Dərəçiçək məyus edir. Nə Dərəçiçəkdə, nə də ətraflarda gül-çiçəkliyə rast gəlmir”. Ona deyirlər ki, buralara xeyli vaxtdı yağış yağmayıb.  H.B.Zərdabi iyulun 15-də İrəvana yetişir. O, deyir: “Mən əvvəlinci gün quberniya  rəisinin yanına getdim. Ondan xahiş etdim ki, müsəlmanların ali zümrələrini yığsın və  onlara cəmiyyəti-xeyriyyənin əhəmiyyətini izah etsin... Amma Əli xan və digərləri  dedilər ki, biz gimnaziya açacağıq. Onların bu xeyirxah niyyətlərinə təşəkkürümü  bildirdim, əməkdaşlıq etməyə söz verdim. Yalnız Abdulla xan cəmiyyətə fəxri üzv  olacağını bildirdi. Nəhayət, İrəvan qəzasından xeyriyyə cəmiyyətinə 500 nəfər abunə  yazıldı”. H.B.Zərdabi Naxçıvana gedəcəyini bildirəndə tanışları ona deyirlər ki, orada  bərk istilər düşüb və bir də ki, Kəlbalı xansız orada nə var? Buna baxmayaraq iyulun

 

27-də Naxçıvana gəlir. Burada mayor Şəfi ağa ilə görüşdüyünü və onun nəcabətli  şəxs olduğunu qeyd edir. Onun iki günlüyə başqa yerə göndərilməsinə  təəssüflənir. H.B.Zərdabi burada isti-bürkü üzündən xəstələndiyindən danışır: “Yeganə həkim X. praktik həkim idi. O, danışır, hər sözün yerini, qiymətini bilirdi. Xəstəliyimin pis nəticə verəcəyindən qorxaraq iyulun 30-da səhər furqonla Binəciyə yollandım. Bura yerinə və həyat şəraitinə görə Dərəçiçəkdən geri qalmırdı”. O, kirayə etdiyi atla üç gün yol getdikdən sonra avqustun

 

2-də Şuşa şəhərinə yetişir. Yol təəssüratını belə xatırlayır: “Şuşaya nə poçt yolu, nə də araba yolu yox idi. Yeni çəkilən poçt yolunun işi hələ bitməmişdi.  Bütün yollar dağların qarsız, zəngin bitkilərlə örtülmüş yüksəkliklərindən keçirdi. Şuşa  qəzası sakinlərinin köçəbələri bu dağlarda soyuq bulaqlar üstündə alacıqlarda  yerləşmişdi. Havanın təmizliyi, ətraflardakı yaşıllıq məni gümrahlaşdırmışdı”. H.B.Zərdabi burada da cəmiyyəti-xeyriyyəyə lazımi qədər ianə toplaya bilmir. “Qarabağın ağaları məni qonaq çağırdılar, toy və xeyrat aşı yedirtdilər, amma bir qəpik cəmiyyəti-xeyriyyəyə ianə verən olmadı. Axırda oxumuş bəyzadələrdən 5-10 nəfərə qol çəkdirib Bakıya qayıdıb, Dərbənd, Qubanı da gedib gəzib, avqust ayının axırında Bakıya gəldim”. Onu da deyək ki, bu gərgin və uzun çəkən səfərdə H.B.Zərdabi atla, faytonla, furqonla 2 min km-ə qədər yol qət etmişdi. Zərdabi bu maarifçilik səfərini  35 ildən sonra yenidən xatırlamış, “Həyat” qəzetinin iki nömrəsində (1905, N 107 və  115) ətraflı işıqlandırmışdı. Məqalədə Bakının sərvətli adamları ilə olan görüşündən,  onlara maarif və məktəbin əhəmiyyətindən, yoxsul və yetim uşaqların təhsili üçün  maddi kömək göstərməyin vacibliyindən söhbət açılır. Lakin ona söz verənlər çox,  kömək edənlər isə az olur. Ancaq Hacı Zeynalabdin Tağıyev cəmiyyətə çox yardım  göstərmişdi. Yeri gəlmişkən qeyd etməliyik ki, Həsən bəy Zərdabi ilə Hacı Zeynalabdin  Tağıyev bərk dost olmuşlar. “H.B.Zərdabi H.Z.Tağıyevin ictimai mövqeyinin  formalaşmasına böyük təsir göstərmiş, onun xeyriyyəçilik və maarifçilik fəaliyyətinin  müəyyənləşməsində mühüm rol oynamışdır” (Mahmud İsmayıl, Marat İbrahimov “El  atası”, Bakı, 1994, səh.9). H.B.Zərdabi yazırdı: “Mən ümidimi Qafqaz vilayətinin qeyri  şəhərlərinə bağlayıb, oralara da gedib ciddi cəhd etməyi özümə borc bildim. Çünki  cəmiyyəti-xeyriyyə bircə Bakı üçün açılmayırdı. Tamam Qafqaz üçün bina  olurdu”.

 

Həsən bəyin həyat yoldaşı, tanınmış maarif xadimi Hənifə xanım Məlikova bu  haqda yazırdı: “Uşaqlar üçün pulsuz oxuyan məktəblər az idi. Yoxsul uşaqlarını  oxutmaq üçün vəsait tapmaq lazım idi. Həsən bəy bu barədə qəzetlərə yazsa da, ona  cavab verən olmurdu. Cəmiyyətin təşkilinə izn almaq çox çətin idi. Dövlət  müsəlmanların hər hansı bir təşəbbüsünə mane olurdu. Cəmiyyətə üzv olmaq istəyən  yox idi”.

 

Həsən bəy bu dövlətlilərin xasiyyətini və xəsisliyini yaxşı bilirdi. Onları cəmiyyətə üzv yazarkən qol kağızı alırdı (“Revolyusiya və kultura” jurnalı, 1939, ¹ 6). Müasir  poeziyamızın tanınmış nümayəndəsi, mərhum şair Vaqif İbrahim haqlı olaraq  yazıb: “Qadından asılıdır kişinin sonrakı taleyi”.  Bu mənada H.B.Zərdabinin  xanımı, əqidə dostu Hənifə xanım Məlikovanın H.B.Zərdabinin tutduğu bu müqəddəs  yolda ən yaxın silahdaşı, mənəvi yardımçısı olması təqdirəlayiq bir hal kimi  qiymətləndirilməlidir... H.B.Zərdabi qonşu xalqların maarifçilikdə, mədəni tərəqqinin  inkişafında və qeyri işlərdə irəli getdiklərini xatırlayaraq deyirdi ki, ötən əsrin 60-cı illərində Bakıda 10-15 evdən çox olmayan ermənilər xeyriyyə cəmiyyəti təşkil edir, uşaqların oxumasının qayğısına qalırlar.

 

“Halva, halva deməklə ağız şirin olmaz. İş görməkdən ötrü puldan da artıq adam  gərəkdir. Bircə adam ortalığa çıxardınız ki, pul təmənnasında olmayıb, millət üçün  işləsin”. H.B.Zərdabi cəmiyyətə kömək etməyən, “pul sözü araya gələndə iztiraba  düşən, bu işə bir xeyir-duaçı da gərəkdir” deyərək aradan çıxan dövlətlilərin nə qədər  zavallı olduqlarına acıyırdı: “Mən mənzilimə gedəndən sonra bizim bədbəxt  müsəlmanların fikrindən bir neçə gecələr mənə yuxu haram oldu”. O, cəmiyyətin işinə  əsasən ziyalıların kömək etdiyini xatırladaraq Kərim bəy Hüseynovun (Şamaxı),  Abdulla xanın (İrəvan), Mayor Şəfi ağanın (Naxçıvan), Qasım bəy Mehmandarovun  (Şuşa), Staroselskinin (Bakı qubernatoru) adlarını məmnuniyyətlə qeyd edirdi. “Diqqət  çəkən budur ki, Bakıda bircə o vaxtlar qubernator olan general Staroselski (o,  “Əkinçi” nəşrinə kömək etmişdi) haqlı olaraq yazırdı: “Nə qədər Bakıda qubernator  olsam, borcumdur ki, hər ildə müsəlman cəmiyyəti-xeyriyyəsinə 100 manat  verim”. H.B.Zərdabi dərslərin başlandığını, cəmiyyətdən kömək gəlmədiyini,  dəftərlərə qol çəkənlərə kağız yazdığını” və ancaq Dərbənddən bir neçə adamın pul  göndərdiyini qeyd edir: “Hər şəhər bir yetim göndərdi ki, onları cəmiyyət saxlayıb  oxutsun. Onları gimnaziyaya qoyub, bir mənzil tutub orada saxlatdım”.

 

H.B.Zərdabi 1873-cü ildə əsasını qoyduğu teatrda göstərilən tamaşalardan əldə olunan vəsaiti də imkansız şagirdlərə verməyi tapşırırdı. Xeyriyyə cəmiyyətinin fəaliyyətindən xəbər tutan şuşalı Yəhya bəy Tahirov 1873-cü ildə Həsən bəyə yazırdı: “Sizin ideya və hissiyyatınız olduqca qiymətlidir və müsəlmanların taleyində fərəhli nəticələr vəd edir. Buna görə də tam səmimiyyət və hüsn-rəğbətlə sizin yaratdığınız cəmiyyəti-xeyriyyəyə məni üzv yazmağınızı xahiş edirəm”. Qeyd edək ki, bütün çətinliklərə baxmayaraq, xeyriyyə cəmiyyəti bir neçə il fəaliyyət göstərmişdi.

 

H.B.Zərdabi maddi çətinlikləri daha çox öz üzərinə götürürdü. Sonralar yoxsul  uşaqların təhsil məsələlərini Zərdabda və yenidən Bakıya qayıdarkən mənzilində  davam etdirmişdi. H.B.Zərdabi kəndə köçməyə məcbur olduğu illərdə də (1880-1896)  xeyriyyə təşəbbüslərində olmuş, burada məktəb açmaq, qəzet nəşr etmək üçün gərgin  əmək sərf etmişdi. Beşillik mübarizədən sonra məktəbin açılmasına icazə almışdı.  Lakin qaragüruhçular, polis məmurları məktəbin fəaliyyətə başlamasına mane olmuşlar.  Həsən bəy ruhdan düşmür, qadın və uşaqların təlimini evində öz xərci ilə təşkil edirdi.  Hənifə xanım uşaqlara və qadınlara dərs öyrədir, rus dilindən maraqlı hekayələr  tərcümə edirdi. Eyni zamanda qadınlara əl işlərini, barama becərməyin qaydalarını da  öyrədirdi. Habelə kənd uşaqlarını peyvənd edir, onlara sağlamlığı qorumağın yollarını  başa salırdı. Həsən bəyin qızı, tanınmış müəllim Qəribsultan xanımın xatirələri bu  cəhətdən maraqlıdır: “Biz keçmiş poçt küçəsində 6 otaqdan ibarət mənzildə yaşayırdıq.  Evimizdə 10 uşaq qalırdı. Anam onları məktəbə hazırlayırdı. Bir dəfə Qubadan bir uşaq  gəlmişdi. O, oxumaq istədiyini qətiyyətlə atama bildirmişdi. Atam zarafatla onu Azərbaycanın Lomonosovu adlandırırdı. Seyidov familiyalı bu uşaq 15 il bizdə qaldı və ali hüquqşünas təhsili aldı. Atam bu uşaqlara çox qayğı və diqqət göstərirdi. Uşaqlar onun ümidi və iftixarı idi”. Qeyd edək ki, Zərdabinin xeyriyyəçilik işləri bununla bitmirdi. Bu nəcib əməllər qabaqcıl gənclərə, ziyalılara nümunə olmuşdu.

 

O zaman Rusiyanın ali məktəblərində təhsil alan tələbələr başda N.B.Vəzirov   Ə.A.Gorani olmaqla yoxsul tələbələrə yardım cəmiyyəti - “İmdadiyyə” təşkil etmişdilər. Tezliklə “İmdadiyyə” tələbə gənclərin mübariz dərnəyinə çevrilmişdi. Onlar  müntəzəm olaraq Həsən bəylə məktublaşır və ondan məsləhət alırdılar. Ə.Gorani 4  oktyabr 1875-ci ildə Moskvadan yazırdı: “Mən Peterburqda Kərimlə yoxsul müsəlman  tələbələrinə yardım edən yeni cəmiyyətimiz haqqında danışdım. Layihə belədir: mən  hər ay 3 manat verirəm, Kərim 2 manat, Nəcəf 50 qəp. Sizdən isə hər ay üçün 2 manat.  İlin axırında əlavə qüvvələr cəlb etməklə xeyli vəsait əldə edərik. Və onun faizini  yoxsul tələbələrə göndərərik. Cəmiyyətin nizamnaməsi hələlik işlənməyib. Arzu olunur  ki, siz onun maddələri barədə öz rəyinizi bildirəsiniz. Cəmiyyətin kassasını isə  Əkinçi”nin redaksiyasında saxlamaq yaxşı olardı”. Göründüyü kimi, böyük maarifçinin  nəcib əməlləri öz bəhrəsini verməyə başlamışdı. XX əsrin əvvəllərində “Nəşri-maarif”,  “Nicat”, “Səfa”, “Səadət”, “Cəmiyyət” kimi xeyriyyə cəmiyyətləri geniş fəaliyyət  meydanına çıxmışdı. H.B.Zərdabi maarifçi, ictimai xadim, filosof, mütəfəkkir,  təbiətşünas alim, pedaqoq, publisist, jurnalist kimi bütün qüvvə və istedadını  mədəniyyətin, maarifin, elmin inkişafına həsr etmişdi. “Tərcüman” qəzetinin yazdığı  kimi, “Birinci ovuc maarif buğdasını Həsən bəy ağamız səpdi. Bunun fidanları olaraq  Tiflisdə “Ziyayi-Qafqaziya”, “Kəşkül” qəzetləri zühur etmişdi”. H.B.Zərdabi XIX əsrin  ikinci, XX əsrin birinci yarısında həyatı boyu bütün varlıgı ilə, ilahi bir eşqlə sevdiyi  torpağına, millətinə öz övladlıq borcunu fədakarlıqla yerinə yetirən millət pərvanəsi olduğunu əməlləriylə təsdiq edən, yüz ildənbir doğulan böyük şəxsiyyət, heç kimlə müqayisəolunmaz, bənzərsiz ziyalı - fədai və millət şəhidi idi. H.B.Zərdabi nəşr etdiyi  Əkinçi” qəzeti, elmi-publisist və pedaqoji fəaliyyəti ilə maarifçilik ideyalarını uca  məqamlara çatdırmışdı. H.B.Zərdabinin mənalı həyatı, çoxcəhətli və dolğun yaradıcılığı, geniş ictimai fəaliyyəti  bütövlükdə Vətəninə, millətinə təmənnasız xidmətlərinin misilsiz nümunəsidir.

 

 

 

Adil ABDULLAYEV,

“Gənclik” nəşriyyatının direktoru, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü

Azərbaycan.-2021.- 18 iyul.- S.6.