Regionların
hərtərəfli inkişafı Prezidentin daim diqqət mərkəzindədir
Prezident
İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi
-Salam, cənab
Prezident, xoş gördük Sizi. Cənab Prezident, bu gün
Siz Azərbaycanın qərb bölgəsinə - Daşkəsən,
Naftalan və Goranboya səfər edirsiniz, bir neçə
obyektin açılışında iştirak edəcəksiniz.
Səfərlə bağlı fikirlərinizi bilmək istərdik.
- Bu səfərlər
müntəzəm olaraq həyata keçirilir. Regionların
sosial-iqtisadi inkişafı Dövlət proqramlarının
icrası ilə bağlı verdiyim tapşırıqlar yerində
də yoxlanılır və son illər ərzində mənim
bölgələrə yüzlərlə səfərim
olubdur. Bu səfər də bu sıradan olan səfərdir. Səfər
zamanı bir neçə açılışda iştirak edəcəyəm.
Bu açılışlar, əslində,
gördüyümüz işlərin həcmini göstərir.
Eyni zamanda, onu göstərir ki, ölkə hərtərəfli
inkişaf edir. Çünki bu səfər çərçivəsində
həm infrastruktur layihələrinin istismara verilməsi qeyd olunacaq,
eyni zamanda, sənaye müəssisələrinin, idman obyektlərinin,
yolların, içməli su və kanalizasiya xətlərinin
istismara verilməsi nəzərdə tutulur.
Qərb
bölgəsinin önəmli hissəsi olan bu bölgə, əlbəttə
ki, özünəməxsus inkişaf perspektivlərinə
malikdir. Mənim bu bölgəyə səfərlərim bir
daha demək istəyirəm, - müntəzəm xarakter
daşıyır. Misal üçün bu gün biz Daşkəsəndə
yeni qızıl yatağının istifadəyə verilməsini
qeyd etdik. Bu, çox önəmli hadisədir. Çünki
qeyri-neft sektorunun inkişafı üçün bu sahə
xüsusi perspektivlərə malikdir. Dağ-mədən sahəsi
bizim qeyri-neft sektorumuzda aparıcı sahəyə
çevrilir və perspektivlər də çox gözəldir.
Bu gün həm açılışını qeyd etdik, eyni
zamanda, bundan sonra görüləcək işlərlə
bağlı təqdimat oldu. Təkcə qızıl yox, digər
qiymətli metalların hasilatı Azərbaycanda bundan sonra daha
geniş miqyasda öz həllini tapacaq.
Bununla
paralel olaraq, Daşkəsənin ənənəvi sahəsi
olan dəmir filizi yataqlarının işlənilməsi ilə
bağlı konkret planlar var. Bir müddət bundan əvvəl
mənim göstərişimlə xüsusi proqram tərtib
edilmişdir, dövlət investisiya resursları cəlb
olunmuşdur. Bu sahə çox böyük gəlir gətirən
sahə olacaq. Eyni zamanda, minlərlə iş yeri
yaradılacaq və idxaldan asılılıq azalacaq.
Çünki son beş il ərzində, - verilən təqdimatda
da bu, göstərilir, - təkcə dəmir məmulatlarının
idxalına ölkədən 1,7 milyard manat vəsait gedibdir. Bu
sahənin inkişafı imkan verəcək ki, idxaldan
asılılıq kəskin şəkildə azalacaq, biz daha
böyük dəyərə malik olan dəyər zəncirini
yaratmış oluruq və eyni zamanda, ixrac imkanlarımız da
yaranacaq. Çünki bu gün dağ-mədən sənayemizin
inkişafı bu yolla getməlidir.
Onu da
bildirməliyəm ki, azad edilmiş torpaqlarda da bu sahənin
çox böyük perspektivi var. Bildiyiniz kimi, uzun illər
xarici şirkətlər qanunsuz olaraq bizim qızıl və
digər mədənlərimizi istismar edirdilər. Bu, cinayətdir
və mən bu haqda artıq öz sözümü demişəm,
bir daha demək istəyirəm, bu şirkətlərin iki yolu
var: ya bizə təzminat ödəyəcəklər, bizim
şərtlərimizi qəbul edəcəklər, ya da ki,
onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin
həll olunmasıdır. Onu da deməliyəm ki, bütün
hazırlıq işləri artıq tamamlanmaq üzrədir.
Bizim həm Zəngilan, həm də Kəlbəcər
rayonlarında xarici şirkətlər tərəfindən
qanunsuz istismar edilən qızıl yataqlarımızın
bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər
dəvət olunubdur. Bir daha demək istəyirəm ki, onlar
vurulmuş ziyanın təzminatını öz xoşu ilə
həll etsinlər, Azərbaycan dövlətinə vurulmuş
ziyanı ödəsinlər və ondan sonra, ancaq ondan sonra
onlar rahat yaşaya bilərlər. Yoxsa ki, bu şirkətlərin
başqa yerlərdə də əməliyyatları var və
onların iş reputasiyasına çox böyük ziyan dəyəcək.
Hər halda biz artıq öz mövqeyimizi açıq şəkildə
ifadə etmişik.
O ki
qaldı, səfərlə bağlı digər obyektlərin
açılışlarına, Goranboy rayonunda idman kompleksi də
var. Bu, sayca 48-ci idman kompleksidir və onu göstərir ki,
rayonlarımızın əksəriyyətində ən
müasir idman qurğuları var. Naftalan şəhərində
yeni sanatoriyanın açılışı olacaq. Bu da
çox əlamətdar hadisədir. Çünki Naftalan
şəhəri turizm mərkəzlərindən birinə
çevrilməlidir. Mən bunu ilk dəfə Naftalanda olarkən
bəyan etmişdim. O vaxt Naftalanın sovet dövründən
qalan bütün sanatoriyalarında məcburi
köçkünlər yerləşmişdi. Biz onlar
üçün elə bu ərazidə, yaxın ərazidə
müasir evlər tikdik, qəsəbələr saldıq,
onları köçürdük. Ondan sonra böyük
investisiyalar cəlb olundu və artıq 13 mehmanxana və
sanatoriya fəaliyyətdədir. Üçünün -
beşulduzlu “Çinar”, “Qarabağ” və “Qaşaltı”
mehmanxanalarının açılışında mən
şəxsən iştirak etmişəm. Göstəriş
vermişəm ki, bütün kateqoriyadan olan müxtəlif səviyyəli
istirahət zonaları olmalıdır - beşulduzlu,
dördulduzlu, üçulduzlu. Yəni, Azərbaycan vətəndaşları
və xarici qonaqlar bundan istifadə edə bilsinlər.
Sovet
vaxtında Naftalana Sovet İttifaqının müxtəlif yerlərindən
ildə 50-60 min turist gəlirdi. Təqribən son 15 il ərzində
görülmüş işlər nəticəsində burada
qalacaq turistlər üçün 2300-dən çox yer
artıq istifadəyə verilibdir və bu proses davam edir.
Onu da
bildirməliyəm ki, İkinci Qarabağ müharibəsində
Suqovuşan qəsəbəsi də işğaldan azad edildi və
Naftalandan Suqovuşan qəsəbəsinə məsafə o qədər
də böyük deyil. Mənim tapşırığımla
yeni yolun çəkilişi də təmin edilir və beləliklə,
bu zona vahid bir turizm məkanı olacaq. Çünki Naftalana gələn
qonaqların, – istər Azərbaycan vətəndaşları,
istərsə də xarici qonaqlar olsun, - ölkəmizlə
tanış olmaları üçün gərək daha
geniş imkanlar olsun, həm Gəncəyə, həm digər
şəhərlərə gedə bilsinlər, eyni zamanda,
Suqovuşan qəsəbəsinə. Şiddətli
döyüşlər gedən əraziyə gedib baxmaq həm
onlar üçün maraqlı olar, həm də ki,
Suqovuşan çox mənzərəli bir yerdir, - dağlar,
böyük su anbarı və həyat o bölgələrə
qayıdır.
Onu da
bildirməliyəm ki, kənd təsərrüfatı
üçün bu bölgədə böyük işlər
görülüb, xüsusilə Goranboy rayonunda. Mənim
göstərişimlə Şəmkir maşın kanalı
çəkilibdir, uzunluğu təqribən 30 kilometrə
yaxındır. Bu kanal artıq 30 min hektardan çox
torpağa suyun verilməsini yaxşılaşdırır və
bunun kənd təsərrüfatının inkişafına
böyük köməyi olubdur.
Naftalan
şəhərində, Goranboy, Daşkəsən rayonlarında
digər layihələr də icra edilib. Yollar, içməli
su xətləri çəkilib, xəstəxanalar, sosial
obyektlər tikilib, iş yerləri yaradılıb, yəni, bu
bölgə sürətlə inkişaf edir və deyə bilərəm
ki, hər şey plan üzrə gedir. Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir.
Əlbəttə, İkinci Qarabağ müharibəsindən
sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır.
Ancaq bizim ənənəvi işlərimiz, regionlarla
bağlı olan proqramlar da yaddan çıxmamalıdır və
çıxmır.
-Cənab
Prezident, ilin altı ayı artıq arxada qaldı. Bu altı
ayın sosial-iqtisadi yekunlarını necə qiymətləndirirsiniz?
- Müsbət
qiymətləndirirəm. Çünki altı ayın
yekunları onu göstərir ki, artıq Azərbaycan
iqtisadiyyatı tənəzzüldən çıxıb.
Əgər bu altı ayın hər bir ayının iqtisadi
göstəricilərinə nəzər salsaq görərik
ki, ilin əvvəlində iqtisadi tənəzzül daha
böyük rəqəmlərlə
ölçülürdü. Hər ay tənəzzül
azalırdı və biz may ayının yekunlarına görə
bir balaca iqtisadi inkişafa nail ola bildik. Altı ayın
yekunları isə bunu göstərir ki, bizim iqtisadiyyatımız
2 faiz artıb. Bu, yaxşı göstəricidir. Xüsusilə
dünyada gedən proseslərə nəzər saldıqda
görürük ki, dünya ölkələrinin
böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir.
Bizim iqtisadiyyatımız isə artır və əminəm
ki, ilin sonuna qədər daha da artacaq. Daha sevindirici məsələ
odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu,
doğrudan da böyük rəqəmdir, böyük göstəricidir,
görülmüş işlərin təzahürüdür.
Əgər
sənaye istehsalına fikir versək görərik ki, sənaye
istehsalı 0,3 faiz azalıb. Amma bunun əsas səbəbi neft
hasilatı ilə bağlıdır, OPEC+
razılaşmasının yerinə yetirilməsidir. Bilirsiniz
ki, biz hasilatı azaltmışıq və necə deyərlər,
bu versiyanı təsdiqləyən digər göstəriciyə
diqqətinizi cəlb etmək istərdim. Qeyri-neft sənayemiz
16,6 faiz artıb və daha da artacaq. Bugünkü bu
açılış və görüləcək digər
işlər qeyri-neft sektorunun sənaye potensialını daha
da artıracaq. Çünki 16,6 faiz artım olub, mən bilmirəm
hansı başqa ölkədə buna rast gəlmək olar.
Kənd təsərrüfatı
5,6 faiz artıb. Bu da əhəmiyyətli artımdır.
Keçən il, hətta pandemiyaya qədər kənd təsərrüfatında
artım daha az idi – təqribən 3 faiz, 3,5 faiz, indi isə 5,6
faiz. Bu da görülmüş işlərin, islahatların nəticəsidir.
Fermerlər də bunu görür və bu sahəyə daim
dövlət dəstəyi olacaq. Çünki dövlət dəstəyi
olmadan kənd təsərrüfatı istədiyimiz qədər
inkişaf edə bilməz.
İnflyasiya
məqbul hesab edilən rəqəmlər ətrafındadır
– 4,3 faiz. Hesab edirəm ki, bu da yaxşı nəticədir.
Valyuta ehtiyatlarımız artıb. Altı ayda valyuta
ehtiyatlarımız 1 milyard dollar həcmində artıb. Amma
bu artım daha da böyük olacaqdı. Çünki bizim
ehtiyatlarımızın bir hissəsi müxtəlif
valyutalardadır, o cümlədən avro və dollar əksəriyyət
təşkil edir. Bu məzənnədə olan dəyişiklik
bizim mütləq rəqəmlərə təsir göstərdi.
Əgər bu dəyişiklik olmasaydı və əgər
qızılın qiyməti düşməsəydi, -
çünki bizim kifayət qədər böyük
ehtiyatımız qızıldadır, - bu artım 1,7 milyard
dollar olacaqdı. Yəni, biz real bu qədər əlavə
pul qazanmışıq və məzənnə fərqi, deməli,
qızılın qiyməti müvəqqəti olaraq buna təsir
göstərir. Yəni, bu, nəyi göstərir? Baxmayaraq ki,
biz genişmiqyaslı quruculuq işləri aparırıq,
baxmayaraq ki, biz Qarabağı və Şərqi Zəngəzuru
sürətlə bərpa edirik, nəinki valyuta
ehtiyatlarımızı azaltmamışıq,
artırmışıq və heç bir kreditə də
müraciət etməmişik. Bu, nəyi göstərir?
Resursumuzu göstərir, resurs bazasını göstərir.
Eyni zamanda, onu göstərir ki, biz vəsaitdən çox
ehtiyatla istifadə edirik, israfçılığa, lazım
olmayan xərclərə yol vermirik. Vaxtilə nəzarətsiz
olan xərclər artıq keçmişdə qalıbdır,
bütün dövlət məmurları mənim təlimatlarımı
icra etməlidirlər və edirlər ki, hər manata qənaət
etməliyik. Lazım olmayan layihələrə, xeyir gətirməyən
layihələrə, sadəcə, görüntü naminə,
yaxud da ki, hansısa başqa maraqlar naminə dövlət
investisiya xərcləri verilməyəcək. Bunu hər kəs
bilir. Ona görə valyuta ehtiyatlarımızın
artımı da çox vacib məsələdir. Nə qədər
çox valyutamız olsa, biz özümüzü o qədər
də əmin hiss edirik.
Onu da deməliyəm
ki, Azərbaycanda valyuta ehtiyatları xarici dövlət
borcundan təxminən 6 dəfə çoxdur. Bu, dünyada
çox nadir halda rast gəlinən məsələdir.
Çünki ölkələrin mütləq əksəriyyətinin
dövlət borcu valyuta ehtiyatlarından qat-qat böyük rəqəmlərlə
ölçülür. Ancaq bizdə bu, tamamilə fərqlidir.
Bu nəyi göstərir? Onu göstərir ki, istədiyimiz
halda biz xarici dövlət borcumuzu sıfırlaya bilərik.
Sadəcə olaraq, buna hələ ki, ehtiyac yoxdur.
Çünki uzunmüddətli və yaxşı şərtlərlə
götürülmüş kreditlər də var, onları
vaxtında ödəyirik. Bu onu göstərir ki, biz heç
kimin yardımına qalmamışıq və buna görə
də həm siyasi, həm də iqtisadi sahədə müstəqil
siyasət aparmaq iqtidarındayıq.
Bir rəqəmi
də səsləndirmək istərdim. Bu da ixracla
bağlıdır. İxrac 15 faiz artıb. Bu da çox
yaxşı göstəricidir və qeyri-neft ixracı 27 faizdən
çox artıb. Bax, bu, bizim planlarımızın real nəticəsidir.
Çünki təkcə neft-qaz hesabına valyuta
qazanmamalıyıq, qeyri-neft sektoru hesabına valyuta
qazanmalıyıq, ölkəyə gətirməliyik, 27 faiz
artım böyük rəqəmdir.
Xarici ticarətimizin
müsbət saldosu 3,4 milyard dollardır, ancaq 6 ayda. Əgər
belə getsə, ilin sonuna qədər müsbət saldo təqribən
6-7 milyard dollar olacaq. Dünya ölkələrinin əksəriyyətində
saldo mənfidir, yəni, daha çox idxal edir, nəinki ixrac
edir. Ona görə bu valyuta məzənnəsinə təsir
göstərir, ona görə ölkələr borclanmaya
gedirlər. İnkişaf etmiş ölkələrdə
xarici borc o ölkələrin ümumi daxili məhsulunun 100
faizini, bəzən 120 faizini təşkil edir, 50 faiz müsbət
hal kimi sayılır. Amma Azərbaycanda bu, 19 faizdir və daha
da düşəcək. Çünki göstəriş
vermişəm ki, ildən-ilə borcumuzu azaltmalıyıq. Mən
indi, əlbəttə, Ermənistanla Azərbaycanı
müqayisə etmək istəmirəm. Burada, tamamilə yerlə
göy qədər fərq var. Amma Ermənistan indi xarici borc
içində boğulur və onların xarici borcu ümumi
daxili məhsulun təqribən 70 faizinə qalxıbdır.
Onların xarici borcu təqribən bizim borcumuz səviyyəsindədir,
təqribən 8-9 milyard dollar. Amma əgər bizim 52 milyard
dollar valyuta ehtiyatımız varsa, Ermənistanın valyuta
ehtiyatları 1 milyarddır. O da, Mərkəzi Bankın vəsaitidir.
Onlar ondan istifadə edə bilməzlər. O, müəyyən
dərəcədə daxili məzənnənin sabitləşdirilməsi
üçün nəzərdə tutulub. Yəni, sərbəst
vəsait yoxdur. Fərq bundadır.
Aparılan
islahatlar nəticəsində 6 ayda vergi və gömrük orqanları
nəzərdə tutulandan daha çox vəsait toplayıblar.
Vergi orqanları 810 milyon manat daha çox, gömrük
orqanları 206 milyon manat. Nəyin hesabına?
İslahatların hesabına. Nəyin hesabına?
Dürüstlüyün, şəffaflığın
hesabına, uçotun hesabına, aparılan islahatların
hesabına. Biznes qurumlarına vaxt verilmişdir, onlara
tövsiyələr edilmişdir ki, bax, bundan sonra belə
işləməlisiniz, kölgə iqtisadiyyatı
olmamalıdır, hər kəs vergisini verməlidir. Hər
hansı bir qanunsuz ödəmələr olmamalıdır.
Heç bir dövlət məmuru hansısa biznes qurumuna
sahiblik etməməlidir. Bu yanaşma biznes qurumları, dairələri
tərəfindən çox müsbət
qarşılandı. Onlar üçün də vaxt lazım
idi yeni münasibətlər qaydalarına öyrəşsinlər,
düz işləsinlər, dürüst olsunlar və
artıq biz bunu görürük. Biz bir milyard manatdan çox
əlavə gəlir əldə etmişik və bunun
hesabına sosial ödəmələr edirik, şəhid ailələrini
evlərlə təmin edirik, maaşları, pensiyaları
qaldırırıq, infrastruktur layihələrini icra edirik.
Əgər belə getsə, əlbəttə ki, ilin sonuna qədər
rəqəmlər daha böyük olacaq.
Bax,
qısaca olsa da, budur əsas iqtisadi göstəricilər. Hər
bir qərəzsiz mütəxəssis bu göstəriciləri
görərkən özü üçün yəqin edir ki,
hər bir ölkə bizim göstəricilərlə fəxr
edə bilər.
-Cənab
Prezident, işğaldan azad olunmuş ərazilərimizdə bərpa
və yenidənqurma işləri aparılır. Bu istiqamətdə
hansı yeniliklər barədə danışmaq olar?
- Biz
müntəzəm olaraq Azərbaycan ictimaiyyətini gedən
işlərlə bağlı məlumatlandırırıq.
Görülən bütün işlər xalq tərəfindən
bəyənilir, dəstəklənir. Əlbəttə, o
bölgələrdən olan insanlar - keçmiş
köçkünlər bu layihələrin icrasında
iştirak edirlər, onların rəyi mütləq nəzərə
alınır. Müharibədən cəmi 8 ay keçib, amma
görün nə qədər böyük işlər
görülür. Biz, əlbəttə, ilk növbədə,
mina təmizləmə işləri ilə məşğul
olmalıydıq və məşğul oluruq. Bu, həm
çox vaxt, həm də böyük vəsait aparır.
Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın
Azərbaycan vətəndaşı minalara düşərək
ya həlak olub, ya da öz sağlamlığını itirib.
Mina xəritələrinin
Azərbaycana verilməməsi və bunun hansısa şərtlərlə
verilməsi Ermənistan tərəfindən göstərilən
növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır,
vicdansızlıqdır, normal insani davranışa zidd olan
yanaşmadır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə
qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür.
Çünki mina xəritələrini verməməsinin
heç bir əsası yoxdur. Müharibə qurtarıb, biz
qalib gəlmişik. Ermənistan məğlub olub, bu məğlubiyyətlə
barışıb, barışmalı olub, məcbur etdik.
İndi mina xəritələrini verməməsi nə məqsəd
güdür? Daha çox azərbaycanlılar həlak olsun,
daha çox insanlar əlil olsunlar. Bu, düşmənçilik
deyil, nədir? Bu, bir daha onların xislətini göstərir.
Bir daha göstərir ki, Azərbaycan xalqı heç nəyi
unutmamalıdır. Azərbaycan xalqı çox xeyirxah
xalqdır, çox xoşniyyətli xalqdır. Bəzi hallarda
biz bəzi tarixi məqamları tez unuduruq. Biz erməni vəhşiliyini,
Xocalı soyqırımını, torpaqlarımızın
işğal altına düşməsini, törədilən
urbisidi heç vaxt unutmamalıyıq və
unutmayacağıq. Ona görə minatəmizləmə məsələləri
əsas məsələlərdən biridir. Bununla paralel olaraq
görün nə qədər böyük işlər
görülür. Biz bu ilin sonuna qədər azad edilmiş
torpaqlarda - həm Qarabağda, həm Şərqi Zəngəzurda
bütün elektrik təsərrüfatını
quracağıq: yeni xətlər, ötürücü xətlər,
transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları. Ermənilər
tərəfindən dağıdılmış 12 su elektrik
stansiyasını ki, Kəlbəcər və Laçın
rayonlarında onlara iki həftə möhlət verəndən
sonra onları yandırıb dağıtmışdılar.
Beləliklə, bu, əsas məsələdir. Çünki
bu olmasa, heç bir inkişafdan söhbət gedə bilməz.
İlin sonuna qədər planlaşdırılır ki, tam
yekunlaşdıraq. Amma, əlbəttə ki, bundan sonra dediyim
kimi, yaşıl enerji layihəsi icra ediləcək. Artıq
bir xarici şirkət tərəfindən maraq göstərilib.
200 meqavatlıq günəş elektrik stansiyasının
xarici şirkətin vəsaiti hesabına tikintisi ilə
bağlı razılığa gəldik. Bu, çox gözəl,
önəmli hadisədir. Eyni zamanda, başqa şirkətlər
üçün də bu, bir siqnaldır. Mən bilirəm ki,
indi dünyanın müxtəlif enerji şirkətləri
öz prioriteti üçün bərpaolunan enerjini təsbit
ediblər. Biz onları da dəvət edirik, gəlsinlər,
investisiya qoysunlar. Bizim şaxələndirilmiş enerji şəbəkəmiz
var, bizim bütün qonşu ölkələrlə -
Türkiyə, Rusiya, İran, Gürcüstanla yüksək gərginlikli
enerji xətlərimiz var. Biz istənilən yerə enerjini
ötürə bilərik. Məsələn, biz İrana indi
ixrac edirik, Rusiyaya həm ixrac edirik, həm idxal edirik, amma daha
çox ixrac edirik. Eyni zamanda, Gürcüstana, Türkiyəyə
ixrac edirik. Daxili tələbat artacaq. Ona görə bu sahə
xüsusi önəm daşıyır.
Enerji sahəsindən
başqa ikinci vacib sahə yol infrastrukturudur. Burada da 8 ay ərzində
görün nə qədər böyük işlər
görülüb. Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər
yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi
də başa çatacaq. Zəfər yolu olmayıb heç
vaxt. Dərədən, dağlardan, meşələrdən
keçən o yol gərək açılaydı, torpaq yol
çəkiləydi, ondan sonra asfalt yol. Cəmi 8-9 ayda biz bunu
edirik. Paralel olaraq Füzuli-Şuşa magistral yolu,
Horadiz-Ağbənd yolu çəkilir, 4-6 zolaqlı yoldur. Zəngilan-Qubadlı-Laçın
yolu çəkilir. Bu da çox önəmli yoldur.
Füzulu-Hadrut, Füzuli-Cəbrayıl yolları -
bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə
rahat çatmaq üçün Göygöldən Ömər
aşırımı üzrə yol çəkilir. Bu yol
heç vaxt olmayıb, cığır olub. Qış
aylarında heç vaxt ondan istifadə olunmayıb. Biz indi yol
çəkirik, tunellər çəkirik ki, ilin bütün
mövsümlərində o yoldan istifadə edə bilək.
Eyni zamanda, biz Göygölü də turizm mərkəzi kimi
Kəlbəcərin gələcək mənzərəli
turist mərkəzləri ilə bağlamış oluruq. Digər
yollar, Kəlbəcər, Laçın rayonlarında hərbi
əhəmiyyətli yollar çəkilir. Bu yolların
ümumi uzunluğu 700 kilometrə qədərdir.
Çünki orada yol olmayıb, sərhədə gedən
istiqamətdə yol olmayıb. Orada qar may ayında əriyib.
İndi qış gələnə qədər - qış
da oktyabr ayında gələcək, - oktyabr ayına qədər
biz orada nə qədər yol çəkməliyik və bunu
edirik. Bu, böyükmiqyaslı işdir, mətbuatda çox
da işıqlandırılmır. Təbiidir, amma strateji
nöqteyi-nəzərdən və sərhəddə öz
mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən
bu yolların çox böyük əhəmiyyəti var.
Üç
aeroport tikilir. Artıq mən demişəm, bu aeroportlar nə
vaxt istifadəyə veriləcək. Bu, təkcə əsas
infrastruktur layihələridir. Şəhərsalma ilə
bağlı bizim işçilərimiz böyük işlər
görür, çox fəal işləyirlər.
Ağdamın baş planı təsdiqləndi. Füzulinin, Cəbrayılın
baş planlarının ilkin versiyası mənə təqdim
edildi. İndi müfəssəl plan üzərində iş
aparılır. Yaxın aylarda Füzuli və Cəbrayıl
şəhərlərinin baş planı ictimaiyyətə təqdim
ediləcək. Zəngilan şəhərinin baş
planının hazırlanması prosesinə artıq
başlanmışdır. Bir neçə xarici şirkət,
tanınmış dünya səviyyəli şirkət öz
təklifini verdi. İndi seçim aparılır. Eyni zamanda, əlbəttə
ki, Qubadlı da, Laçın və Kəlbəcər də
- o şəhərlər də yenidən qurulacaq. Yəni, bu
boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək
doğrudan da, mən hesab edirəm ki, böyük qəhrəmanlıqdır.
Onu da bildirməliyəm ki, biz bütün bu işləri
öz hesabımıza edirik. Bütün xərcləri öz
hesabımıza edirik, heç bir yerdən bir manat yardım
almamışıq. Bəli, xarici şirkətləri biz dəvət
etmişik, amma podratçı kimi. Bütün vəsait
dövlət büdcəsindən gedir. Dövlət büdcəsi
üçün bu, böyük yükdür. Təbiidir, amma
biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və
Şərqi Zəngəzuru cənnətə çevirəcəyik.
-Cənab
Prezident, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi
üzv dövlətlərin dəvəti ilə daha bir il
uzadıldı. İlk növbədə, icazə verin, bu,
tarixi diplomatik qərar münasibətilə Sizi təbrik edək.
Cənab Prezident, Azərbaycanın bu Hərəkata sədrliyinin
daha bir il uzadılması hansı səbəblərlə
bağlıdır?
- Mən
hesab edirəm ki, bir neçə səbəb var. İlk
növbədə, bizim sədrliyimiz dövründə
bütün üzv ölkələr gördülər ki,
bizim sözümüzlə əməlimiz arasında heç
bir fərq yoxdur. Bakı Zirvə görüşündə rəsmən
Azərbaycan sədrliyi öz üzərinə
götürmüşdü. Mən öz
çıxışımda demişdim ki, biz üzv ölkələrin
maraqlarını müdafiə edəcəyik, beynəlxalq
hüququ və ədaləti müdafiə edəcəyik və
bunu edirik. Bunun ən gözəl nümunəsi İkinci
Qarabağ müharibəsidir. Biz təkbaşına,
bütün təzyiqlərə və təhdidlərə
baxmayaraq, beynəlxalq hüququ və ədaləti bərpa
etdik. Əlbəttə ki, bu tarixi Qələbə
bütün üzv ölkələr tərəfindən bizə
olan hörməti daha da artırdı. Eyni zamanda, biz sədrliyimizə
çox böyük məsuliyyətlə
yanaşmışıq. Mən sədrliyimizin ilk aylarında
demişdim ki, biz buna formal yanaşmırıq. Çünki
Qoşulmama Hərəkatının 60 illik tarixi var və bu
müddət ərzində müxtəlif sədrlər
olubdur. Bəziləri buna laqeyd yanaşıblar. Sadəcə
olaraq, necə deyərlər, bir status kimi formal
yanaşırdılar. Bizim yanaşmamız isə çox dəqiqdir,
məsuliyyətlidir və məqsədə
hesablanmışdır. Biz üzv ölkələrin maraqlarını
beynəlxalq tribunalarda müdafiə edirik, onlar da bizi
müdafiə edirlər. Bizim təşəbbüsümüzlə
COVID-lə bağlı Zirvə görüşü
keçirildi. Biz 30-dan çox ölkəyə humanitar və
maddi yardım göstərdik. Onların böyük hissəsi
Qoşulmama Hərəkatına üzv ölkələrdir.
Bizim təşəbbüsümüzlə COVID-lə
bağlı BMT Baş Assambleyasının Xüsusi
sessiyası keçirildi. BMT çərçivəsində
digər addımlar atıldı. Biz vaksin millətçiliyinə
qarşı öz səsimizi ucaltmışıq. Mən bunu
rəqəmlərlə dəfələrlə ən yüksək
kürsülərdən səsləndirmişəm ki, zəngin
ölkələr vaksinlərin 82 faizini özünə
götürüb, əl qoyub, amma kasıb ölkələrin
cəmi 0,3 faiz vaksinə əli çatır. Bu, nə dərəcədə
ədalətlidir? Əlbəttə, ədalətsizlikdir.
Müstəmləkəçiliyin elə bil ki, növbəti
təzahürüdür. Vaksin millətçiliyinə
qarşı biz fəal mübarizə aparırıq. Mən
deyə bilərəm ki, dünyada ön sıralardayıq. Bu
məsələ ilə bağlı bizim qədər, yəni,
ölkə qismində çıxış edən,
sözünü deyən ikinci ölkə yoxdur. Bəli,
Ümumdünya Səhiyyə Təşkilatı deyir, BMT
deyir, amma bunun təşəbbüskarı, deyə bilərəm
ki, biz olmuşuq. Üzv ölkələr də görürlər
ki, biz doğrudan da, onları müdafiə etməyə
çalışırıq, öz imkanlarımız daxilində
kömək göstəririk, beynəlxalq tribunalarda onları
müdafiə edirik. Bütün bu amillər və əlbəttə
ki, bizim tarixi Zəfərimiz bizə olan hörməti daha da
artırdı. Hesab edirəm ki, üzv ölkələr
gördülər ki, biz nəyi deyiriksə, onu da edirik.
Gördülər ki, Azərbaycan əgər Qoşulmama Hərəkatına
bir il də sədrlik etsə, 2023-cü ilə qədər bu
Hərəkatın nüfuzu da artacaq, təsir imkanları da
artacaq. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, Qoşulmama Hərəkatının
Zirvə görüşündə Avropa İttifaqının
yüksəkvəzifəli şəxsi - xarici siyasət
üzrə xüsusi nümayəndə iştirak edirdi,
vitse-prezident statusunda. Tarixdə olmayıb və Qoşulmama Hərəkatını
digər beynəlxalq təşkilatlarla əməkdaşlıq
çərçivəsində bağlanması bizim gündəliyimizdə
duran məsələdir. Bu yaxınlarda mən Azərbaycanda səfərdə
olmuş Avropa İttifaqı Şurasının sədri cənab
Mişellə bu məsələni müzakirə etdim və
hesab edirəm ki, bu əməkdaşlığın perspektivləri
var. Bu faktorlar, bu amillər bu rolu oynadı və ilk növbədə,
bizə müraciət olundu. Bizim razılığımız
alındı və mən bu razılığı verdim. Ondan
sonra bu yaxınlarda keçirilmiş aralıq konfransda bu məsələ
gündəliyə gətirildi və bütün üzv
ölkələr adından Azərbaycana minnətdarlıq
bildirildi.
-Cənab
Prezident, Siz qeyd etdiniz, Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişelin ölkəmizə səfəri
oldu. Siz bu səfərin nəticələrini necə qiymətləndirirsiniz
və bu səfər Azərbaycanla Avropa İttifaqı
arasında əməkdaşlığın hansı sahələrdə
genişlənməsi üçün perspektivlər
açır?
- Mən
səfəri yüksək qiymətləndirirəm. Bu, Avropa
İttifaqı-Azərbaycan siyasi əlaqələrinin
inkişafına xidmət göstərən bir səfərdir.
Onu da bildirməliyəm ki, bizim siyasi əlaqələrimiz
çox uğurla inkişaf edir. Mən Avropa İttifaqına
çoxsaylı səfərlər etmişəm. Avropa
İttifaqının rəhbərləri də Azərbaycana
çoxsaylı səfərlər etmişlər. İki il
bundan əvvəl Avropa İttifaqı Şurasının sədri
cənab Donald Tusk Azərbaycanda səfərdə idi. İki
ildən sonra cənab Şarl Mişel yeni sədr regional səfər
çərçivəsində Azərbaycana səfər
edir. Bu, nəyi göstərir? Onu göstərir ki, biz əməkdaşlıq
üçün çox gözəl zəmin yaratdıq.
İllər keçdikcə, əməkdaşlığın
həcmi də, əhatə olunan sahələr də
artır. Əgər ilkin mərhələdə daha çox
enerji məsələləri gündəlikdə idisə, bu
gün biz bunları həll etmişik. Cənub Qaz Dəhlizini
həll etmişik, Azərbaycanın təşəbbüsü
ilə inşa etmişik. Avropa İttifaqı da burada öz
müsbət rolunu oynamışdır. Çünki Cənub
Qaz Dəhlizinin Məşvərət Şurasının sədri
Azərbaycan və Avropa İttifaqıdır. Onu da bildirməliyəm
ki, Məşvərət Şurasının keçirilməsi
təşəbbüsünü də mən irəli
sürmüşdüm. Avropa İttifaqına təklif
etmişdim, onlar da müsbət qarşıladılar. Hər
il Məşvərət Şurası böyük səmərə
ilə keçirilir. Əgər fəal əməkdaşlıq
enerji məsələlərindən
başlamışdısa, indi daha geniş sahəni əhatə
edir. Ona görə siyasi nöqteyi-nəzərdən bu səfərin
çox böyük əhəmiyyəti var. Mən cənab
Mişelə də görüş zamanı bildirdim ki, bizim 9
üzv ölkə ilə strateji tərəfdaşlıq
haqqında sənədlər - ya sazişlər, ya bəyannamələr
qəbul edilib və imzalanıb. Bu, Avropa İttifaqının
üçdəbir hissəsidir. Bu, nə deməkdir? Demək,
Avropa İttifaqının üçdəbir hissəsi Azərbaycanı
strateji tərəfdaş hesab edir. Yenə də Azərbaycanı
heç kimlə müqayisə etmək istəmirəm. Amma
başqa bir ölkə desin, görsün, belə bir əməkdaşlıq
formatı var, ikitərəfli formatda yoxsa yox? O ki qaldı,
Avropa İttifaqı-Azərbaycan əlaqələrinə,
bütövlükdə, biz indi bildiyiniz kimi, yeni saziş
üzərində çalışırıq. Sazişin 90
faizi razılaşdırılıb, qalan məsələlər
də, hesab edirəm ki, realizm prinsipləri üstünlük
təşkil etsə və bəzi məsələlərlə
bağlı bizim narahatlığımız nəzərə
alınsa, bu saziş yaxın günlərdə, bəlkə
də yaxın aylarda imzalana bilər. Ticarət sahəsində
bizim əsas tərəfdaşımız Avropa
İttifaqıdır - ticarətimizin təxminən 40 faizi.
İxracla bağlı da əsas tərəfdaşımız
Avropa İttifaqıdır. Biz Avropa İttifaqına ildə
6,8 milyard dollarlıq ixrac edirik. İdxal isə təxminən
2,5 milyard dollardır. Onlarla da bizim müsbət saldomuz var.
Son vaxtlar
Avropa İttifaqı nəqliyyat sektoruna çox böyük
önəm göstərir. Misal üçün, deyə bilərəm
ki, cənab Donald Tuskun iki il əvvəl Azərbaycana çox
qısa müddətli səfəri olmuşdu. Buna baxmayaraq,
Ələt Beynəlxalq Dəniz Ticarət Limanına da
baş çəkdi. Ora getdi, vəziyyətlə
tanış oldu, ona təqdimat edildi. Bu, nəyi göstərir?
Marağı göstərir. Cənab Şarl Mişel Azərbaycanda
olarkən - onu da bildirməliyəm ki, ilk dəfə olaraq,
Avropa İttifaqının rəhbəri Azərbaycanın
bölgələrinə də səfər edib - Şamaxı
şəhərinə, Şamaxı Cümə məscidinə
səfər edib. Mən bunu çox yüksək qiymətləndirirəm.
Bu, çox gözəl bir mesajdır, gözəl jestdir,
xüsusilə Qurban bayramı ərəfəsində. Bunu biz
yüksək qiymətləndirməliyik. Azərbaycan xalqı
da bunu bilməlidir. Şamaxıda ona Ələt Beynəlxalq
Dəniz Ticarət Limanının fəaliyyəti, Ələt
Azad İqtisadi Zonasının gələcək fəaliyyəti
və turizm imkanları ilə bağlı təqdimat edildi. Yəni
nəqliyyat sektoru Avropada çox böyük maraq doğurur.
Bu yaxınlarda Azərbaycana səfər etmiş Avropa
Komissiyasının Genişlənmə üzrə
Komissarı cənab Varhelyi də Ələt Dəniz Ticarət
Limanına baş çəkdi. Avropa İttifaqı Azərbaycanı
artıq nəinki önəmli nəqliyyat, logistika mərkəzi
kimi tanıyır və bizim potensialımıza da arxalana
bilir. Ancaq, gəlin, yada salaq, biz Bakı-Tbilisi-Qars dəmiryolu
çəkilişinin təşəbbüsünü irəli
sürəndə Avropa bizi dəstəkləmədi. Amerika nəinki
dəstəkləmədi, bunun əleyhinə
çıxdı. Bunlar hamısı mənim
yadımdadır. Biz o vaxt nə qədər səylər
göstərdik ki, Amerika Birləşmiş Ştatları bu
layihəni pozmasın. Çünki o vaxt Amerikanın
Gürcüstana çox böyük təsir imkanları var
idi. Mən bilirəm, Gürcüstana açıq-aydın
deyilirdi ki, Gürcüstan bu layihəyə qoşulmasın.
Tarixi yaxşı xatırlayıram. Nəyə görə?
Ermənistana görə. Erməni lobbisi, hansı ki, bu
gün də böyük ölkələrin paytaxtlarında
at oynadır, o vaxt bütün gücləri səfərbər
etmişdi ki, bu, baş tutmasın, çünki Ermənistan
kənarda qalır. Amma Ermənistanın kənarda
qalmasının səbəbi, səbəbkarı elə Ermənistandır.
Mən deyirdim ki, işğala son qoy və kommunikasiyalar
açılacaq, necə ki, indi bunu deyirəm və edirik də.
Ona görə o vaxt biz hətta kreditlər üçün
müraciət etmişdik. Amma heç kim yaxın durmadı.
Biz özümüz - Azərbaycan, Türkiyə,
Gürcüstan bunu etdik. Özü də siz bilirsiniz ki, nə
qədər maliyyə yükünü Azərbaycan öz
üzərinə götürmüşdür. Amma indi həmin
Bakı-Tbilisi-Qars dəmiryolu, digər infrastruktur - liman, Azad
İqtisadi Zona, perspektivdə Zəngəzur dəhlizi
böyük maraq doğurur. Nə üçün?
Çünki onlar üçün sərfəlidir. Mən
indi bu xatirələri dilə gətirməklə heç
kimi ittiham etmək istəmirəm. Olan olub, keçən
keçib. Əsas odur ki, biz istəyimizə nail ola
bilmişik. Amma bu tarixçə onu göstərir ki, bizim bu
təşəbbüslərimiz vaxtında, düzgün
atılmış təşəbbüslərdir. Əgər
kimsə birinci, ilkin mərhələdə bunu anlamırsa,
illər keçdikcə, bunu anlamağa başlayır. Bu
gün nəqliyyat sahəsində Avropa İttifaqı-Azərbaycan
əlaqələrinin xüsusi gündəliyi vardır.
- Cənab
Prezident, Şarl Mişel Bakıda olarkən bir dəfə də
olsun “Dağlıq Qarabağ” və “status” sözlərini
işlətmədi. Belə görünürdü ki, o, bunu,
necə deyərlər, Sizdən hansısa bir sərt sözləri
eşitməmək üçün etdi. Bu, nəyə dəlalət
edir? Eyni zamanda, Şarl Mişel İrəvanda olarkən Ermənistanla
sərhədə dair “mübahisəli ərazilər” sözlərini
işlətmişdi. Bu da Ermənistanda böyük məyusluğa
gətirib çıxarmışdı.
- Bəli,
Ermənistanın məyusluğu davam edəcək.
Çünki görünür ki, onlar hələ də
müharibədən tam nəticə çıxarmayıblar.
Çünki onların bəzi yersiz bəyanatları,
addımları onu göstərir ki, onlar hələ nəticə
çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini
unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən
sərhəd ərazilərini mübahisəli ərazilər
adlandırdı. Sözün düzü, mən də bu ifadə
ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu,
bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur
ərazisidir. Zəngəzur isə bizim dədə-baba
torpağımızdır və biz öz ərazimizdəyik.
Təbii
ki, bu məsələ səfər zamanı müzakirə
olundu və mən izah etməyə çalışdım
ki, biz öz sərhədimizə çıxmışıq.
Nə üçün may ayında
çıxmışıq? Çünki qar əridi. Qar idi,
iki-üç metrlik qar idi. Ora çıxmaq mümkün
deyildi. Qar əriyəndən sonra biz çıxdıq,
lazım bildiyimiz nöqtələri götürdük və
orada yerləşdik, orada möhkəmlənirik və möhkəmlənəcəyik.
Ona görə Ermənistanın, əlbəttə, məyus
olması ondan irəli gəlir ki, onlar yenə də
xülyalarla yaşayırlar. Onlar postmüharibə
reallıqları ilə barışa bilmirlər. Hesab edirəm
ki, burada psixoloji amil da öz rolunu oynayır. Yəqin onlara
vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni
reallığa öyrəşsinlər. Çünki bizim Zəfərimiz
onların bütün ideoloji sütunlarını
darmadağın edib. Onlar 30 il ərzində özləri
haqqında olmazın yalanlarını uydururdular, dünyaya qəbul
etdirməyə çalışırdılar ki, guya
onların müzəffər ordusu var, yenilməz ordusu var, erməni
xalqı döyüşkən xalqdır, erməni ordusu ən
güclü ordudur. Bəs nə oldu? Məhv etdik,
darmadağın etdik, 44 gün ərzində yox etdik. Göstərdik
ki, Azərbaycan xalqı müzəffər xalqdır. Göstərdik
ki, onların bütün təbliğatı mifdir,
mifologiyadır. Göstərdik ki, Birinci Qarabağ müharibəsində
onlar xarici dəstək hesabına üstünlük
qazanmışlar. Bu, heç kimə sirr deyil. Əlbəttə,
mən başa düşürəm ki, bunu dərk etmək,
bu reallıqla yaşamaq, buna öyrəşmək asan məsələ
deyil. Ona görə biz bu psixoloji durumu nəzərə
almalıyıq. Ancaq bununla bərabər deməliyəm ki,
Ermənistan əvvəlki səhvləri buraxmamalıdır.
Çünki onların yersiz və qəbuledilməz
addımları, bəyanatları onlara çox baha başa gəldi.
İkinci Qarabağ müharibəsi onu göstərdi. Ona
görə boş-boşuna havanı silkələmək
lazım deyil. Şarl Mişelin statusu, Dağlıq Qarabağ
sözlərini işlətməməsi, əlbəttə,
çox müdrik bir addım idi. Bu, dövlət xadiminin
addımı idi. Biz bunu qiymətləndiririk və Ermənistan
da bundan nəticə çıxarmalıdır. Nə status
var, nə Dağlıq Qarabağ. Dağlıq Qarabağ
Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi
yaradılmışdı. Sadəcə olaraq, o vaxt sovet
hökumətində təmsil olunan ermənilər demək
olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı
qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı
o vaxt məcbur olub bununla razılaşıb,
barışıb. Heç bizi soruşan da yox idi. Amma bu
tamamilə əsassız və süni şəkildə
yaradılmış bir qurum idi. Azərbaycan parlamenti müstəqillik
bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında
Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu
hamısı sənədlərdir, özü də qanuni
şəkildə ləğv edib. Onun səlahiyyəti
çatırdı buna. Nə üçün ondan sonra
Dağlıq Qarabağ sözündən istifadə olunurdu?
Münaqişəyə görə. Beynəlxalq sənədlərdə
də, ondan sonra danışıqlar masasında da, mən
şəxsən özüm dəfələrlə
Dağlıq Qarabağ sözünü işlətmişəm
münaqişə ilə bağlı, ərazi ilə
bağlı yox. Onu da bildirməliyəm ki, hər dəfə
münaqişə ilə bağlı mən hansısa məsələyə
toxunanda həmişə deyirdim Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ. Heç vaxt Ermənistan-Azərbaycan
demədən Dağlıq Qarabağ münaqişəsi
sözünü işlətməmişəm. Bunun da səbəbi
var, elə-belə deyil. Müharibə başa çatandan,
münaqişə öz həllini tapandan sonra, əlbəttə,
Dağlıq Qarabağdan danışmaq yersizdir. Ona görə
mən demişəm ki, Azərbaycanda belə bir ərazi
vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlirsə,
mən etiraz etmirəm, getsinlər öz ölkələrində
Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar,
yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət
yaratsınlar, onların işidir. Yəni, Azərbaycan ərazisində
Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və
Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə
ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti
kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin.
Mən müharibə başa çatandan sonra noyabrın 10-da
statusun yerini göstərmişdim. O, hələ oradadır və
orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ
ilə də bağlı başqa fikir ola bilməz.
Bir də
bilirsiniz, gəlin belə danışaq, bu, süni şəkildə
Azərbaycanın içində daim bir münaqişə
ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən
ortalığa atılmış təxribat idi. Bizim tarixi
torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini
yaratmaq, bir kəndi - Xankəndini, hansı ki, kənd idi, onu
oranın mərkəzi etmək və cəllad
Şaumyanın adını vermək Azərbaycan xalqına
qarşı çox mənfi bir addım idi. Bizim
üçün təhqir idi. Tarix hər şeyi yerinə
qoyub. Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam
yaşayır. Orada gedən proseslərlə bağlı bizim
məlumatımız kifayət qədər
böyükdür, çoxşaxəlidir. Biz əvvəllər
də, müharibədən əvvəl də bilirdik orada nələr
baş verir. Əlbəttə, indi də bilirik, çünki
onlar bizim ayağımızın altındadır. Orada
yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər
də səsləndirilib ki, müharibədən sonra oraya 50
mindən çox adam qayıdıb, ola bilər, ancaq
qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra
çıxıb gedib, geri dönüb. İkincisi, bizim
müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz
oradakı maşınların sayını bilirik. Biz
insanların hərəkətini görürük. Necə deyərlər,
digər obyektiv vasitələr var ki, onları əsas
götürüb, dəqiq bilirik orada nə qədər adam
yaşayır - 25 min maksimum. Biz gündəlik monitorinq
aparırıq, neçə maşın girib Laçın dəhlizinə,
neçə maşın çıxıb. Eyni zamanda, biz
xaricdən gələn maşınları da
görürük və demişik ki, buna son
qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir.
Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər
ora. Bir də əgər kimsə hesab edir ki, biz bunu
görmürük, səhv edir. Bəzi hallarda o
maşınlara erməni nömrələri
yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik.
Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi
də. Ona görə buna da son qoyulmalıdır. Oradan
gündəlik çıxan maşınların sayı girən
maşınlardan xeyli çoxdur. 25 min insan üçün
status yaratmaq hansı məntiqə sığır? Mən
sual verirəm. Bu gün Fransada və Amerikada bu məsələ
ilə bağlı reallığı əks etdirməyən
bəyanatlar səslənəndə haqlı olaraq Azərbaycan
xalqı bundan narazı olur ki, münaqişə öz həllini
tapmalıdır. Mən demişəm, deyin necə həll
olunmalıdır? Mən deyirəm, mən Azərbaycan
Prezidenti deyirəm, mən bu məsələni həll
etmişəm, vəssalam! Dağlıq Qarabağ yoxdur, status
yoxdur! Şərqi Zəngəzur var, hansı ki, mənim Sərəncamımla
Qarabağ iqtisadi zonası ilə bərabər 7 iyul 2021-ci ildə
imzalanıb. 7 iyul 1923-cü ildə - bir əsr bundan əvvəl
Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı, 7 iyul 2021-ci
ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi
zonası yaradıldı. Ona görə yoxdur bu və əgər
kimsə, yenə deyirəm, status vermək istəyir, Amerikada
bir milyona yaxın erməni yaşayır, Fransada 500 mindən
çox erməni yaşayır, Marsel şəhərində
100 mindən çox erməni yaşayır və onun həndəvərində.
Niyə orada status verilmir? Bəs niyə Azərbaycanda bu status
verilməlidir? Bunun hansı hüquqi, siyasi, tarixi əsasları
var? Yoxdur! Ermənilər orada daha əvvəl yaşamağa
başlayıblar, nəinki bizim ərazimizdə. Bizim ərazimizə
onlar 1828-ci ildən - 12-ci, 28-ci ildən sonra
köçürülməyə başlamışlar.
Onların orada yaşamaları üçün tarixi əsasları
yoxdur. Biz indi, sadəcə olaraq, humanizm göstəririk,
deyirik ki, etiraz eləmirik, deyirik ki, onlar bizim vətəndaşlarımızdır.
Əgər o xunta başçıları o xalqa imkan versə,
əminəm ki, onlar böyük məmnuniyyətlə Azərbaycan
vətəndaşları kimi də yaşayacaqlar,
çalışacaqlar, gələcəklər, gedəcəklər,
o cümlədən iş dalınca gələcəklər,
Ağdama da gələcəklər, Füzuliyə də, hələ
bizdən xahiş edəcəklər. Ona görə status məsələsi,
bax, bu qiymətə layiq olmalıdır. Olmasa, başqa yerdə
beş dənə Dağlıq Qarabağ yaratsınlar, mən
etiraz etmirəm. Mən onu tanıyacağam. Amma Azərbaycanda
yox.
- Cənab
Prezident, Şarl Mişel Ermənistanda bəyan etmişdi ki,
Avropa İttifaqı Ermənistana 2,6 milyard avro,
Gürcüstanda isə bəyan etmişdi ki, Avropa
İttifaqı Gürcüstana 2,3 milyard avro vəsait
ayıracaq. Azərbaycana isə heç bir vəsait
ayrılmır. Bu mövqe nə dərəcədə ədalətlidir?
- Əlbəttə,
bu mövqe ədalətsizdir. Azərbaycana gəldikdə, 150
milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə
deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək,
verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə,
mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir.
Çünki Azərbaycan Cənubi Qafqazın ən
böyük ölkəsidir həm ərazisi, həm əhalisi,
həm də potensialı baxımından. Bu günə qədər
Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə
vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait
məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin
verilməsinin səbəbi müharibədir. Əks təqdirdə,
30 il bundan əvvəl verəydilər, niyə məhz indi
verirlər? Əgər belədirsə, onda müharibədən
ən çox əziyyət çəkən ölkə Azərbaycandır.
Azərbaycana bu vəsait verilməlidir. 10 min kvadratkilometr ərazi
tamamilə dağıdılıb, erməni vandalları tərəfindən
məhv edilib. 100 minlərlə mina döşənilib və
bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv
edilib. Amma pulu verirlər Ermənistana. Ermənistanda bir
dağıntı var? Yoxdur. Mina döşəmişik orada?
Yox. Bu qədər işğaldan əziyyət çəkən
ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir. Bu
məsələ ilə də bağlı əlbəttə,
fikir mübadiləsi oldu. Cavab elə oldu ki, Azərbaycana elə
bil ki, vəsait lazım deyil. Birincisi, bizə heç kim təklif
etməyib, bizə təklif edin, mən deyərəm, bizə
lazımdır, yoxsa yox. Amma bizə heç kim təklif etmədiyi
halda deyirlər ki, Azərbaycana vəsait lazım deyil. Bəs
azad edilmiş torpaqları biz bərpa edəsi deyilik?
Milyardlarla dollar vəsait lazımdır, o, göydən
düşür. Azərbaycan şəffaf bir ölkədir.
Maliyyə resursları da bəllidir. Bəli, biz
özümüzü təmin edən ölkəyik. Amma əgər
bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə,
biz heç vaxt imtina etmərik. İkinci tezis odur ki, verilən
o 2,6 milyardın bir hissəsi kreditdir, bir hissəsi
qrantdır. Azərbaycan elə bil ki, kreditlər götürmür.
Düzdür, götürmürük, ancaq güzəştli
şərtlər olsa, niyə də götürməyək,
götürərik. Bir də ki, Ermənistana qrant verilir, yəni
hədiyyə. Bizə isə verilmir. Amma buna daha çox bizim
ehtiyacımız var. Ona görə bu məsələlər
gərək gündəlikdən düşməsin. Əlbəttə,
biz Avropa İttifaqı ilə növbəti təmaslar əsnasında
bu məsələni daim müzakirə edəcəyik,
baxacağıq Ermənistana nə qədər qrant verilirsə
ən azı o qədər də bizə verilməlidir. Əgər
verilmirsə, qoy desinlər nə üçün? Qoy desinlər
ki, bu ermənipərəstlikdir, qoy açıq desinlər, mən
açıq söhbətin tərəfdarıyam.
Bütün görüşlərdə, o cümlədən
cənab Mişellə çox səmimi və açıq
söhbət etmişik. Çünki biz ona görə
söhbət edirik ki, məsələləri həll edək,
bir-birimizin mövqeyini öyrənək. Hansısa diplomatik
sözlər arxasında gizlənməməliyik. Ona görə
biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək
və Ermənistana verilən qədər eyni şərtlərlə
bizə də təklif olunsun. Biz o təklifi qəbul edəcəyik,
etməyəcəyik bu, başqa məsələdir.
- Cənab
Prezident, iyulun 20-də Siz Rusiyada işgüzar səfərdə
oldunuz və Rusiya Prezidenti Vladimir Putinlə
görüşdünüz. Səfərin nəticələri
barədə nə deyə bilərsiniz?
- Səfərin
nəticələrini mən müsbət qiymətləndirirəm.
Rusiya Prezidentinin dəvəti ilə mən növbəti dəfə
Rusiyaya səfər etmişəm və səfər zamanı
çox geniş fikir mübadiləsi aparıldı - ilk
növbədə, ikitərəfli məsələlərlə
bağlı və əlbəttə, postmünaqişə vəziyyəti
ilə bağlı. İkitərəfli münasibətlərə
gəldikdə, bildiyiniz kimi, Rusiya və Azərbaycan strateji tərəfdaşlardır
və bu, sadəcə olaraq, söz deyil. Real həyatda da biz
strateji tərəfdaşıq, çünki uzunmüddətli
strateji əməkdaşlıq perspektivləri ilə
bağlı fikir ayrılığı yoxdur. Bizim aramızda
çox möhkəm dostluq əlaqələri var və şəxsən
mənim cənab Putinlə çox yaxın əlaqələrim
var, biz bir-birinə inanan siyasətçilərik. Bu, çox
önəmlidir və bu səfər zamanı ikitərəfli
məsələlərin gündəliyi müzakirə olundu.
Hazırda yeddi yol xəritəsi üzərində işləyirik.
Hər bir yol xəritəsi konkret sahəyə aiddir. Hər
bir sahə üzrə də yaxşı nəticələr
var. Bu dəfə daha çox ticarət, iqtisadi, nəqliyyat,
humanitar məsələləri müzakirə etdik. Nəqliyyat
məsələlərinə gəldikdə, əlbəttə
ki, həm əvvəlki dövrdə
razılaşdırılmış məsələləri,
“Şimal-Cənub” nəqliyyat dəhlizini, perspektivlərini,
eyni zamanda, müharibədən sonra yaranmış vəziyyəti,
o cümlədən Zəngəzur dəhlizini və
postmünaqişə dövrünü müzakirə etdik.
Bizim yanaşmamızda fikir ayrılığı yoxdur. Biz -
Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa
çatıb, münaqişə başa çatıb. Ermənistanda
heç bir revanşist meyillərə yol verilməməlidir
və bundan sonra bölgədə sülh olmalıdır.
Müharibə riskləri minimuma endirilməlidir və aradan
qaldırılmalıdır. Burada bizim aramızda heç bir
fikir ayrılığı yoxdur, biz də eyni fikirdəyik. Zəngəzur
dəhlizinə gəldikdə, mən cənab Putinə
bildirdim ki, bizdə olan məlumata görə, Ermənistan bu
məsələ ilə bağlı yenə də
özünü səmimi aparmır. Fikir vermisinizsə, mən
cənab Şarl Mişellə mətbuat konfransında dedim ki,
bütün yollar paralel şəkildə
açılmalıdır və selektiv yanaşma
olmamalıdır, yəni ayrı-seçkilik olmamalıdır.
Amma biz görürük ki, Ermənistan burada da növbəti
dəfə hansısa oyun oynamaq istəyir. Dəmir yolunun Zəngəzur
dəhlizindən keçməsinə razılıq verib,
halbuki müharibədən dərhal sonra buna etiraz edirdi. Mən
deyirdim ki, biz onları məcbur edəcəyik, bəziləri
bunu təhdid kimi qəbul edirdi. Amma mən nəzərdə
tuturdum ki, biz onları o mənada inandıracağıq. Ancaq
avtomobil yolunun çəkilişinə etiraz edir. Bu da 10 noyabr
tarixində imzalanmış Bəyannaməyə ziddir.
Çünki orada 9-cu maddədə göstərilir: yollar
açılır - dəmir yolu, avtomobil yolları. Necə
ola bilər dəmir yolu açılsın ki, Ermənistan
İranla, Rusiya ilə dəmir yoluna malik olsun, amma biz avtomobillə
Naxçıvana gedə bilməyək? Belə şey olar?
Belə şey ola bilməz. Bu məsələ ilə
bağlı Rusiya Prezidenti ilə fikir mübadiləsi
apardıq və hesab edirəm ki, növbəti mərhələdə
İrəvandan daha ümidverici xəbərlər gələcək.
Üçtərəfli işçi qrupuna Ermənistan elə
bil ki, müvəqqəti olaraq son qoydu. İyunun əvvəlindən
bu işçi qrup yığışmır. Rusiyanın
Baş nazirinin müavini Ermənistana, Azərbaycana səfərlər
edir və məsələləri ikitərəfli formatda
müzakirə edir. Hər halda bizim mövqeyimiz dəyişməz
olaraq qalır və Zəngəzur dəhlizi mütləq
açılmalıdır. Ermənistan bunu nə qədər
tez dərk etsə, onlar üçün o qədər də
yaxşıdır.
Bir məsələyə də vətəndaşların diqqətini cəlb etmək istəyirəm. Baxın, indi Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycana səfər edib, münasibətlər inkişafdadır. Rusiyaya mənim səfərim olub və müzakirə zamanı – bizim görüşümüz bir neçə saat davam etmişdir – bir dənə də olsun mübahisəli məsələ olmayıb. Bir dənə də olsun narahatlıq doğuran məsələ olmayıb. Türkiyə ilə biz iyun ayında müttəfiqlik haqqında Bəyannamə imzaladıq, əlaqələrimizi daha da yüksək səviyyəyə qaldırdıq. Digər qonşu ölkələrlə - İran və Gürcüstanla dostluq əlaqələrimiz güclənir. Qoşulmama Hərəkatı bizə növbəti mandat verib, növbəti dəstək göstərib. Azərbaycan da daxil olmaqla, bu təşkilatda 120 ölkə birləşir. İslam Əməkdaşlıq Təşkilatı daim bizi dəstəkləyir – həm işğal dövründə və həm də müharibədən sonra. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi xüsusilə bu dəstəyi ifadə etmək üçün Azərbaycana gəlmişdir. Görün, bütün aparıcı dünya gücləri ilə bizim əlaqələrimiz nə dərəcədə səmimidir, səmərəlidir və bizim məqsədlərimizə cavab verir. Səbəb nədir? Səbəb bizim düzgün siyasətimizdir, səbəb bizim dürüstlüyümüzdür, sözlə imza arasındakı vəhdətdir və səbəb bizim daxili gücümüzdədir. Çünki bizim bütün tərəfmüqabillərimiz çox yaxşı bilirlər ki, Azərbaycanın çox güclü daxili potensialı var. Biz onu müharibə dövründə, postmüharibə dövründə göstərdik. Bilirlər ki, Azərbaycanda milli həmrəylik var, xalq-iqtidar birliyi var və biz ləyaqətli ölkə kimi bütün tərəfdaşlarla bərabərhüquqlu, dostluq və əməkdaşlıq əsasında münasibətlər qura bilmişik. Hesab edirəm ki, bu, bizim böyük nailiyyətimizdir.
-Cənab Prezident, Vətən müharibəsinin başa çatmasından artıq 8 ay ötüb. Postmünaqişə dövrünü necə qiymətləndirirsiniz?
-Müsbət. Çünki biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq. Bir məsələni də qeyd etməliyəm ki, mənim həm müharibədən əvvəl, həm müharibə zamanı, həm müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürüm var və bilirəm nə etməliyik, nə vaxt etməliyik, necə etməliyik. Bütün sahələrdə olduğu kimi, bu sahədə də konseptual yanaşma ortadadır. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub. Əlbəttə ki, bütün bu hədəflər bəyan edilməyib, çünki bu, hələ tezdir. Ancaq biz bilirik, biz nə istəyirik, indi nə istəyirik, nəyə nail ola bilərik və buna biz necə nail ola bilərik. Bütün addımlarımızı buna uyğun şəkildə atırıq və deyə bilərəm ki, bu 8 ay bizim ssenari əsasında keçir. Çünki postmüharibə dövrü müharibə dövrü qədər çətin olmasa da, çox qeyri-müəyyən bir dövr idi, çünki kim bilə bilərdi ki, proseslər necə inkişaf edəcək. Çünki müharibə dövründə bəzi ölkələr bizə qarşı açıq-aydın hərəkətə keçmişdilər, bizi əsassız ittiham edirdilər, bizi hədələyirdilər, sanksiyalarla hədələyirdilər, bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışırdılar. Bütün bunlar anti-Azərbaycan ssenarisinin tərkib hissəsidir və biz bunu da unutmamışıq.
Postmüharibə dövründə biz cəld tərpəndik, fəallıq göstərdik, öz gündəliyimizi qəbul etdirdik və indi bu gündəlik əsasında işlər gedir. Həm Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə, həm onun ətrafında, həm siyasi müstəvidə, həm Ermənistan-Azərbaycan sərhədində biz öz gündəliyimizi qəbul etdirdik və heç bir addım təsadüfi olmayıb. Hər bir addım düşünülmüş proqram üzərində olub. Postmüharibə dövrü haqqında, bizim atacağımız addımlar haqqında mən müharibə zamanı fikirləşirdim. Mən tam əmin idim ki, biz qələbə çalacağıq. Tam əmin idim və deyirdim ki, heç kim bizi dayandıra bilməz, heç bir qüvvə bizi dayandıra bilməz. Öldü var, döndü yoxdur. Ancaq postmüharibə dövrü də çox böyük çağırışlarla doludur və biz bunu məharətlə keçirik. Deyə bilərəm ki, postmüharibə dövrünün gündəliyini böyük dərəcədə biz tərtib edirik. Əlbəttə, qonşu ölkələrlə daim təmasda olmaq şərti ilə və onların narahatlığını nəzərə almaq şərti ilə. Amma bizim də gündəliyimizin əsasında bütün bu işlər gedir. Mən artıq bərpa işlərinin miqyasını qeyd etdim və buna bir də qayıtmaq istəmirəm. Eyni zamanda, biz şəhid ailələri üçün indi böyük sosial proqramlar icra edirik. Bu ilin sonuna qədər 3 min şəhid ailəsi və müharibə qazisi mənzillərlə təmin ediləcək, təsəvvür edin, 3 min. Artıq 1300-ü təmin olunub və bu sahə də diqqət mərkəzindədir.
Diplomatik müstəvidə, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, qonşu ölkələr - Türkiyə, İran, Gürcüstan, müsəlman aləmi, Qoşulmama Hərəkatı - bütün bu təmaslar müsbət məcrada inkişaf edir. Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə, deyə bilmərəm hələ ki böyük dərəcədə, amma müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir. Ermənistan bizim gündəliyimizin 0,1 faizini də formalaşdıra bilməz, amma biz Ermənistanın müəyyən siyasi gündəliyini formalaşdırırıq və getdikcə bizim imkanlarımız daha da genişlənəcək. Biz siyasi leksikona “Zəngəzur dəhlizi” sözünü daxil etmişik. Nəinki regionun, dünyanın aparıcı kütləvi informasiya vasitələri Zəngəzur dəhlizi haqqında danışırlar, yazırlar. Nə üçün? Biz bunu daxil etmişik, müntəzəm səylərlə, artıq bu reallıqdır. Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir. Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq. Müharibə qurtarıb? Qurtarıb. Sülh istəyirsən, Ermənistan? İstəyirsən elə bil ki. Onda nə üçün sülh müqaviləsi imzalanmasın? Tanı bizim ərazi bütövlüyümüzü, sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiyası həll olunsun. Bu məsələ ilə bağlı, baxın, bizim gündəliyimiz Avropa İttifaqının gündəliyi ilə, Türkiyənin, Rusiyanın gündəliyi ilə vəhdət təşkil edir. Onlar da deyirlər ki, delimitasiya üzrə iş aparılmalıdır, biz də deyirik. Ermənistan nə deyir? Deyir ki, yox, qoy, Azərbaycan bizim torpaqlarımızdan çıxsın. Biz öz torpağımızdayıq. Biz yeni reallıq yaratmışıq, təkcə Qarabağ zonasında yox. Yeni gündəliyi formalaşdıraraq artıq status məsələsi də qaldı kənarda, Dağlıq Qarabağ sözü də işlədilmir. Buna nail olmaq lazım idi. Özü-özünə yaranan məsələlər deyil, göydəndüşmə deyil. Nəyə görə? Cəsarət, qətiyyət, düzgün addımlar, hücum siyasətimiz. Əvvəllər mən deyirdim hücum diplomatiyası, o yerindədir, amma indi bütünlükdə hücum siyasətimiz. Budur və Ermənistan bununla hesablaşmalıdır, yeni reallıqları qəbul etməlidir - istəsə də, istəməsə də. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir.
-Cənab Prezident, vaxt ayırıb bu sualları cavablandırdığınız üçün minnətdarıq Sizə. Çox sağ olun.
-Sağ olun.
Azərbaycan.-2021.- 23 iyul.- S.6-8.