Prezident İlham Əliyev Kəlbəcərdə
şəhid olmuş jurnalistlərin ailələrinə
mənzil hədiyyə edib
22 iyul - Milli Mətbuat günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin - AzərTAc-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzillər hədiyyə edib.
Əmək
və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid
jurnalistlərin ailələrini ziyarət edərək, mənzillərin
sənədlərini, həmçinin şəhid ailəsi vəsiqəsini
və onlara təyin olunmuş sosial ödənişlərin
kartlarını təqdim edib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli Sərəncamı ilə hər iki şəhid jurnalistimiz 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib. Bu gün isə dövlət başçısının tapşırığına əsasən, şəhidlərimizin yaşadıqları əraziyə yaxın məsafədə (Sumqayıt şəhərində və Bakının Xocasən qəsəbəsində) yerləşən yaşayış komplekslərindən mənzillərin sənədləri təqdim edilir. Eyni zamanda, M.İbrahimov və S.Abışova şəhid statusu verilib və onların ailə üzvlərinə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlər təyin olunub.
Görüşdə
vurğulanıb ki, bütün bunlar cənab Prezidentin şəhid
ailələrinə xüsusi qayğısının, eyni
zamanda vəzifə borcunu ləyaqətlə yerinə yetirən
mətbuat nümayəndələrinin əməyini,
onların fədakarlığını daim yüksək qiymətləndirməsinin
növbəti əyani təzahürüdür.
Qeyd
edək ki, işğaldan azad olunmuş ərazilərin
çəkilişini həyata keçirən M.İbrahimov və
S.Abışov iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin
Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni
təxribatı nəticəsində tank əleyhinə minaya
düşərək şəhid olublar.
Azərbaycan.-2021.- 23 iyul.- S.1;12.