Şamaxı Cümə məscidi
ilə tanışlıq
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana işgüzar səfəri çərçivəsində iyulun 18-də Şamaxıda olub.
AZƏRTAC
xəbər verir ki, qonaq Cənubi Qafqazda və Yaxın Şərqdə
ən qədim müsəlman məbədlərindən olan
Şamaxı Cümə məscidini ziyarət edib.
Azərbaycan
Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov
Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişeli qarşıladı.
Məscidin imamı Mərhəmət Mustafayev qonağa dini məbəd ilə bağlı məlumat verdi. Bildirildi ki, məscid 743-cü ildə inşa olunub. Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə tikilib.
Məscidin həyətindəki muzeyə də baxış oldu. Tanışlıq zamanı qeyd edildi ki, 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilib. Ən böyük qırğın Cümə məscidində baş verib. Şamaxı sakinlərinin Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetiriblər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyən məscid məhv olmaq təhlükəsi ilə üzləşib.
Diqqətə
çatdırıldı ki, Azərbaycanın
bütün sahələrdə
inkişafına, o cümlədən
milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə
yanaşan ulu öndər
Heydər Əliyevin tapşırığı və təşəbbüsü
ilə 1980-ci ildə bu tarixi
abidə də təmir olunub.
Şamaxı Cümə məscidində əsaslı təmir
işləri isə Heydər Əliyev Fondunun
“Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi
çərçivəsində həyata keçirilib
və ötən əsrin 70-80-ci illərində bərpa
işləri zamanı aşkarlanan mədrəsə,
hücrə və qəbirlər olduğu
kimi
saxlanılıb. Şamaxı Cümə Məscidi Dövlət
Tarix-Memarlıq abidəsinin ətrafında qədim hücrələr
də bərpa olunmaqla əsaslı
abadlıq işləri aparılıb. 2013-cü ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə məscidin
bərpadan sonra
açılışı olub.
Azərbaycan.-2021.- 23 iyul.- S.4.