Ağdam Azərbaycandır!

 

23 iyul - işğal günü tarixə getdi. İndi ağdamlılar üçün yalnız Zəfər bayramı var - 20 noyabr!

 

 

 

23 iyul 1993-cü il - Qarabağın dilbər guşəsi, cənnətməkanın giriş qapısı Ağdamın  işğalı günü kimi tarixə düşüb.

 

Düz 27 il bu təqvim günündə təkcə ağdamlıların deyil, bütün xalqımızın qəlbi qan ağladı, nisgilliklə, qəmli notlarla o günləri yada salıb ağrılı-acılı tarixi xatırlamaq məcburiyyətində qalırdıq. Bütün  anım mərasimlərində bir arzumuz var idi - torpaqlarımız işğaldan azad edilsin, işğal günləri tarixə qovuşsun, yalnız zəfər günlərimizi böyük təmtəraqla qeyd edək. Və o gün gəldi...

 

Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun qüdrətli ordusu Qarabağı azad edib 30 illik həsrətimizə son qoydu. Ağdam isə bir güllə atılmadan noyabrın 20-də düşmən tapdağından təmizləndi. Bu gün ağdamlılar kədərdən, qüssədən uzaqdırlar. İndi hər kəs 20 noyabrı - Ağdamın işğaldan azad edildiyi günü səbirsizliklə gözləyir. Çünki həmin gün Qarabağda böyük şadyanalıq olacaq.

 

 

 

27 illik həsrətin vüsalı, arxivə yollanan qara tarix

 

 

 

Ağdamdayıq. Hər il iyulun 23-də rayon yasa qərq olurdu sanki. Anım tədbirləri təşkil olunur, Vətən uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullar yad edilir, ürəkağrısı ilə işğal tarixindən danışılırdı. Amma indi vəziyyət tamam dəyişib. Çünki Qarabağın dilbər güşəsi olan Ağdam azaddır və hazırda ermənilərin 27 il ərzində xarabalığa çevirdiyi, “ruhlar şəhəri” adlandırlan Ağdam şəhərində böyük tikinti bumu yaşanır. Tezliklə Ağdam şəhəri dünyada tayı-bərabəri olmayan möhtəşəm məkana çevriləcək.

 

Quzanli qəsəbəsində böyükdən kiçiyə hər kəsin simasında sevincqürur hissi yaşanır. Həmsöhbət olduğumuz rayon sakinləri, ziyalılar birmənalı şəkildə qeyd edirlər ki, Ali Baş Komandan İlham Əliyev hər kəsin uzun illərdir həsrətlə gözlədiyi günü, xəyalları, arzuları gerçəkliyə çevirib. May ayının 28-də Ağdama səfər edən Prezident İlham Əliyev şəhərin Baş Planını təsdiqləyib. Artıq Ağdamın işğal günü yox, azadlığı günü var və həmin gün rayonda böyük toy-bayram olacaq.

 

İlk həmsöhbət olduğumuz Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov deyir ki, hər kəsə doğulub boya-başa çatdığı rayonda rəhbər vəzifədə işləmək nəsib olmur. Bu vəzifədə olması onun taleyinə yazılan qismətdir və ən şərəfli məqamdır. Artıq 3 ilə yaxındır ki, bu vəzifədə üzərinə düşən məsuliyyətli işi layiqincə yerinə yetirməyə çalışdığını deyən Vaqif Həsənovun sözlərinə görə, 27 il hər ilin 23 iyul tarixində Ağdamda hər kəs nisgilliklə işğal gününü qeyd edirdi. Lakin indi bu tarix onlar üçün arxivləşib:

 

“27 il ağrı-acı yaşadıq. Hər il o qara işğal gününü ürəkağrısı ilə yada saldıq. Ağdam Birinci Qarabağ müharibəsi zamanı hadisələrin episentri idi.  İşğal nəticəsində ərazisi 1154 kvadratkilometr, əhalisi 147000 nəfər olan Ağdam rayonunun 77,4 faizi ermənilərin əlinə keçmişdi. Ermənilər Ağdamın işğal olunan ərazilərindəki tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri darmadağın etmişdilər. İşğal nəticəsində 128 min nəfər doğma ev-eşiyindən didərgin düşmüş, Azərbaycan iqtisadiyyatına 3 milyard manatdan artıq ziyan dəymişdi. İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub.

 

Qarabağ döyüşlərində ən çox küçə döyüşləri aparılan rayon da Ağdam olub. Ağdam Birinci Qarabağ müharibəsində 6 mindən çox şəhid verib. Ağdam hər zaman düşmənə gözdağı olub. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam yenidən qurulur, özüdaha möhtəşəm, daha əzəmətli. Bizlər o proseslərin şahidi, iştirakçısı və icraçısıyıq. Dövlət başçısının verdiyi tapşırıqları, göstərişləri elə icra etməliyik ki, hər şey uğurla reallığa çevrilsin. Əminliklə deyə bilərəm ki, cənab Prezident tezliklə Ağdamı yenidən cənnətməkana çevirəcək”.

 

Bu gün həyatının ən xoş və ən məsuliyyətli günlərini yaşadığını söyləyən Vaqif Həsənov deyir ki, Prezidentin verdiyi bütün tapşırıqlar vaxtlı-vaxtında icra olunur. İkinci Qarabağ müharibəsində əhaliyə dəyən ziyanın aradan qaldırılması istiqamətində ciddi işlər görülür.

 

Onun sözlərinə görə, erməni silahlı birləşmələrinin savaş dövründə Ağdama atdıqları mərmilər 1563 fərdi yaşayış evi və iaşə obyektlərinə ziyan vurub. Bugünədək 960 evin təmiri başa çatdırılıb.

 

Yeni layhələrin gerçəkləşməsi ilə də rayon icra hakimiyyətinin üzərinə böyük məsuliyyət düşür. Ağdamın rəhbəri kimi bütün proseslərin ən yüksək səviyyədə həyata keçməsi üçün çalışdığını söyləyən Vaqif Həsənov üzərinə düşən vəzifənin uğurla icrası  üçün bütün imkanlarını, gücünü səfərbər etdiyini bildirdi: “Bu gün həyatımızın ən maraqlı, ən mənalı günlərini yaşamaqdayıq. Bütün rayon əhalisi Ağdamı bir güllə atmadan azad edən Ali Baş Komandan İlham Əliyevə ömürboyu minnətdar olacaq. Müzəffər sərkərdəmiz qarabağlıların, bütün Azərbaycan xalqının arzusunu, xəyalını gerçəkləşdirdi. İndi hər kəs birmənalı şəkildə deyir ki, Qarabağı 44 günə geri qaytaran Qalib Sərkərdəmiz dəmir iradə ilə onu yenidən qurub Ermənistana və onun havadarlarına gözdağı edəcək”.

 

 

 

Sönən çıraqlarımızı yandıran Ali Baş Komandanımıza ömürboyu minnətdarıq

 

 

 

May ayının 28-də Ağdam səfərində Prezident İlham Əliyev 140 illik tarixə malik olan 1 saylı orta məktəbin təməlini də qoydu. Hazırda isə həmin məktəb Bərdə şəhərində yerləşir. Məktəbin direktoru Çimnaz Kərimova işğaldan öncə, gənclik illərində bu məktəbdə çalışıb və hazırda böyük tarixi olan bu təhsil ocağının rəhbəridir.

 

Çimnaz müəllim deyir ki, hər il iyulun 23-də çox kədərli gün yaşayıb, həmin tarixi ürəkağrısı ilə xatırlayıblar. Müsahibələr verərkən də göz yaşlarını saxlaya bilməyiblər: “Bu tarix bizi 27 il yandırıb-yaxdı. Çünki nəyimiz vardısa, hamısını itirdik. Biz Ağdamı döyüşə-döyüşə tərk etdik. Mən iyulun 21-də Ağdamdan çıxmışam. Nə qədər hücum etsələr də, güllə-boranla gözümüzü qorxutsalar da, şəhəri tərk etmirdik. Xocalı faciəsi zamanı sağ qalanlar, yaralı halda olanlar, əlləri-ayaqları don vurmuş uşaqlar Ağdama gəldilər. Bu da bizim gözümüzü qorxutmadı. Bütün çətinliklərə baxmayaraq, Ağdam mətin dayanırdı. Təəssüf ki, həmin zaman ölkədəki hərc-mərclik, özünümüdafiə taborları arasında salınan nifaqlar Ağdamın işğalı ilə nəticələndi. Çox ağrı-acılar çəkdik. Övladlarımızı köçkünçülük həyatında böyütdük,  ağır şəraitdə onlara təhsil verdik, bir sözlə, müsibətlər yaşadıq.

 

Amma heç zaman ümidimizi üzmədik. Dövlətimizə, Prezidentimizə inamımız büyük idi. İnanırdıq ki, Ulu Öndər Heydər Əliyevin layiqli varisi Qarabağı işğaldan azad edəcək. Birinci Qarabağ müharibəsində 6 min şəhid verdik, amma bu dəfə Ali Baş Komandan bir güllə atılmadan Ağdamı bizə qaytardı. Bundan böyük xoşbəxtlik ola bilməz. Tariximizə qızıl hərflərlə yazıldı bu gün. İndi bizim üçün bayram günü Ağdamın zəfər günü, noyabrın 20-dir”.

 

Çimnaz Kərimovanın sözlərinə görə, Ali Baş Komandan İlham Əliyev bütün qarabağlılara həyatın ən xoş günlərini yaşadır. Düzdür, həyatda çox sevincli günlər yaşanılır. Amma bu sevinc ayrı bir hissdir. Özüdoğma torpağı uzun illər işğalda olan insanlar bu sevinci ayrı cür yaşayırlar: “Bundan sonra ölsəm də, dərdim yoxdur. Ağdam azaddır və mən o günü gördüm. Həm də ona görə sevinirəm ki, 1 saylı məktəbimizin 140 illik yubileyini Ağdamda, öz tarixi yerində qeyd edəcəyik. Bu, ən böyük xoşbəxtlikdir mənim üçün. Ona görə də deyirəm ki, bizlər Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirən cənab Prezidentimizə ömürboyu borcluyuq”.

 

 

 

Ağdamlılar hər zaman Heydər Əliyevə, İlham Əliyevə sadiq olublar

 

 

 

Ağdamın işğal tarixindən söz açan rayon ağsaqqalı, 74 yaşlı Zülfü Qasımov deyir ki, Qarabağın dilbər guşəsi olan bu rayon hələ 1988-ci ildən böyük çətinliklərlə üzləşmişdi. Bütün hadisələr Ağdam ətrafında baş verirdi. Dağlıq Qarabağda yaşayan bütün əhali ümid yeri kimi Ağdamı görürdü. Hər dəfə çətinliyə düşəndə müraciət edilən Ağdam olub:

 

Ağdamda yaradılan özünümüdafiə taboru bütün qaynar yerlərə gedir, əhaliyə kömək göstərirdi. Heç bir hədə-qorxu o igidlərə təsir etmirdi. Ağdam mərd-mərdanə ayaqda dayanırdı. Ancaq getdikcə vəziyyət gərginləşirdi. Ağdamda 964 evə mərmi düşdü. Vəziyyət elə həddə çatdı ki, rayonu müdafiə etmək çətinləşdi, kömək gəlmədi və alınmaz qalamız işğal edildi. Respublikanın 62 şəhər və rayonuna səpələnən ağdamlılar üçün 27 ildə hər ilin iyulun 23-ü matəm gününə çevrildi. Artıq o qara tarix yoxdur. Ağdamın azadlığı tarixi varbu tarixi gün bizim üçün böyük bayram günüdür. Ali Baş Komandanımızın diplomatik qələbəsi sayəsində Ermənistan daşını daş üstündə qoymadığı Ağdamı noyabrın 20-də təhvil vermək məcburiyyətində qaldı. Bundan sonra ağdamlılar üçün bu tarix bayram təqvimidir. 23 iyul tarixi qara gün kimi arxivdə qaldı”.

 

Ağdam rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılovla da həmsöhbət olduq. Ağsaqqal bildirdi ki,  27 il məcburi köçkün kimi yaşamağın necə ağır dərd olduğu elini-obasını tərk etmiş hər bir şəxsə yaxşı bəllidir. Çox məşəqqətli, qəmli-qüssəli günlər yaşayıb ağdamlılar. Amma həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev hər zaman Ağdama, məcburi köçkünlərə xüsusi diqqət göstəriblər. Ağdamlılar da bütün dövrlərdə dahi şəxsiyyətin, onun layiqli davamçısının dəstəkçisi olubbu gün də dövlət başçısına sadiqdirlər: “İlham Əliyev bizim xəyallarımızı gerçəkləşdirdi. Balalarımız, nəvələrimiz yenidən qurulacaq Ağdamda şad-xürrəm yaşayacaqlar. Buna görə də  Prezidentimizə minnətdarıq. Dövlət başçımıza nə qədər təşəkkür etsək, alqış etsək, yenə də azdır”. 

 

Beləliklə, bu gün ağdamlılar işğal gününün acısını deyil, zəfər gününün sevincini yaşamaqdadırlar.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2021.- 23 iyul.- S.13.