İş yoldaşımızın xatirəsi

 

 

Bilmirik nədəndir - yaşdan, zəmanədən, yoxsa iki ilə yaxındır COVID-19-un qılıncını çəkib sağlamlığımıza, bəzənsə həyatımıza qənim kəsilməsindən - insan ölümü o qədər adiləşib ki, artıq sanki buna öyrəşməyə başlamışıq. Nə qədər olar yaxın ətrafdakılarımızın, tanış-bilişin, adını eşidib üzünü görmədiklərimizin dünyalarını dəyişmələri barədə acı xəbərləri...

İndi budur, belə acı xəbərin birikollektivimizi yaxaladı, özü də peşə bayramımız ərəfəsində. Qəzetimizin beynəlxalq həyat, xəbərlər və idman şöbəsinin redaktoru, “Tərəqqi” medallı, Əməkdar jurnalist Allahverdi Mehdiyevin ölüm xəbəri yoldaşları olaraq bizi dərindən sarsıtdı, baxmayaraq ki, təxminən bir ay əvvəl insult diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi gündən əcəllə mübarizə apardığından xəbərimiz vardı. Amma heç birimiz onun həmin mübarizədən məğlub çıxacağını yaxına belə buraxmırdıq. Güman edirdik ki, Allahverdi 20 il əvvəl infarkta qalib gəldiyi kimi, insulta da boyun əyməyəcək. Çox təəssüf ki, bu dəfə yanıldıq və doğmaları əzizlərindən, dostları əvəzsiz insandan məhrum olduqları kimi, “Azərbaycan” qəzetinin kollektivi kimi biz də peşəkar həmkarımızı və səmimi yoldaşımızı itirdik.

Allahverdi Mehdiyev 1980-ci ildə indiki BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili bölməsini bitirdikdən sonra bir müddət Liviyada tərcüməçi işləmişdi. Ezamiyyətini başa vurub vətənə qayıdandan son günəcən isə taleyini jurnalistikaya bağlamışdı. Əvvəl Azərbaycan radiosunun ərəb redaksiyasında, 1992-ci ildən “Azərbaycan” qəzetində çalışan A.Mehdiyev ərəb və rus dillərini ana dili qədər mükəmməl bilirdi. Təsadüfi deyil ki, o, bu dillərdə çap olunan bir çox kitabların redaktoruya tərcüməçisi olmuşdu. Bir jurnalist kimi qələminə də söz yox idi. Onun redaksiyanın tapşırığı, yaxud özünün seçdiyi mövzularda yazdığı məqalələrin redaktəyə ehtiyacı olmazdı. Ümumiyyətlə, o, dərindən bilmədiyi, ətraflı araşdırmadığı mövzuya baş vurmazdı. O səbəbdən toxunduğu mövzular aktuallığı və ictimai əhəmiyyəti sarıdan seçilirdi.

Amma seçilən təkcə onun qələmə aldığı mövzular və yazı bacarığı deyildi. Allahverdi özübir insan kimi halallığı ilə fərqlənirdi. O, heç vaxt yalana doğru, qaraya , əyriyə düz deməzdi. Dilində nə idisə, həyatda da o idi. Allahverdi həm də ətrafda az-az rastlaşdığımız gözütoxluğu ilə seçilərdi. Nəyi var idisə, onunla kifayətlənirdi, hərçənd əksər jurnalistlər kimi bu dünyanın var-dövlətindən bircə mənzili vardı ki, onu da təxminən 10 il əvvəl ala bilmişdi. Əvəzində iki savadlı və tərbiyəli övlad böyütmüşdü, hələ üstəlik baba da olmuşdu...

Bütün bunlardan sonra yoldaşımızın həyatdan nakam getdiyini deyə bilmərik. Lakin onu deyə bilərik ki, o, Qarabağın, o cümlədən 63 il əvvəl doğulduğu Cəbrayılın işğaldan azad olunmasının sevincini gözdolusu yaşaya bilmədi.

Allah rəhmət eləsin!   

 

“Azərbaycan”çılar

 

Azərbaycan.-2021.- 23 iyul.- S.16.