Xalqa və dövlətçiliyə xidmətdə keçən ömür

 

 

Müdriklər “Xalq üçün yaşanan ömür əsl insan ömrüdür” demişlər. Buna görə də belə insanların həyatı çətin olmaqla yanaşı, maraqlı və şərəfli, başı isə həmişə el içində uca olur. Çünki onlar öz xoşbəxtliyini, səadətini vətəninə, xalqına ləyaqətlə xidmətdə görürlər. Bu xidməti yorulmadan, usanmadan yerinə yetirən, bütün ömrünü xalqının, millətinin tərəqqisinə sərf edən, dərin fikir və düşüncə sahibi olaraq zirvədən-zirvəyə yüksələn, hər yüksəlişdə milli və dövlət maraqlarını hər şeydən üstün tutan, Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi xidmətləri olan Eldar Allahyar oğlu Quliyev məhz belə şəxsiyyətlərdəndir.

 

Tanınmış ictimai-siyasi xadim, görkəmli iqtisadçı alim, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Azərbaycan Ağsaqqallar Şurasının və Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad üzrə elmlər doktoru, professor Eldar Quliyevin 70 yaşı tamam olur.

 

Bulaq suyu öz ləzzətini, öz inci saflığını sızıb-süzülüb keçdiyi dağlardan aldığı kimi, insan da yaxşı cəhətlərini doğulduğu torpaqdan götürür. Bu mənada cəsarətlə deyə bilərik ki, sözünə və əməlinə bütöv olan professor Eldar Quliyev özündə olan müsbət xüsusiyyətlərinin mayasını gənc yaşlarından ta indiyə kimi məhz deputat seçildiyi bölgədən - Maştağa, Zabrat, Nardaran və Bilgəh kəndlərinin camaatından, oranın ağsaqqallarından və seçicilərindən tutub.

 

26 iyul 1951-ci ildə Bakı şəhərində anadan olan Eldar Quliyev 1968-ci ildə Bakı şəhər 187 saylı tam orta məktəbini bitirmiş, 1969-1973-cü illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) təhsil alaraq iqtisadçı ixtisasına yiyələnmişdir. İnstitutu bitirdikdən sonra əmək fəaliyyətinə başlayan Eldar Quliyev şərəfli bir yol keçmişdir. Fitri istedadının nəticəsidir ki, o işlədiyi sistemdən asılı olmayaraq daim vəzifə pillələrində irəliyə doğru addımlamışdır. 1975-ci ildə hərbi xidmətini başa vurduqdan sonra Eldar Quliyev 1987-ci ilə qədər Respublika Ticarət Nazirliyi sistemində idarə rəisinin müavini və idarə rəisi kimi məsul vəzifələrdə çalışmışdır.

 

1987-ci ildə keçmiş Bakı Şəhər Partiya Komitəsinin təşəbbüsü ilə kooperasiya sisteminə işə keçən Eldar Quliyev bu sistemdə də işgüzarlığı, təşkilatçılığı, özünə və ətrafdakılara qarşı tələbkarlığı sayəsində son dərəcə səmərəli fəaliyyət göstərmiş, kollektivin dərin rəğbətini qazanmışdır. Kooperasiyanın ən böyük təşkilatlarından biri olan Bakı Şəhər İstehlak Cəmiyyətinin sədri kimi işə başlayan E.Quliyev tezliklə ölkə əhəmiyyətli bu təşkilatın işində dönüş yaratmış, respublikanın regionları ilə yanaşı, keçmiş Sovet İttifaqının müxtəlif bölgələri ilə yaratdığı səmərəli əməkdaşlıq hesabına paytaxt Bakı şəhəri əhalisinin keyfiyyətli məhsullarla təminatını yaxşılaşdırmağa, bazar qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı salınmasına nail olmuşdur. E.Quliyevin uğurlu fəaliyyəti diqqətdən kənarda qalmamış, o qısa müddətdə daha yüksək və məsul vəzifələrə irəli çəkilmişdir. Belə ki, o, 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat almışdır. Bu mötəbər təşkilatın ticarət, iqtisadiyyat, tədarük, xarici ticarət kimi müxtəlif sahələrinə rəhbərlik edən E.Quliyev həmin sahələrin fəaliyyətini yaxşılaşdırmaq üçün səy və bacarığını əsirgəməmiş, səriştəsi və gərgin əməyi sayəsində hər bir sahənin uğurlu inkişafını təmin etmişdir. Eldar Quliyevin təşkilatçılıq qabiliyyətini, kollektivi qarşıya qoyulan vəzifələrin icrası üçün səfərbərlik etmək bacarığını, kooperasiya sistemi ilə yanaşı, ölkə miqyasında yüksək nüfuzunu nəzərə alan kooperatorlar 1993-cü ildə onu Azərittifaqın İdarə Heyətinin sədri vəzifəsinə seçmişdilər. Kooperasiyanın ənənələrini ləyaqətlə davam etdirən, sistemin demokratik və şəffaf fəaliyyət göstərməsinə böyük diqqət göstərən Eldar Quliyev 2004-cü ilə qədər bu vəzifədə işləmiş, həmin ildə Milli Məclisin deputatı seçildikdən sonra isə hal-hazıra qədər ictimai əsaslarla təşkilata rəhbərlik etməkdə davam edir.

 

Həm “Azərittifaq”ın sədr müavini və sədri kimi, həm də Milli Məclisin Aqrar Siyasət Komitəsi sədrinin müavini kimi Eldar Quliyev tez-tez ölkə mətbuatında iqtisadiyyatın, xüsusən aqrar sahənin inkişafı barədə sanballı məqalələrlə çıxış etmiş, maraqlı təklifləri ilə mütəxəssislərin, ölkə ictimaiyyətinin və beynəlxalq elmi qurumların diqqətini cəlb etmişdir. E.Quliyevin böyük elmi potensiala malik olduğunu yüksək qiymətləndirən “Azərittifaq”ın İdarə Heyəti bu potensialdan səmərəli istifadə olunmasını məqsədəuyğun saymış, onun elmi mühitdə fəaliyyət göstərməsini lazım bilərək Azərbaycan Kooperasiya Universitetində pedaqoji işlə məşğul olmasını tövsiyə etmişdir. 2009-cu ildən bu universitetdə baş müəllim, kafedra müdiri kimi işləyən Eldar müəllim elmi tədqiqatlarla dərindən məşğul olmuş, 2010-cu ildə iqtisad üzrə fəlsəfə doktoru, 2014-cü ildə iqtisad üzrə elmlər doktoru dissertasiyalarını uğurla müdafiə etmiş, 2015-ci ildə professor elmi adına layiq görülmüşdür.          

 

Universitetdə mövcud olan elmi mühit onun tədqiqatçılıq istedadının üzə çıxmasına, son dərəcə məhsuldar elmi fəaliyyətinə şərait yaratmışdır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Hər bir alim qiymətlidir. Hər bir alimin yaratdığı elmi əsərlər özünəməxsus qiymət alır. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturdeyimini özünə örnək götürən Eldar müəllimin müəllifi olduğu monoqrafiya, dərslik və dərs vəsaitləri iqtisad yönümlü ali məktəb müəllim və tələbələri, aqrar sənaye sferasında çalışan mütəxəssislər, ərzaq təhlükəsizliyi problemləri ilə məşğul olan elmi işçilərlə yanaşı, geniş oxucu kütləsi üçün də faydalı elmi vəsaitlərdir. Onun 2011-ci ildə nəşr olunanMüasir dövrdə xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin xüsusiyyətləri”, 2012-ci ildə nəşr olunanGömrük işinin təşkili”, 2013-cü ildə işıq üzü görən “Etibarlı ərzaq təminatı sistemi: Kooperasiyainteqrasiya problemləri”, 2015-ci ildə dərc olunanAqrar iqtisadiyyat” adlı dərs vəsaitləri, eləcə də bir sıra keçmiş sovet respublikaları ilə yanaşı, ABŞ, Türkiyə, Almaniya və digər Avropa ölkələrində nəşr olunan çoxsaylı elmi məqalələri bu qəbildəndir.

 

2017-ci ilin mart ayında Almaniyanın nüfuzluŞpringer” nəşriyyatı tərəfindən ingilis dilində Eldar müəllimin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar, perspektivlər” adlı sanballı monoqrafiyası nəşr olunmuşdur. Zəmanəmizin ən aktual problemlərindən birinə-bütün dünya ölkələri üçün böyük əhəmiyyət daşıyan ərzaq təhlükəsizliyi problemlərinə həsr olunan həmin kitab Ekspert Komitəsi tərəfindən BMT-nin İsveçrədə yerləşən Mərkəzi kitabxanasının fonduna qəbul edilmişdir. Həmin ilin noyabrında İtaliyanın Roma şəhərində bu monoqrafiyanın təqdimat mərasimi keçirilərkən əsərin dünyəvi əhəmiyyət daşıdığı qeyd edilərək BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” mükafatı verilmiş, eyni zamanda, professor Eldar Quliyevə Vatikan Bonifasiana Akademiyasının həqiqi üzvü (akademik) diplomu təqdim olunmuşdur. Avropa Təbiət Elmləri Akademiyasının Rəyasət Heyəti 2019-cu il 19 fevral tarixli qərarı ilə Eldar müəllimi bu dəyərli tədqiqat əsərinə görə, “İlin alimi” adlı beynəlxalq mükafata layiq görmüş və “Eyler” medalı ilə təltif etmişdir.

 

Müasir dünyamızın daha bir aktual probleminə həsr olunanQida təhlükəsizliyinin gücləndirilməsi problemləri və strateji istiqamətləri” və həmmüəlliflərindən biri olduğuKooperasiya hərəkatı: təkamülü, mövcud durumuinkişaf meyilləri” adlı monoqrafiyaları da Eldar Quliyevin son illərdə apardığı elmi araşdırmaların nəticəsi olaraq ərsəyə gəlmişdir.

 

Son dərəcə məhsuldar elmi fəaliyyətinə görə professor Eldar Quliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadiSosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxişvili adına Texniki Universitetinin fəxri doktoru seçilmişdir. Vatikan Bonifasiana Akademiyasının həqiqi üzvü, Roma şəhərinin fəxri alimi, Avropanın Əməkdar elm xadimidir. O, görkəmli elmi nailiyyətlərinə görə müxtəlif illərdə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Qızıl Ulduz” və “Böyük Qızıl Ulduz” medallarına, “Atatürk Beynəlxalq Mükafatı”na, Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən “Taclı Xidmət” ordeninə və İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən “Avropa Xidmət Ordeni”nə, Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “Senator Ulduzu” və “Qızıl Qartal” ordenlərinə, “Eyler” medalı və Leybnis adına medala layiq görülmüşdür.

 

Professor Eldar Quliyev uzun müddətdir ki, iqtisad üzrə fəlsəfə və elmlər doktorları dissertasiyalarının müdafiəsini keçirən ixtisaslaşdırılmış şuraların təşkilatçısı və fəal üzvlərindən biridir. Onun elmi rəhbərliyi altında xeyli sayda gənc alimlər yetişmişdir. Hazırda 5 nəfər fəlsəfə doktoru və 2 nəfər elmlər doktoru elmi dərəcəsi almaq iddiasında olan dissertantların elmi rəhbəri və elmi məsləhətçisidir.

 

İdarəetmə elminin sirlərinə ustalıqla yiyələnmiş Eldar Quliyev ölkəmizin ictimai-siyasi həyatında mühüm xidmətləri olan şəxslərdəndir. O, İkinci, Üçüncü, Dördüncü, Beşinci və Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 2005-2020-ci illərdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini kimi fəaliyyət göstərən Eldar Quliyev hazırda Milli Məclisin Hesablayıcı Komissiyasına rəhbərlik edir. Ölkə həyatının ən aktual məsələlərinə aid qanun layihələrinin hazırlanmasında və onların müzakirələrində fəal istirak edən, sanballı təklifləri ilə qanunvericilik bazasının təkmilləşdirməyə səy göstərən E.Quliyev millət vəkili kimi seçiciləri ilə müntəzəm əlaqə saxlayır, onların qaldırdıqları problemlərin vaxtında və ədalətli şəkildə həll olunmasına həssaslıqla yanaşır.

 

Eldar Quliyev deputat kimi Azərbaycan parlamentini beynəlxalq arenada da ləyaqətlə təmsil edir. O, Azərbaycan-Niderland parlament dostluq qrupunun sədri olmaqla yanaşı, 5 xarici ölkə ilə dostluq qruplarının üzvüdür. 2011-ci ildə Türkdilli dövlətlərin parlamentlərinin fəxri millət vəkili seçilmiş, 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin olunmuşdur. Assambleyanın işində fəal iştirakı ilə fərqlənən Eldar Quliyev 20 iyun 2019-cu il tarixdə Bakıda keçirilən toplantıda bu nüfuzlu beynəlxalq təşkilatın sədr müavini vəzifəsinə seçilmişdir.

 

Bütün bu mühüm qurumlarda gərgin və səmərəli fəaliyyəti ilə yanaşı Eldar müəllimin ictimai fəaliyyəti də diqqətəlayiqdir. O, Azərbaycan Ağsaqqallar Şurası kimi mötəbər təşkilatın 29 sentyabr 2020-ci il tarixdə keçirilən qurultayında bu qurumun sədri vəzifəsinə seçilmişdir. Burada qısa müddətli fəaliyyətində gördüyü işlərlə ölkə ictimaiyyətinin, xüsusən ahıl təbəqənin böyük rəğbətini qazanmışdır. Ağsaqqallar Şurasının işinə ölkəmizin görkəmli ziyalılarını, tanınmış ictimai-siyasi xadimlərini cəlb edərək bu təşkilata, sözün əsl mənasında, ikinci nəfəs vermişdir. Şuranın fəaliyyəti üçün hüquqi bazanı təkmilləşdirmək və möhkəmləndirmək məqsədilə yeni nizamnamə qəbul olunması, idarəetmə və nəzarət orqanlarının formalaşdırılması təmin olunmuşdur.

 

Əsas məqsədi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və tarixi ənənələrinin qorunmasına, ölkənin ictimai-siyasi, sosial-iqtisadi inkişafına, cəmiyyət həyatının aktual məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etməkdən ibarət olan şuranın yerli təşkilatlarının işini müasir tələblər səviyyəsinə qaldırmaq məqsədilə 2021-2023-cü illəri əhatə edən planının hazırlanması, bütün rayon və şəhərlərdə Ağsaqqallar Şuralarının konfransları keçirilərək onların hüquqi fəaliyyətinin əsaslarını təsbit edən Əsasnamələrinin qəbul olunması, çevik idarəetmə orqanlarının formalaşdırılması bilavasitə Eldar Quliyevin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmişdir. İnanırıq ki, Eldar Quliyevin müdrikprinsipial rəhbərliyi altında Azərbaycan Ağsaqqallar Şurası vətənimizin inkişafı naminə aparılan işlərdə yaxından iştirak edəcək, qurum üzvlərinin zəngin həyat təcrübəsindən istifadə edərək əhalinin bütün təbəqələrinin ölkəmizin rəhbərliyi ətrafında daha sıx birləşməsini, gənclərin milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

 

Eldar Quliyevin xalqımız tərəfindən yüksək dəyərləndirilən ictimai-siyasi fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də layiqincə qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onu 2011-ci ildə “Şöhrət” ordeni ilə, 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Qızıl medalla təltif etmişdir. Azərbaycan Respublikasının Milli Məclisi onuParlament” medalına, Xarici İşlər Nazirliyi yubiley medalına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası “Şöhrət” medalına layiq görmüşdür.

 

Uca Tanrı hərəyə bir ömür payı verir. Millətinə, dövlətinə, kökünə, ailəsinə çox bağlı bir şəxsiyyət olan Eldar Quliyevbu ömür payını ləyaqətlə yaşayır. Görkəmli Fransız şairi A.Lamartının “Həyatın mənası aramsız axtarışlardan ibarətdir” ifadəsini zəhmətkeş, gayğıkeş və prinsipial bir rəhbər, rahatlıq nə olduğunu bilməyən vətəndaş kimi professor E.Quliyevə də cəsarətlə şamil etmək olar. Vətəninə, xalqına yorulmadan xidmət göstərən, dövlətçilik tariximizi zənginləşdirən, bütün ömrünü xalqının, millətinin tərəqqisinə sərf edən professor Eldar Quliyev yaxşı dost, yüksək intelektə malik ziyalı, qayğıkeş ata, düzgün yol göstərən ağsaqqal, sözün geniş mənasında, insanlıq nümunəsidir.

 

Yorulmaq bilməyən, yüksək mədəniyyətə malik, özündə yüksək ziyalılığı sadəlik və insanlıq ilə ahəngdar şəkildə birləşdirən, nur üzlü, xoş sözlü bir insan, dost haqqını tapdalamayan, yaxşı adı, təmiz vicdanı hər şeydən üstün tutan şəxsiyyətdir Eldar Quliyev. Dahi Nizami Gəncəvi belə şəxsiyyətlərə xitabən yazmışdır: “Çalış öz elinin işinə yara, Dünya əməlinlə geysin zər-xara”. Dünyada ən çətin - yaxşı ad qazanmaqdır. Eldar müəllim öz əzmkarlığı və zəhməti hesabına bu zirvəni də ləyaqətlə fəth etmişdir.

 

Həmkarları, dostları və yetirmələri ömrünün müdrik çağını, yaradıcılığının yetkinlik dövrünü yaşayan, şərəfli həyat yolunu nikbinliklə davam etdirən Eldar Allahyar oğlu Quliyevi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, çoxşaxəli ictimai-siyasielmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar diləyirlər.

 

Biz bu yazını hazırlayarkən şad bir xəbərin sevincini yaşadıq. Eldar müəllimin saydıqca bitməyən titullarına çox yüksək bir mükafat da əlavə olundu. Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə respublikamızın ictimai-siyasi həyatındakı xidmətlərinə görə, Eldar Quliyev yubileyi münasibətilə ən yüksək mükafatlardan biri olan “Şərəf” ordeni ilə təltif edilmişdir. Biz Eldar müəllimin sevincinə qoşulur və möhtərəm cənab Prezidentimizə öz dərin təşəkkürümüzü bildiririk.

 

 

 

Ziyad SƏMƏDZADƏ,

 

AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri

 

 

 

Vahid NOVRUZOV,

 

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.-2021.- 27 iyul.- S.6.