Azərbaycan,
Türkiyə və Pakistan birliyinin təcəssümü
Prezident
İlham Əliyev Türkiyə Böyük Millət Məclisi
sədrinin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də
Türkiyə Böyük Millət Məclisinin sədri
Mustafa Şentopun başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
AZƏRTAC
xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin
sədri Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın salamlarını dövlətimizin
başçısına çatdırdı.
Prezident
İlham Əliyev Türkiyə dövlətinin
başçısının salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Rəcəb Tayyib
Ərdoğana çatdırmağı xahiş etdi.
Görüşdə
Türkiyə Böyük Millət Məclisi sədrinin
ölkəmizə səfərinin Azərbaycanla Türkiyə
arasında əlaqələrin daha da möhkəmlənməsi
işinə töhfə verəcəyi qeyd edildi. Mustafa
Şentopun başçılıq etdiyi nümayəndə
heyətinin Şuşaya edəcəyi səfərin önəminə
toxunularaq bildirildi ki, Azərbaycan və Türkiyə prezidentləri
arasında imzalanan müttəfiqlik münasibətləri
haqqında Şuşa Bəyannaməsi əlaqələrimizin
daha yüksək səviyyəyə qalxmasına xidmət
edir. Söhbət zamanı Azərbaycanla Türkiyə
arasında bütün sahələrdə uğurlu
işbirliyinin olduğu vurğulandı.
Bakıda
keçiriləcək Azərbaycan, Türkiyə və
Pakistan parlament sədrlərinin birinci üçtərəfli
görüşünün önəmi qeyd edilərək
bildirildi ki, bu görüş üç ölkə arasında
mövcud olan birliyi nümayiş etdirir. Vurğulandı ki, Azərbaycan,
Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri
mövcuddur. Həm Türkiyə, həm də Pakistanın Vətən
müharibəsinin ilk anlarından Azərbaycana dəstəyinin
mühüm rolu qeyd edildi.
Söhbət
zamanı üç ölkə arasında əməkdaşlığın
geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri
formalaşdırdığı bildirildi.
Görüşdə
Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının
da uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimiz
arasında dostluq və qardaşlıq münasibətlərinin
bundan sonra da möhkəmlənəcəyinə və
genişlənəcəyinə əminlik ifadə olundu.
Azərbaycan.-2021.- 28 iyul.- S.1-2.