Gədəbəyin
qonaqlı-qaralı vaxtıdır
Rayonda kənd turizmi geniş
yayılıb
Azərbaycanın turizm bölgələrindən olan Gədəbəyin həm füsunkar təbiəti, həm də qədim və zəngin tarixi var. Hələ XIX əsrin ortalarında Simens qardaşları burada misəritmə zavodu inşa etmişdi. Həmin vaxt bu zavod Avropada, hətta dünyada ən böyük sənaye müəssisələrindən sayılırdı.
Lev Polonski “Simens Qafqazda” adlı kitabında yazırdı ki, Avropanın mərkəzi şəhərləri olan Londonda, Parisdə, Sankt-Peterburqda kerosin lampa istifadə edildiyi dövrdə Azərbaycanın Gədəbəy bölgəsində elektrik işığı yanırdı.
Cənubi Qafqazda dəmir yolu xətti 1883-cü ildə çəkildiyi halda, Gədəbəydə 1879-cu ildə dəmir yolu nəqliyyatı fəaliyyət göstərirdi. 37 kilometrlik həmin dəmir yolu XIX əsrin arxitektura abidəsi kimi indi də qorunub saxlanılır. Bundan başqa, rayonda saysız-hesabsız tarixi abidələr də var ki, indi onlar Gədəbəyin qədim mədəniyyət nümunələri hesab olunur.
Bəs rayonun bu turizm potensialından
hazırda necə istifadə edilir?
RİH-in
başçısı İ.Novruzov
deyir ki, rayonda turizmin inkişafı istiqamətində
müəyyən işlər
görülür: “Qədim
tarixə malik Gədəbəydə keçən
il iyulun 26-da Milli Yaylaq Festivalına
16 ölkədən nümayəndələr
qatıldılar. Düzyurd-Miskinli yaylağında keçirilən
festivalda qonaqlara Azərbaycan xalqının
zəngin və çoxəsrlik mədəni
irsinin yüz illərlə formalaşmış
yaylaq və elat mədəniyyətinin
nadir incilərinin nümunələri,
tarixi abidələr nümayiş etdirildi və bununla Gədəbəyin turizm potensialı bir daha sübut olundu”.
Məlum məsələdir ki, turizm gəlirli sahələrdən biridir. Bu gün turizmin inkişafı nəinki sosial-iqtisadi, eləcə də mədəni-siyasi əhəmiyyət kəsb
edir. Məhz bu səbəbdən son illər Azərbaycanda turizmin inkişafı ilə bağlı böyük layihələr
həyata keçirilir, o cümlədən
dünya standartlarına
uyğun yeni istirahət məkanları
yaradılır ki, bunun da nəticəsində
ölkəyə böyük
miqdarda valyuta gəlməklə yanaşı,
xaricdə Azərbaycan
haqqında, onun mədəniyyəti, mətbəxi,
eləcə də multikultural dəyərlərə
əsaslanan tolerantlıq
mühiti haqqında müsbət fikir formalaşır. Turizmin inkişafı həm
də əhalinin gəlirlərinin artması,
ən əsası isə regionların sosial-iqtisadi inkişafı
deməkdir. Bu baxımdan flora və faunası zəngin olan Gədəbəy də istisna deyil.
Haqlı olaraq Gədəbəyi açıq səma altında muzeyə bənzədirlər. Zirvəsi buludlarda dayanan dağlarla, sonu görünməyən dərələrlə, dörd bir yanı sıx meşələrlə, güllü-çiçəkli çəmənlərlə, buz bulaqlarla, gur axan çaylar və şəlalələrlə zəngin olan bu qədim diyar çoxlu tarixi abidələrlə də zəngindir. Qonaqlar xüsusi marşrutlarla bu abidələrə səyahətlər edir, rayonun tarixi haqqında məlumat toplayırlar. Bu sırada rayon mərkəzinə yaxın “Qız qalası”nı, Söyüdlü kəndindəki “Mahrasa” məbədini, Böyük Qaramurad kəndindəki məbədi, Gədəbəy şəhərindəki kilsəni, Əyrivənd kəndindəki “Vəng” abidəsini, Çanaqçı ərazisindəki kilsəni və məbədi, Qaraməmmədli, Novosaratovka, Çardaş, Kilsəli kəndlərindəki məbədləri misal göstərmək olar. Bundan başqa, Gədəbəy bir çox tarixi məqamları özündə yaşadan alban və alman tarixi izlərinin də qovuşduğu məkandır.
Gədəbəyə gəlmək də çətin deyil. Gəncədən Şəmkirə, oradan da Gədəbəyə cəmi 80 kilometrdən bir qədər artıq məsafə var. 6 kilometrlik yasamalı qalxdıqdan sonra qarşıda təbiətin geniş panoramı açılır. Hər tərəf yaşıllığa bürünüb, ətrafdakı meşəli dağlar ruha sərinlik gətirir.
Gədəbəyin rayon mərkəzinə qədər olan məsafədə onlarla turizm məkanı var. Aşağı və Yuxarı Narzan, “Eldorado”, “Meh”, “Şırxan” və s. istirahət mərkəzləri yay mövsümü ərzində qonaqlarla dolu olur. Çünki isti yay günlərində dağ yerində istirahət etmək, müvəqqəti də olsa, şəhər mühitindən uzaqlaşmaq, ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə qidalanmaq hər kəsin arzusudur. Təmiz dağ havası, buz bulaqlar, hündür zirvələr, şəlalə və gur axan çaylar bu yerlərdə istirahət edən hər kəsdə xoş ovqat yaradır.
Slavyanka Gədəbəyin ən çox turist qəbul edən kəndlərindəndir. Hər il yüzlərlə ailə kəndə üz tutaraq bəyəndiyi evi seçir və müəyyən vaxt burada istirahət edir. Slavyanka kəndinin bələdiyyə sədri Firuddin Məmmədov deyir ki, turistlərin sayına görə kəndimiz rayonda birincidir. Bunun da əsas səbəbi kəndin səfalı yerdə yerləşməsidir. Burada bir neçə bulaq, o cümlədən Narzan və məşhur “Slavyanka” suyu çıxır. Hazırda kənddə 1280-ə yaxın ev var və onların yarıdan çoxunda qonaq qalır.
Slavyanka kəndinin sakini Azad İsmayılov neçə illərdir ki, evində turist qəbul edir. 10 nəfər qonağın qalması üçün üç otaq ayıraraq hər cür şərait yaradıb. Həmin otaqlardakı səliqə-sahmana söz ola bilməz. Ev sahibi hər il mövsümdən əvvəl onları təmir etdirir. A.İslamov səhər yeməyində qonaqların istəyindən asılı olaraq onlara bal, qaymaq, süd, yumurta, isti çay və təndir çörəyi verir. Əgər turistlər milli mətbəximizin yeməklərindən dadmaq istəsələr, o da hazırlanır, həm də restoran qiymətindən 3-4 dəfə ucuz.
Kəndin digər sakinləri - Zahid Rüstəmov, Qızbəst Əlirzayeva, Mahir Verdiyev, Nazim Qurbanov və başqaları da hər il turist qəbulundan xeyli gəlir əldə etdiklərini dedilər. Zahid Rüstəmovun qənaətinə görə, turistləri ən çox maraqlandıran təbiətə daha yaxın olmaq istəyidir. Onlar qaldıqları müddətdə əsl kənd həyatını yaşamaqla yanaşı, göstərilən xidmətin də yüksək səviyyədə olmasını istəyirlər.
Kənd turizmində İvanovka və Novosaratovka kəndləri də fərqlənir. Novosaratovka kəndinin sakini Nikolay Bıçkov deyir ki, hər il evində onlarla turist saxlayır. Evi səliqə-sahmanlı olduğundan xarici turistlər də qonağı olur. Nikolay həyətində muzey də yaradıb. Deyir ki, əsas məsələ qonaqların diqqətini ölkəmizin tarixinə, milli-mənəvi dəyərlərinə yönəltməkdir.
Öyrəndik ki, hər il mövsümlə əlaqədar turist qəbul edəcək ev sahibləri və istirahət mərkəzləri arasında maarifləndirici söhbətlər aparılır və onların məsuliyyətləri bir daha nəzərlərinə çatdırılır. Rayonda dincəlmək istəyən bütün turistlər qeydiyyata alınır və onlar üçün yaradılan şəraitin, göstərilən xidmətlərin səviyyəsi diqqət mərkəzində saxlanılır. Yeri gələndə xarici turistlər üçün tərcüməçilər, eləcə də turist marşrutları üçün bələdçilər ayrılır. Hətta istirahətlərini başa vurub öz ölkələrinə gedəndə rayon haqqında, onlara göstərilən xidmətin səviyyəsi barədə fikirləri öyrənilir. Həyata keçirilən bu işlər isə Gədəbəydə kənd turizminin inkişafına təkan verir.
Sabir ƏLİYEV,
Azərbaycan.-2021.- 28 iyul.- S.6.